Azərbaycan ədəbiyyatı özünün canlı klassikini itirdi.
Ədəbi aləmdə, adətən yazıçı və şairlər dünyasını dəyişdikdən
sonra onların klassikaya aid olub-olmadıqlarını müəyyən
edirlər. Xalq yazıçısı Elçin bizim çox azsaylı elə
yazıçılarımızdan biridir ki, o, sağlığında Azərbaycan
ədəbiyyatının klassikləri sıralarında olduğunu isbat etmişdi.
Heç tərəddüd etmədən demək olar ki, Elçin XX əsrin ikinci
yarısında yaşayıb-yaratmış bir neçə nəsil yazıçı və
şairlərin ən önündə gedən sənətkarlardan idi. "Altımışıncılar"ın
ədəbiyyatı magistralda ədəbi hərəkat səviyyəsinə çatdırmaq
baxımından Elçin əsas, aparıcı lokomotivlərdən biri olmuşdu.
Elçin hələ yaradıcılığının sovet dövrü mərhələsində yaşadığı
cəmiyyətin dəyişdirilməsinə təsir göstərə bilən ciddi bədii
əsərlərin müəllifi olmuşdu. Azərbaycan cəmiyyətində sovet
ideoloji təfəkküründən milli şüurun oyanışına keçidin
formalaşmasında Elçin zamanı qabaqlamışdı. O, psixoloji
xüsusiyyətlərə malik əsərləri ilə həyatın dərinliklərini,
hətta çirkinliklərini və mürəkkəbliklərini göstərməklə
oxucusunu gözəlliyə və gələcəyə çağırmışdır. Bu cəhətdən
Azərbaycanın görkəmli xalq yazıçısı Elçini yaradıcılığının
xarakterik xüsusiyyətlərinə görə rus və dünya ədəbiyyatının
böyük simalarından olan Fyodor Dostoyevski ilə müqayisə
etmək olar. Elçinin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm
hökmü", "Baş" romanları Azərbaycan ədəbiyyatının milli
özünəməxsusluğa malik "Cinayət və cəzası"dır. Əgər əsərləri
xarici dillərə mükəmməl tərcümə edilərsə, Azərbaycan dünya
ədəbiyyatına yeni tarixi dövrün fərqli bir Dostoyevski tipli
yazıçısını qazandırmış ola bilər. Cəmiyyətşünaslıq və
psixologizm baxımından Elçin mənsub olduğu xalqın və müasir
dünyanın "gözünün açılması"na təsir göstərə bilən əsərləri
ilk növbədə ölkəsinə, xalqına, ümumiyyətlə bəşəriyyətə
xidmət göstərə bilmiş yazıçıdır. Təpədən-dırnağa qədər
azərbaycançı olan Elçin məhdud regional baxışların
çərçivəsini aşaraq, həm də bütövlükdə insanlığa aid olan
yazıçı idi. Elçin dünyaşöhrətli böyük ingilis ədibi Uilyam
Şekspir mövzusunda dram əsəri yazıb. Həmin əsəri Şekspirin
vətənində, London şəhərində göstərmək məsuliyyəti və
cəsarəti ortaya qoymuş görkəmli Azərbaycan yazıçısıdır.
Elçin Azərbaycan səhnəsində "absurd teatr" adlı fərqli bir
teatrın da yaradıcısıdır. Elçinin simasında Azərbaycan
özünün yüksək intellektual yazıçısı və ictimai xadimi ilə
vidalaşmışdır. Elçin qədər böyük mütaliə dairəsinə, geniş
dünyagörüşünə malik olan yazıçı və şair göstərmək çətin olar.
Dünya ədəbiyyatına dərindən bələd olan Elçin dünya
yazıçıları səviyyəsində düşünməyi və yazmağı bacaran
qüdrətli Azərbaycan yazıçısı idi. Fikrimcə,
elmi-intellektual düşüncə Elçinin ədəbiyyat istedadının
donoru olmaqla, onun cəmiyyəti və dünyanı qavramağa
bələdçilik edən mükəmməl bədii əsərlər yazmasını
şərtləndirmişdir. Ölkəni və dünyanı elmi-siyasi şəkildə
qavramaqla bədii düha olaraq dərindən hiss etmək Elçinin
əsərlərindəki dərinlik və müasirliyin açarıdır. "Mahmud və
Məryəm"i, "Ölüm hökmü" və nəhayət, bütöv bir epoxanı əks
etdirən "Baş" tarixi romanını intellektual baxış, bilik və
hətta siyasi təcrübə olmadan, yalnız bədii istedadın
hesabına yazmaq mümkün olmazdı. Elçin dünya baxışlarında
intellektual olmaqla yazıçılıqda professionallıq nümayiş
etdirməyin nadir və nəhəng təzahürlərindən idi.
