E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 aylıq qısa ömrü ərzində bir çox tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Bildiyimiz kimi, hazırkı müstəqil Azərbaycan Respublikası həmin AXC-nin siyasi-hüquqi varisidir. Hazırda istifadə etdiyimiz bir çox dövlətçilik atributlarımız cümhuriyyətimizdən bizə miras qalmışdır. Müasir müstəqil Azərbaycan öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində yarımçıq qalmış bir sıra planlarını həyata keçirmiş və hazırda da bu proses davam etməkdədir. O dövrdə yarımçıq qalmış strateji hədəflərdən biri də xaricdə təhsil siyasəti və potensial kadrların xalqın və dövlətin inkişafı üçün istiqamətləndirilməsi olmuşdur.

Sözsüz ki, yenicə yaranmış cümhuriyyətin təhsil strukturları tam formalaşmamış, ölkədə mövcud olan savadsızlıq, kadr çatışmazlığı əsas problemlərdən birinə çevrilmişdi. Xüsusilə ölkənin inkişafı və idarə edilməsi üçün xaricdə təhsil alan kadrlara ciddi ehtiyac yaranmışdı. Əsas məqsəd xarici təhsil ocaqlarına, xüsusilə də Avropa universitetlərinə tələbə göndərmək, oxutmaq sonra da onları Vətəndə ixtisaslarına uyğun işlərlə təmin etmək idi. Bütün bunları nəzərə alaraq, cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə başladı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında verilən tarixi sərəncamla yanaşı, parlament hökumətin təklifi ilə 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi barədə qanun da qəbul etdi. Bu işə nəzarət etmək üçün dövlət komissiyası yaradıldı. Beş nəfərlik komisiyaya M.Ə. Rəsulzadə rəhbərlik edirdi. Çox keçmədi ki, komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada,10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almaq üçün göndərilmələri barədə qərar qəbul etdi.

"Azərbaycan" qəzetinin 1919-cu il 23 iyul tarixli nömrəsində "Tələbələr haqqında" sərlövhəli məqalədə yazılırdı: "Maarif nəzarəti 100 nəfər tələbəni xaricə göndərəcək. Hər tələbəyə 36.000 manat xərcləmək və 5.000 manat yol pulu hesablanıb. Cəmi 4.100.000 manat edir".

Araşdırmalar onu göstərir ki, xaricə göndərilən tələbələrin maddi təminatını böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. H.Z. Tağıyevin bütün ticarət nöqtələri Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi bazasına çevrilmiş, hətta evi belə xarici qonaqların qarşılanması üçün ayrılmışdı. Sözsüz ki, bu xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə götürən H.Z.Tağıyevin də öz şərtləri var idi:

1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.

2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.

3.Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.

4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.

Doğrudur, komissiya Hacı Zeynalabdinin şərtlərini redaktə edərkən üçüncü bəndi ixtisara salır. Bəlkə də bu ixtisar o zamanın demokratik quruluşlu respublikamızın hüquqi dövlət ideyaları ilə uzlaşmadığına görə icra edilmişdir. Nəzərə almaq lazımdır ki, o zaman parlamentimizdə qeyri-müsəlman xalqların nümayəndələri olan erməni, rus və yəhudi deputatlar da kifayət qədər idi. Bu baxımdan izdivac məsələsinin üzərindən sükutla keçilmişdir. Əsas məqsəd təhsilə və kadrların yerləşdirilməsinə yönəldilmişdi. Onu da qeyd etmək lazımdır ki, bir çox mötəbər insanlarımız təhsilini H.Z. Tağıyevin maliyyə dəstəyi ilə almışdı. Bundan əlavə, görkəmli dövlət xadimi Əziz Əliyev Petroqradda Ali Hərbi-Tibb Akademiyasında "el atası" Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına oxumuşdur. Böyük siyasi xadim hələ Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyərkən öz tərcümeyi-halında H.Z.Tağıyevin dəstəyi barədə bunları yazırdı: "1917-ci ildə bütün fənlərdən "5" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitim olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyonçusu Tağıyevə müraciət etdim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqə yolu ilə Hərbi Tibb Akademiyasına daxil oldum".

Bütün bu və digər faktlar Azərbaycan Cümhuriyyətinin təşkilatçılığı, uğurlu siyasəti, H.Z. Tağıyevin isə maaliyyə dəstəyinin bir-birini tamamlamasının əyani sübutudur. Hər ikisinin amalı eyni idi: azərbaycanlı övladların təhsilə yiyələnmələri, öz xalqı üçün xidmət etmələri və dövlətin gələcək inkişafında əsaslı dayağa çevrilmələri.

Ümumilikdə, 1919-1920-ci il tədris ili üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu məqsəd üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat ayrılmışdı. Avropa məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmışdı. Nəticədə isə komissiyanın yekun rəyinə əsasən Xalq Maarif Nazirliyi tərəfindən 49 nəfərin Almaniyaya, 27 nəfərin Fransaya, 4 nəfərin İtaliyaya, 1 nəfərin İngiltərəyə, 6 nəfərin Türkiyəyə, 13 nəfərin isə Rusiyaya göndərilməsi barədə sənəd verildi. Rusiyada yaranmış vətəndaş müharibəsinə görə tələbələrin ora getməsi mümkün olmadı.

