1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral inqilabından sonra
Azəbaycanda da milli-azadlıq hərəkatı başlandı və 1918-ci ilin may ayında
Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu, çarizmin milli müstəmləkə əsarəti
altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna uyğun idi.
Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan
Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi və çoxçətin şəraitdə
fəaliyyət göstərdi.
Yeni qurulmuş bu gənc dövlət cəmi 23 ay yaşadı və başqa sahələrdə olduğu kimi,
ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Bu
zaman ərazi bütövlüyümüzə Ermənistan tərəfindən daimixarakter alan təhlükəyə
qarşı böyük sayıqlıq və barışmaz müqavimət tələb olunurdu. Gənc dövlət isə
kifayət qədər möhkəm deyildi, iqtisadiyyatı zəif inkişaf edirdi. Buna baxmayaraq,
ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması
istiqamətində milli hökumət dəyərli işlər görmüşdü.
XIX əsrin sonlarından başlayaraq erməni millətçi təşkilatları Azərbaycanın əzəli
torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün
cəhdlər göstərirdilər. Erməni millətçiləri Azərbaycan XalqCümhuriyyəti (AXC)
yarandıqdan sonra Azərbaycanın daxili və xarici aləmində yaranmış mürəkkəb və
ziddiyyətli vəziyyətdən istifadə edərək özlərinin “Böyük Ermənistan” yaratmaq
ideyasını həyata keçirmək üçün yenidəngeniş fəaliyyətə başlamışdılar. Bu
istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq
Azərbaycan hökumətinin barışmaz mövqeyi ermənilərin planlarının gerçəkləşməsinə
imkan vermədi. Azərbaycanüçün çətin və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiyə
dövləti onun ərazi bütövlüyünün və suverenliyinin qorunmasında ilk gündən
respublikamıza hərtərəfli siyasi və hərbi yardım göstərmişdir. Bu yardım erməni
millətçilərinin və onların havadarları olan bolşeviklərin xalqımızın tarixi
taleyi üçün təhlükəli cəhdlərin həyata keçirilməsinə mane olmuşdur.
Zaqafqaziyada üç müstəqil respublika - Azərbaycan, Ermənistan və Gürcüstan
yaradıldıqdan sonra Ermənistan öz sərhədlərinin genişləndirilməsinə çalışdı,
mübahisəli əraziləri beynəlxalq təşkilatların müzakirəsinə məhəl qoymadan öz
köhnə torpaqları kimi qələmə verməyə başladı. Erməni millətçi separatçı
qüvvələri Dağlıq Qarabağ haqqında qaldırdıqları iddialarda Azərbaycan və
Gürcüstan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaqməqsədilə həm
Azərbaycana, həm də Gürcüstana qarşı müharibəyə başladı. Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının tarixinə nəzər salarkən çox şeylərin şahidi
oluruq. Erməni milli hərəkatı tarixinin öyrənilməsi göstərir ki, ermənilər hələ
bir neçə əsr bundan əvvəl irəli sürdükləri “Böyük Ermənistan” ideyası naminə
qonşu xalqların hüququnu tapdalamağa, onları məhv etməklə öz daşnak ideyalarını
həyata keçirməyə, hansı yolla olursa-olsun öz planlarını mərhələ-mərhələ
reallaşdırmağa səy göstərmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni
keçmiş İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində kiçik bir
Ermənistan Respublikasını (9 minkvadrat kilometr) yaratmış, tədricən onu
böyüdərək 29 min kvadrat kilometrə çatdırmış, son vaxtlarda isə Dağlıq Qarabağı
və ona bitişik 7 rayonu öz silahlı qüvvələri ilə işğal etmişlər. Bugünkü Dağlıq
Qarabağ “BöyükErmənistan” yaratmaq uğrunda erməni planlarının tərkib hissəsi və
mühüm vasitəsi kimi əsas hədəf seçilmişdir.