Xalq yazıçısı Elçin özünəməxsus siyasi baxışlara malik olan
ictimai xadim idi. İntellektuallıq, yüksək bədii istedad
siyasi düşüncə və təcrübə ilə birləşərək Elçin səviyyəsində
bir şəxsiyyəti yetişdirmişdir. Elçin sözün əsl mənasında
yazıçı-mütəfəkkirdir. O, yazıçılıqla yanaşı, Azərbaycan
parlamentinin deputatı, Baş nazirin müavini, Xaricdə yaşayan
həmvətənlərimizlə əlaqə - "Vətən" cəmiyyətinin sədri olaraq
siyasətin də çətin və mürəkkəb sınaqlarından şərəflə
keçmişdir. Elçin ədəbiyyatda olduğu kimi, ictimai-siyasi
fəaliyyətində də Azərbaycançılıq idealına xidmətin nümunəsi
idi. Elçinin bədii əsərlərini XX əsr Azərbaycan cəmiyyətinin
ədəbiyyat vasitəsilə ifadə edilmiş ictimai-siyasi
traktatları kimi də qəbul etmək mümkündür.
Xalq yazıçısı Elçinin dünyasını dəyişməsi Azərbaycan elmi
ictimaiyyəti üçün də böyük itkidir. Elçin cavanlıq
yaşlarından ömrünün sonlarına qədər yazıçılıqla paralel
olaraq tənqid və ədəbiyyatşünaslıqla da fəal surətdə məşğul
olmuşdur. O, 1970-ci ildə "Azərbaycan bədii nəsri ədəbi
tənqiddə" mövzusunda namizədlik, 1997-ci ildə isə "Ədəbiyyatda
tarix və müasirlik" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir; filologiya elmləri doktoru, professor idi.
Bu rəsmi elmi adlar və elmi dərəcələr bir yana, Elçin son
yarım əsrdən artıq bir dövrdə ölkəmizin ən sanballı və
nüfuzlu ədəbiyyat tənqidçisi olaraq qəbul edilirdi. Ədəbi
tənqidin vəziyyəti və vəzifələri haqqında da ən ciddi və
elmi sözü, demək olar ki, çox vaxt Elçin müəllim demişdir.
Bu baxımdan Elçin Azərbaycan ədəbi tənqidinin atası
funksiyasını ləyaqətlə yerinə yetirmişdir. Elçindən sonra bu
missiyanı görəsən, kim və hansı səviyyədə yerinə yetirə
biləcəkdir?!.
Dostları üçün isə Elçinin dünyasını dəyişməsi dərin mənəvi
münasibətlərdə əvəzolunmaz bir boşluq yaradıb. Müasir
Azərbaycan ədəbiyyatının görkəmli yazıçıları olan Elçinlə
xalq yazıçısı Anarın dostluğu şəxsi münasibətlərdəki
çoxillik dostluğun sınaqlarından çıxmış etibarı ilə birlikdə,
həm də ədəbi-ictimai mühitdə ədəbiyyatı, ədəbi simaların
adlarını qarşıya çıxan haqsız-lüzumsuz təhdidlərdən və
tənqidlərdən qorumaqda vahid mövqe nümayiş etdirməyin əyani
nümunəsi idi. Ədəbi mübarizələrdə bərkimiş bu sədaqətli
dostluq XX əsrin əvvəllərindəki Mirzə Cəlil Məmmədquluzadə
ilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidlə Abdulla Şaiqin,
Səməd Vurğunla Yusif Məmmədəliyevin və Osman Sarıvəllinin
dostluqları kimi təkcə ədəbiyyatımızın yox, ədəbi fikrimizin
də qoşa qanadı missiyasını məsuliyyətlə və şərəflə yerinə
yetirməyin, ədəbiyyat vasitəsilə cəmiyyəti qabağa aparmaq
uğrunda mübarizənin rəmzi idi.
