Beş böyük rus romanı
Mənim üçün rus ədəbiyyatının ən böyük romanı “Hərb və sülh”dür.
Mən bu cümləni yazdım və fikrimdə beş böyük rus romanı
canlandı: “Hərb və sülh”, “Oblomov”, “Sakit Don”, “Ustad və
Marqarita”, “Peterburq”.
Qəribədir (bəlkə burada qəribə bir şey yoxdur?), mənim bu
siyahımda Dostayevski yoxdur.
Ən böyük kitab
İlahi kitablardan sonra, bəşərin yaratdığı ən böyük kitab
“Don
Kixot”dur.
Yer kürəsində kimlər yaşayır? necə yaşayır? insan nə olan
şeydir? xislət nələrə qadirdir? həyatın mənası nədir? sevinc
nədir, kədər nə? məhəbbət nə olan şeydir? bəs riya?
fariseylik? sədaqət? qəhrəmanlıq? alicənablıq? və s., və i.a.
başqa bir sivilizasiyanın bu və minlərlə (!) bu kimi
suallarına ən dəqiq cavabı “Don Kixot” verə bilər.
Sabirin dahiliyi
Sabirin dahiliyi yalnız onda deyil ki, köhnə formaya yeni
mövzu və məzmun gətirdi (bu, öz yerində!), əsas ondadır ki,
mollaxana təhsili görmüş və müəllimliklə bərabər, primitiv
şəkildə sabun bişirib satan bu adam üçün:
“Əcnəbilər seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz” psixologiyası son dərəcə
doğma idi, içindən qopub gələn mənəvi ehtiyacın ifadəsi idi,
onun istedadının tərkib hissəsini təşkil edirdi.
Dahiyanə sadəlik
Böyük məhəbbət şairləri var, məhəbbət haqqında bu qədər
yazılıb, amma naməlum bir müəllifin (xalqın!) dediyini:
Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.
- kim deyib?
Hər halda mən belə bir dahiyanə sadəliyə, səmimiliyə yazılı
ədəbiyyatda rast gəlməmişəm.
“Ağ gəmi”ni oxuyandan sonra
Çingiz Aytmatovun “Ağ gəmi” povestini oxudum. Çingiz
“Cəmilə”ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və
ondan daha yüksək bir bədiiliklə, ondan daha bir dərinliklə
yazan yazıçılar var idi.
Ancaq Çingiz əsərdən əsərə dərinlərə getdi, bizimkilər isə,
əsərdən əsərə üzə qalxmağa başladılar.
Mən səbəbini tapa bilmirəm.
Mənim hekayə antologiyam
Bu gün günorta Yazıçılar İttifaqında partiya iclası gedirdi
və mən də tamam başqa bir aləmdə idim. Fikrimdə hər
yazıçıdan bir hekayə götürmək şərtilə “Azərbaycan hekayə
antologiyası” tərtib edirdim:
Füzuli |
“Şikayətnamə” |
Mirzə Fətələli
Axundov |
“Aldanmış kəvakib” |
Cəlil Məmmədquluzadə |
“Poçt qutusu” |
Əbdürrəhim bəy
Haqverdiyev |
“Bomba” |
Süleyman Sani Axundov |
“Qaraca qız” |
Abdulla Şaiq |
“Məktub yetişmədi” |
Süleyman Rəhimov |
“Su ərizəsi” |
Mehdi
Hüseyn |
“Rəqiblər” |
İlyas Əfəndiyev |
“Qırçı və qızıl gül” |
İsa Hüseynov |
“Plyajda” |
Salam Qədirzadə
|
“Xəzan yarpaqları” |
Anar |
“Keçən ilin son gecəsi” |
Yusif Səmədoğlu |
“Foto “Fantaziya” |
Elçin |
“Parisdə avtomobil qəzası” |
(Dünən gecə, yəni avqustun 17-də gözəl Şüvəlanda bu
hekayənin nöqtəsini qoydum.)
Əlbəttə, bu hekayələrdən biri nisbətən yüksək səviyyədədir,
o birisi nisbətən az, amma elə bilirəm ki, bunlar
bir yerdə Azərbaycan hekayəsi barədə təsəvvür
yaradır.
Ağabəyim Ağanın beyti
Bu gün 44 yaşım tamam olur və səhər yuxudan
oyandığım dəqiqədən Ağabəyim Ağanın məşhur beyti
fikrimdə dolaşır:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi?...
Atam deyir, ki, Cəlil dayı da
(İlyas Əfəndiyevin dayısı, görkəmli teatr xadimi
Cəlil bəy Bağdadbəyov) tez-tez bu beyti yadına salırmış...
Bu iki misrada cəmi doqquz sözdən istifadə olunub (qalanı təkrardır) və ədəbiyyat dediyimiz sirri-xuda
da elə burasındadır: bu doqquz söz səni əfsus və
heyhatlarla dolu elə bir qəmli-qüssəli hisslər
aləminə çəkib aparır ki, doqquz yüz, hətta doqquz
min söz də bunu ifadə etməkdə acizdir.
