Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində,
beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin
hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı,
əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin
çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Onun şərəfli
ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan
Tibb Universiteti) ilə bağlı olmuşdur.
Əziz
Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan İrəvan
quberniyasının (İrəvan xanlığının) Hamamlı kəndində anadan olmuşdur. İbtidai və
orta təhsilinin bir hissəsini (1908-ci ilə qədər) həmin kənddə, bir hissəsini
Çitadakı (Rusiyada) gimnaziyada, daha sonra isə İrəvandakı kişi gimnaziyasında
almışdır. Həmin vaxtlar Əziz Əliyevin bibilərindən Göyçək xanım ailəsi ilə
birlikdə Çita şəhərində yaşayırdı və o, bir müddət bibisigildə qalıb təhsilini
orada davam etdirmişdir. Əziz Əliyev 1914-cü ildə yay tətili günlərində İrəvana
gəlir. Lakin I Dünya müharibəsinin başlanması ilə əlaqədar yollar bağlandığına
görə Çitaya qayıda bilmir. Odur ki, İrəvan gimnaziyasında oxuyaraq 1917-ci ildə
oranı əla qiymətlərlə başa vurdu.
Əziz
Əliyev uşaqlıq illərindən həkim olmaq həvəsinə düşmüş və arzusuna çatmaq üçün
maliyyə köməyi baxımından xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir.
H.Z.Tağıyevdən maliyyə dəstəyi aldıqdan sonra 1917-ci ildə Sankt - Peterburqa
gedib orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına
daxil olmuşdur. Orada dərsdənkənar vaxtlarda səpgili yatalaq əleyhinə təşkil
edilmiş sanitariya - dezinfeksiya briqadasında işə düzələrək həm praktik tibbi
vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal
xərclərini ödəyə bilmişdir.
Birinci
kursu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc Əziz 1918-ci ilin yay tətili
günlərində doğma yurdu İrəvana qayıtmış və erməni daşnaklarının yerli əhalinin
başına gətirdikləri işgəncələrin canlı şahidlərindən olmuşdur. Həmin illərin
ağrı-acılarını yaşayanlardan biri də Əziz Əliyev və onun ailəsi olmuşdur. Bir
müddət Naxçıvanın Şərur rayonunda və Şahtaxtı kəndində məskunlaşan didərginləri
burada da sakit buraxmayıblar və erməni-bolşevik dəstələri Naxçıvana silahlı
basqınlar edərək qırğınlar, dağıntılar törədiblər. Ailə məcbur olub Cənubi
Azərbaycanın Ərəblər kəndinə keçib. Odur ki, həmin illərdə Əziz Əliyev
Sankt-Peterburqda tibb təhsilini davam etdirə bilməyib.
1921-ci
ildə didərgin düşmüş əhali nəhayət ki, Naxçıvana qayıdıb. Bu illərdə Əziz Əliyev
arası kəsilmədən didərgin düşən soydaşlarına və yerli əhaliyə orta tibb işçisi
kimi yardım göstərib, həkim və əczaçı köməkçisi funksiyalarını yerinə yetirib.
Əziz
Əliyev 1923-cü ildə yarımçıq qalmış ali tibb təhsilini davam etdirmək
ümidilə ailəsini də götürüb Bakıya köçür. O, Bakıya gələn kimi Xalq Komissarları
Şurasında işə düzəlir və tapşırılan bütün işləri müvəffəqiyyətlə yerinə yetirir.
Orada o, iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib
vəzifələrində çalışaraq, özünü bacarıqlı təşkilatçı kimi göstərir. 1923-cü ildə
yenidən imtahan verərək Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.
1927-ci ildə arzusunda olduğu ali tibb təhsilini başa çatdırır. Elə həmin ildə
Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır.
Əziz Əliyevin fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən Bakı Dövlət
Universitetinin rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra daxili
xəstəliklər kafedrasında saxlanılması haqqında qərar verir. O, bu dövrdə də
özünü bacarıqlı təşkilatçı kimi göstərərir. Buna görə də ona ictimai və dövlət
əhəmiyyətli işlər də tapşırılır. O, 1928-ci ildə Xalq Səhiyyə Komissarlığında
müalicə şöbəsinin müdiri vəzifəsinə işə götürülür.
1929-cu
ildə isə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin edilir və
1932-ci ilə qədər bu instituta rəhbərlik edir. Bakı Dövlət Universitetinin tibb
fakültəsi öz fəaliyyətini dayandırdıqdan sonra, 1930-cu il may ayının 9-da bu
fakültənin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Həmin ilin iyun
ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. O zaman ADTİ-nin təşkili
çox mürəkkəb bir proses olduğundan artıq mahir təşkilatçı kimi tanınan Əziz
Əliyev də bu mühüm prosesin icrasına cəlb edilir. 1932-ci ildə isə Azərbaycan
Tibb İnstitutunun direktoru vəzifəsi Əziz Əliyevə tapşırılır və o, 6 ilə yaxın
bir müddətdə bu funksiyanı şərəflə yerinə yetirir.
1919-1930-cu illərdə fəaliyyət göstərmiş Bakı Dövlət Universitetinin tibb
fakültəsində dərslər ancaq rus dilində aparılırdı və ona görə də Azərbaycanın
ucqar rayonlarından gələn gənclərin tibb fakültəsinə qəbul olunması müşkül
məsələyə çevrilmişdi. Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldıqdan sonra
burada müalicə-profilaktika və sanitariya-gigiyena fakültələri fəaliyyət
göstərməyə başladı. Həmin fakültələrdə dərslər rus dili ilə yanaşı, Azərbaycan
dilində də aparılırdı. Bunun nəticəsində də respublikada mükəmməl milli tibb
kadrları ordusunun hazırlanması üçün müəyyən addımlar atılmışdı.
Azərbaycan
Tibb Universitetinin inkişafı və təşəkkülü bir neçə mərhələyə bölünür. Bu
inkişafın ilk mərhələsi 1932-1938-ci illəri əhatə edən Əziz Əliyev mərhələsidir.
Qeyd
etdiyimiz kimi, Əziz Əliyev bu məsuliyyətli işə başlamazdan əvvəl
bütöv bir həyat məktəbi keçmiş və kifayət qədər təcrübəyə malik idi. Ona görə də
1932-ci ilin iyun ayının 1-də Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru
təyin edilərkən o, ilk günlərdən təşkilatçılıq imkanlarından istifadə edib,
bir-birinin ardınca özünün hazırladığı layihələri həyata keçirməyə başladı. Onu
narahat edən məsələlərdən biri də bu idi ki, milli həkim, milli elmi işçilərin
yetişdirilməsi üçün ilk növbədə tədris prosesi ilə məşğul olan milli müəllim
kadrları və ana dilində dərsliklər olmalıdır. Bunsuz tibbi fənləri tədris etmək
qeyri-mümkündür. Ona görə də Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə
səriştəsi olan azərbaycanlı alimləri toplayaraq qısa müddətdə onları ana dilində
dərsliklər yazmağa sövq etdi. Az vaxtda onun rəhbərliyi ilə milli dildə 55
adda dərslik çap edilərək tələbələrin ixtiyarına verildi. Əziz Əliyevin
təşəbbüsü ilə işıq üzü görən əsərlərdən özünün yazdığı "Klinik analizlər" kitabı,
K.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu",
C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəylinin
"Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji
kimya" və digər dərsliklər, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun,
M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının çap olunan dərs
kitabları Azərbaycanın tibb tarixində abidəyə çevrilmiş nəşrlərdəndir. Bu
kitablar indi də dəyərini saxlayır və onların hər birinin işıq üzü
görməsində Əziz Əliyevin müstəsna rolu olub. Professor qısa müddətdə rus dilində
olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinə də nail
olub. Onun təşəbbüsü ilə "Boğaz, burun, qulaq xəstəlikləri", "Uşaq xəstəlikləri",
"Farmakologiya kursu", "Histologiya" adlı kitablar və digər dərsliklər tərcümə
edilərək çap olunub. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox
dərəcəsində idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası çox zəif idi. Odur
ki, Əziz Əliyev ali məktəblərə rəhbərlik etdiyi ilk illərdə hər işi sıfırdan
başlamalı olurdu ki, bu da çox vaxt tələb edirdi.
Heç bir
çətinlikdən çəkinməyən Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində
tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başladı. Onun səyi nəticəsində
professor P.Rostovtsevin sədrliyi ilə ADTİ-də kitabxana komissiyası
yaradılmışdır. Əziz Əliyevin yaratdığı bu komissiya 1936-cı ildə oxuculara belə
bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə
kitabları, o cümlədən dövri tibbi - bioloji ədəbiyyatı alır. Bunlardan əlavə,
kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi
aparır". Bundan sonra tibbi kitabxananın inkişafında və formalaşmasında ciddi
dönüş yaranmışdır.
Hazırda
ATU 1 milyona yaxın kitab fonduna malikdir. Bu zəngin fondun bünövrəsini qoyan,
respublikamızda ilk tibbi kitabxananın banisi Əziz Əliyevdir.