Mənim Elçin müəllimlə münasibətlərimin də uzun bir tarixçəsi
vardır. Belə ki, mən 1974-cü ildə Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturasına qəbul
olunduqda ilk tanıdığım adamlardan biri həmin şöbənin böyük
elmi işçisi Elçin Əfəndiyev olub. Onda Elçin artıq
namizədlik dissertasiyasını müdafiə etmişdi. Görkəmli
rejissor və böyük sənətşünas Mehdi Məmmədovun rəsmi opponent
kimi onun haqqındakı rəyini "Ədəbiyyat və incəsənət"
qəzetində çap etdirməsi hadisə hesab olunmuşdu. Çünki çox
müstəsna hallarda opponent rəyi mətbuata çıxarılırdı. Mehdi
Məmmədovun dissertasiyasında Elçin Əfəndiyevin elmlər
doktorluğu dissertasiyalarının yüksək tələblərə cavab verən
problemlərin qaldırılıb həll olunduğunu qeyd etməsi cavan
yazıçı Elçinin həm də istedadlı bir elm adamı olduğunu
cəmiyyətə bəyan etmişdi. Mənim namizədlik dissertasiyamın
mövzusu o zaman Akademiyanın müxbir üzvü olan Məmməd Cəfər
Cəfərovun rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
iclasında müəyyən edilərkən, Elçinin dediyi fikirlər indiki
kimi yadımdadır. Şöbənin əməkdaşlarından hərəsi mövzuya dair
hansı ədəbiyyatları oxuyub öyrənməyi, nələrə daha çox diqqət
yetirmək haqqında təkliflər səsləndirdikləri həmin iclasda
dissertasiya mövzumun "XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" kimi
müəyyənləşdirildiyini nəzərə alan Elçin, diqqətimi həmin
illərdə SSRİ miqyasında ədəbiyyat nəzəriyyəsi sahəsində
dəbdə olan bir məsələyə yönəltmişdi. Dövrün ədəbiyyat
nəzəriyyəsində (bir çox hallarda indi də) sənətkarlıq
məsələlərindən bəhs edilərkən populyarlıq naminə yazıçı və
şairin poetikası formatında tədqiqatlar aparmağa meyil
edirdilər. Aleksandr Çudakovun "Çexovun poetikası"
monoqrafiyasının geniş səs saldığı, populyarlaşdığı o
illərdə ədəbiyyat nəzəriyyəsində mövcud baxış bu modelə
üstünlük verməyi tələb edirdi. Elçinin tövsiyəsi isə bunun
əksinə idi. O, Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Arif
Hacıyev kimi nüfuzlu ədəbiyyat nəzəriyyəçiləri qarşısında
bildirirdi ki, ədəbi şəxsiyyətin poetikası yox, ömür yolu,
dünyagörüşü, xidmətləri, kitabları ola bilər. Poetika
yazıçının şəxsiyyətinə deyil, yaradıcılığının, onun
əsərlərinin özünəməxsusluğuna, sənətkarlıq xüsusiyyətlərinə
aid olan məsələdir. Yazıçının poetikası anlayışı elmi
cəhətdən düzgün olmadığı kimi, həm də istər-istəməz
tədqiqatçıdan sənətkarın həyatı və yaradıcılığı haqqında
yazmağı tələb edir ki, bu hal mövzunu ədəbiyyat
nəzəriyyəsindən uzaqlaşdırır.
Ədəbiyyat nəzəriyyəsi sahəsində kütləvi axına qarşı vaxtilə
deyilmiş bu fikirlər nəinki o zaman üçün, bu gün də obyektiv
elmi gerçəklik kimi ədəbiyyat nəzəriyyəsi baxımından öz
əhəmiyyətini saxlayır. Azərbaycan ədəbiyyatında hekayə axını
müşahidə olunanda da Elçin bir tərəfdən, Abşeron motivləri
üstündə köklənmiş "Balaqədeşin ilk məhəbbəti" silsiləsindən
olan unudulmaz hekayələrini, yaxud yalnız özünəməxsus olan
bənzərsiz "Gümüşü, narıncı, məxməri" üslubunda qələmə
alınmış hekayələrini cəmiyyətə təqdim etməklə əsl hekayənin
necə olmasını canlı örnəklərlə göstərməklə hekayə axınının
səmtini ən yaxşı hekayəyə doğru yönəltmişdi. İkinci tərəfdən
isə, Elçin elmi şəkildə hekayə axınının mahiyyətini açıb
göstərən və yalnız "axını" tənqid etməklə yox, çıxış
yollarını müəyyən etməklə də "axına qarşı" olmağın fərqli
nümunəsini təqdim etmişdir. Azərbaycan ədəbiyyatında roman
bumu yaşananda da hər iki cəbhədə, həm bədii yaradıcılıq
sahəsində və həm də ədəbi tənqiddə ən nüfuzlu yazıçı-tənqidçi
sözünü Elçin demişdi. Elçin uzun illər "mürtəce burjua
ziyalıları" adlandırılaraq tənqid olunan Əli bəy Hüseynzadə,
Əhməd Ağaoğlu kimi mütəfəkkirlər haqqında obyektiv həqiqəti
ilk deyənlərdən biri idi. Keçid dövründə bu görkəmli
ziyalılar Azərbaycanın digər yazıçılarına və
mütəfəkkirlərinə qarşı qoyulanda da Elçin "birini ucaltmaq o
birini alçaltmağın hesabına olmamalıdır" - deyərək bu
kortəbii kütləvi axına qarşı çıxmış, ədəbi-ictimai fikrin
istiqamətini dəyişməyə nail ola bilmişdir. Yaxud sovet
ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosialist
realizmi ədəbiyyatına yalnız birtərəfli münasibət dalğasının
qarşısında da Elçin dayanmışdı. "Sosializm bizə nə verdi?"