Beləliklə, yenicə yaranmış cümhuriyyət başının üstünü almış rus-sovet işğalı təhlükəsinə, erməni quldur dəstələrinin törətdiyi təxribatlara, daxildə partiyalararası mübarizələrə baxmayaraq, xaricdə təhsil siyasətini qurur və azərbaycanlı gənclərin ali təhsil almaq üçün dünyanın məşhur universitetlərinə göndərilməsi kimi olduqca şərəfli işin öhdəsindən gəlir.

1920-ci il yanvarın 14-də o zamankı cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələr təntənə ilə yola salındılar. Tələbələr dəmir yolu ilə əvvəlcə Batuma, oradan isə Parisə yola düşdülər. Fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən xüsusi diqqətlə qarşılandı. Əlimərdan bəy tələbələr qarşısında geniş nitq söyləyərək onları təbrik etdi. Bundan sonra onlar təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yola düşdülər.

Təəssüflər olsun ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı oldu. Ölkədə hakimiyyətə gələn bolşeviklər tələbələrə pul göndərmədi. Hərçənd, Nəriman Nərimanovun təqdirəlayiq inadkarlığı ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapsa da, çox keçmədi ki, vəziyyət yenə kəskin şəkildə dəyişdi. Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr barədə fikirlər pisləşməyə doğru getdi. Onların çoxu "etibarsız" adlandırılaraq, ümumiyyətlə qəbul edilmədi. Nəticədə, tələbələrin çoxu təhsil haqqını ödəyə bilməmək problemi bir tərəfə, yaşamaq üçün ən ağır sahələrdə işləmək məcburiyyətində qaldı. Hətta elə tələbələr də oldu ki, həbsxanalara atıldılar. Ən acınacaqlısı isə bu idi ki, böhranlı vəziyyətdən çıxış yolu tapa bilməyib intihar edənlər də oldu. Çox çətinliklə, məhrumiyyətlərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin əksəriyyəti isə ya uzaq Sibirə sürgün edildi, ya da bolşevik terrorunun qurbanı oldu.

Əslində, nə qədər acı sonluqla nəticələnsə də cəmi 23 ay yaşamış bir dövlətin problemlərin məngənəsində sıxılarkən belə azərbaycanlı övladların təhsilinə biganə qalmaması yalnız təqdirəlayiqdir. Bu təşəbbüs, bu şərəfli irs bu gün də müstəqil Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Hər il dövlətimizin dəstəyi ilə dünyanın aparıcı təhsil ocaqlarına yüzlərlə azərbaycanlı gənc oxumağa göndərilir. Şübhəsiz, burada həmin gənclərlə yanaşı, qazanan xalqımız və dövlətimiz olur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrin siyahısını və onlar haqqında məlumatları təqdim edirik:

1.Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı-?) fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Vətənə dönən Xələfbəyov 1930 -cu illərin repressiyasına məruz qalaraq Sibirə (Rusiya, Maqadan) sürgün edilmişdir.

2.Xiromanov Zəkəriyyə Əbdülhəmid oğlu (22.11.1899, Dağıstan-?). Elektrotexnika sahəsində təhsil almaq üçün Ştutqarta (Almaniya) göndərilmişdir.Sonrakı taleyi barədə məlumat aşkar olunmayıb. Xaricdə təhsil alan tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün araşdırmalarında onun təhsilinin bitməsinə il yarım qalması haqqında son məlumatlar qeyd edilir.

3.Xudaverdiyev Əlibala Murtuza oğlu (1901, Navahı kəndi-?). Təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Bonn Universitetinə göndərilmiş, lakin sonrakı taleyi haqqında məlumat yoxdur.

4.İsgəndərov Ağalar Məşədi Abbasqulu oğlu (sentyabr,1899, Şamaxı-?).Kimya üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

5.Kazımov Cəfər Ələsgər oğlu (4.1.1897, Bakı-14.8.1968, Bakı).Təhsilini davam etdirmək üçün Almaniyanın Frayburq Dağ-Mədən Akademiyasına göndərilmişdir. Vətənə qayıtdıqdan sonra 1930-cu illərin represiyasına məruz qalmış, 1955-ci ildə bəraət almışdır. Ömrünün son 20 ilini iflic vəziyyətində yaşamışdır.

6.Kərimov Əli Xasbulat oğlu (fevral, 1902, Balaxanı-?). Tarix-filologiya ixtisası üzrə xaricə göndərilmişdir. Haqqında məlumat tapılmayıb.

7.Qaracəmirli Məcid bəy Qasım oğlu (?, Gədəbəy-?). Xarkov Universitetində 3 il təhsil almışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.

8.Qədimov Lətif Şirin oğlu (20.3.1895, Şuşa-?). Nəqliyyat sahəsində təhsilini davam etdirmək üçün Berlin Parloffen İnstitutuna göndərilmişdir. Taleyi barədə məlumat yoxdur.