Qarabağ tarixi-etnoqrafiq əyalət kimi əvvəlcə Azərbaycan Alban dövlətinin
tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə ərəb xilafətinin
əsarəti altına düşmüş, ərəb imperiyasının süqutundan sonra IX-X əsrlərdə Sacilər
dövlətinin, X əsrdə Salarilər, XI-XII əsrlərdə Şəddadilər, XII-XIII əsrlərdə
Atabəy- Eldənizlər, XIII əsrin II yarısından XVI əsrə qədər hülakilər
(Elxanilər) dövlətlərinin tərkibinə daxil olmuşdur. XVII əsrinsonundan XVIII
əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması
zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yaranmışdir.
XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Qarabağ ərazisində çox güclü
Azərbaycanın Qarabağ xanlığı mövcud olmuşdur.
Qarabağın strateji əhəmiyyətini nəzərə alan Qərb dövlətləri, ilk növbədə ABŞ və
Böyük Britaniya bu bölgəyə, Cənubi Qafqaza, xüsusilə də Azərbaycana, həmçinin
Yaxın və Orta Şərqə təsir göstərməyin əlverişli vasitəsi kimi baxırdılar. Bir
tərəfdən İngiltərənin və ABŞ-ın bu bölgədə nüfuz qazanmaq istəyi, bir tərəfdən
də Rusiya və İranın itirilmiş nüfuz dairələrini “bərpa etmək” cəhdlərinin
Ermənistanın Qarabağı, Naxçıvanı və Zəngəzuru tutmaq iddiaları ilə çulğalaşması,
digər tərəfdən Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi və bu işdə
Türkiyə tərəfindən ona yardım göstərilməsi regionda çox gərgin ictimai-siyasi
vəziyyətin yaranmasına səbəbolmuşdu. Bu vəziyyət Ermənistan-Azərbaycan
müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına
çevrilməsinə gətirib çıxarmışdir. Beləliklə də, Qarabağda erməni separatizmi
özünün tüğyan həddinə gəlib çatmışdı.
Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən özünün ərazi bütövlüyünü və
sərhədlərinin toxunulmazlığını qorumaq üçün fəal və ciddi mübarizə aparmışdır.
Azərbaycan hökumətinin ən başlıca vəzifəsi Dağlıq Qarabağda erməni separatizmini
ləğv etmək idi. Əsərdə 1918-ci ildən başlayaraq 1920-ci ilin martında Qarabağda,
Qazaxda, Naxçıvanda Azərbaycan hökumətinə qarşı ermənilərin qiyamlar qaldırması,
Azərbaycan ordusununşimal sərhədlərimizdən çıxarılaraq adıçəkilən bölgələrdə
ermənilərə qarşı döyüşlərə göndərilməsi, 1920-ci ilin aprelində Sovet
Rusiyasının Bakını işğal etməsinə qədərki hadisələri əhatə edir.
Azərbaycan Cümhuriyyətinin elan olunması çarizmin milli müstəmləkə əsarəti
altında yaşayan xalqın öz milli dövlətini yaratmaq arzusuna, milli qurtuluş
istəyinə uyğun idi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymininsonuncu iclasının
qərarına uyğun olaraq Gürcüstan Zaqafqaziya federasiyasından çıxdıqdan sonra
seym buraxıldı. Mayın 28-də 4 partiyanı təmsil edən 44 nəfər Azərbaycan deputatı
Milli Şurada birləşərək yeni dövlətin – Azərbaycan Demokratik Respublikasının
yarandığını bildirən İstiqlal Bəyannaməsi ilə çıxış etdi. Bəyannamədə ADR-in
qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti
təsbit olunmuşdu.
