E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir. İnstitut 20 noyabr 1935-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Səhiyyə Komissarlığının təşəbbüsü ilə yaradılmışdır. Bu dövrdə artıq Azərbaycanda Tibb İnstitutu mövcud idi və ölkə üçün xeyli ali təhsilli mütəxəssislər hazırlamışdır. O vaxtlar Azərbaycanın ali tibb təhsili sistemi Sovet İttifaqının təcrübəsi əsasında formalaşmış və onun tərkib hissəsi idi. Bu sistemin əsasını tibb institutlarında bir neçə ümumi ixtisas üzrə həkimlərin diploma qədər təhsilini təmin etmək təşkil edirdi və onların məzunları ixtisaslarını artırmaq və yeni ixtisaslara yiyələnmək üçün mütləq diplomdan sonra xüsusi təhsil almalı idilər. Azərbaycanda işləyən və hazırlanan həkimlərin diplomdan sonrakı hazırlığına böyük ehtiyac yaranmışdı və bu zərurətdən irəli gələrək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təşkil olundu. İnstitutun təşkilində azərbaycanlı mütəxəssislər, Z.M.Məmmədov, M.M.Əfəndiyev, H.K.Əliyev və digərləri ilə yanaşı, Rusiyanın bir sıra alimləri V.A.Tornoqradski, P.P.Popov və s. də iştirak etmişdilər. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Ə.Əliyev Azərbaycan SSR-nin səhiyyə naziri, Azərbaycan KP MK-nın katibi və Dağıstan KP-nın rəhbəri vəzifəsində işləmişdir. Qafqazın müdafiəsinin təşkilində fəal iştirak etmişdir. 1962-ci ildə Əziz Məmməd oğlu Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verildi. Müxtəlif illərdə Azərbaycanda və SSRİ-də böyük nüfuzə malik alimlər: V.A.Tornoqradski, M.İ.Əliyev, B.A.Ağayev, Ə.M.Əliyev instituta rəhbərlik etmişlər. Son 34 ildir ki, instituta tibb elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Russiya Tibb Akademityasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycanın və SSRİ-nin Dövlət Mükafatları laureatı, Azərbaycanın "ŞÖHRƏT" ordeni ilə təltif olunmuş, dünya şöhrətli uroloq-alim Mirməmməd Cavad oğlu Cavad-zadə 34 il rəhbərlik edib. İnstitutun yaradılması respublikanın səhiyyəsi üçün üç vacib məsələnin həllinə köməklik etdi: Birinci - institutun bazasında yüksək ixtisaslı mütəxəssislər toplanaraq sonralar ölkənin məşhur tibb alimlərinin formalaşması başlandı. Respublikanın adlı-sanlı həkim alimləri S.M.Hacıqasanov, M.X.Yaqubov, M.N.Mirsəlimov, M.R.Nəzirov, J.A.Babayev, Ş.S.Xalfen, S.X.Nəzərli, L.N. Ləmbəranski, M.İ.Lurye, İ.İ.Şakov, A.D.Mustafayev, M.Ə.İbrahimov, S.M.Qusman, M.Q.Hüseynov, M.D.Kaclayev, A.M.Nəsirov və s. məhz bu dövrdə fəaliyyətə başlamışlar. İkinci - institutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin xəstəxanaları ölkənin əhalisinə ixtisaslı tibbi yardım mərkəzinə çevirmişdir. Üçüncü - yarandığı ilk illərdən başlayaraq institut respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssisləri hazırlayır. ADHTİ-nin səhiyyədə əvəz edilməz rolu Böyük Vətən müharibəsi illərində daha aydın nəzərə çarpmışdır. Birinci növbədə institut cəbhədə tibb xidmətini təşkil etmək üçün müvafiq ixtisaslı həkimlərin hazırlanmasına başlamışdı. İnstitutda formalaşmış alimlər, onun bazaları olan klinik xəstəxanalar bütövlükdə cəbhənin tələbatını, yaralıların müalicə və reabilitasiyasını təmin etməyə başlamışlar. Bu dövrdə xüsusi xidmətlərinə görə institut əməkdaşlarından S.X.Axundova-Bağırbəyova, H.K.Əliyev və M.X.Yaqubov ölkənin yüksək mükafatı hesab edilən Lenin ordeni ilə təltif olunmuşlar. 