9.Quliyev Mirzə Hüseyn Hənifə oğlu (1.1.1900, Bakı, Bülbülə kəndi-?).Kimya sahəsində təhsilini davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

10.Məmmədov Ağabala Ələsgər oğlu (1892, Tiflis-?). Xarkov Texnologiya İnsitutunda 3 il təhsil alsa da maddi çətinlik səbəbilə geri dönmüş, lakin parlamentin qərarı ilə yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

11.Məmmədov Həmid Məmməd oğlu (20.1.1900, Qars-?). Tibb sahəsində təhsil almaq üçün Ştutqarda (Almaniya) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

12.Məmmədov Hüseynbala Cəfərqulu oğlu (22.10.1899, Dərbənd-?). Bonn Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

13.Məmmədov Qəhrəman İsrafil oğlu (1897, Tiflis-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

14.Məmmədov Nəbi (?-?). Kiyev Dövlət Universitetində təhsilini maddi çətinlik səbəbilə davam etdirə bilməmiş, dövlət tərəfindən yenidən Kiyev Universitetinə göndərilsə də, sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.

15.Məmmədov Zal Məmmədcavad oğlu (1898, Şuşa-?). Dağ mühəndisliyi təhsili almaq üçün Drezden Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

16.Məmmədyarov Əbdülsəməd Bağır oğlu (27.9.1889, Bakı-?) Xarkov Universitetində təhsil almışdır. Sonrakı taleyi barədə məlumat yoxdur.

17.Mirqasımov Zeynəlabidin Mirələsgər oğlu(1887, Bakı-?). Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

18.Mirzə bəy Göygöl (?-?) Berlin Universitetində təhsilini başa vursa da, sovet işğalı səbəbilə Azərbaycana geri dönə bilməmişdir.

19.Muxarski Süleyman Bikir oğlu(20.7.1900, Vilno,Ostrino-?). Milliyyətcə tatar olan Süleyman hüquq sahəsində təhsil almaq üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

20.Muradov Abbas Həmid oğlu (?, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

21.Muradov Məhəmməd bəy Fəxrəddin oğlu (1.1.1900, Şuşa-?). Paris universitetinə göndərilmişdir. Sonraki taleyi haqqında məlumat aşkarlanmamışdır.

22.Musayev Cəmil İbrahim oğlu (14.3.1897, Şuşa-29.1.Şuşa). Berlin Universitetində memarlıq təhsili aldıqdan sonra 1925-ci ildə Bakıya qayıtmışdır.

23.Mustafayev Ağahəsən Manaf oğlu (1900, Bakı-?). Gəmiqayırma üzrə təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmamışdır.

24.Mustafayev Ağasəfər Hüseynqulu oğlu (9.1.1894, Tiflis-?). Məlumat yoxdur.

25.Mustafayev Mustafa Rəhim oğlu (17.10.1895, Qazax-?). Fransada ailə qurub,geri dönməyib.

26.Münşüzadə Hilal Hüseyn oğlu (12.4.1899, Şuşa-?). Berlində ailə qurub, geri dönməyib.

27.Nağıyev Hüseyn Musa oğlu (1897, Gəncə-?). Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat aşkarlanmayıb.

28.Nəbiyev Mahmud (3.4.1893,Nuxa-?). Kiyevə göndərilmiş, lakin əlavə məlumat yoxdur.

29.Nərimanbəyov Yaqub Fərman Əmir oğlu (14.6.1898, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Vətənə döndükdən sonra 1937-ci il dekabrın 31-də Sibirə sürgün edilmişdir.

30.Pirverdiyev Hənifə Murad oğlu (1893, Tiflis-).1917 ildə Bakı orta inşaat məktəbini bitirmiş, qərara əsasən Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

31.Rəcəbli Əhməd Cabbar oğlu (14.2.1898, İrəvan-15.12.1963.Bakı). İrəvan kişi gimnaziyasını bitirmiş (1916),həmin il Moskvada Petrovski-Razumovski Akademiyasının tibb şöbəsinə qəbul edilmişdi.Lakin maddi çətinliklə əlqədar təhsilini yarımçıq buraxmağa məcbur olmuşdu.1919-cu il 1 sentyabr tarixli qərara əsasən, təhsilini davam etdirmək üçün İtaliyaya göndərilmiş, 1923-cü ildə Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdir. O, qırxdan artıq elmi əsərin, o cümlədən "Azərbaycanın meyvə bitkiləri" monoqrafiyasının müəllifidir. 1935-ci ildə ona professor elmi adı verilmişdir.1937-ci ildə repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə sürgün edilmişdir.1955-ci ildə bəraət almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akademiki və Rəyasət Heyətinin üzvü seçilmişdir.

32.Rəhimli Məmmədəli Paşasadiq oğlu (10.4.1899, Tiflis-?) 1918 ildə Tiflis gimnaziyasını bitirmiş, qərara əsasən Darmştat (Almaniya) İnstitutuna göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

33.Rəhimov Cəbrayil Məmmədrza oğlu (1892, Bakı-?). Parisə göndərilmişdir. Əlavə məlumat yoxdur.

34.Rəhimzadə Abdulla Məhəmməd oğlu (1898, Gəncə-?) Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

35.Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran-?). Berlinə göndərilmişdir. Başqa məlumat yoxdur.

