E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 


Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası — Azərbaycan Respublikasının 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmiuş ilk qanunvericilik qurumudur; seçkilər ilə formalaşan bir qanunverici quruluşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycanın müstəqilliyini elan edir. 28 May 1918, Tiflis Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası -"Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd - yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi.

"Türk millətini Mavərayi-Qafqas seymində zirdəki dörd firqə təmsil ediyordu: 1) Türk xəlq ədəmi-mərkəziyyət firqəsi "Müsavat" və ona ilhad edən demokraq firqəsiz qrup, 2)Müsəlman sosialist bloku, 3)"Rusiyada Müsəlmanlıq" ("İttihad"), 4)Sosial-demokrat (menşevik) firqəsi "Hümmət"

M.Ə.Rəsulzadə

Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:

Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası iclaslarının protokollarından bir parça. 1918-ci il Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov *, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar [3]. (M.Ə.Rəsulzadə bu zaman Batumda türklərlə danışıqlar aparırdı).

Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə M.Ə.Rəsulzadə ("Müsavat" partiyasının MK sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.

Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir.

"Xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir:

Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır...Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”.

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi:

  • Nazirlər Şurasının sədri və Daxili İşlər naziri - Fətəlixan Xoyski (bitərəf);

  • Maliyyə naziri və xalq maarifi naziri - Nəsib bəy Usubbəyov ("Müsavat");

  • Xarici işlər naziri - Məhəmməd Həsən Hacınski ("Müsavat");

  • Yollar naziri və poçt və teleqraf naziri - Xudadat bəy Məlik-Aslanov (Müsəlman sosialist bloku);

  • Ədliyyə naziri - Xəlil bəy Xasməmmədov ("Müsavat");

  • Əkinçilik naziri və əmək naziri - Əkbər Şeyxül-islamov ("Hümmət");

  • Hərbi nazir - Xosrov Paşa bəy Sultanov ("İttihad");

  • Ticarət və sənaye naziri - Məmməd-Yusif Cəfərov (bitərəf);

  • Dövlət nəzarəti naziri - Camo Hacınski (Müsəlman sosialist bloku).

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Milli Şuranın fəaliyyətinə xitam verildi.  

Azərbaycan Milli Şurasının tərkibi (Rəyasət Heyəti)

"Müsavat" və demokratik bitərəflər qrupu

Məmməd Yusif Cəfərov
Əlimərdan Topçubaşov
Məhəmməd Əmin Rəsulzadə
Nəsib bəy Yusifbəyli
Həsən bəy Ağayev
Xosrov Paşa bəy Sultanov
Məmməd Həsən Hacınski
Mir Hidayət bəy Seyidov
Fətəli xan Xoyski
Xəlil bəy Xasməmmədov
Qazı Əhməd Məhəmmədbəyov
Aslan bəy Qardaşov
Şəfi bəy Rüstəmbəyov
Cavad Məlikyeqanov
Mustafa Mahmudov
Mehdi bəy Hacıbababəyov
Hacı Molla Səlim Axundzadə
Mehdi bəy Hacınski
Xudadat bəy Məlik-Aslanov
Müseyib Əxicanov
Lütfəli bəy Behbudov
Firudin bəy Köçərli
İbrahim ağa Vəkilov
Həmid bəy Şahtaxtinski
Rəhim bəy Vəkilov
Əliəsgər bəy Mahmudbəyov
Yusif əfəndi Əfəndizadə
Mirzə Cəlal Yusifzadə
Məhəmmədrza Vəkilov
İslam bəy Qabulov

Müsəlman sosialist bloku

İbrahim bəy Heydərov
Əli xan Qantəmir
Aslan bəy Səfikürdski
Əhməd Cövdət Pepinov
Bağır Rzayev
Camo bəy Hacınski
Məhərrəm Məhərrəmov

"Rusiyada müsəlmanlıq" ("İttihad")

Sultan Məcid Qəniyev
Mir Yaqub Mehdiyev
Heybətqulu Məmmədbəyov

Müsəlman sosial-demokrat menşevik partiyası "Hümmət"

Cəfər Axundov
İbrahim Əbilov
Əkbər ağa Şeyxülislamov
Səməd ağa Ağamalov (Səməd ağa Ağamalıoğlu)

Qeyd edək ki, bəzi mənbələrdə Milli Şuranın üzvləri 44 nəfər (yuxarıda göstərilmiş tərkibdə)göstərilsə də, digər mənbələrdən (bax: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi. Zaqafqaziya seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il)

Musa bəy Rəfiyev və

Nəriman bəy Nərimanbəylinin də Milli Şuranın üzvü olduğu məlumdur

<< Geri