Azərbaycan Cümhuriyyəti elan olunarkən ölkədə yaranmış xaos və anarxiya dövründə ən çox zərər çəkmiş sahələrdən biri də poçt və teleqraf xidməti idi.
Bir tərəfdən, ölkə daxilində ayrı-ayrı bölgələr arasında poçt-teleqraf əlaqələri tamamilə pozulmuşdu, demək olar ki, yox dərəcəsində idi. Digər tərəfdən isə, Tiflisdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918 il iyunun 16-da Gəncəyə köçdükdən sonra onun digər dövlətlərlə poçt və teleqraf əlaqələri saxlamasında böyük çətinliklər meydana çıxdı. Ona görə də Cümhuriyyət hökuməti hələ Gəncədə ikən, ilk növbədə, Tiflislə rabitə yaratmaq üçün ciddi tədbirlər görməyə başladı.
Əsası 1918 il mayın 28-də qoyulan, ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanı - Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Poçt və Teleqraf Nazirliyi yaradıldı. Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi. Nazirlik Bakıya köçəndən sonra onun fəaliyyət dairəsi daha da genişləndi; ilk növbədə, ştatı artırıldı, dəftərxanası formalaşdırıldı və yerlərdə poçt, teleqraf dairələri yaradıldı. Eyni zamanda, keçmişdə fəaliyyət göstərmiş poçt-teleqraf müəssisələri bərpa edildi, onlar poçt və teleqraf əməliyyatlanın həyata keçirməyə başladı. Poçtlar məktubların, dövri mətbuatın, korrespondensiyaların, bağlamaların, pul baratlarının daşınması işlərini sahmana salır, dağıdılmış teleqraf xətlərinin bərpası işlərini həyata keçirirdilər.
Poçt və Teleqraf Nazirliyinin fəaliyyəti dövründə həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan hökumətinin poçt markalarının hazırlanaraq, tədavülə buraxılması olmuşdur.