36.Rzayev Tağı Əsgər oğlu (1895, İrəvan-?). Parisə göndərilmişdir.Əlavə məlumat yoxdur.

37.Rzazadə İsgəndərxan Cabbar oğlu (5.11.1897, Tehran-1938. Bakı). Berlindən Vətənə qayıtmasına baxmayaraq, 1937-ci il repressiyasının qurbanlarından biri olmuşdur.

38.Sadıqov Mirsadıq Səid Kamil oğlu (1896, Bakı-?). Berlinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

39.Salahov Yusif Hüseyn oğlu (6.9.1897, Şuşa -? ) 1918-ci ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Münxen Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Azərbaycana geri qayıtmış, həkimlik etmiş, diaqnostika sahəsində tanınmışdır. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanmış, Kiyev ətrafında döyüşlərdə əsir düşmüş, Vətənə geri dönə bilməmişdir. Türkiyəyə gedərək ömrünün sonunadək orada yaşamışdır.

40. Seyidəliyev Mirməmmədrza Abutalıb oğlu (1898. Şamaxı-?) 1919-cu ildə Bakı gimnaziyasını bitirmiş, qərara əsasən Berlin Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.

41. Sədi Hacı Həsən oğlu (?.Göyçay-?) 1919-cu ildə İstanbul Universitetində tibb təhsilini maddi çətinlik səbəblə başa vura bilməmiş, Vətənə qayıtdıqdan sonra qərara əsasən yenidən İstanbula göndərilib, sonrakı taleyi haqqında məlumat aşkarlanmayıb.

42. Səfərov Məşədi Məşədi Hacı oğlu (1.12.1899.Şuşa-?) 1917-ci ildə II Nikolay adına Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin qərarına əsasən Darmştad (Almaniya) Universitetinə göndərilib. Haqqında başqa məlumat yoxdur.

43. Səidzadə Mirismayıl Səidəhməd oğlu (30.1.1896. Lənkəran-?) Berlinə göndərilib. Əlavə məlumat yoxdur.

44.Səlimov Hüseynqulu Yusif oğlu (9.10.1889.Bakı-?) Bakı realnı məktəbini bitirmişdir. (1909) Sonra Xarkov Texnologiya İnstitutunun kimya şöbəsində 3-cü kursadək oxumuşdur. Maddi çətinlik üzündən təhsilini tamamlaya bilməmiş Vətənə geri qayıtmış. Lakin AXC parlamentinin qərarına əsasən yenidən Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınır. Lakin vətəndaş müharibəsi getdiyindən oraya getməsi mümkün olmamışdı. Sonrakı taleyi barədə məlumat yoxdur.

45.Sultanov Baxşəli bəy (?.Zəngəzur qəzasının Tanzıvar kəndi-?) Şamaxı realnı məktəbini bitirmişdir. Don Alekseyevsk Politexnik İnstitutunun dağ mühəndisliyi şöbəsində 3-cü kursadək oxumuşdur. Maddi çətinlik üzündən Vətənə dönmüş, Azərbaycan parlamentinin qərarına əsasən Rusiyaya göndəriləcək tələbələrin siyahısına salınmışdı. Lakin həmin vaxt Rusiyada gedən vətəndaş müharibəsi tələbələrin ora getməsinə mane olmuşdu. Əlavə məlumat aşkarlanmayıb.

46. Soltanov İsgəndər Rüstəm oğlu (25.5.1897.Zəngəzur-?). Bakı kommersiya məktəbini bitirmişdir (1916), Şuşa Qəza Polis İdarəsində işləmişdir.Azərbaycan parlamentinin qərarına əsasən dağ mühəndisliyi sahəsində təhsil almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat yoxdur.

47. Şahnəzərov Əhməd Hacı oğlu(2.1.1899.Dağıstan-?). Nansi şəhərinə göndərilmişdir. Əlavə məlumat yoxdur.

48. Şahsuvarov Mürsəl Adilxan oğlu (19.6.1900.Zəngəzur?) Leypsiq (Almaniya) Məlumat yoxdur.

49. Şahsuvarov Surxay Əzim oğlu (19.7.1900.Zəngəzur?). Frayberq (Almaniya). Məlumat yoxdur.

50. Şıxıyev Hüseyn Mustafa oğlu (25.6.1898.Qazax-?) Frayberq. Əlavə məlumat yoxdur.

51. Tahirzadə Abdulla Mahmud oğlu (1896. Oğuz-2.11.1978. Bakı). İlk təhsilini Ağdaşda, orta təhsilini İstanbulda xeyriyyə məktəbində almışdır. Parlamentin qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. İstanbulda Ali İqtisad Məktəbində və İstanbul Universitetinin riyaziyyat fakültəsində oxumuşdur. 1923-cü ildə Vətənə dönmüş, Azərbaycan orta ixtisas və ali məktəblərində müəllim işləmişdir. 1949-cu ildə repressiyaya məruz qalmışdır. 1955-ci ildə bəraət almış və həmin ildən indiki Neft Akademiyasında dərs demişdir.

