E L E K T R O N M Ə L U M A T B A Z A S I

 
 


stəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir


XX əsrin əvvəllərində, ümumiyyətlə bütün Rusiyada, eyni zamanda Zaqafqaziyada vəziyyət həddən artıq gərgin idi. Bolşevik inqilabından sonra çar Rusiyasının tərkibində olan respublikaların hansı inkişaf yolu seçəcəyi naməlum olaraq qalırdı. Bu da müstəqillik meyillərinin güclənməsinə şərait yaradırdı. 1918-ci ilin aprelində Zaqafqaziya Seymi Cənubi Qafqazın müstəqilliyini elan etdi və Zaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya hökumətinin yaşamasına imkan vermədi. Elə bu səbəbdən də 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də isə Seymin müsəlman fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da əslində Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M. Ə. Rəsulzadə Milli Şuranın sədri oldu. Həsən bəy Ağayevvə Mirhidayət Seyidov sədrin müavinləri təsdiq edildilər.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Dövrün ən qabaqcıl və mübariz ziyalılarının Həsən bəy Ağayevin (sədr), Mustafa Mahmudovun (katib), Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Nəsib bəy Yusifbəylinin, Mirhidayət Seyidovun, Nəriman Nərimanovun, Heybətqulu Məmmədbəyovun, Mehdi bəy Hacınskinin, Əliəsgər bəy Mahmudbəyovun, Aslan bəy Qardaşovun, Sultan Məcid Qənizadənin, Əkbər ağa Şeyxülislamovun, Mehdi bəy Hacıbababəyovun, Məmmədyusif Cəfərovun, Xudadat bəy Məlikaslanovun, Rəhim bəy Vəkilovun, Həmid bəy Şahtaxtinskinin, Firidun bəy Köçərlinin, Camo bəy Hacınskinin, Şəfi bəy Rüstəmbəyovun, Xosrovpaşa bəy Sultanovun, Cəfər Axundovun, Məhəmməd Məhərrəmovun, Cavad Məlik-Yeqanovun və Hacı Molla Səlim Axundzadənin iştirakı ilə keçən həmin iclasda Azərbaycanın müstəqilliyi elan olundu və İstiqlal Bəyannaməsi qəbul edildi. Türk-müsəlman dünyasında, ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə-üsulunun yaradılacağından xəbər verən Bəyannamədə deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir; Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir; Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir; Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi və vətəndaşlıq hüquqları ilə təmin edir; Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır; Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur".

Azərbaycanın istiqlal mübarizəsi tarixinin bu dəyərli sənədinə ölkə tarixşünaslığında ən obyektiv tarixi qiyməti ulu öndər Heydər Əliyev vermişdir: "Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi Bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".

Həmin iclasda F. Xoyskinin başçılığı ilə ilk Müvəqqəti Hökumətin tərkibi də təsdiq edildi. F. Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri, X. Sultanov hərbi nazir, M. Hacınski xarici işlər naziri, N. Yusifbəyli maliyyə və xalq maarifi naziri, X. Xasməmmədov ədliyyə naziri, M. Cəfərov ticarət və sənaye naziri, Ə. Şeyxülislamov əkinçilik və əmək naziri, X. Məlikaslanov yollar və poçt-teleqraf naziri, C. Hacınski dövlət nəzarəti naziri seçildi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə köçürdü. Beləliklə, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 günlük ilk fəaliyyəti dövründə yeddi iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birinci - Azərbaycanın istiqlalı elan olundu və İstiqlal Bəyannaməsi qəbul edildi; ikinci - Fətəli Xan Xoyski başda olmaqla ilk Azərbaycan Hökuməti formalaşdırıldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin - geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi, Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. İyunun 26-da müsəlman hərbi korpusu Əlahiddə Azərbaycan korpusuna çevrildi. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi, yeni müəllim kursları açıldı, Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq Gəncə və Cəbrayıl adlandırıldı. Milli Orduya səfərbərlik keçirildi, Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi.

Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət və yerli idarəçilik orqanlarının təşkili və fəaliyyəti Müvəqqəti hökumətin 23 iyun 1918-ci il tarixli qərarı əsasında həyata keçirilirdi. Nəinki yerli özünüidarəetmə orqanları, hətta inzibati-polis aparatı dayaradılmışdı. Məhkəmə orqanlarının yeni əsaslarla təşkili məsələsi Cümhuriyyət hökumətinin diqqət mərkəzində saxlanılırdı. Məhkəmə palatası və hərbi məhkəmələrin yaradılması, Ali Məhkəmənin qurulması nəzərdə tutulsa da, təəssüf ki, bolşeviklər ordusu tərəfindən respublikanın işğalı bunları həyata keçirməyə imkan vermədi.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti təhsil problemlərini də real və obyektiv qiymətləndirə bilmiş, onların həlli istiqamətində bir çox islahatlar həyata keçirmişdir. 1918-ci ilin mayında demokratik respublikanın təhsil siyasətini həyata keçirən ilk qurum - Xalq Maarif Nazirliyi yaradılmışdır. Bu struktura rəhbərlik görkəmli ictimai-siyasi xadim Nəsib bəy Yusifbəyliyə həvalə olunmuşdu.

Xalq Maarif Nazirliyi fəaliyyət göstərdiyi dövrdə təhsilin bütün pillələrinin yenidən qurulması vəzifəsinə və milli kadrhazırlığına xüsusi diqqət yetirmişdi. Bu məqsədlə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmiş və bura150 nəfər dinləyici cəlb olunmuşdu. 1918-ci il 22 sentyabr tarixli qərarla ibtidai siniflərin milliləşdirilməsi istiqamətində mühümtədbirlər həyata keçirilmişdi. 1919-cu ilin əvvəllərində Azərbaycanda artıq 23 dövlət orta təhsil müəssisəsi yaradılmışdır: onlardan 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllim seminariyası, 3-ü qadın təhsil müəssisəsi, 1-i politexnikvə ticarət məktəbləri olmuşdur. Müəllim kadrları hazırlamaq üçün yaradılmış kurslarda dərs aparmaq məqsədilə Türkiyədən 50-yə yaxın müəllim işə dəvət edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti kadr məsələlərinə həmişə xüsusi diqqət yetirmişdir və bu məqsədlə ali təhsil müəssisəsinin yaradılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti uzun və gərgin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul etdi. Professor V. Razumovski Bakı Dövlət Universitetinin rektoru seçildi. Elə həmin ilin noyabr ayının 15-də universitet fəaliyyətə başladı.

1919-1920-ci illərdə hökumət xaricdə milli kadr hazırlamaq üçün əcnəbi ölkələrə 100-dən artıq abituriyent göndərilməsini də qərara almışdı. Bu dövrdə hökumət tərəfindən savadsızlığın ləğvi sahəsində xeyli ciddi islahatlar aparılmışdır. Bakı Dövlət Universiteti ilə yanaşı, Konservatoriyanın, Pedaqoji İnstitutun, ali təhsil verən polis məktəbinin, Gəncədə Kənd Təsərrüfatıİnstitutunun açılması planlaşdırılmışdı. Azərbaycanda o zaman 23 orta ixtisas və 637 ibtidai məktəb yaradılmışdı. O dövrdə hətta yaşlı əhali üçün axşam kursları təşkil edilmişdi. Mədəniyyət sahəsində də əsaslı işlər görən Cümhuriyyət hökuməti bunu əhalinin maarifləndirilməsində əsas vasitələrdən biri kimi dəyərləndirirdi. 1918-ci ilin oktyabrında Bakıda H. Ərəblinski adına Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı.

1919-cu ilin martında N. Yusifbəylinin sədrliyi ilə yaradılan kabinetdə R. Kaplanov maarif naziri təyin olunmuşdur. 1919-cu il dekabrın 24-dən isə bu vəzifə Həmid bəy Şahtaxtinskiyə həvalə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu təhsil naziri o dövrün tanınmış şəxsiyyətlərindən olan Nurməmməd bəy Şahsuvarov olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti səhiyyə sahəsində də problemlərin aradan qaldırılmasına, əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılmasına böyük diqqət ayırmışdı. Hökumətin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması oldu. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə qəzalarda 33 xəstəxana əhaliyə tibbi xidmət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi. Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər.

Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.


<< Geri