1918-ci il may ayının 28-də Zaqafqaziya seymində
Müsəlman fraksiyası özünü Azərbaycan Milli
Şurası elan etdi. Bununla, əslində, Azərbaycanın
ilk Parlamenti yarandı və ilk parlamentli
respublikanın bünövrəsi qoyuldu. İstiqlal
bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər
Məclisi toplanıncaya qədər Azərbaycanın başında
xalqın seçdiyi Milli Şura və Milli Şura
qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət
durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan
Xoyski kabinetinin təşkilindən üç ay sonra
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya
köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı
üzərində aypara və səkkizguşəli ulduz təsviri
olan üçrəngli bayraqla əvəz olundu.
İctimai-siyasi, iqtisadi və mədəni həyatın
müxtəlif sahələrində quruculuq işləri daha da
genişləndirildi. Parlamentli respublika
idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq
qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda,
Müəssislər Məclisinin çağırılması üçün hazırlıq
görməyə başladı. Bu məqsədlə xüsusi komissiya
yaradıldı. Milli Şuranın 1918-ci il, 17 iyun
tarixli qərarından hələ 6 ay keçməmiş, daha
doğrusu, Hökumətin təkbaşına hakimiyyəti davam
etdirmək səlahiyyəti olduğu halda, Fətəli xan
Xoyskinin təşəbbüsü və müraciətinə əsasən,
1918-ci il, noyabrın 16-da Azərbaycan Milli
Şurası yenidən fəaliyyətə başladı. Hökumətin
sədri Fətəli xan Xoyskinin təklifi ilə
Azərbaycan Milli Şurası Müəssislər Məclisi
çağırmaq işini öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın
19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən
iclasında Azərbaycan Parlamentçiliyi tarixinin
çox mühüm qərarları qəbul olundu. O zaman
Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə dərəcədə
çətin və mürəkkəb şəraitdə fəaliyyət
göstərməsinə baxmayaraq son dərəcə demokratik
inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin
iclasda qeyd olundu ki, parlamentdə dövlətin
hüdudlarında yaşayan bütün millətlər təmsil
olunmalıdır.
Bu
ərazilərdə Qafqaz təqvimində verilmiş
məlumatlara əsasən 2.750.000 nəfər əhali var.
Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000
nəfəri erməni, 230.000 nəfəri isə ruslardı. hər
24 min nəfərdən bir nümayəndə hesabı ilə
müsəlmanlar-80, ermənilər-21, ruslar-10
nümayəndə göndərməlidirlər. Azərbaycan
Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq
qərara alınır. Qanunda Parlamentə seçiləcək 21
erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i
isə Bakı erməni komitələrindən seçilməli idi.
Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10,
alman əhalisi milli təşkilatından -1, yəhudi
Milli Şurasından -1, gürcü komitəsindən - 1 və
polyak komitəsindən -1 nəfər nümayəndə
göndərilməli idi. Bundan əlavə qanunda
Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı
həmkarlar Təşkilatı Şurası tərəfindən- 3, Bakı
Sənaye-ticarət tərəfindən isə 2 nümayəndənin
göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin
üzvlərinin deputat toxunulmazlığı var idi.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il
tarixli iclasının qərarına əsasən hələ 1917-ci
ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə
seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə
birbaşa yeni yaradılacaq parlamentin tərkibinə
daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat
və başqa millətlərin nümayəndələri yenidən
seçilməli idi. Yeni Parlamentin
formalaşdırılması 1918-ci il, dekabrın 3-də başa
çatdırılmalı idi.
Göründüyü kimi, 1918-ci ilin mart soyqırımından
hələ vur-tut yarım il keçməsinə baxmayaraq
Azərbaycan parlamentində 21 nəfər erməni
nümayəndəsinin iştirakına yol açılırdı. O
zamankı tarixi şəraitdə atılan bu addım
Azərbaycan xalqının demokratik təbiətinə, insan
haqlarına nə qədər dərin hörmətlə yanaşmasına
parlaq sübutdur. Azərbaycan Cümhuriyyəti
Parlamentinin çağırılması ilə əlaqədar
Azərbaycan Milli Şurası adından, onun sədri, M.