52. Teymurxanov Murad Zabir oğlu (3.1.1899.Dağıstan-?) Karlşruhe (Almaniya) şəhərinə göndərilmişdir. Məlumat yoxdur.

53. Topçubaşov Rəşid Əlimərdan bəy oğlu (26.10.1900.Tiflis-1926.?) 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Qərara əsasən təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Paris (Fransa) Sülh Konfransına göndərilmiş Azərbaycan hökuməti nümayəndə heyətinin katibi Əlimərdan bəy Topçubaşovun oğlu olan Rəşid bəy Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qurulan Sovet hökümətinin təqaüdündən imtina etmişdir.

54. Umudov Mansur Hakim oğlu (18.3.1898.Daşkənd-?). Fransa. Əlavə məlumat yoxdur.

55. Vəkilov Mustafa Məmmədağa oğlu (25.1.1899.Tiflis-30.4.1943). Tiflis kişi gimnaziyasını bitirmişdir (1917). AXC-nin Tiflisdəki daimi nümayəndəliyində tərcüməçi işləmişdir. Parlamentin qərarına əsasən təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. M.Vəkilov təhsilini bitirdikdən sonra ədliyyə orqanlarında (1924-27) və ali məktəblərində çalışmış,bundan əlavə elmi-tədqiqat, tərcümə və redaktə işləri ilə məşğul olmuşdur. Azərbaycanda ailə hüququ, hüquq və əxlaq və s. mövzularda əsərlər, həmçinin mülki hüquqdan qısa dərslik yazmış, "Rusça-Azərbaycanca lüğət" (Bakı 1938) tərtib etmişdir. 1937-ci ildə "əksinqilabçı-millətçi təşkilatın üzvü" ittihamı ilə həbs edilmiş, repressiyaya məruz qalaraq, Voloqdaya, sonra isə Komi MSSR-ə sürgün olunmuşdu.

56. Vəkilov Teymur Məmmədağa oğlu (1892. Tiflis-1948. Bakı). Qori seminariyasını bitirmiş (1911), 3 il Bakı rus-tatar məktəbində müəllim işləmişdir. Petroqrad Psixonevrologiya İnstitutuna qəbul olunmuş (1915), dolanmaq üçün evlərdə dərs demişdir. Rusiyada Oktyabr çevrilişindən sonra təhsilini yarımçıq qoyub geri qayıtmağa məcbur olmuşdu. Azərbaycan Parlamentinin qərarına əsasən Xarkov Tibb İnstitutuna göndərilmişdir.Amma vətəndaş müharibəsi ilə əlaqədar təhsili baş tutmamışdır. Sovet hakimiyyəti dövründə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1942 ci ildə həbs edilib Qazaxıstana sürgün edilmişdir.

57. Vəliyev İsgəndər Mahmud oğlu (15.4.1896. Bakı-?). Bakı orta inşaat texniki məktəbini bitirmişdir. Kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün Peruça Universitetinə (İtaliya) göndərilmişdir. Başqa məlumat aşkarlanmayıb.

58. Vəzirov Aslan Zeynalabidin oğlu (6.12.1898. Şuşa-1.4.1984. Bakı). Bakı realnı məktəbini bitirmişdir. 1915-ci ildə Petroqrad Dağ-Mədən Mühəndisliyi İnstitutuna daxil olaraq burada 2 il təhsil almış, Oktyabr çevrilişindən (1917) sonra təhsilini yarımçıq qoyub geri qayıtmışdı. Azərbaycan parlamentinin qərarına əsasən Fransanın Sorbonna Universitetinə göndərilmişdir. Əvvəlcə həmin universitetin fizika-riyaziyyat fakültəsində, sonra isə Nansi Geologiya İnstitutunda oxumuş, təhsilini başa vuqduqdan sonra (1924) Nansi Mineralogiya İnstitutunda kristallokimya sahəsində tədqiqat aparmışdır. 1925-ci ildə Bakıya qayıdıb, Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan Dövlət Universitetində dərs demişdir. 1930-cu ildə professor elmi adı, 1946-cı ildə isə əməkdar elm xadimi fəxri adı almışdır. Ömrünün sonuna bir il qalana qədər Neft və Kimya İnstitutunda kristalloqrafiya və mineralogiya kafedrasının müdiri işləmişdir.

59. Yusifzadə Ağaəli Cəlal oğlu (1.1.1900. Şuşa-?). Mülxuz (Fransa) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb.

60. Zeynalov Behbudəli Həmid oğlu (2.12.1899. Şuşa-?). Berlin (Almaniya) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb.

61.Abidinov Bəhram Əlövsət oğlu (1896. Dərbənd-?). Bonn. (Almaniya) Sonrakı taleyi bəlli deyil.

62. Abdullayev Ağaəli Rəsul oğlu (1897. Ağdaş-?). 1915-ci ildə Gəncə peşə məktəbini, 1919-cu ildə Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir, təhsilini davam etdirməsi üçün İtaliyaya göndərilməsi qərara alınsa da naməlum səbələrdən bu səfər baş tutmamışdır. Sonrakı taleyi naməlumdur.

