Polşada
səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 7-də
Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri
general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın
xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Lent.az-ın Müdafiə
Nazirliyinin saytına istinadən məlumatına görə, mərasimdə ölkəmizin Polşadakı
səfirliyinin əməkdaşları, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər
Nazirliyinin, Milli Yaddaş İnstitutunun, Polşa Parlamentinin, Veteranlar
Təşkilatının nümayəndələri, Varşava şəhəri administrasiyası və ictimaiyyət
nümayəndələri, eləcə də diaspora üzvləri iştirak ediblər.
Abidənin
açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan
münasibətləri barədə danışaraq, bugünkü tədbirin simvolik əhəmiyyət daşıdığını
və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına
əminliyini ifadə edib.
Tədbirdə çıxış
edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç)
1919-cu ilin mart ayından 1920-ci ilin fevral ayınadək Azərbaycan Xalq
Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli
hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında gördüyü
əhəmiyyətli işlərdən bəhs ediblər.
Azərbaycan
Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə Azərbaycanın
işğalından sonra Polşaya mühacirəti, Mazovetski süvari briqadasının qərargah
rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibindəki polkun komandiri kimi
Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının
diqqətinə çatdırılıb. |