E L E K T R O N M Ə L U M A T B A Z A S I

 


Azərbaycan ədəbiyyatında əlçatmaz zirvə hesab olunan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı çoxəsrlik ədəbiyyatımızda ən orijinal, təkrarolunmaz, zəngin söz xəzinəsi ilə yaddaşlara həkk olunub. Öz vicdanının pıçıltısı ilə yazan (371), heç vaxt sənətkar vicdanına zidd getməyən sözün əsl mənasında yazıçı, gözəl bir insan idi. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında gərəkli yer tutan Ə.Haqverdiyevə yalnız bu sətirləri aid etmək olar.

Realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan bir sənətkarın elmi tərcümeyi-halının yaradılması, onun dost-aşna ilə əlaqəsi, ədəbi irsinin toplanması ədəbiyyatşünaslıq elmimizin mühüm vəzifələrindən biridir. Doğrudur, ədibin zəngin və çoxsahəli ədəbi fəaliyyətinə həsr olunmuş araşdırmalarda onun həyat yolu diqqətdən kənarda qalmamış və qala da bilməzdi. Ə.Haqverdiyev yaradıcılığından söz açan tədqiqatçılar yeri gəldikcə bu sənətə də diqqət yetirmiş, ədibin həyat yolunun mühüm mərhələlərini düzgün müəyyənləşdirmiş və izah etmişlər. Professor Kamran Məmmədovun qiymətli monoqrafiyasında (4,) yazıçının yaradıcılıq yolu onun tərcümeyi-halı ilə paralel şəkildə işıqlandırılmış, ədibin həyatı ilə əlaqədar bir sıra məsələlər özünün dolğun elmi şərhini tapmışdır. Tədqiqatçılardan Əziz Şərif, Mir Cəlal, C əfər Xəndan, Abbas Zamanov, Təhsin Mütəllimov, Məmməd Məmmədov, İnqilab Kərimov, Qəzənfər Kazımov və başqalarının əsərlərində də Ə.Haqverdiyevin həyat yolunu işıqlandırmaq baxımından elmi əhəmiyyət kəsb edən maraqlı fikirlər irəli sürülmüşdür.

Ə.Haqverdiyev şəxsiyyətinin, ucalığının yeni faktlar, arxiv materialları əsasında təqdimatı ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bununla bərabər bu gün yazıçıların ədəbi-nəzəri fikirlərinin öyrənilməsi də lazımlı və gərəklidir.

Professor Kamran Məmmədov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov və başqaları öz tədqiqatlarında bu məsələ ilə bağlı ciddi mülahizələr irəli sürmüş, XX əsr Azərbaycan ədəbiyyatında bədii əsərləri və məqalələrində irəli sürülən ədəbi mülahizələri, fikirləri tədqiq edilmiş, onların elmi-nəzəri görüşləri ilə bədii yaradıcılıqları arasındakı əlaqələr araşdırılmışdır. Bu tədqiqatlar XX əsr Azərbaycan realist ədəbiyyatında sənət axtarıcılığı, folklora münasibət, dil və mətbuat haqqında, sənətkarın rolu, yaradıcılıq azadlığı konsepsiyası tədqiqat obyekti olmuşdur, lakin ciddi araşdırmalara ehtiyac vardır.

Realistlərin ədəbi görüşlərini ümumilikdə tədqiq edən alimlərin araşdırmalarında Ə.Haqverdiyevin də ədəbi görüşlərinə də yer ayrılmışdır. Lakin Ə.Haqverdiyevin ədəbi fikir dünyası bu günə qədər ayrıca tədqiqat obyekti olmamışdır.

Əsl sənətkara qiymət vermək baxımından “Tənqidə tənqid”, “Təsəttüri-nişvan”, “Mirzə Fətəlinin Faciəsi”, “Pəri Cadu haqqında” və sairə bu kimi mə­qalələrində, o cümlədən məktublarında ədəbi-nəzəri görüşləri üstünlük təşkil edir.