63. Muğanlinski Adil Abbasəli oğlu (13.12.1898. İrəvan-?). 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmişdir. Leypsiqdə (Almaniya) hüquq fakültəsini bitirməsinə yarım il qaldığı qeyd olunur. Sonrakı taleyi barədə məlumat yoxdur.

64. Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900. İrəvan-?) 1918-ci ildə İrəvan gimnaziyasını bitirmişdir. Qərara əsasən Leypsiq universitetinə (Almaniya) göndərilmiş, ATİ-nın üzvi olmuş, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-33 illərdə ADB-da məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs edilmişdir. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etsə də, 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir. Sonrakı taleyi bəlli deyil.

65. Ağasıbəyli Yusif Süleyman oğlu (20.12.1896. Gəncə-1989. Gəncə). 1917-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, qərarə əsasən Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Almaniyada işləmişdir. 1931-ci ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik vəzifəsində işləmişdir. 1937-ci ildə həbs edilmiş, 1956-ci ildə bəraət almışdır.

66. Ağayev Balağa Hənifə oğlu (1899. Bakı-?) Tibb təhsilini davam etdirməsi üçün Paris Universitetinə (Fransa) göndərilib. Sonrakı taleyi naməlumdur.

67. Axunov Əjdər (?-?). BDU tibb fakültəsinin 1 -ci kurs tələbəsi, tibb təhsilini davam etdirməsi üçün Parisə göndərilmişdir. AXC süqut etdikdən sonra o, təhsil haqqını ödəmək üçün Fransanın Dinar istirahət şəhərində bir ailədə qulluqçu işləmək məcburiyyətində qalır. Ceyhun Hacıbəyliyə yazdığı son məkubunda vəziyyətinin son dərəcə ağır oldugu görünür. Sonrakı taleyi haqda məlumat aşkarlanmayıb.

68.Axundov İsmayıl Əbdülxaliq oğlu (25.1.1897. Şamaxı-1952. Bakı). Görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri olmuşdur. 1918- ci ildə Bakı kişi gimnazıyasını bitirmiş, qərara əsasən Münxen Universitetinə (Almaniya) göndərilmişdir. Təhsilini bitirdikdən sonra o, Fransa, Əlcəzair və İsveçrədə keçrilən simpoziumlarda iştirak etmiş, 1927-ci ildə dissertasiya müdafiə edərək elmlər doktoru olmuşdur. 1928-ci ildə Bakıya qayıtmaq təklifi almışdır. Vətənə qayıdan İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor elmi adına layiq görülmüşdür. Onun malyariya xəstəliyinin müalicəsində böyük uğurları olmuşdur.

69. Axundzadə Səməndər Zakir oğlu (1898. Quba-1933). Frayberq akademiyasına (Almaniya) göndərilmiş, təhsilini başa vurub Vətənə dönmüş, Az SSR DPK-də ağır sənaye bölməsində işləmişdir, daha sonra repressiya qurbanı olmuşdur.

70. Aslanov Teymur Zəkəriyyə oğlu (5.1.1890. Şuşa-16.8.1964. Bakı). 1919-cu ildə Bakı gimnaziyasını əla qiymətlərlə bitirmiş, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün Paris Universistetinə göndərilmişdir. Teymur bəy 1921-ci ildə Almaniyaya köçmüş, Kotbus şəhərindəki toxuculuq mühəndisləri ali məktəbini bitirmişdir (1924). Vətənə qayıtdıqdan sonra Gəncə toxuculuq kombinatına mühəndis, 1931-32-ci illərdə Az.SSR Xalq Yüngül Sənaye komissarlıgında mühəndis, 1933-cü ildən Gəncə toxuculuq kombinatının direktor müavini və direktoru işləmişdir. 1939-cu ildə həbs edilmiş, 1956-cı ildə bəraət almışdır.

71. Atamalıbəyov Abbas Seyfulla oğlu (26.2.1895. Tiflis-1971, ABŞ. Klivlend). Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi. İlk təhsilini Şamaxıda,sonra isə Tiflisdə almışdır. 1914-cü ildə Peterburq İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuş, bu dövrdə sağ eserlərə qoşulmuş, Müsəlman Həmyerlilər Komitəsinin sədri seçilmişdi. Sonra Rusiyada baş qaldıran xaos səbəbindən Vətənə qayıtmış və siyasi fəaliyyətini davam etdirmişdir. A.Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cumhuriyyət Parlamentində "Sosialistlər bloku" fraksiyasının üzvü idi. Parlamentin 1919-cu il qərarına əsasən təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Cumhuriyyət hökuməti Atamalıbəyovu Paris Sülh Konfransında (1919-1920) Azərbaycan nümayəndə heyyətinin üzvü M. Məhərrəmovu əvəz etmək üçün katib vəzifəsinə təyin etmişdir.Parisdə siyasi fəaliyyətini davam etdirmiş Atamalıbəyov, mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Eyni zamanda, Parisdə Siyasi Elmlər Məktəbini bitirmişdir. Əlimərdan bəy Topçubaşovun vəfatından (1934)sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunmuşdur. İkinci Dünya müharibəsində almanlar tərəfindən əsir alınmış azərbaycanlı əskərlərin azad edilməsi üçün xeyli səy göstərmişdir. Sonralar Çilidə, Misirdə,1967-ci ildən isə ABŞ da yaşamışdır. Ömrünün sonuna qədər Azərbaycanın istiqlalı üçün mübarizə aparmışdır. Onu da qeyd etmək lazımdır ki, A.Atamalıbəyov müəyyən məsələlərdə M. Rəsulzadə ilə müxalif mövqedə dayanırdı.