adlı elmi əsərində o, bu vahid yaradıcılıq metodunun mənfi
cəhətlərini göstərməklə bərabər sovet dövründə yaşayıb-yaratmış
bütün sənətkarların üzərindən eyni dərəcədə qara xətt
çəkməyin əleyhinə çıxmışdır. O, tənqid etmək naminə tənqidçi
olmağın da əleyhinə idi.
Beləliklə, görkəmli yazıçı-tənqidçi Elçin əsl vətəndaş
ziyalı kimi ümumi kütləvi baxışlara dərin, əsaslandırılmış
tənqidçi münasibəti bəsləməklə Azərbaycan ədəbiyyatının və
ədəbi tənqidinin, geniş mənada ictimai fikrimizin sağlam
məcrada irəliyə doğru inkişaf etdirilməsi uğrunda ardıcıl
olaraq mübarizə aparmışdır. O, daşıdığı yüksək rəsmi
vəzifələrin nüfuzundan Azərbaycan ədəbiyyatının və elmi
ictimai fikrin xeyrinə istifadə edərək, vətəndaş ziyalı-mütəfəkkir
missiyasını həyata keçirmişdir.
Elçin dostluqda da "axın"ın tərəfdarı deyildi. Son illərdə
qədim dostu Anarla bizim üçlükdə, bəzən dördlükdə olan dost
süfrəsi ətrafındakı ədəbiyyat və həyat haqqındakı unudulmaz
söhbətlərimizə əlavə kimlərinsə qarışmasına iclas kimi
baxırdı. Növbəti görüşümüz iyul ayında olmalı idi.
Xəstələnməyi haqqında məlumatlı idik. Zəngləşirdik, "indi
vəziyyətim yaxşıdır", - dedi. Özünəməxsus yumorla əlavə etdi
ki, evdəki "generallar" hələ ki şəhərə çıxmağa icazə
vermirlər. Anar müəllim zəng vuranda ona da səhhətinin yaxşı
olduğunu deyibmiş. İndi yadıma düşür ki, Elçin müəllim son
hekayələrindən birində "Əcəldən qaçmaq olmaz" qənaətini
yekun fikir kimi ümumiləşdirmişdi. Hekayə haqqında fikrimi
soruşanda yarızarafat: - Sonluq mistik realizmin ifadəsidir,
- demişdim. - Siz isə neorealist yazıçısınız. Əslində isə
hekayənin dəyəri Elçin müəllimin uzun illərdən sonra Abşeron
mövzusuna yenidən qayıdıb cavanlıq dövründəki yaradıcılıq
şövqü ilə kiçik bir novellada bu dəfə təkcə Balaqədeşin yox,
Abşeron koloritli bütün təbəqələrin bənzərsiz obrazını
yaradıb ümumiləşdirməsində idi. Sanki yaxın taleyindən
xəbərdar imiş kimi, Azərbaycan hekayəçiliyinin
şedevrlərindən olan "Balaqədeşin ilk məhəbbəti" silsiləsini
tamamlamışdı...
Nə isə... Zəngləşdiyimiz vaxtdan on-on beş gün keçməmiş xalq
yazıçısı Anar sədaqətli dostu, ədəbi mübarizələrdə birgə
addımladıqları, görkəmli yazıçı Elçin haqqında vida sözü
deməli, mən isə vida məqaləsi yazmalı oldum...
Heyhat, bu dünyadan Elçin keçdi!..
Bəli, məhz keçdi, "köçdü" sözü ona aid deyildir. O,
ədəbiyyatda və həyatda dərin izlər salaraq, sanki "burdan
bir atlı keçdi" kimi, həyatda və ədəbiyyatda dərin izlər
qoyaraq, yaxud da özünün yazdığı şəkildə sonuncu dayanacağı
olmayan, gələcəyi mənalandıran əbədbiyyət qatarları kimi
keçdi. Əsərləri və idealları diləklərə, xatirəsi isə
ürəklərə köçdü...
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti