Fransada Armed Mişel adı ilə tanınan Əhmədiyyə Mikayıl oğlu
Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur.
Azərbaycanın ən gözəl guşələrindən biri olan Şəkinin saf suyundan
içib, təmiz havası ilə böyüyüb. Əhmədiyyə hələ uşaqlıqdan ağıl-kamalda,
fərasətdə tay-tuşlarından seçilib. 1935-ci ildə o, Şəki Kənd
Təsərrüfatı Texnikumuna daxil olaraq aqronom ixtisasına yiyələnib.
Təhsilini bitirdikdən sonra Qubaya təyinat verilir, kolxozda
işləməyə göndərilir.
Gənc Əhmədiyyə müharibə başlamazdan əvvəl hərbi xidmətə çağırılır.
Onu Nevinnomısk təyyarəçilik məktəbinə yollayırlar. Bir neçə ay
hazırlıq kursu keçdikdən sonra kiçik leytenant rütbəsi alır. Hərbi
xidmətinin bitməsinə az bir müddət qalmış II Dünya müharibəsi
başlayır. Müharibə illərində Cəbrayılovlar ailəsindən 5 nəfər
cəbhəyə yollanır. Paşa, Abdulsalam, Məmmədiyyə, Məmmədsadıq və
Əhmədiyyə. Onlardan ancaq ikisi cəbhədən sağ qayıda bilir.
Əhmədiyyə Xarkovdan 200 kilometr aralıda yerləşən bir şəhərə
göndərilir. Olduqca mühüm strateji mövqeyə malik olan bu şəhər düz 3
dəfə almanlar tərəfindən işğal olunsa da, sovet ordusu onu geri
qaytarır. 1942-ci ilin aprel ayında Əhmədiyyə Ukraynanın Donbas
şəhərinə göndərilir və 350-ci alayda siyasi rəhbər köməkçisi təyin
olunur. Alayın tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu
ətrafındakı döyüşlərdə iştirak edir və fərqləndiyinə görə baş
leytenant rütbəsi alır.
1942-ci ilin aprel-may aylarında Ukraynadakı əməliyyat zamanı
Əhmədiyyə Cəbrayılovun təyyarəsi Kursk ətrafındakı döyüşlərdə
vurulur. O, İzyum çayı yaxınlığında ağır yaralı vəziyyətdə almanlara
əsir düşür, Barbinka və Lvovdakı həbs düşərgələrinə göndərilir.
Əhmədiyyəni yoldaşları ilə birgə vaqonlara mindirib əvvəlcə Polşaya,
daha sonra isə Almaniyaya yola salırlar. Burada əsirlərin sayı
həddən artıq olduğuna görə onların bir hissəsini Fransaya göndərmək
məcburiyyətində qalırlar.
1943-cü ildə Əhmədiyyə bir qrup dustaqla birgə Dahau ölüm
düşərgəsinə göndərilir. Onlar qaz kamerasına salınırlar. Bir müddət
sonra qarovulçular kameradan çıxaranda onlardan yalnız bir nəfər sağ
qalır. Bu, Əhmədiyyə Cəbrayılov idi. 1943-cü ilin sonunda onu
Rodezdəki Bürlup kazarmasına göndərirlər. O, burada vərəm
xəstəliyinə tutulur. Əhmədiyyənin bəxti onda gətirir ki, o, burada
gözəl bir insanla qarşılaşır. Bu, gestaponun xadiməsi işləyən Janna
adlı yunan qadını idi. O, qızı Sara ilə birlikdə ərini və oğlunu
asan faşistlərin əlindən qaçıb Fransaya gəlmişdi. Əhmədiyyə Jannanın
vəfat etmiş oğluna çox oxşayırdı. O, Əhmədiyyəyə bacardığı qədər
köməklik edir, hətta təmizlik işi apararkən sağ qalsın deyə, ona
gizlicə çörək də gətirir.