Və bu yerdə ədəbiyyatla zaman qəribə bağlarla (estetik
bağlarla!) bir-birinə bağlıdır: on il bundan əvvəl
– mənim 34 yaşım tamam olanda yəqin ki, bu hisslər
aləmi mənim üçün bir o qədər dərin deyildi, on il
bundan sonra da – Allah bu ömrü mənə qismət eləsə olsun ki, bu iki misranın gözəlliyi mənim üçün daha
artıq olacaq (bədiiliyi artacaq!?) və o hisslər
aləmi də dəyişəcək (dərinləşəcək!?)
Osman Sarıvəllinin iki misrası
On-on beş il bundan qabaq – onda universitetin
tələbəsi idim, qarışqaların həyatı barədə nə qədər
elmi, elmi-kütləvi ədəbiyyat var idisə, tapıb
oxuyurdum və bu qarışqa həyatı mənim üçün dünyanın
qəribə möcüzələrindən biri idi, amma bu da bir
qəribə əhvalatdı! Mən hər dəfə qarışqa görəndə,
yadıma o elmi ədəbiyyat yox, Osman Sarıvəllinin iki
misrası düşür:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa
minsəm, aparar məni...
Özü də bu iki misra, əslində, qarışqaya həsr
olunmayıb, dünyanın minbir üzünü görən,
şaxtasına-boranına düşən insana həsr olunub, amma
burada mənim üçün qarışqanın (hambal qarış-qanın!
Zəhmətkeşin!) gözəl bir obrazı var.
Çexov mənim üçün kimdir?
Çexov mənim üçün ilk növbədə dahi dramaturqdur və
yalnız bundan sonra böyük hekayəçi.
Mirzə Fətəli, Mirzə Cəlil və Üzeyir bəy
İndicə M.F.Axundov haqqında essenin son nöqtəsini
qoydum.
XIX-XX əsr Azərbaycan mədəniyyəti tarixində mühüm
(və
bədii estetik baxımdan, çox maraqlı) bir cəhət üç
böyük sənətkar
– M.F.Axundov, C.Məmmədquluzadə və Ü.Hacıbəyov üçün
səciyyəvidir (deməli mədəniyyət tariximiz,
ədəbiyyatımız üçün səciyyəvi bir hadisədir!).
Mirzə Fətəli altı komediyası ilə keçən əsrin
ortalarına qədər Azərbaycan xalqının (qədim və
zəngin ədəbiyyata malik bir xalqın) tanımadığı bir
janrı – dramaturgiyanı, həmin xalqın ədəbiyyatının milli faktoruna çevirdi.
Mirzə Cəlilə qədər Azərbaycan hekayəsi mövcud idi (Füzulinin “Şikayətnamə”si, Mirzə Fətəlinin “Aldanmış
Kəvakib”i – hərçənd tənqidimiz bəzən bu əsərlərin
janrını başqa cürə müəyyənləşdirir – və s.), amma
bir janr kimi, formalaşmamışdı və Mirzə Cəlil “Poçt
qutusu”yla, “Qurbanəli bəy”lə, “Pirverdinin xoruzuy”la,
“Saqqallı uşaq”la nəinki bu janrı formalaşdırdı, onu
Azərbaycan ədəbiyyatının, hərgah belə demək
mümkünsə, milli janrına çevirdi.
Və bu sənətkarların istedadı sayəsində xalq bu yad
(!) janrları dərhal qəbul etdi və nəinki qəbul etdi,
Hacı Qara, yaxud Qurbanəli bəy, yaxud Məşədi İbad
– Molla Nəsrəddin və ya Bəhlul Danəndə kimi, xalqın
bədii qəhrəmanlarına çevrildi.
Sənətkar ölmür
Adətən deyirlər: sənətkar ölmür. Təbii ki, bu –
məcazi mənada deyilən bir sözdür.
Ancaq kitabla bağlı bu sözdə çox böyük əyanilik var:
əgər mən, bu gecə olduğu kimi, yenə kitabı götürüb
Molla Nəsrəddinin felyetonlarını oxuyuramsa, əslində
bu, o deməkdir ki, Mirzə Cəlil bu gecə mənim evimə
gəlib və mən onunla söhbət edirəm.
Herodat və bu gün
Heradotu oxuduqca fikirləşirəm ki, təkcə müasir
dünyanı yox, ümumiyyətlə, xisləti hiss və dərk etmək
üçün, tarixi bilmək lazımdır.
Şekspir haqqında
Şekspir olmasaydı, ingilis ədəbiyyatı buz
bağlayardı.
“Mənfi Qəhrəman” müsbət işlər görür
Hacı Qara da, Məşədi İbad da, Qurbanəli bəy də
“mənfi qəhrəman”lardır.
Amma bir anlıq təsəvvür edək ki, Azərbaycan
ədəbiyyatında nə Hacı Qara var, nə Məşədi İbad var,
nə də Qurbanəli bəy.
Gör o zaman Azərbaycan mənəviyyatı nə qədər
kasıblayır.