Çarizmdən miras qalmış inzibati ərazi bölgüsü ilə əhalinin milli tərkibi
arasındakı uyğunsuzluq yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan
respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəskin ziddiyyətlərin
meydana çıxmasına səbəb oldu. Azərbaycan hökuməti fəaliyyətə başladığı ilk
günlərdə qonşulara müraciət edərək sərhəd məsələsində münaqişəli vəziyyətin
yaranmasının qarşısını almaq və mehriban qonşuluqmünasibətləri bərqərar etmək
məqsədilə hər bir respublikanın ayrı-ayrılıqda ərazisini elan etməzdən əvvəl
üçtərəfli danışıqlarda bu məsələni müzakirə edib razılaşmaya nail olmaq
təklifini irəli sürüldü.
Azərbaycan Milli Şurasının səlahiyyətli nümayəndəsi ilə Erməni Milli Şurası
arasındakı danışıqların nəticəsi Azərbaycan Milli Şurasının 29 may 1918-ci il
tarixli iclasında müzakirə edildi. Aleksandropolun Türkiyə tərəfindən tutulması
ilə əlaqədar Ermənistan hökumətinin İrəvanı özünə siyasi mərkəz seçməsi məsələsi
nəzərdən keçirildi. Azərbaycanla Ermənistan arasında konfederasiya ehtimalını
nəzərə alaraq Azərbaycan Milli Şurası səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan
Respublikasının mərkəzi kimi tanımağı mümkün saydı. Lakin Milli Şuranın bəzi
üzvləri bu qərara etiraz etmiş, onun İrəvan quberniyasında yaşayan
azərbaycanlıların gələcək taleyi üçüntəhlükə yaradacağı ehtimalından narahat
olduqlarını bildirmişdilər. İrəvan azərbaycanlılarının nümayəndəsi kimi
Azərbaycan Milli Şurasında təmsil olunan B.Rzayev demişdir: “Müstəqil Azərbaycan
uğrunda çalışmaqla yanaşı, rica edirik bizi erməni respublikası ərazisində
qalanları da unutmayasınız”.
Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli
məsələləri və ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan
hökumətlərinə, üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi
təklif etmişdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırmaq
nəzərdə tutuldu. Lakin Ermənistan hökumətinin nümayəndəsi bu konfransa gəlmədi
və konfrans baş tutmadı. 1918-ci ilindekabrında Gürcüstan ilə Ermənistan
arasında müharibə başlandı. Hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan
dövləti işə qarışmalı oldu. Dekabrın 26-da Azərbaycan parlamentinin fövqəladə
iclasında M.Ə.Rəsulzadənin üç maddədən ibarət təklifi qəbul olundu. Təklif
Ermənistan və Gürcüstan parlamentlərini öz respublikalarının hökumətlərini
müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün qəti tədbirlər görməyə
çağırırdı. Bu məqsədləGürcüstan və Ermənistan parlamentlərinə teleqramlar da
göndərilmişdi. Teleqramlarda mübahisəli məsələləri qan tökmək yolu ilə deyil,
sülh danışıqları aparmaq yolu ilə həll edilməsi zərurəti göstərilirdi.
İlk vaxtlar Ermənistan hökuməti Dağlıq Qarabağa münasibətdə hələ müəyyən qədər
diplomatik takt gözləyir, xain niyyətlərini tam açıqlamırdı. Belə bir fakt
məlumdur ki, 1918-ci ilin avqustunda Tiflisdəki Ermənistan diplomatik
nümayəndəsi Azərbaycanın oradakı diplomatik nümayəndəsindən Şuşaya Ermənistanın
“xüsusi nümayəndə heyəti” göndərməsinə razılıq verməyi xahiş etmişdi. Bu rəsmi
müraciətə Azərbaycan hökuməti aşağıdakı cavabı vermişdi: “Əgər Azərbaycan
hökuməti əmin olsa ki, nümayəndə heyəti Azərbaycanın qanunlarına əməl edəcək və
Azərbaycan hökumətinin müşahidəsi altında fəaliyyət göstərəcək, onda Ermənistan
xüsusi nümayəndə heyətinin Şuşaya getməsinə icazə veriləcəkdir”.Ehtimal etmək
olardı ki, Ermənistan hökuməti bununla Yuxarı Qarabağın Azərbaycan ərazisi
olduğunu bilavasitə təsdiqləyirdi. Ermənistan hökuməti əslində bu kimi
addımlarla əvvəlcə Dağlıq Qarabağa “mübahisəli ərazi statusu” verilməsini, sonra
isə bu amildən istifadə edərək Azərbaycana qarşı ərazi iddiası planlarını həyata
keçirmək istəyirdi.