Əhmədiyyənin əsirlikdəki məşəqqətli günləri uzun çəkmir. Birgün
düşərgədə olarkən gestapoda onu yenə vəhşicəsinə döyürlər. Sonra
Əhmədiyyənin öldüyünü zənn edib zirzəmiyə atıb və basdırmaq
istəyirlər. Bu zaman Janna Əhmədiyyənin oğluna oxşadığını deyib onu
öz adəti ilə dəfn etmək üçün gestapodan izn istəyir. Qadın
Əhmədiyyənin sağ olduğunu görür. Bir gün əvvəlcədən məzar qazdırıb,
orada hava keçməsi üçün yer də qoyur. Səhəri gün alman zabitlərinin
müşayiəti ilə Əhmədiyyə dəfn olunur. Əsgərlər tabutun aralı olduğunu
başa düşmürlər. Amma əsirin öldüyünə əmin olmaq üçün tabuta atəş
açırlar. Xoşbəxtlikdən, güllə Əhmədiyyənin ayağına dəyir.
Alman əsgərləri getdikdən sonra qadın onu məzardan çıxarıb öz
evindəki zirzəmiyə gətirir. Jannanın qayğısı ilə Əhmədiyyə tezliklə
sağalır və faşistlərdən qisas almaq üçün yenidən döyüş meydanlarına
qayıtmaq qərarına gəlir. O, əvvəlcə fransız dilini öyrənir və
tezliklə partizan hərəkatına qoşulur. Ona "Xarqo" ləqəbi verilir.
1944-cü il mayın 22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsinə,
sonra isə Düma ləqəbli kapitan Delplankın gizli ordusuna qoşulur.
İlk günlər partizanlar ona o qədər də etibar etmir, öz aralarına
buraxmaq istəmirlər. Xarqonu sınamaq üçün onu bir neçə dəfə
kəşfiyyata göndərirlər. O, əməliyyatlardan uğurla geri dönür. Yalnız
bundan sonra Xarqo partizanların sevimlisinə çevrilir. O, bu
dəstənin tərkibində Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə
iştirak edir.
Artıq ən vacib və çətin əməliyyatlar partizan Xarqonun dəstəsinə
tapşırılırdı. Bəzən kəşfiyyatlar almanların hücum planını öyrənmək
məqsədi daşıyırdı. Belə əməliyyatlardan birində o, "Bərbər Xarqo"
roluna girir.
Əhmədiyyə cəbhədə bir neçə — "Armed Mişel", "Fraji", "Xarqo" və
başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edir.
İşğalçı alman faşistləri onun başına 10 min alman markası məbləğində
mükafat təyin edirlər.
"Partizan Xarqonun həyata keçirdiyi kəşfiyyatlardan biri Almaniyaya
əsir aparılanların ailələrini xilas etmək olur. Əməliyyat zamanı
faşistlər məsələni anlayır və atışma başlayır. Yoldaşlarının köməyi
ilə Əhmədiyyə qaçmağa nail olur. Amma yaralı olduğu üçün o, çox
uzağa gedə bilmir və səhərə kimi şüurunu itirmiş halda dəmir yolu
ilə şose yolun arasında qalır. Gündüz saat 3-də general Javerin
maşını şose ilə şütüyəndə onun gözü "Xarqo"nun yerdə yatan cəsədinə
sataşır. O, maşını saxladıb yerə düşür və oberleytenant formalı
zabitin kim olduğunu öyrənməyə çalışır. Lakin Xarqonun üstündə heç
bir sənəd yox idi. Onun alman zabiti olduğunu zənn edirlər. General-"Bunu
partizanlar öldürüb. Heç şübhəsiz burada "Xarqo"nun əli var"-deyir.
Maşını birbişa hospitala sürdürür və həkimlərə nəyin bahasına
olursa-olsun onu sağaltmalarını əmr edir. Beləcə partizan Xarqo sağ
qalır və alman ordusunda gizli əməliyyatlarını davam etdirir.
Əhmədiyyə sağaldıqdan sonra özünü "öber-leytenant Hofman" kimi
təqdim edir və general Javer onu öz yanında işə götürür. Daha sonra
onu Albi şəhər komendantı təyin edirlər və bundan sonra onun üçün
yeni həyat başlayır.
Partizan Xarqo əsirlərə düşərgədən qaçmaq imkanı yaradırdı. Ona tabe
olan əsirlər arasında həmyerlisi Nuru kişi də var idi. Bir gün Nuru
kişi ona yaxınlaşmaq istəyəndə Əhmədiyyə bunu hiss edir və işarə
edir ki, yaxın gəlməsin. Bir müddətdən sonra isə Nuru kişi Xarqonun
köməyi sayəsində əsirlikdən xilas olur.