Ə. Rəsulzadənin imzası ilə 1918-ci il, noyabrın
29-da Azərbaycan və rus dillərində "Bütün
Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc
edilir. Həmin Müraciətnamədə deyilirdi:
"Vətəndaşlar! Müharibə və inqilab zamanının
fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş
olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə
təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı.
Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf
Azərbaycan müsəlmanlarına məxsus olan
Şurai-Millini milli bir şəkildən çıxarıb da
dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da
qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli
dekabrın 3-nə qədər 120 əzalıq bir
Məclisi-Məbusan (Parlament) halına gələcəkdir.
Bu məclisə azlıqda qalan millətlərdən
nümayəndələr cəlb olunduğu kimi, məmləkətin
vilayətlərindən də vəkillər çağırılmışdır. Bu
surətlə yığılacaq məbusan irəlidə ümumi intixab
üsulu ilə Azərbaycan Məclisi Müəssisanı
yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun
müqəddəratını həll, hökumətini təşkil və
mənafeini müdafiə edəcək... bizə fəlakət və
səfalətdən başqa bir şey verməyən ədavət və
ixtilafı bir tərəfə qoyaq. Tarix hamımıza bir
yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni
başlayan həyatın təbii məşəqqətlərini asanlıqla
çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar
üzərində quraq, bir-biriminizi sevək, ehtiram
edək. Milli və məzhəb fərqlərinə baxmayaraq,
bütün Azərbaycan vətəndaşları bir vətənin
övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını
qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün
onlar bir-birinə əl uzatmalı və yardım
etməlidirlər.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
üzvləri
1918-ci il dekabrın 7-də gündüz saat birdə Hacı
Zeynalabdin Tağıyevin Nikolayev küçəsində
yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda
Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi
bina) Azərbaycan Parlamentinin təntənəli açılışı
oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən
demokratik prinsipləri əsasında formalaşdırılmış
ilk parlament idi. Parlamentin açılışında
Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin
Rəsulzadə geniş təbrik nitqi söylədi.
"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan
bəy Topçubaşov parlamentin sədri, doktor Həsən
bəy Ağayev isə onun birinci müavini seçildi.
Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov
səfərdə olduğu üçün parlamentin fəaliyyətinə
H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk
iclasındaca Fətəli xan Xoyski hökumətinin
istefası qəbul edildi və yeni hökumətin təşkil
olunması qərara alındı. Yeni hökumətin təşkili
yenidən F.Xoyskiyə tapşırıldı.
1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə
öz proqramı ilə çıxış etdi və yeni hökumətin
tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament
hökumətin proqramını qəbul etdi və F.Xoyskinin
təşkil etdiyi hökumətə etimad göstərdi.
Azərbaycan Parlamentinin fəaliyyətə başladığı
dövrdəki tariximizin çox mühüm ibrət
dərslərindən biri də budur ki, Cümhuriyyət
xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan
Parlamentində ermənilərə 21, ruslara isə 10 yer
ayırmasına baxmayaraq, onlar Parlamentin
açılışında iştirak etmədilər. Bakı Rus Milli
Şurası Azərbaycandakı rus əhalisi adından
danışmaq üçün heç bir mənəvi hüququ olmadığı
halda Parlamentdə iştirak etməmək haqqında qərar
qəbul edir. Onlar sübut etməyə çalışırdılar ki,
Azərbaycan öz müstəqilliyini elan etməkdə "Vahid
və bölünməz Rusiya" ideyasına xilaf çıxmışdı.