“Tənqidə tənqid” adı altında çap etdirdiyi cavabında Ə.Haqverdiyev qərəzkar “tənqidnəfisin” mülahizələrini elmi dəlil və sübutlarla rədd edərkən yalnız əsər üzərindəki gərgin yaradıcılıq axtarışları, meydana çıxarıb saf-çürük etdiyi mənbələr barədə konkret təsəvvür doğurmaqla qalmayıb, eyni zamanda tarixi dramın həm ədəbi-nəzəri, həm də praktik cəhətlərinə (xüsusilə səhnəvililiyinə) dərindən bələd olduğunu nümayiş etdirirdi.

“Ağa Məhəmməd şah Qacar” faciəsini yazana qədər Ə.Haqverdiyev on beş illik mənalı yaradıcılıq yolu keçmiş, dramaturgiya və teatr sahəsində zəngin təcrübə əldə etmişdi. Keçən müddət ərzində o, özünün də təsdiqlədiyi kimi “Yevropa və Rusiyada zahir olan məşhur teatro ədiblərinin hamısının əsərlərini oxumuş və başının tükü sanı qədər təsnifat teatrlarda görmüş”dür. Tarixi dram janrının “nəzəri-estetik problemləri və əməli cəhətlərinə yaxşı bələd olan Ə.Haqverdiyev, onu “faciə yaza bilməməkdə”, tarixi həqiqətləri təhrif etməkdə təsdiqləndirməyə çalışan muarizinin əsassız müddəalarını bir-bir təkzib və rədd etməklə, məhz “tənqidnəvisin” tarixi faciənin qayda-qanunlarından və əsərdə təsvir olunan dövrün hadisələrindən tamamilə xəbərsiz olduğunu nümayiş etdirirdi. O yazırdı: “Doğrudur, mən “Gülsümnamə, “Tənbinül-qafilin”, “Rüstəmnamə” kitablarından xəbər deyiləm, amma Yevropa və Rusiyada zahir olan məşhur teatro ədiblərinin hamısının əsərlərini oxumuş və başının tükü sanı təsnifat teatrlar da görmüşəm. Əgər “Ağa Məhəmməd şah Qacar” faciəsi kaleydoskop isə, görünür ki, cənab tənqidnəvis bu ləfzin nə olduğunu layiqincə düşünməyib, fəqət bir xarici ləfzi, heç məhəl olmayaraq istemal etmişdir; çünki cəmi tarixi faciələr kaleydoskopdurlar. Təvəqqe neçəsini şahid gətirib “Ağa Məhəmməd şah”ın o səpgidə yazılmasığını sübut etsin. Bundan keçəndən sonra təsvirlərin bir-birilə rabitəli olmağı gündən aydındır və bir qaydası ilə özgələrə nəql edə bilər.

Ə.Haqverdiyev daha sonra tənqidçinin əsərdən tapıb göstərdiyi konkret iradların üzərində dayanaraq onların da əsassız olduğunu təkzibedilməz dəlillər, mötəbər mənbələrlə sübuta yetirir.

Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatşünaslığında bir yazıçı, dramaturq kimi tədqiq olunmuş, onun həyat və yaradıcılıq yolu, əsərlərinin səhnə taleyi bütövlükdə araşdırılmış, dövrün tələbləri ucbatından üzərində cərrahiyyə əməliyyatı aparılan əsərləri yenidən işlənərək ərzi halı ilə işıq üzü görmüşdür.

Bu isə yeni tədqiqatların aparılması üçün qiymətli mənbədir.

Əbdürrəhim bəy Haqverdiyevin ədəbi mülahizələri, ədəbi görüşləri həm bədii əsərlərində, həm də ayrı-ayrı məqalələrində öz əksini tapmaqla bərabər vətənini, millətini sevdiyi, soykökünə bağlı bir sənətkar olduğu üçün onun əsərlərində folklora klassik irsimizlə bağlılıq müəyyən yer almışdır.

Milli ədəbi dilimizin təşəkkülü və sabitləşməsi dövrünün görkəmli nümayəndəsi olan Əbdürrəhim bəy Haqverdiyev yüksək və qiymətli bir sənətkar olub, xalq həyatının mühüm bir mərhələsini öz ölməz əsərlərində əbədiləşdirmişdir.