O, Rodez şəhərində yerləşən düşərgədə azərbaycanlı əsgərlərin olduğu
xəbərini alır. Təcili olaraq ora yollanır. Həyata keçirdiyi gizli
əməliyyatlar nəticəsində çoxlu sayda əsirlərin qaçmasına imkan
yaradır.
Bir gün Əhmədiyyənin yardımı ilə əsirlikdən qurtaranlardan biri
gedib yoldaşlarına onun barəsində danışır. Hamı əsirləri xilas edən
bu gəncin kimliyi ilə maraqlanmağa başlayır. Müəmmalı qəhrəmanın
kimliyini öyrənmək üçün kəşfiyyata çıxan əsgər qarşısında partizan
Xarqonu görəndə özünü itirir. Axı əsgər yoldaşları Əhmədiyyənin
öldüyünü güman edirdilər.
1944-cü il avqustun 17-də Əhmədiyyə Montobanın 18 kilometrliyində
yerləşən "La Tangin" adlı yerdə, Kossad və Realvil arasında gedən
vuruşmalarda 6-cı briqada tərkibində döyüşür. 1944-cü il avqustun
19-da Montoban azad edilir.
Əhmədiyyə Cəbrayılov əməliyyatların birində ölməz qəhrəmanımız Mehdi
Hüseynzadə ilə görüşür. "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə partizan
Xarqonun ləhcəsində doğmalıq hiss edib onun haralı olduğunu xəbər
aldıqda Əhmədiyyə "Şəki torpağındanam" deyə cavab verir. Bu iki
Azərbaycan oğlu doğma yurddan minlərlə kilometr aralıda Vətən naminə
faşizmə qarşı mübarizə aparırdılar.
Qızğın döyüşlərdə partizan dəstəsi tərkibində vuruşan Əhmədiyyə
Paris şəhərinin azad olunmasında da iştirak edir. Elə həmin gün
general Şarl de Qolla görüşür. Bu görüşü bir fotoşəkil də
təsdiqləyir. Müvəqqəti Fransa hökumətinin prezidenti olan Şarl de
Qollun iştirak etdiyi bənketə Əhmədiyyə də dəvət alır.
1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı
partizanlar tərəfındən faşistlərdən azad edilir. Rodez
vətənpərvərləri şəhərin azad olunmasında qəhrəmancasına həlak olmuş
azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, qardaşlıq
məzarı üzərinə qoyulan başdaşına Azərbaycan xalqının qəhrəman
oğullarının şanlı adlarını həkk edirlər.
1944-cü il avqustun 28-də Əhmədiyyə Montobanda yaradılan 3-cü
briqadaya daxil olaraq Vozj və Alzasdakı döyüşlərdə iştirak edir.
1945-ci il martın 13-də Montoban şəhər bələdiyyə idarəsinin başçısı
Trankunun təsdiqlədiyi sənəddə onun Fransa müqavimət hərəkatında
fəal iştirak etdiyi göstərilir. Bir sıra tapşırıqlarla yanaşı,
Əhmədiyyə Cəbrayılov dəmiryol xətlərini partladaraq düşmənin
minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasına mane
olur. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist
zabitlərinin yaşadıqları evləri yandırır. Onun rəhbərliyi altında
həyata keçirilən əməliyyatda günün günortaçağı Lion şəhərinin
mərkəzində düşmən tankları yandırılır. Çətin olmasına baxmayaraq,
əməliyyatları müvəffəqiyyətlə başa vurduğuna görə Fransa Kommunist
Partiyasının baş katibi Moris Torez ona tapança hədiyyə edir.
1945-ci il martın 16-da o, 3-cü briqadadan tərxis olunur və I Fransa
ordusunun tərkibində Vozj və Alzasdakı döyüşlərdə iştirak edir.
Müharibə başa çatanda hamının Armed Mişel kimi tanıdığı Əhmədiyyə
əsl qəhrəmana çevrilir. Onu hamı sevir, onunla danışmaq, şəkil
çəkdirmək qürurlu bir işə çevrilir. Hər kəs Əhmədiyyənin onun
ölkəsinin vətəndaşı olmasını arzulayır. Şarl de Qoll da dəfələrlə
Armed Mişelə Fransada qalıb yaşamaq, Amerika səfırliyi isə ona ABŞ
vətəndaşı olmağı təklif edir. Əhmədiyyə Fransanın Milli Qəhrəmanı
kimi hamının qəlbinə yol tapır. Müharibə bitdikdən sonra Fransada
onun hərbi şücaətlərini layiqincə qiymətləndirirlər və ona Fransanın
Milli Qəhrəmanı adı verilir. O, "Fəxri legion" ordeni ilə təltif
olunur. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona
generallardan qabaqda getmək hüququ verirdi.
