Azərbaycan
Xalq Cümhuriyyəti yarandığı ilk vaxtlardan müstəqilliyin dövlət rəmzləri olan
Dövlət bayrağı, Dövlət himni, Dövlət gerbi, Dövlət möhürü ilə yanaşı, kağız pul
(əsginas), qiymətli kağızlar, orden, medal, xatirə nişanları, poçt markaları və
s. realiyaların hazırlanması sahəsində də ciddi addımlar atdı.
Hökumət 1919
ilin əvvəllərindən dövlətin ən mühüm atributlarından sayılan kağız pullar
buraxmağa başladı. 1919 il ərzində 25, 50, 100, 250 manatlıq kağız pullar
buraxıldı. 1920 ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominalın - 500
manatlıq əsginasın üzərində Azərbaycan Xalq Cümhuriyyətinin və nominalın adı
Azərbaycan, rus və fransız dillərində verilmişdi. 1919-20 illərdə buraxılmış pul
vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rublla
göstərilirdi. Bundan əsas məqsəd uzun illər boyu Rusiya kağız pullarma öyrəşmiş
əhalidə yeni milli pula tədricən inam yaratmaq idi. Azərbaycan Xalq
Cümhuriyyətinin bu sahədə siyasətinin mahiyyəti milli valyutanı - manatı
beynəlxalq miqyasda tanıtmaqla bağlı idi. 500 manatlıq əsginasın üzərində
Cümhuriyyətin və nominalın adlarının fransızca verilməsi də bununla əlaqədar
olmuşdur.
1919 il
avqustun 20-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin icazəsi ilə Bakı
bələdiyyə idarəsi tərəfindən hər biri 500 manat olmaqla, 100 min ədəd nəzərdə
tutulan faizsiz və hərəsi 50 bilet olmaqla, 2 min seriyaya bölünmüş 550 milyon
manatlıq uduşlu istiqrazlar da buraxıldı. Müstəqil dövlətin atributu kimi, milli
pul vahidinin buraxılması Cümhuriyyətin maliyyə siyasətinin mühüm uğuru idi.
Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub
saxlanması ilk vaxtlardan Hökumətin iqtisadi siyasətinin əsas məsələsi oldu.
Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Hökumət həm
əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən
inflyasiyaya qarşı mübarizə aparmalı olurdu. Bu məqsədlə müstəqil dövlətin
maliyyə, vergi, bank-kredit sistemi yaradıldı. 1919 il sentyabrın 18-də
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankının nizamnaməsi təsdiqləndi,
sentyabrın 30-da onun təntənəli açılışı oldu.
1920-ci il 28
aprel tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində ölkənin
mövcud pul-kredit sistemi də məhv edildi.
|