Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti digər dövlətçilik atributları ilə yanaşı, Dövlət
himninin yaradılması sahəsində də müəyyən addımlar atmış, qərarlar qəbul
etmişdir. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi
1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun
qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin (rusca) 14 Noyabr
1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli
himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi
təkliflərin təqdim edildiyi xəbər verilir. Məlumatda həmçinin o da bildirilir ki,
Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini,
müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim olunmasını,
ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun
hesab etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin həmin
təklifinə baxaraq 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının milli
himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması
haqqında” qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və
möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə,
hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı
ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait
ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da
Xalq Maarif Nazirliyi “Azərbaycan” (rusca) qəzetində (19 fevral 1920-ci il, №
33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi.
Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin
layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim
edilən layihənin əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş
şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər
təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək
(28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu.
Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq
Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata
keçirilməsinə imkan vermədi.
Beləliklə, bu
dövürdə Dövlət himni də rəsmən qəbul edilməmişdir. Lakin həmin dövrdə bəstəkar Üzeyir Hacıbəylinin "Azərbaycan marşı" məşhur olmuşdur.
“Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə
hökumət mətbəəsində “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan
sonra bəstələnmişdir. “Azərbaycan marşı” 1989-cu ildə tanınmış bəstəkar Aydın
Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə
yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq
Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda
səsləndirilmişdir.
1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.
Hacıbəyli
Üzeyir Əbdülhüseyn oğlu.
Azərbaycan Dövlət himni (notlar)
Musiqisi: Üzeyir Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!