Haqverdiyev xalq dilini gözəl bilir, zidd cəbhələrin, mətbuatın mürtəce təsir və təzyiqinə baxmayaraq, öz əsərlərini geniş xalq kütlələrinin dilindən süzülüb gələn söz və ifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradır, əbədiləşdirirdi.

XIX əsrin sonu və XX əsrin ilk illərinin məhsulu olan “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” əsərləri ilə müəllif ədəbiyyat tarixində qiymətli bir faciənəvis kimi daxil olmuşdur. Ədibin həyat və yaradıcılığının mötəbər tədqiqatlarından olan M.Rəfili, T.Mütəllimov, M.Məmmədov, K.Məmmədov, Q.Kazımov və başqaları Ə.Haqverdiyevin istər müasir, istərsə də tarixi mövzuya həsr edilmiş faciələrində təsvir olunan ictimai-siyasi hadisələr müəllif təxəyyülünün məhsulu olmayıb, real həyat həqiqətlərinin bədii inikası idi.

1880-ci ilin mayında Əbdürrəhim bəy ailəsi ilə birlikdə Şuşa şəhərinə köçmüş, altısinifli şəhər məktəbinə daxil olmaq üçün atalığı onu Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoymuşdur. Yusif bəy öz dövrünün ta­nın­mış müdərislərindən idi və onun məktəbi də şagirdlərin şəhər məktəbinə daxil ol­maqları üçün bir növ hazırlıq mərhələsi sayılırdı. Yay aylarında həmin mək­təb­dən oxuduqdan və rus dilində savadını bir qədər də artırdıqdan sonra, 1880-ci ilin sentyabrında Əbdürrəhim bəy imtahan verib, şəhər məktəbinə daxil olmuşdur. Bir il də həmin məktəbdə oxumuş, 1881-ci ilin oktyabrında isə Şuşada yenicə açılmış realnı məktəbdə təhsilini davam etdirmişdir. O, burada rus dilini daha dərindən öy­rən­məyə başlayır, rus yazıçılarının əsərlərini mütaliə edir. Yusif bəy mahir pe­da­qoq olmaqla yanaşı, eyni zamanda “mütəəssib bir teatr həvəskarı” idi. O, yay fə­sil­lə­rində Şuşaya toplaşan müəllimlərin və teatr həvəskarlarının iştirakı ilə xüsusi mül­klərdə və bəzən də şəhər klubunun zalında tamaşalar verər, yerli camaatın in­ti­bah və tərəqqisi, teatra həvəsini artırmaq üçün əlindən gələni əsirgəməzdi. Yusif bə­yin rəhbərliyi altında göstərilən tamaşalar əsasən milli dramaturgiyamızın banisi M.F.Axundovun komediyalarından ibarət idi. Gənc Əbdürrəhim bəyin teatrla ilk tanışlığı da məhz həmin dövrə təsadüf edir. Doğrudur, bu tanışlığın nə vaxtdan, məhz hansı ildən başlanması hələlik dəqiq müəyyənləşdirilməmişdir. Lakin bir cəhət tamamilə aydındır ki, gənc Əbdürrəhimdə teatr sənətinə marağın yaranmasında, onun ilk yaradıcılıq yoluna, sonrakı görüşlərinə qədəm qoymasında müəllimi Yusif bəyin mühüm rolu olmuşdur (1).

Ə.Haqverdiyev müəllimi Yusif bəyin məsləhəti ilə M.F.Axundovun əsərlərini tapıb oxumağa başlayır. Böyük sənətkarın səhnə əsərləri gənc Əbdürrəhimə dərin təsir bağışlayır. Bu təsir o qədər qüvvətli olur ki, hətta Ə.Haqverdiyev əlinə ilk dəfə qələm götürüb mövzu və məzmunca böyük dramaturqun “Hacı Qara”sına oxşar “Hacı Daşdəmir” adlı ilk komediyasını yazır, müəllimi Yusif bəyin rəyini bilmək məqsədilə qələm təcrübəsini ona təqdim edir. Ədib özü bu barədə yazır: “Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu “pyesimi” bir nov ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm” (3, ).

Ə.Haqverdiyev Şuşa realnı məktəbinin 6-cı sinfini bitirdikdən sonra Tiflisə gedir və orada realnı məktəbinin sonuncu sinfinə daxil olur. O, məktəbdə dərsə davam etməklə yanaşı, Tiflis ədəbi məktəbi ilə də yaxından tanış olur. Vaxtilə M.F.Axundov, A.Bakıxanov, M.Ş.Vazeh kimi böyük sələflərinin və rus inqilabçı demokratların yaşayıb-yaratdıqları Tiflis şəhəri gənc Əbdürrəhimin ədəbi inkişafında mühüm rol oynamışdır. O, burada Qriboyedov, Qoqol, Ostrovski, Şekspir, Molyer, Şiller kimi klassik rus və Avropa drmaturqlarının əsərlərini daha dərindən mütaliə edib öyrənir, Tiflisdə fəaliyyət göstərən Azərbaycan və rus teatrlarının göstərdikləri tamaşalara baxır.

Sonralar Ə.Haqverdiyev Tiflisdəki həyatından danışarkən bu həqiqətlər haqqında yazırdı: “Mənim ədəbiyyatla ciddi surətdə məşğul olmağım 1890-cı illərdəndir ki, Tiflis realnı məktəbində olan vaxt, rus ədiblərindən Qoqol və Ostrovskinin, Avropa ədiblərindən Şekspir, Şiller, Molyer və şairlərini tanımağa başladım və müntəzəm olaraq Tiflisin teatrlarına gedib həqiqi səhnənin nə olduğunu anladım. Tiflisdə oxuduğum zaman “Nahaq qan” adlı böyük bir dram tərcümə etdim” (2, 192-193).

Ə.Haqverdiyev “Nahaq qan” dramını rus dilindən çevirmiş, həm də yalnız tərcümə deyil, eyni zamanda təbdil etmişdir.

Əvvəlcə, Şuşada, sonra Tiflisdə teatr sənətinə və dramaturgiyaya qarşı yaranan ilk maraq və məhəbbət Peterburqdakı təhsil illərində Ə.Haqverdiyevdə daha da güclənmiş, Peterburq teatr həyatı onun mahir dramaturq və teatr xadimi kimi yetişməsi prosesində mühüm mərhələ olmuşdur. Ə.Haqverdiyevin Peterburqda ən çox bağlandığı sənət ocağı Aleksandrinsk teatrı idi. Təsadüfi deyildir ki, ədibin özü yazır ki, Yusif bəy birinci müəllimim hesab olunursa, Aleksandrinsk teatrı da ikinci müəllimim olmuşdur (5, 17-18).

Beləliklə, bir tərəfdən, Azərbaycan, rus və Avropa dramaturgiyasının klassik nümunələrini dərindən mütaliə, Aleksandrinsk teatrı, digər tərəfdən də Azərbaycanın ictimai-mədəni həyatı ilə sıx bağlılıq – bütün bunları Ə.Haqverdiyevin dünyagörüşünün, ədəbi görüşlərinin inkişafını, bir dramaturq kimi ciddi fəaliyyətə başlamasını şərtləndirən amillərdəndir. Təsadüfi deyildir ki, Ə.Haqverdiyev orijinal bədii yaradıcılıq sahəsində ilk addımlarını da məhz Peterburqda atmış, 1892-ci ilin fevralında “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı ilk komediyasını, 1896-cı ildə isə Azərbaycan dramaturgiyasının incilərindən biri olan məşhur “Dağılan tifaq” faciəsini qələmə almışdır. Hər iki əsərin mövzusu real həyatdan, real hadisələrdən dramaturqun sosial-mənəvi və psixoloji aləminə dərindən bələd olduğu mülkədar həyatından götürülmüş, canlı müşahidələr əsasında yazılmışdır. Hər iki əsər ilk dəfə Peterburqda ədəbi məclisdə oxunmuş və məclis iştirakçıları tərəfindən hərarətlə qarşılanmışdır.

Mollanəsrəddinçi mühərrirlərin çoxundan fərqli olaraq, Ə.Haqverdiyev jurnalda iştiraka başlayanda artıq tanınmış yazıçı-dramaturq idi. “Molla Nəsrəddin” jurnalı isə ədibin daxilində gizlənmiş, bakir halda yatıb qalan yeni cəhətini, onun kəskin gülüş qabiliyyətini, satirik-yumoristik istedadını üzə çıxartdı.

Təsadüfi deyildir ki, satira və yumor ədibin jurnalda dərc etdirdiyi bütün bədii əsər­lərinin, hekayə və felyetonlarının əsas məziyyəti, pafosudur. Ə.Haqverdiyevin “Molla Nəsrəddin” jurnalında fəaliyyəti məşhur satirik silsilə əsərlərlə səciyyələnir. “Cəhənnəm məktubları”nın ardınca ədib orada özünün “Mozalan bəyin səyahətnaməsi” və “Marallarım” silsilələrini, həmçinin “Bomba” adlı məşhur sa­ti­rik novellasını dərc etdirmişdir. Hər üç silsiləyə daxil olan əsərlərin mövzu dairəsi ge­niş, tiplər silsiləsi əlvandır. Ədibin istər doğma vətəni Azərbaycanda, istərsə də bü­tün müsəlman Şərqində addımbaşı rastlaşdığı, canlı şahidi olduğu, dini möv­hu­mat və cəhalət, sosial-mənəvi zülm və haqsızlıq yazıçı təxəyyülünün məhsulu deyil, can­lı müşahidələr əsasında yaradılmış, həqiqi, real həyat-məişət lövhələridir. İstər “Nadejda” sığorta və nəqliyyat cəmiyyətində, istərsə də Kür-Xəzər gəmiçilik şir­kə­tin­də işlədiyi illərdə (1906-1911) Ə.Haqverdiyev xidməti vəzifəsi ilə əlaqədar ola­raq vaxtaşırı Yaxın Şərq məmləkətinə səfərlərə çıxırdı. Ədibin tərcümeyi-halında yaz­dığı: “Bu axşam vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini səyahət edib qiymətli məlumat toplamağıma səbəb oldu”, yaxud “Qafqazın hər yerini, Türküstanı və İranı səyahət etdim” sətirləri də buna dəlalət edir. Həmin səfərlər Ə.Haqverdiyevin bir yazıçı sənətkar kimi müşahidələrinin genişlənməsində, dün­ya­görüşündə və gələcək ədəbi görüşlərində əhəmiyyətli rol oynamış, onun ya­ra­dı­cı­lıq niyyətləri üçün zəngin və əlvan material vermişdir. Müsəlman dünyasında gör­­düyü və müşahidə etdiyi həyat həqiqətləri ədibin qələm qüdrəti ilə sənət hə­qi­qət­lərinə çevrilir, “Cəhənnəm məktubları”, “Mozalanbəyin səyahətnaməsi” və “Marallarım” kimi satirik silsilələrin yaranmasını şərtləndirir.

“Molla Nəsrəddin” jurnalında çap etdirdiyi əsərlərdə ədib zaman və məkanca böyük bir ərazini səciyyələndirən tiplər silsiləsi yaratmağa müvəffəq olmuş, bu tiplərə ümumi bir ad – “maral” adı verib “cəhənnəm” timsalında onların yaşadıqları, fəaliyyət göstərdikləri cəmiyyəti də təsvir etmişdir.

XIX əsrin 90-cı illərində qələmə almış ilk faciələri “Dağılan tifaq” və “Bəxtsiz cavan” birinin Peterburqda, digərinin isə müəllifin təhsildən qayıtdıqdan sonra doğma vətəndə yazılmasına baxmayaraq, hər iki əsərin mövzusu eyni həyatdan – dramaturqun dərindən bələd olduğu Azərbaycan bəylərinin, mülkədarlarının həyat və məişətindən götürülmüşdür.