Görkəmli
alim ümumiyyətlə, bütün şüurlu fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın,
onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünüb. O, bu
sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayıb və institut
kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradıb. Professorun
təşəbbüsü və redaktorluğu ilə ilk dəfə olaraq "Praktiki və nəzəri tibb
jurnalı"nın nəşrinə başlanılıb. O, 1929-cu ildən etibarən "Azərbaycan Tibb
Jurnalı"nın məsul katibi vəzifəsində çalışıb, 1935-ci ildə isə həmin jurnalın
baş redaktoru təyin edilib. O dövrdə jurnal ADTİ-də yenicə təşkil edilmiş "Tibb
nəşriyyatı"nda çap olunub. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə
Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı
qəzetin nəşrinə başlanıb. Hazırda bu qəzet "Təbib" adı ilə ATU-nun nəşriyatında
çap olunub fəaliyyətini davam etdirir. 2003-cü ildə ATU-da "Təbib" qəzetinin
yaradılmasının 70, 2008-ci ildə isə 75 illik yubileyləri təntənə ilə qeyd edildi
və həmin mərasimlərdə qəzetin yaradıcısı Əziz Əliyevin adı ehtiramla xatırlandı.
Əziz
Əliyev harada çalışırsa çalışsın elmi axtarışlarını bir an belə
dayandırmayıb. O, institutu bitirəndən 2 il sonra - 1929-cu ildə namizədlik
dissertasiyası, 5 il sonra isə doktorluq dissertasiyası müdafiə edib. 1933-cü
ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra
doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycandan ilk dəfə bu dissertasiya
işi SSRİ Elmlər Akademsiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq
görülən dəyərli elmi əsər kimi qiymətləndirilib. Əziz Əliyev 1941-ci ildə
Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi
Şuranın üzvü, 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru olarkən professor vəzifəsinə seçilib.
Əziz
Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə
yazdığı "Klinik analizlər" kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə
qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi
əsəri "Azərbaycan Tibb Jurnalı"nda çap edilib. İlk illərdə çap edilənlərə "Həzm
zamanı qanın xloridləri" (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi"
(1932), "Klinik analizlər üzrə rəhbərlik" (1933) əsərlərini misal göstərmək
olar. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də
məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib, pedaqoji
işlərlə məharətlə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında müəllimlik
fəaliyyətini davam etdirib. Belə ki, o, 1927-ci ildən BDU-nun tibb fakültəsinin
diaqnostika kafedrasında ordinator və aspirant, 1930-cu ilin oktyabrından isə
yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və
diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.
Professor
Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11
doktorluq və çox sayda namizədlik dissertasiyası müdafiə edilib. Bununla bağlı
təkcə bu faktı qeyd etmək kifayətdir ki, onun təşəbbüsü ilə kafedraların
nəzdində təşkil edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi
hazırlanıb. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi üzrə milli kadr
hazırlığını daim ön plana çəkib.
Əziz
Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə
dərindən maraqlanır, onların probemləri barədə ciddi düşünürdü. 1933-cü ildə
onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin
yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanır. Sonralar həmin şəhərcikdə
tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da
tikilib. Bu işlərin genişləndirilməsi ulu öndər Heydər Əliyev tərəfindən yerinə
yetirilib. Son 8 ildə isə Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilib.
1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından ADTİ-nin tələbələrinin
də güzəranı xeyli ağırlaşıb. Vəziyyətdən çıxmaq üçün Əziz Əliyevin qayğısı
sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci
mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Burada ADTİ-nin tələbələrinə
gündə 500-600 qr çörəklə bərabər pulsuz yemək verilib. Bundan əlavə, Əziz Əliyev
Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb. Həmin fondun
hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırar,
bu da tələbələri daha yaxşı oxumağa sövq edərdi.
Əziz
Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən
bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam
edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda
da ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları başdan ayağa öz
hesabına geyindirərdi.
Maraqlı
faktlardan biri də budur ki, Əziz Əliyev 1934-cü ildə Bakıda səhiyyə xidmətinin
səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə
təyin edilib, bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə nail olub və
yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılıb.
1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə malyariya və traxomaya qarşı
mübarizəyə başlanılıb. Bacarıqla həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə
tüğyan edən bu dəhşətli xəstəliklərin geniş miqyasda yayılmasının qarşısı
alınıb. Onun rəhbərliyi altında müalicə - profilaktika məqsədilə respublikamızda
xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları təşkil edilib.
Professorun Azərbaycan Dövlət Tibb İnstitutunda göstərdiyi səmərəli fəaliyyəti
dövlət orqanları tərəfindən yüksək qiymətləndirilib.
