Çox mürəkkəb
şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi
etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq
maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər
yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq
baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində
xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı
mübarizə aparılırdı.
Bu baxımdan
Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis
olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli
universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm
tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də
Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə
qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA QANUN - Azərbaycan Xalq
Cümhuriyyətinin paytaxtı Bakı şəhərində Avropa tipli ilk universitetin açılması
haqqında Parlament qanunu. 1919 il sentyabrın 1-də Parlamentin 70-ci iclasında
qəbul olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təşəbbüsü və tapşırığı ilə 1919 ilin
mayında professor V.İ.Razumovski başda olmaqla, təşkil olunmuş komissiya Bakı
Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsi hazırlamışdı.
Geniş müzakirələrdən sonra Parlamentin qəbul etdiyi 10 maddəlik qanunda
universitetdə 4 fakültənin - tarix-filologiya (Şərq şöbəsi ilə birlikdə),
riyaziyyat (fizika-riyaziyyat), hüquq (müsəlman hüququ və tarixinin tədris
edilməsi şərtilə) və tibb fakültəsinin açılması nəzərdə tutulurdu. 1919-20
tədris ilində tibb fakültəsinin ilk 4 kursu, tarix-filologiya fakültəsinin isə
birinci kursu üçün müvəqqəti birillik ştat cədvəli və smeta təsdiq edilmişdi.
Universitet şurasına, Azərbaycan Hökumətinin razılığı ilə, yeni fakültə və
kursların açılmasına smeta üzrə hər il vəsait tələb etmək səlahiyyəti verilirdi.
Bütün fakültələrdə Azərbaycan (türk) dilinin tədrisi məcburi idi.
Elm, maarif nazirliyi, şəhər idarəsi, neft sənayeçiləri qurultayı
müvəkkillərindən təşkil olunmuş Universitet komissiyasına rektor, ixtisaslar
üzrə professorlar, dekanlar dəvət etmək səlahiyyəti verilmişdi. Şuranın, idarə
heyəti və fakültələrin səlahiyyətləri dairəsində təşkili ilk dəvət olunmuş
professorlara həvalə olunurdu. Universitetə klinikalardan əlavə, Bakı şəhəri
xəstəxanalarından istifadə etmək ixtiyarı verilirdi. 1919-20 tədris ili üçün
dövlət xəzinəsindən smeta üzrə universitetin təşkili və təchizatına 5 milyon,
universitet heyətinin və tədris hissəsinin təminatı, təsərrüfat xərcləri üçün
isə 11 milyon manata yaxın vəsait ayrılmışdı. Vəzifəli şəxslər (rektor, şura
katibi və b.) mənzillə təmin edilmədikdə, onlara maaşlarının 1/4—i məbləğində
mənzil haqqı vermək nəzərdə tutulurdu.
Bakı Universitetinə Zaqafqaziya universitetinin və qeyri universitetlərin
tələbələrini universitet kursunun davam etdiyi müddətdə, imtahan vermək şərti
ilə, eyni kurslara qəbul etmək hüququ verilirdi.
Kişilər və qadınlar universitetə bərabər hüquqla qəbul olunurdular. Qəbulda
Azərbaycan təbəələrinə üstünlük verilirdi
BAKI DÖVLƏT UNİVERSİTETİNİN NİZAMNAMƏSİ
- Bakı Dövlət Universitetinin idarə
olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən
edən sənəd. Nizamnamənin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
komissiyasında müzakirəsi 3 ayadək davam etmiş, 1919 il sentyabrın 29-da
Parlamentin 79-cu iclasında qəbul edilmişdir. 5 fəsildən, 72 maddədən ibarət
Nizamnamədə Universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin
fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilir.
Nizamnamənin 2 maddədən ibarət olan birinci fəslində Bakı Dövlət Universitetinin
muxtariyyət hüquqlu elm-tədris müəssisəsi olub, maarif nazirliyinin strukturunda
fəaliyyət göstərdiyi, rektor, prorektor, dekanlar, şura və fakültə iclasları
vasitəsilə idarə olunduğu təsbit edilir.
İkinci fəsil Universitetin idarə sistemini əks etdirir, rektorun, prorektorun,
dekanların, şuranın, idarə heyətinin, fakültələrin hüquq və vəzifələrini
müəyyənləşdirir. Nizamnaməyə əsasən Universitetin rəhbəri rektor idi.
Nizamnamə çərçivəsində ona universitet idarəçiliyinin bütün sahələrinə rəhbərlik
etmək səlahiyyəti verilirdi. Rektor professorlar arasından 3 il müddətinə
seçilir, Xalq Maarifi Nazirliyi tərəfindən təsdiq olunurdu. Rektor öz
fəaliyyətində şura tərəfindən hazırlanan və təsdiq edilən təlimatlara əsaslanır,
rektorun olmadığı müddətdə onun vəzifəsini prorektor, yaxud dekanlardan biri
icra edirdi. Prorektor tələbə işləri üzrə rektorun köməkçisi idi. Rektora
Universitetin idarəsi işlərinin bir qismini prorektora həvalə etmək icazəsi
verilirdi. Prorektoru Universitet şurası professorlar içəri-sindən 3 il
müddətinə seçirdi. Hər fakültənin başında dekan dururdu. Dekan tədrisə nəzarət
edir, rektora və şuraya həvalə edilən vəzifələri fakültə daxilində icra edirdi.
Dekan da professorlar arasından 3 il müddətinə seçilir və şura tərəfindən təsdiq
olunurdu. Şura Universitetin idarə edilməsinin ali və müstəqil orqanı idi.
Nizamnamədə şuranı fəaliyyət dairəsi və səlahiyyəti ətraflı göstərilmişdi.
Universitetin maddi və inzibati işlərinin icrası onun idarə heyətinə
tapşırılırdı. Şuranın, fakültə iclaslarının və idarə heyətinin dəftərxana
işlərinin aparılması qaydaları dəqiqləşdirilmişdi.
Nizamnamənin üçüncü fəsli Universitetin tədris hissəsi üzrə şəxsi heyətinə həsr
edilmişdi. Heyət professorlar, dosentlər, privat-dosentlər,müəllimlər, dillər
üzrə mühazirəçilər, prorektorlar və müavinləri, assistentlər və ordina-torlardan
ibarət idi. Bu vəzifəli şəxslər həm seçilə, həm də dəvət oluna bilərdilər.
Heyətin tələb edilən elmi dərəcəsi və adı, vəzifəyə seçilmə və əvəzedilmə
qaydaları Nizamnamədə dəqiqləşdirilirdi.
Dördüncü fəsil tələbələrə həsr edilmişdi. Nizamnamənin həmin fəslində
Universitetə hər iki cinsdən olan orta təhsilli şəxslərin qəbul edildiyi təsbit
olunurdu. Mühazirə və əməli məşğələlərdə, tələbələrdən başqa, azad
dinləyi-cilərin də iştirakına icazə verilirdi. Parlamentdə ciddi mübahisələrdən
sonra, sağlam və demokratik düşüncəli Par-lament üzvlərinin təkidilə,
Universitetdə tələbə təşkilatlarının yaradılmasına icazə verilir və bu
təşkilatların hüquq və fəaliyyət sahələri dəqiqləşdirilirdi.
Beşinci fəsildə Universitetdə qulluq edən şəxslərin hüquq və vəzifələrindən,
imtiyazlarından bəhs olunurdu. Nizamnamənin təxminən 1/3-ni təşkil edən bu fəslə
görə, Universitet şurasına fakültələrin təqdimatı ilə elmlər nami-zədi və
doktoru elmi dərəcələri vermək səlahiyyəti verilirdi. Professor-müəllim və işçi
heyəti üçün təqaüdün təyin edilməsi qaydaları və məbləği müəyyənləşdirilmişdi.
25 ildən 30 ilədək xidmət etmiş professorlar illik əmək haqlarının 2/3 hissəsi,
20 ildən 25 iledək xidmət edənlər maaşlarının yarısı, ağır sağalmaz xəstəliyə
tutulan və işləyə bilməyən professorlar üçün 5-10 il stajı olduqda maaşlarının
1/3-i, 10-20 ilədək xidmət edənlərə 2/3 hissəsi, 20 ildən artıq stajı olanlara
isə tam maaşları həcmində təqaüd verilməsi nəzərdə tutulurdu. Təqaüd və
birdəfəlik yardım almaqda əcnəbilər də Azərbaycan təbəələri ilə bərabər hüquqa
malik idilər.
Nizamnamədə universitetdə xidmətdə olan qadınların əmək haqqı, təqaüd və
yardımlarının miqdarı eyni vəzifəni icra edən kişilərə verilən məbləğlə
bərabərləşdirilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfin-dən təsdiq olunmuş Nizamnamə
universitet idarəçiliyinin təşəkkülündə mühüm rol oynamışdır