“Dağılan tifaq”da təsvir olunan həyat həqiqətləri ilə “Bəxtsiz cavan”dakı ha­di­sə­lər arasında təxminən on-on iki illik bir dövr keçmişdir. Bu dövr ərzində ictimai mü­nasibətlərdə, Azərbaycan bəy, xan və mülkədarlarının həyatında ciddi tə­bəd­dü­lat yarandığı kimi, Peterburqdakı təhsil illəri də Ə.Haqverdiyevin dünyagörüşünə, ədəbi görüşlərinə qüvvətli təkan və istiqamət vermiş, onun bir xalqçı, ziyalı kimi yetişməsində mühüm rol oynamışdır. “Dağılan tifaq”la müqayisədə “Bəxtsiz cavan”da nəzərə çarpan ideya-məfkurəvi inkişaf məhz bununla izah olunmalıdır. Bu inkişaf həm qələmə alınan hadisələrin mahiyyətində, həm də dramaturqun öz qəhrəmanlarına münasibətində qabarıq şəkildə görünür. “Dağılan tifaq”da müəllif Azərbaycan bəylərinin faciəsini eyş-işrət düşkünlüyündə, bədxərclik, əyyaşlıq və qumarbazlıqda görüb-göstərməyə çalışmışdırsa, “Bəxtsiz cavan”da irəli gedərək zülmkarlıq və ədalətsizlikdə, rəiyyətin insan yerinə qoyulmamasında axtarır.

Haqverdiyev həmişə yeniliyi duyan bir sənətkar olmuşdur. Sosialist inqilabından sonrakı yaradıcılığında və görüşlərində əmələ gələn ciddi dönüşü “Ağac kölgəsində”, “Köhnə dudman”, “Qadınlar bayramı”, “Yoldaş Koroğlu”, “Qırmızı qarı” kimi pyeslərdə ədəbi dünyagörüş özünün təzahürlərini göstərməkdədir.

“Köhnə dudman” Haqverdiyevin ikinci tarixi draması idi. Birinci tarixi draması olan “Ağa Məhəmməd şah Qacar” əsərində o, ən çox bir müstəbidin mənsəb və cahangirlik ehtirasını verməyə çalışmışdırsa, “Köhnə dudman” əsərində həyatın ən çətinliklərini görmüş, onun çəkdiyi işgəncələri, sonra isə yoxsul kəndlərin azadlıq uğrunda mübarizələrini təsvir etmişdir.

“Yoldaş Koroğlu” pyesi sovet dövründə Haqverdiyevin yaradıcılığının sağlam bir istiqamətdə inkişaf etdiyini və inqilabın qarşıya qoyduğu məsələləri gündən-günə nisbətən daha aydın və düzgün başa düşdüyünü göstərir.

Bu əsərdə də yazıçı “Ağac kölgəsində” də “Köhnə dudman”da olduğu kimi sosialist inqilabının yaratdığı və yeni insanların ilk bədii surətlərini təsvir edə bilmişdir. Lakin ədibə görə köhnə quruluşun əsas ziddiyyəti guya təkcə kəndlilərlə bəy, xan arasında olan ixtilafdır.

Ə.Haqverdiyev də digər məsləkdaşları kimi cəmiyyətin dəyişdirilməsində əsas rolu sənətkarlara, onların yaratdığı əsərlərə verirdi. O, sənətkarlar qarşısında mühüm vəzifələri qoyur və onu vətəndaşlıq qeyrəti ilə, ürəkdən yerinə yetirməyə çağırırdı.

Göründüyü kimi, dahi Ə.Haqverdiyevin ədəbi-nəzəri görüşləri onun yaradıcılığında əsas mövqedə dayanır. Onun bütün yaradıcılığına, elmi məqalələrində və hətta məktublarında ədəbiyyatımızın inkişafına xidmət edəcək fəlsəfi, ədəbi-elmi fikir dayanır.

SOLMAZ HƏYATOVA,

AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, dosent


<< Geri