Azərbaycan parlamentinin sədri Ə.M.Topçubaşov İstanbulda ingilis polkovniki
Tampla söhbətində bildirmişdi: “Ermənistan hökumətinin nümayəndələri dəfələrlə
bizə bildiriblər ki, əgər onlara Qara dənizin sahilində limanverilsə, özlərinin
Qarabağa olan iddialarından könüllü imtina edərlər. Onlar əhali mübadiləsi ilə
kifayətlənərdilər. Lakin nəzərə almaq lazımdır ki, İrəvan quberniyasında 200
mindən yuxarı azərbaycanlı yaşayır”.
Respublikalar yaranan kimi İrəvanın təbliği, təhriki və təzyiqi ilə Dağlıq
Qarabağdakı erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının
hakimiyyətini tanımaqdan imtina etdilər. Dağlıq Qarabağermənilərinin 1918-ci
ilin iyulunda Şuşada (şəhər əhalisinin 46 faizini azərbaycanlılar təşkil edirdi)
keçirilən birinci qurultayı Dağlıq Qarabağı müstəqil elan etdi. Ermənistanın
tərkibinə daxil olmaq məsələsi hələ açıq hallanmırdı. Ermənistan hökuməti Dağlıq
Qarabağın işğalı planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi.
Elə təkcə bu fakt göstərir ki, Ermənistan Yuxarı Qarabağ problemini hərbi yolla
həll etmək istəyirdi. Onagörə də 1918-ci ildə general Andranikin silahlı quldur
dəstələri Qarabağa yeridildi.
Azərbaycan hökumətinin 1918-ci il iyulun 15-də iclası keçirildi. İclasda xarici
işlər naziri M.N.Hacınskinin erməni separatçılarının Azərbaycanın müxtəlif
bölgələrində törətdiyi cinayətkar hərəkətləri barədə məruzəsi dinlənildi.
Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycanın müxtəlif hissələrində
dinc Azərbaycan kəndlərində ermənilər görünməmiş vəhşiliklər göstərir, adamların
həyatlarını və əmlaklarını məhv edirlər. Buna görə də ümumdövlət mənafelərini və
əhalinin zərər çəkmiş qruplarının mənafeyini nəzərə alaraq təklif edirik ki,
ayrıca bir təşkilat yaradılsın və onun qarşısında aşağıdakı vəzifələr qoyulsun:
-
Bütün zorakı hadisələri dəqiq qeydə almaq;
-
Bu hadisələrin baş verdiyi şəraiti müəyyənləşdirmək;
-
Müqəssirləri və dəymiş zərərin həcmini müəyyənləşdirmək.
Bu təşkilat Fövqəladə İstintaq Komissiyası xarakteri daşımalı və onun
məlumatları əsas Avropa dillərində - rus, fransız, alman və təbii ki, türk
dilində yazılmalı və geniş yayılmalı.Əgər hökumət bu təkliflə razıdırsa, mən
xahiş edirəm ki, bu komissiyanın təşkil edilməsi nazirlərdən birinə tapşırılsın
və bu komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 min manat pul
ayrılsın".Azərbaycan hökuməti M.N.Hacınskinin məruzəsini dinləyib
müvafiqkomisiyanın yaradılması haqqında qərar çıxardı.