72.Bağırlı Abdulla Sadıq oğlu (?-?). Kiyevə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

73.Bosnalızadə Məmmədrəşid Mustafa oğlu (21.6.1892. Gəncə-?). Paris Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

74. Cabbarov Ələkbər Məmmədəli oğlu (3.1.1898.Bakı-?). Təbiət elmləri sahəsində təhsilini davam etdirmək üçün Nansi Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

75. Cavanşir Əbdülhəmid Həmid oğlu (7.9.1897. Şuşa-?) 1918-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, aqronomluq sahəsində təhsilini davam etdirmək üçün Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

76. Cəfərov Əliyusif Abutalıb oğlu (14.1.1901. Bakı-?). 1919 cu ildə Bakı gimnaziyasını bitirmiş, fizika-riyaziyyat sahəsində təhsilini davam etdirmək üçün Türkiyəyə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

77. Dadaşov Abdullla Ələsgər oğlu (1.4.1902. Bakı-?). 1918-ci ildə 1-ci Bakı realnı məktəbini bitirmiş, təhsilini davam etdirməsi üçün İngiltərəyə göndərilmişdir.Sonrakı taleyi naməlumdur.

78. Daqirov Zaur Yusif oğlu (11.5.1902 Vladiqafqaz -?) 1918-ci ildə Tiflis kadet korpusunu bitirmiş, etnoqrafiya sahəsində təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

79. Dursunzadə Məmmədzəki (1890. Azqur-1937. Tiflis). Tarix-filologiya sahəsində təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini bitirib Vətənə qayıtdıqdan sonra bir müddət müəllim işləmiş, 1937-ci ildə güllələnmişdir.

80. Əbdürrəhmanov Ağacəfər Cəfər oğlu (30.7.1896. Şamaxı-?) 1917-ci ildə Şamaxı realnı məktəbini bitirmiş, təhsilini kimya sahəsində davam etdirmək üçün Berlin Universitetinə göndərilmişdir. Təhsilinin bitməsinə 1 il qalması qeyd olunsa da, sonrakı taleyi naməlumdur.

81. Əfəndiyev Abdulla İbrahim oğlu (30.9.1897. Dağıstan-?). 1916-cı ildə Bakı realnı məktəbini bitirmişdir. Moskva Kommersiya İnstitutunun iqtisadiyyat şöbəsində 2-ci kursa qədər oxumuş, maddi çətinlik səbəbilə təhsilini yarımçıq saxlamışdır. Qərara əsasən Berlin Kommersiya İnstitituna göndərilmişdir. Son məlumatlarda təhsilinin bitməsinə 6 ay qaldığı qeyd edilsə də, sonrakı taleyi naməlumdur.

82. Əfəndiyev Məmmədəmin (14.2.1897. İrəvan-?). 1916-cı ildə Tiflisdəki imperator I Aleksandr gimnaziyasını bitirmiş, daha sonra Moskva Universitetində aldığı təhsili maddi çətinlik səbəbilə tamamlaya bilməmişdir. 1919-cu il 1 sentyabr qərarına əsasən təhsilini yol-nəqliyyat sahəsində davam etdirmək üçün Darmştad İnsititutuna (Almaniya)göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

83. Əlimuradov Cavad Cümşüd oğlu (6.7.1898. Fizuli-?) Bakı realnı məktəbini bitirmiş, Fransaya göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

84. Əliyev Abbas Əhməd oğlu (28.7.1897. Şamaxı-1972. Moskva) 1916-cı ildə Bakı realnı məktəbini bitirmiş, Kiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində təhsil alsa da, oktyabr çevrilişi səbəbilə 1918-ci ilə geri qayıtmışdır. Qərara əsasən Berlin Kommersiya İnstitutuna göndərilmişdir. 1925- ci ildə təhsilini başa vurub Vətənə qayıtmış, 1928 ilədək Azərbaycanda işləmiş, sonra Moskvaya köçmüşdür. 1938 ildə 6 ay həbs cəzası almış, II Dünya müharibəsi iştirakçısı olmuş, daha sonra 1947-ci ildə yenidən həbs olunmuşdur. 1956-cı ildə bəraət almışdır.

85. Əliyev Ələkbər Qəhrəman oğlu (25.8.1897. Şuşa-?) 1916-cı ildə Şuşa realnı məktəbini bitirmiş, KT sahəsində təhsil alması üçün Berlinə göndərilmişdir. Son məlumatlarda təhsilinin bitməsinə 6 ay qalması qeyd edilsə də , sonrakı taleyi naməlumdur.

86. Əliyev Əşrəf Ağəli oğlu (2.4.1900. Şuşa-1937). Frayberq.(Almaniya) Təhsilini bitirib qayıtdıqdan sonra "Azərneft" İB çalışmış, Bibiheybət neft mədənləri rəisinin müavini, "Kaqonoviçneft" trestinin direktoru vəzifəsində çalışmışdır. Daha sonra repressiyaya məruz qalmışdır.