1950-ci illərin sonundan başlayaraq institut ADHTİ SSRİ-nin tərkibində olan respublikaların tələbatına və sifarişinə müvafiq kadrların ixtisaslaşmasını həyata keçirilməsi ilə yanaşı Bolqarıstan, Monqolustan, İran, Türkiyə və Yəmən kimi ölkələr üçün də bir sıra ixtisaslar üzrə həkimlər hazırlayıb təkmilləşdirmişdir. İnstitutun inkşafı Azərbaycan Respublikasının dövlət başçısı Heydər Əliyevin fəaliyyət göstərdiyi illərdə daha uğurlu olmuşdur. Bu dövrdə institutda təhsil və elmi-tədqiqat istiqamətində yenidənqurma işləri başlamışdır. 1970-1985-ci illərdə Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əliyevanın rəhbərliyi altında respublikada ilk dəfə gözün peşə zədələnmələri probleminin tədqiqi aparılırdı. ADHTİ-nin nəzdində 1980-cı ildə çox mərtəbəli mehmanxana tipli yataqxana istifadəyə vermiş, elmi informasiya patent şöbəsi təşkil olunmuş, nefrologiya kafedrası, anesteziologiya və reanimatologiya, əczaçılığın təşkili və iqtisadiyyatı kafedraları yaradılmışdır. 1988-ci ildə institutun cərrahiyyə klinikası, sonradan tibbi genetika immunologiyanın əsasları kafedrası təşkil edilmişdir. 1994-cü ildə Onkologiya kafedrası, 1998-ci ildə Kliniki biokimya və immunologiyanın əsasları, Şua diaqnostikası və endoskopiya, Məhkəmə təbabəti və patoloji anatomiya kafedraları təşkil olunmuşdur. Səhiyyə Nazirinin əmri ilə paytaxtın nüfuzlu mərkəzləri institutun bazaları kimi təyin edilmişdir. 2000-2003-cü illərdə Proktologiya, Təxirə salınmaz tibbi yardım, Ailə təbabəti kafedrası yaradılmışdır. Hal-hazırda institutun tərkibində 28 kafedra fəaliyyət göstərir. İnstitutun professor-müəllim heyəti içərisində Azərbaycanın, Rusiyanın və digər xarici ölkələrin Elmlər Akademiyalarının həqiqi, müxbir və fəxri üzvləri, 34 elmlər doktoru, 127 elmlər namizədi, 8 əməkdar elm xadimi, 8 əməkdar həkim çalışır. Bunlardan «Şöhrət» ordeni və «Tərəqqi» medalı ilə təltif olunmuşlar da var. Bu illərdə institutn maddi-texniki bazası möhkəmləndirilmiş, elmi-pedaqoji mütəxəssislərin hazırlığı daha da mükəmməlləşdirilmişdir, 40 doktorluq və 130 namizədlik dissertasiyaları müdafiə olunmuş, 70-ə yaxın respublikadan və xaricdən aspirant, 160-a yaxın kliniki ordinator hazırlanmışdır. ADHTİ-də aparılan elmi-tədqiqat işlərinin nəticələri və təhsil sahəsində təcrübələri onun bazasında bir sıra ittifaq və beynəlxalq konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsinə imkan verir. İnstitutda aparılan tədqiqatların təcrübədə tətbiqi üçün vahid prinsip «tədqiqat-tədris və tətbiq» əsasında həkimləri elmin müasir nailiyyətləri ilə tanış edir. 2009-cu ildən instituta tibb elmləri doktoru, dermatovenerologiya kafedrasının müdiri, professor Kərimov Sənan Hüsi oğlu rəhbərlik edir. Son illərdə institut xarici əlaqələrini daha möhkəmləndirmiş, institutun vəsaiti hesabına 25 nəfərə qədər müəllimlərin xaricdə təhsillərini təkmilləşdirməsinə imkan yaradılmışdır. İnstitutda xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır. Eyni zamanda, ölkənin həkim-mütəxəssislərinin Moskva, Sankt-Peterburq və s. şəhərlərin adl-sanlı professorları tərəfindən təkmilləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir. Mühazirələrin, praktik məşğələlərin yüksək səviyyədə aparılması üçün kafedraların əksəriyyəti müasir avadanlıqlarla təchiz olunur.

<< Geri