Guya Rus Milli Şurasının Parlament və hökumətdə
iştirakı "Azərbaycanın Rusiyadan ayrılması
faktının tanınması" demək olardı və bu da
Azərbaycanın beynəlxalq aləmdə tanınması işini
asanlaşdırırdı. Rus Milli Şurasının qəbul
etdiyin qərar Azərbaycan parlamentinin
çağırılması və orada öz nümayəndələrinin
iştirakını müdafiə edən rus əhalisinin fikrini
əks etdirmirdi. Belə ki, Bakıda fəaliyyət
göstərən "Rus-Slavyan Cəmiyyəti" Azərbaycan
Milli Şurasının sədri M.Ə.Rəsulzadəyə müraciət
edərək həmin cəmiyyətin nümayəndələrinin
Azərbaycanda "ümumi dövlət quruculuğu işlərində
iştirak etmək üçün onların" Parlamentə daxil
olmalarına razılıq verməyi xahiş edirlər.
Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə
barışa bilməyən ermənilər də Rus Milli Şurasını
müdafiə etdilər və Parlamentin iclaslarında bir
müddət iştirak etmədilər. Ermənilərin Azərbaycan
Parlamentində iştirak etməmək taktikası iki
aydan çox davam edir. Nəhayət onlar da
Parlamentdə iştirak etmək haqqında qərar qəbul
edirlər. Onlar Azərbaycan Parlamentində iki
fraksiya - erməni və "Daşnaksütyun"
fraksiyalarını yaradırlar. Parlamentdə onların
sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin
Azərbaycan Parlamentində iştirak etmələrinin
başlıca səbəbi Azərbaycan dövlətçiliyinin
yaranmasına, Azərbaycan iqtisadiyyatı və
mədəniyyətinin inkişafına xidmət etmək üçün
deyil, özlərinin şovinist separatçı "Böyük
Ermənistan" ideyalarının təbliği məsələlərinə
yeni bir tribuna əldə etmək olmuşdu.
Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində
cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan
Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət
göstərməsi də olduqca mürəkkəb daxili və
beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna
ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və
qruplar bir çox hallarda özlərinin məhdud
fraksiya və qrup mənafelərini ümummilli
mənafedən üstün tuturdular. Məsələn, Parlamentin
sosialist bloku "yoxsulların mənafeyini müdafiə
etmək" pərdəsi altında, müntəzəm olaraq,
Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini
təbliğ etmiş, Sovet Rusiyasında diplomatik
nümayəndəlik açılması barədə qərar qəbul
edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun
ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da
mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı
pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz
işlərini demokratik cümhuriyyətlərə xas
təşkilati prinsiplər əsasında qurur. Onu da qeyd
edək ki, Parlamentin təşkili haqqında qəbul
edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət
olması nəzərdə tutulmuşdursa da müxtəlif
səbəblərdən heç vaxt Parlamentdə bu sayda
deputat olmamışdır.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17
aylıq aramsız fəaliyyəti dövründə həyata
keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi
ilə, qəbul etdiyi yüksək səviyyəli
qanunvericilik aktları və qərarları ilə
Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də
parlament mədəniyyəti tarixində dərin və zəngin
iz qoymuşdur.
Azərbaycan Parlamentinin ilk iclaslarında onun
işində iştirak edən partiya fraksiya və qrupları
özfəaliyyət proqramları haqqında bəyanatlar
verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd
diqqəti cəlb edirdi - gənc Azərbaycan
Cümhuriyyətinin müstəqilliyi və ərazi
toxunulmazlığını, milli və siyasi hüquqlarını
qoruyub saxlamaq Azərbaycan xalqının və
hökumətinin digər xalqlar və hökumətlərlə,
xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini
yaratmaq və möhkəmləndirmək, respublikada
hüquqi-demokratik dövlət quruluşunu bərqərar
etmək, geniş sosial islahatlar həyata keçirmək,
ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.
Parlamentin I dövrü
Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın
19-dək davam etmişdir. Bu altı ay ərzində
Azərbaycan Milli Şurası adı ilə fəaliyyət
göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən
ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm
tarixi qərarlar qəbul etmişdir. İlk
Parlamentimiz 1918-ci il mayın 28-də
Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin
idarə olunmasını öz üzərinə götürmüş və tarixi
İstiqlal bəyannaməsini qəbul etmişdir.
Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb
və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz
canişininin iqamətgahında elan etdiyi İstiqlal
bəyannaməsi Azərbaycan demokratiyası və
parlamentarizm ənənələri tarixinin ən parlaq
hüquqi sənədi olaraq bu gün də öz tarixi və
praktiki əhəmiyyətini saxlamaqdadır.
Milli Şura dövründə Azərbaycan Parlamentinin
təsis toplantısı ilə birlikdə cəmi 10 iclası
keçirilmişdir. İlk iclas – 1918-ci il mayın
27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın
19-da Bakıda keçirilmişdir. Mayın 27-də
Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun
17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6
aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq
şərti ilə, bütün qanunverici və icraedici
hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq
Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın
17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli
Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən
bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli
Şurası həmin il dekabrın 3-də Müəssislər
Məclisinin-geniş tərkibli Azərbaycan
Parlamentinin çağırılması haqqında qanun qəbul
etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə,
Azərbaycan Parlamenti öz fəaliyyətinin bu
dövründə, daha doğrusu, Milli Şura dövründə
Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət
göstərmişdir.
Parlamentin II dövrü
Bakı dövrü adlanan parlamentin ikinci dövrü
1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin
27-dək cəmi 17 ay davam etmişdir. İlk iclas –
1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il
aprelin 27-də keçirilmişdir. Bu dövrdə
Parlamentin cəmi 145 iclası olmuşdur. Yetərsay
olmadığı üçün bu iclaslardan 15-i baş
tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi -
28 may və 15 sentyabr (1919-cu ildə)
tarixlərində müvafiq olaraq Azərbaycanın
İstiqlalının və Bakının azad edilməsinin birinci
ildönümləri münasibətilə; dördü təntənəli 12
mart, 1919-cu il və 12 mart 1920-ci illərdə
Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri;
27 iyun, 1919-cu il Azərbaycanla-Gürcüstan
arasında hərbi əməkdaşlıq haqqında müqavilə
bağlanması və 14 yanvar, 1920-ci il Paris sülh
konfransı iştirakçısı olan dövlətlər tərəfindən
Azərbaycanın müstəqilliyinin de-fakto tanınması
münasibətilə keçirilmişdir. İkisi isə fövqəladə
vəziyyətlə bağlı - 1918-ci il dekabrın 20-də
Ermənistanın Gürcüstana müharibə elan etməsi və
1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan
arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında
müqavilələrin təsdiqi münasibətilə keçirilmiş
iclaslardı. Qalan iclaslarda ölkənin daxili və
xarici siyasəti, iqtisadiyyat və maliyyə
məsələləri, qanunvericilik aktlarının müzakirəsi
və qəbulu, ordu quruculuğu və sair məsələlər
müzakirə olunmuşdur.
Bütün bu iclaslarda Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamenti İstiqlal
bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq
qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq
ölkənin ərazi bütövlüyünü təmin etmək və
müstəqilliyini qoruyub saxlamaq, insan haqları
və azadlıqlarının dolğun təmin olunduğu ən
müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi
daşıyan çox mühüm qanunlar və qərarlar qəbul
etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə
etibarilə, hakimiyyətin üç
qolunun-qanunvericilik, icra və məhkəmə
orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya müharibəsində böyük dövlətlərin
dünyanı bölüşdürmək uğrunda mübarizəsinin
həlledici mərhələyə daxil olduğu və ölkənin başı
üzərini yeni işğal təhlükəsinin aldığı çox
mürəkkəb bir daxili və beynəlxalq tarixi
şəraitdə fəaliyyət göstərən Azərbaycan
Parlamenti öz fəaliyyətinin mühüm hissəsini
dövlət müstəqilliyinin qorunub saxlanmasına və
Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd
olunmalıdır ki, Parlamentin bu sahədə qəbul
etdiyi qanun və qərarların müzakirəsində
Parlament üzvləri, bir qayda olaraq, həmrəylik
və yekdillik nümayiş etdirirdilər.