Göründüyü
kimi, görkəmli alimin fəaliyyət dairəsi olduqca rəngarən və çoxcəhətli olub. O,
müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı,
Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət
Universitetinin rektoru vəzifəsində çalışıb. İkinci Dünya müharibəsi illərinin
əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi
Azərbaycana göndərilib.
O,
1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan
MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu
vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Professor
1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci
illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə
Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun
direktoru olmuş, Sabunçu xəstəxanasında işləmiş, 1956-cı ildən etibərən
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində
fəaliyyət göstərmişdir.
Əziz
Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali
Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olmuşdur.
Görkəmli
dövlət xadiminin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək
qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "I
Dərəcəli Vətən Müharibəsi" ordeni, "Səhiyyə Əlaçısı" döş nişanı, bir çox
medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik"
xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz
Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. Hazırda Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri,
Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi Əziz
Əliyevin adını daşıyır.
1998-ci
ilin may ayının 14-də Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi Bakıda
dövlət səviyyəsində qeyd edilərkən yubiley təntənələrində çıxış edən ümummilli
lider Heydər Əliyev görkəmli dövlət xadiminin zəngin həyat yolu və yaradıcılığı
barədə danışarkən demişdir: "Əziz Əliyev mənə danışırdı ki, o, 1937-ci il
repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar 50-ci illərin
əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi
İnstitutunun direktoru təyin etdilər. Amma tezliklə bu vəzifədən də çıxartdılar.
Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu
xəstəxanasına adi həkim kimi göndərdilər və o, 3 il orada işlədi".
Lakin
xoşbəxtlikdən bu, uzun sürmədi və Əziz Əliyev yenidən öz layiqli qiymətini
aldı. Onun əvvəlki şan-şöhrəti yenidən özünə qaytarıldı.
Ümummilli
lider Heydər Əliyev Əziz Əliyevin yubiley gecəsində çıxış edərkən bu böyük
şəxsiyyətin insani keyfiyyətlərindən söhbət açmışdır: "Azərbaycanda və
Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx əlaqədə olurdu. Bütün
tibb professorları onun dostları idi. Onların çoxunu o hazırlayıb irəli
çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev kimi
görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı.
Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə
savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa
çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən
gözəl insan idi".
Əziz
Əliyev həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladlarına layiqli
valideyn olublar. Onların övladları da öz istedadları, bacarıqları hesabına
ucalıblar. Bu ailənin övladlarından Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb
İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə Azərbaycanda oftalmologiya
elminin inkişafına, bu sahədə yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına,
müalicəyə ehtiyacı olan saysız-hesabsız xəstələrin şəfa tapması üçün çalışıb,
onlara nur, şəfqət bəxş edib. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda da, Moskvada da eyni uğurla çalışan Zərifə Əliyeva oftalmologiya
sahəsində akademik səviyyəsinə qədər yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər
Akademiyasının çox nüfuzlu mükafatı sayılan Averbax mükafatına layiq görülüb.
Əziz Əliyevin digər övladları Ləzifə Əliyeva bacarıqlı göz həkimi,
ADTİ-nin göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis
- rabitəçi olmuşdur. Əziz Əliyevin kiçik qızı əməkdar incəsənət xadimi Gülarə
xanım Əliyeva uzun müddət "Dan ulduzu" instrumental ansamblına rəhbərlik edib və
populyar pianoçu, peşəkar müsiqişünas kimi xatirələrə əbədi həkk olunub. Əziz
Əliyevin böyük oğlu əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan
Əliyev respublikanın tanınmış terapevtlərindən idi. O, uzun müddət ATU-nun
daxili xəstəliklər kafedrasında kafedra müdiri vəzifəsində çalışıb. Əliyevlər
ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr
edib, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik səviyyəsinə
qədər yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb
Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik
Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından
kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.
1962-ci
ilin iyul ayının 27-də Əziz Əliyev vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur.
Əziz
Əliyevin anadan olmasının 115 illik yubileyi Azərbaycan Tibb Universitetində
böyük ruh yüksəkliyi ilə qeyd olunur, bu böyük şəxsiyyətin xatirəsi universitein
professor-müəllim heyəti və tələbələri tərəfindən hörmətlə anılır, ehtiramla yad
edilir.
Bir sözlə,
görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, qayğıkeş alim, həkim və
müəllim kimi yaddaşlara əbədi həkk olunan Əziz Əliyevin zəngin və mənalı həyat
yolu bir örnəkdir və həmişə örnək olaraq qalacaq.
Oqtay
ŞİRƏLİYEV,
səhiyyə
naziri
Əhliman
ƏMİRASLANOV,
akademik,
SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı