E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət bayrağı ilə birlikdə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himninin rəsmi qaydada qəbul edilməsi sahəsində müəyyən tədbirlər görülmüşdü. Dövlət gerbi və Dövlət möhürü haqqında ilk dəfə 1919 il martın 23-də müsabiqə elan olunmuşdu. 1920 il yanvarın 30-da Dövlət bayrağı istisna olmaqla, digər rəmzlər üzrə daha əhatəli müsabiqə keçirmək qərara alındı. Dövlət gerbinin layihəsi də sifariş verildi. Azərbaycan SSR Cümhuriyyət Hökumətinin bu sahədəki tədbirlərindən imtina etmiş , öz gerbini qəbul etmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən (1991,18 oktyabr) sonra dövlət gerbi haqqında yeni müsabiqə elan olundu. Müsabiqə komissiyasına daxil olan eskizlər Azərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə edildi, lakin onlar qənaətbəxş hesab olunmadı. Buna görə də yuxarıda bəhs olunan gerb layihəsini bərpa etmək qərara alındı.

Dövlət gerbinin, orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadə iştirak edirdi. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında Parlament binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk olunmuşdu. Ən yaxşı layihə Hökumət mükafatı üçün nəzərdə tutulmuşdu. Lakin 1920 il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunması nəticəsində milli dövlətçiliyin süqutu bu tədbirlərin başa çatdırılmasına imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirildi. 1993 il 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbinin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi. Əsas namədə göstərilirdi ki, "Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd yarpaqları yaşıl, sünbüllər sarı, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır".


<< Geri