Ancaq vətən həsrəti Əhmədiyyəni rahat buraxmır. Ən böyük arzusu
vətənə dönmək, doğma Şəki havası ilə nəfəs almaq, dost-tanışı, qohum-əqrəbası
ilə görüşmək olur. Əhmədiyyənin bu arzusu 1946-cı il noyabrın 25-də
Fransa prezidenti Şarl de Qollun köməkliyi ilə həyata keçir. O,
vətənə qayıdır.
Lakin "KQB" cəlladları burada Əhmədiyyəni rahat buraxmır və ona
vətən xaini kimi baxırlar. Moskvada yoxlama vaxtı onun
mükafatlarının bir hissəsi əlindən alınır, hətta onu "Vətən xaini"
adlandırırlar.
1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRİ-yə gəlişi
Əhmədiyyənin həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de
Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər
İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır.
Əhmədiyyə 1947-ci ildə Sürəyya xanımla ailə qurur, bu nikahdan 7
uşaq dünyaya gəlir. 1970-ci ildə o, Şəki rayonu N.Nərimanov adına
kolxozda baş aqronom kimi işə başlayır. Əməkdə fərqləndiyinə görə
1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülür.
1972, 1975, 1982-ci illərdə Əhmədiyyə Fransada döyüşdüyü Montoban,
Rodez, Tuluza, Albi şəhərlərini gəzir. Həmçinin Paris, Bordo,
Strasburq, Lion, Dijon və Marselə baş çəkir.
Fransaya səfəri zamanı o, döyüş illərində olum və ölüm arasındakı o
müdhiş günləri xatırlayır. Parisin təmiz və səliqəli küçələri ilə
irəliləyir. O, bu küçələrin hər döngəsinə, hər dalanına bələd idi.
Çünki almanların yerləşdiyi qərargaha çatmaq üçün hər cür yollardan,
hətta su və kanalizasiya xətlərindən belə istifadə edərək tapşırığı
bacarıqla yerinə yetirmişdi. 1975-ci ildə Parisdə Əhmədiyyə
Cəbrayılovu senatın rəhbəri Jak Düklo qəbul edir və ona bu görüşün
xatirə medalını təqdim edir. 1976-cı ildə müharibədəki iştirakına
görə "Oktyabr inqilabı" ordeni ilə təltif olunur. 1977-ci ildə Tarn
və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Röne
Şambar ilə görüşür.
Digər dostları da bir-bir Əhmədiyyənin görüşünə gəlirlər. Onların
hər biri əziz insanlar idi. Çünki müharibənin ən ağır günlərində
faşizmə qarşı mübarizədə bir yumruq kimi birləşmişdilər. Bu
partizanların hər birinin öz ləqəbi var idi. Fransızların "Armed
Mişel" adlandırdığı Əhmədiyyə Cəbrayılovun ləqəbi isə "Xarqo"dur.
Döyüş dostları bir-birini unutmur, hətta Parisdə, Montobanda,
Rodezdə həlak olan dostlarının məzarlarını da ziyarət edirdilər.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb:
"Müharibə xaçı", "Hərbi şücaət xaçı", "Fransa Müqavimət hərəkatı
medalı", "igidliyə görə medal", "Yaralanmağa görə medal".
1994-cü il oktyabrın 10-u. Əhmədiyyə Cəbrayılov Şəkidə yol-nəqliyyat
qəzası zamanı dünyasını dəyişdi. Kimin ağlına gələrdi ki,
milyonlarla insanın həlak olduğu müharibədən Vətənə sağ qayıdan bir
insan adi yol-nəqliyyat qəzası zamanı həlak olacaq. Demək, taleyin
qisməti belə imiş.
1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə Fransa
hökuməti ona fəxri təqaüd, həmçinin medallar göndərir. Təəssüf ki,
bu mükafatlar Əhmədiyyə Cəbrayılova ölümündən sonra gəlib çatır.
Lalə Hüseynova
Azərbaycan Ordusu
(19 avqust.2020)