Kitab cəmiyyətin ifadəsidir
Bu gün cəmiyyət başdan-başa siyasiləşib və o adam ki,
on il bundan əvvəl yatsa, yuxusuna gətirməzdi, indi
nadan siyasi mülahizələr yürüdür.
Və bu gün kitablar da siyasiləşib.
Ona görə də onları oxumaq mümkün deyil.
Özümlə söhbət
- Dünya ədəbiyyatında ən böyük pərişanlığı kim
keçirib?
- Annanın ölümündən sonra Vronski.
- Axı, Anna öləndən sonra, demək olar ki, roman
bitir.
- Nə olsun?
Poeziya haqqında
Poeziyaya qiymət vermək üçün, yalnız dil bilmək (həm
də
mükəmməl bilmək!) kifayət deyil.
Yalnız sözləri başa düşməklə poeziyaya qiymət vermək
olmaz.
Poeziyanı gərək hiss edəsən, onu misralarla birlikdə
yaşayasan.
Bunun üçün isə, o dillə doğulmaq lazımdır.
Poeziya ilə insan arasında genetik doğmalıq
olmalıdır.
Yazıq Koroğlu, bədbəxt Qaçaq Nəbi
Elə yazıçılar var ki, xalqın məişətini, etnoqrafik
detalları kitablardan öyrəniblər və onların
yazılarını oxuyanda məndə elə bir təəssürat yaranır
ki, elə bil, Koroğlu boynuna qalstuk taxıb, yaxud
Qaçaq Nəbi başına şlyapa qoyub...
Özümlə söhbət
Uzun-uzadı əsrlərdən bəri Azərbaycan ədəbiyyatında
sənin üçün ən faciəvi qəhrəman kimdir?
- Sabirin lirik qəhrəmanı.
Ədəbi yaddaş haqqında
Ədəbi yaddaş çox etibarsız bir şeydir. Rinq Lardner
mənim üçün XX əsr Amerika ədəbiyyatında Kolduelldən
sonra, ən böyük novellaçıdır.
Ancaq bu gün Lardneri ancaq “ədəbiyyat xəstələri”
xatırlayır. Lardnerin novellaları sərbəst, azad,
başdan-başa gözəl bir
iddiasızlıq nümunəsidir.
Ancaq iddiasız olmaq o demək deyil ki, unudulasan...
Mənim İdilliyam
Mənim bir xəyal dünyam var. Gecələr yerimə girib
yuxum qaçanda, yaxud gündüzlər hansısa mənasız bir
iclasda olanda (!) mən “Haydı!” deyib o dünyama
yollanıram.
O dünyada tərtəmiz bir dağ çayı şırhaşır axır.
O dünyada payız təzəcə gəlib, sarısı hələ
adda-buddadı, hələ xəzəl də seyrəkdi və üzü qışa
gedən o ağaclar istisini də hələ itirməmiş günün
altında qəribə (XX əsrdən çox uzaq və mənim gündəlik
həyatımın telefon, maşın, televizor, diktafon, iclas,
çıxış... kimi atributlarına tərs mütənasib) bir
hiss-həyəcanla dolu kölgəlik salıb.
Və mən kölgəlikdə oturub qələmlə (makinada, ya
diktafonda yox!) “Anna Karenina”nı Azərbaycan dilinə
tərcümə edirəm...
Ali üçlük
Yazıçı, məlum məsələdir ki, özünü ifadə edir. Əgər
söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə
bərabər, xalqını ifadə edir.
Böyük yazıçılar bəşəri ifadə edir.
Bu mənada mənim üçün ən böyük bəşəri yazıçılar: Qoca
Tolstoy.
Şekspir. Servantes.
Tanışlıq
Məndə elə bir hissiyyat var ki, kitabxanamdakı bəzi
kitablar məni tanıyır.
İki dünya
Fikirləşirəm ki, bizim bu dünyamızda əslində iki
dünya var: Ölü Dünya və Canlı Dünya.
Və iki tip də yazıçı var: ölü dünyadan yazan
yazıçılar və
Canlı Dünyadan yazan yazıçılar.
“İnsanlıq komediyası”
“Min bir gecə”dirmi?
Balzak yazırdı ki, - “Mənim romanlarım Qərbin “Min
bir gecə”sidir”.
Güman edirəm ki, Balzak yanılırdı.
“Min bir gecə”nin bünövrəsində bir sevinc, həyatdan
ləzzət almaq şövqü gizlənib.
Balzak yaradıcılığının bünövrəsində isə mənim üçün
aşkar bir kədər var.
Ədəbi məmulat haqqında
Bəzi kitablar əxlaqsız qadınlar kimidir, əldən ələ
keçir.
Roman haqqında
Elə romanlar var ki, elə bil, anadan ölü doğulur.
Oxumaq xoşbəxtliyi
Sovet İttifaqının tar-mar olması mənim üçün bir də
ona görə əlamətdardır ki, istədiyim kitabı açıq
şəkildə axtarıb tapa və oxuya bilirəm.
Çirkli Assosiasiya
Kitab var ki, gözəl bir qadına bənzəyir. Ancaq
bir-iki səhifədən sonra görürsən ki, onun alt
paltarı çirklidir...