Azərbaycan ərazisinin tarixən tərkib hissəsi olan Qarabağ torpaqlarını ələ
keçirməyə can atan erməni hökuməti nə kütləvi qırğınlardan, nə də onlarca
yaşayış məntəqəsini yer üzündən silməkdən çəkinmirdi. 1919-cu ilinyanvarında
daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar iddialar irəli sürmüşdü. Ermənilər
aşağıdakı əraziləri Qarabağdan qoparmaq istəyirdilər:
-
Tərtəri çıxmaq şərtilə Cavanşir qəzasının cənub, qərb hissəsini;
-
Ağdamı və Qacar kəndini çıxmaq şərtilə Şuşa qəzasının qərb hissəsini;
-
Vəng, Hadrut, Yeqorlu və Arakel kəndləri ilə birlikdə Cəbrayıl qəzasının bir
hissəsini;
-
Kirs dağından cənub qərbdə yerləşən Şahverdilər kəndini və Araz çayı
üzərindəki Ağbil stansiyasını çıxmaq şərtilə bütün Zəngəzur qəzasını.
Respublikanın ərazi bütövlüyünü qoruyub saxlamağı və vətəndaşlarının həyatını
müdafiə etməyi özünün başlıca vəzifəsi sayan Azərbaycan hökuməti bu iddiaları
qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə
edərək vəziyyəti normal hala salmaq üçün tədbirlər görməyə başladı. Hökumət
əvvəlcə bu məsələni dinc yolla həll etmək üçün Ermənistan hökuməti ilə bir neçə
dəfə danışıqlar apardı. Lakin budanışıqların nəticəsi olmadı. Ona görə də
hökumət Qarabağın müdafiəsini gücləndirmək üçün oraya hərbi dəstələr göndərməli
və nəhayət, Qarabağ general-qubernatorluğunu yaratmalı oldu.
Ermənistan hökuməti dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların
zorakılıqla kütləvi surətdə didərgin salınması məqsədilə Cənubi Qafqazda
vəziyyəti gərginləşdirir, iki xalq arasında ədavət və düşmənçilik siyasəti
aparırdı.
İrəvan quberniyasının azərbaycanlı əhalisi Azərbaycan hökuməti sədrinin adına
bəyanat qəbul etdi. Bəyanatda bildirilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci
ilin iyun ayınadək quberniyada erməni hərbi qüvvələri 200-dən çox müsəlman
kəndini yandırmış və yerlə-yeksan etmişdir. Dinc əhaliyə qarşı silah
işlədildiyinə görə əhalinin bir hissəsi dağlara qaçmışdır. Əzəldən
azərbaycanlıların yaşadığı Sürməli, İrəvan, Eçimiədzin və Şərur qəzalarının
ərazisini ermənilər tutmuşlar.
1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında parlament üzvü
M.N.Vinoqradov çıxış edərək demişdir ki, biz ruslar belə hərəkətlərə, belə
müdhiş təcavüzlərə etiraz edərək, hər dövlətin xətti hüdudunu təyin etmək
ixtiyarına malik olan ümumcahan konfransının qərarınadək hər kəsin öz yerlərində
qalmasını tələb edirik.
Azərbaycan parlamenti respublika hökumətinə təklif etdi ki, vəhşilik əməllərinin
qarşısını almaq üçün bütün vasitələrdən geniş istifadə olunsun. Erməni
hökumətinə notasında Fətəli xan Xoyski dinc əhalinin üzərinə silahlı basqın ilə
əlaqədar qəti etirazını bildirdi və azərbaycanlı əhaliyə qarşı təcavüzün dərhal
dayandırılmasını təkid etdi. Tədbirlər görülməsinə baxmayaraq Cənubi Qafqaz
respublikaları arasında normal qonşuluq münasibətlərini bərpa etmək mümkün
olmadı.
Azərbaycan parlamenti Dağlıq Qarabağda törədilən milli toqquşmaların səbəbini
araşdırmaq üçün ora xüsusi komissiya göndərdi və sonra da məsələni 1919-cu il
iyulun 8-də keçirilən iclasında geniş müzakirə etdi. İclasdaparlamentin
üzvlərindən Çubaryan, Malxazyan və başqa erməni millətçilərinin uzun-uzadı
böhtançı çıxışları tutarlı dəlillərlə təkzib olundu. Artan erməni təbliğatına
qarşı mübarizə aparmaq, ermənilərin Qafqazda müsəlman qanına susamasını dünya
ictimaiyyətinin gözündə ifşa etmək, erməni elementinin bu bölgədə qızışdırıcı
rolunu göstərmək üçün Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə 1918-ci il 15
iyulda Azərbaycan Respublikasının Nazirlər Şurası Fövqəladə İstintaq
Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Bu komissiyanın qarşısında
üç vəzifə dururdu:
-
Bütün zorakılıq hallarının dəqiq qeydiyyatını aparmalı;
-
Bu zorakılığın törədildiyi şəraiti aydınlaşdırmalı;
-
Günahkarları və dəyən zərərin həcmini müəyyən etməli.
Fövqəladə İstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov təyin edildi.
Komissiya çox fəal şəkildə işə başladı. Bu komissiya 1918-ci ilin qanlı mart
hadisələrini, Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisindəki
ermənilərin törətdiyi cinayətləri araşdırmağa başladı. Komissiyanın topladığı
istintaq materiaları erməni iddialarının əsas rolunu göstərən və erməni
cinayətlərini ifşa edən ən gözəl tarixi sənədlərdir.
Azərbaycan Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Gəncə
quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının erməni
talanlarından zərər çəkmiş Azərbaycan kəndlərinin təhqiqatı üzrə Azərbaycan
Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məruzəsi əsasında ermənilərin
Qarabağdakı separatçı hərəkətləri dəqiq faktlarla açılıb göstərilmişdi. Həmin
faktların təhlili əsasında belə nəticəyə gəlmək olur ki, özlərini həmişə
“əzabkeş”, “məzlum” xalq kimi qələmə verən ermənilər Qarabağın dinc əhalisinə
qarşı necə qəddarlıqlar törətmişdilər.
Mixaylovun məruzəsində Qarabağın dörd qəzası üzrə vəziyyət təhlil olunur.
Göstərilir ki, burada vəziyyət Azərbaycan Respublikasının zərər çəkmiş digər
əyalətlərindən kəskin şəkildə fərqlənir. Qarabağın dörd qəzasının
azərbaycanlıları fasiləsiz olaraq (son günlərə qədər) həm Qarabağın yerli erməni
əhalisi, həm də İrəvan quberniyasının erməniləri və Türkiyə vilayətlərindən
buraya soxulmuş erməni quldur dəstələri tərəfindən hər cür zorakılığa məruz
qalır.
Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Qarabağda erməni separatizminə
qarşı Cümhuriyyət orqanlarının həyata keçirdiyi əməli tədbirlər milli hökumətin
gördüyü uğurlu işlərdən sayıla bilər. Bu baxımdan AXC hökumətinin erməni
separatizminə qarşı apardığı mübarizənin öyrənilməsi və uğurlu təcrübənin
ümumiləşdirilməsi çağdaş günlərimizdə də əhəmiyyətlidir. Ümumiyyətlə,
hadisələrin gedişi təsdiq edir ki, erməni separatizminintarixi mərhələlərinin
öyrənilməsi bu gün və gələcək tariximiz üçün həmişə aktualdır.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin
başlıca məqsədi Azərbaycanın müstəqilliyinin tanınmasından ibarət idi. Qonşu
ölkələrin Azərbaycan istiqlalını tanıması müstəqilliyin dönməzliyinin təmin
edilməsi üçün kifayət deyildi. Hesab edilirdi ki, dünyanın böyük dövlətləri
tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması əski metropolyanın (ağ və
qırmızı Rusiyanın) iddiaları və birbaşa təcavüzü qarşısında önəmli rol oynaya
bilər. Xarici siyasətin ana xəttini təşkil edən bu vəzifənin həyata keçməsində
Azərbaycan istiqlalının tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin
himayəsini əldə etmək işinə ölkənin ənnüfuzlu şəxsləri cəlb edilmiş, bu sahəyə
birinci dərəcəli əhəmiyyət verilmişdir.