87. Əliyev Firidun Əzim oğlu (3.12.1898. Şuşa-?) Politexnik Məktəbi bitirən Firidun Almaniyaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur.

88. Əliyev Zeynəlabidin Hacağa oğlu (24.4.1894.Bakı-?). İtaliya. Roma Kral Rəssamlıq Akademiyasına göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

89. Əmircanov Əliyar (?. Bakı-?). Bakı kişi realnı məktəbini bitirən Əliyar müsabiqə yolu ilə Moskva ATM mexaniki şöbəsinə daxil olmuş, 5 semestr oxumasına baxmayaraq, oktyabr çevrilişi səbəbilə Vətənə geri dönmüşdür. Qərara əsasən yenidən Rusiyaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur.

90. Əmirov Umbay ( ? - ? ). 1916-cı ildən Odessa Universitetində təhsil alsa da maddi çətinlik səbəbilə təhsilini tamamlaya bilməmişdir. Qərara əsasən yenidən Odessaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur.

91. Əşrəfov İsrafil İsmayıl oğlu (30.5.1900.Bakı- ?) 1919-cu il 1 sentyabr qərarına əsasən Paris Universitetinə göndərilsə də sonrakı taleyi naməlumdur.

92. Hacıyev Bayram İbrahim oğlu (30.6.1900. Şuşa-?) 1918-ci ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən iqtisadiyyat sahəsində təhsil almaq üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

93. Hacıyev Xasbulat İsmayıl oğlu (21.1.1900. Şuşa-?) 1917-ci ildə İrəvan gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, maddi çətinlik səbəbilə geri qayıtmışdır. Qərara əsasən Rusiyaya göndərilsə də sonrakı taleyi naməlumdur.

94. Hacıyev Məmməd bəy Kərim bəy oğlu (6.3.1896. Şuşa-?) 1916-cı ildə Şuşa realnı məktəbini bitirmiş, qərara əsasən Berlin Universitetinə göndərilsə də sonrakı taleyi naməlumdur.

95. Hacızadə Mirzə Məşədi Yusif oğlu( 1897. Xanlar - 1980. İstanbul) 1915-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, Berlin Universitetinə göndərilmişdir. Azərbaycan işğal edildiyi üçün geri dönə bilməmiş, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə edib, alimlik dərəcəsi almışdır. Bütün cəhdlərinə baxmayaraq Azərbaycana gəlmək arzuları həyata keçməmişdir. Daha sonra Türkiyədən dəvət almış,1961-ci ilədək Türkiyənin Halkalı toxumçuluq stansiyasında işləmiş və ali məktəblərdə dərs demişdir. Burada N.Yusifbəylinin qızı Zöhrə xanımla ailə qurmuş, ömrünün sonunadək İstanbulda yaşamışdır. 34-kitabı, 300-dək elmi məqaləsi çap olunmuşdur. 1968-ci ildə maestro Niyazinin dəvəti ilə həyat yoldaşı Zöhrə xanımla birlikdə Bakıda olmuş,respublika alimləri qarşısında mühazirələr oxumuşdur. Bütün cəhdlərinə baxmayaraq, Gəncəyə getməsinə icazə verilməmişdir.

96.Həsənov Əlimuxtar Yaqub oğlu (1896. Bakı-?). 1919 ildə Baki kişi gimnaziyasını bitirmiş, qərara əsasən İstanbul Universitetinə göndərilsə də, sonrakı taleyi naməlumdur.

97. Həsənov Rzaqulu İsmayıl oğlu (27.9.1889. Quba-?). Frayberqə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

98. Hüseynov Salman Hüseyn oğlu (4.1.1901. İsfahan-?). Firtsurqa göndərilmişdir. Sonrakı taleyi naməlumdur.

99. Hüseynov Əlihüseyn Ağahüseyn oğlu (1898. Salyan-?). Rostoka şəhərinə göndərilmişdir (Almaniya). Sonrakı taleyi naməlumdur.

100. Hüseynov Zeynəlabidin Adil oğlu (1900. Bakı-?) 1918-ci ildə Lənkəran kişi gimnaziyasını bitirmiş, təhsilini davam etdirmək üçün Paris Universitetinə göndərilsə də, sonrakı taleyi naməlumdur.

Onu da qeyd etmək lazımdır ki, bu statistik məlumatlar Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra ölkə xaricində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün apardıqları araşdırmalarda öz əksini tapıb.


Daha ətraflı bax:

Tahirzadə, Ədalət Şərif oğlu. filol. e. n., dos. Azərbaycan Cümhuriyyəti tələbələri [Mətn]: tarixi arayış, bəlgələr, yaşamlar /Ə. Tahirzadə, O. Tahirli ; red. Ə. Quluyev; ön söz K. Şükürov; Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Elmi-Tədqiqat Mərkəzi.- [Bakı]: TEAS Press, [2016].- 1220, [2] s.: portr., fotoşək., faks., 25 sm.


<< Geri