Daim yalan və xülya ilə öz tarixlərini qədimləşdirməyə, ərazilərini isə başqa
xalqların yaşadıqları, varisləri olan torpaqları hesabına genişləndirməyə
çalışan erməni şovinistləri başqa xalqların, o cümlədən Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, tarixi ərazilərinə yiyələnmək üçün hər cür alçaq
vasitələrə əl atmışlar. Bütün tarix boyu bütövlükdə Qarabağ və onun tərkib
hissəsi olan Dağlıq Qarabağ azərbaycanlıların yaşadığı ərazi olub və Azərbaycan
dövlətinin tərkibində olubdur. Xanlıqlar dövründə də Yuxarı Qarabağ Qarabağ
xanlığının tərkibində idi. Qarabağ mövzusuna müraciət edən erməni müəlliflərinin
əksəriyyəti Qarabağın tarixini, etnoqrafiyasını, mədəniyyət tarixini və onun
etnik tərkibini son dərəcə saxtalaşdırmış şəkildə təqdim etmişlər. Tarixi
mənbələrsə Dağlıq Qarabağın (Yuxarı Qarabağ - M.H.) ən qədim zamanlardan
Azərbaycan ərazisi olduğunu bir mənalı olaraqtəsdiq etmişdir və edir.
Bu gün Azərbaycan xalqı 1918-1920-ci illərdəki səhvləri təkrar etməmək üçün
bütün dünya ictimaiyyəti qarşısında özünü “yazıq”, “fağır” və “genosidə məruz
qalmış” xalq kimi göstərən erməni millətçilərinə qarşı özününbütün qüvvələrini
birləşdirməlidir.
Erməni millətçiləri SSRİ-nin dağılmasından istifadə edərək Rusiyanın ənənəvi
imperiya iddialarına arxalanaraq yenidən Azərbaycana qarşı ərazi iddialarını
irəli sürdülər. Ermənilər Azərbaycanda hakimiyyət uğrundagedən çəkişmələrdən
istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işğal edə bildilər.
Azərbaycan dövləti qonşu Ermənistanla mübahisəli məsələləri dinc yolla həll
etmək üçün dəfələrlə cəhd göstərmişdir. Lakin Erməni tərəfi öz köhnə və ənənəvi
havadarlarına arxalanaraq Azərbaycan tərəfinin təkliflərini rədd etmişdir.
Təsadüfi deyildi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni -
822, 853, 874, 884 - yerinə yetirməkdən boyun qaçırdı. Bütün bunlar 1918-1920-ci
illərdə olan hadisələrin təkrarıdır.
Öyrənilən dövrün araşdırılması göstərir ki, milli hökumətin 1918-1920-ci illərdə
həm ölkənin daxilində və həm də xaricdə apardığı qətiyyətli siyasətin
nəticəsində o vaxt Yuxarı Qarabağda erməni separatizminin qarşısı alınmışdır.
Ona görə də ADR hökumətinin sərhədlərimizi, əzəli torpaqlarımızı qorumaq üçün
apardığı siyasət və təcrübənin öyrənilməsi bugünkü həyatımız üçün daha
əhəmiyyətlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin təntənəli keçirilməsi
məqsədilə ulu öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə
Dövlət Komissiyasının tədbirlər planı təsdiqlənmiş, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə isə
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd
edilmişdir.
Müsəlman Şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət
təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan XalqCümhuriyyəti ölkəmizin
milli dövlətçilik tarixində xüsusi yer tutub.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2013.- 28 may.- S. 5.