Musiqili komediyalarınız milli koloriti, lirik və yumorlu musiqi dili ilə
fərqlənərək sizi ölkəmizdə bu janrın zəngin ənənələrinin layiqli davamçısı kimi
tanıtmışdır. Azərbaycan dövlət Akademik Dram Teatrında və digər teatrlarda
səhnəyə qoyulmuş bir çox tamaşaların uğur qazanmasında onlara yazdığınız
musiqinin böyük rolu olmuşdur.
Respublikamızda musiqiçi kadrların yetişdirilməsi üçün Bakı Musiqi
Akademiyasının professoru kimi göstərdiyiniz fəaliyyət də səmərəli və
təqdirəlayiqdir.
Heydər Əliyev,
Ümummilli lider
*****
Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni
ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla
bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən
şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının
nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları
üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
*****
Emin Sabitoğlu musiqinin bir sıra janrlarında, o cümlədən operetta, kino
musiqisi, mahnı və digər janrlarında maraqlı və dəyərli əsərlərin müəllifi kimi
tanınır. Ancaq mahnı sahəsində o 600-dən artıq nümunənin müəllifidir. Onun
əsərləri bir sıra musiqi janrlarının, xüsusən də mahnı janrının inkişafında
mühüm rol oynamışdır.
Ceyran Mahmudova,
Əməkdar incəsənət xadimi, professor
*****
Emin mənim ən yaxın dostum olub. Biz yeddi yaşından dostluq etməyə başlamışıq.
Ömür boyu bir yerdə olmuşuq. Yaradıcılıq sahəsində də əməkdaşlıq etmişik. Bir
çox filmlərimə musiqi yazıb. Ssenarini yazanda düşünürdüm ki, bu filmin
musiqisini mütləq Emin yazmalıdır. Emini istedadlı bir insan, böyük bəstəkar və
sədaqətli dost kimi xatırlayıram. O, musiqi mədəniyyətimizdə öz yeri olan gözəl
bir bəstəkar kimi də xatirəmizdə yaşayır.
Emin Azərbaycan musiqisi üçün əvəzsiz bir istedad idi.
Anar,
Xalq yazıçısı
*****
Emin Sabitoğlu melodik sənətkar idi. Bundan başqa o, filmin daramaturgiyasını,
ideyasını, ritmini düzgün, çətinlik çəkmədən başa düşür və bunları kino
musiqisində ustalıqla əks etdirə bilirdi. Bu bəstəkarda intuisiya çox güclü idi.
Onunla əməkdaşlıqdan həm rahatlıq tapırdım, həm də zövq alırdım. Aramızda fikir
ayrılığı heç vaxt olmurdu.
Rasim Ocaqov,
Xalq artisti
*****
Emin Sabitoğlunu bir bəstəkar kimi xalqa sevdirən mahnılarının özəyindəki
melodiyadır. Yalnız mahnı janrında deyil, ümumiyyətlə, musiqinin canı, cövhəri
melodiya olmalıdır.
Eminin demək olar ki, bütün mahnılarında romans janrının əlamətlərini görürük.
Belə ki, bu mahnılarda olmuş bir əhvalat nəql olunur. Burada təəssüf qarışıq bir
giley, intizar qarışıq bir peşmançılığın fəryadını eşidirik. Bununla yanaşı bu
mahnılarda da vurğu əsasən nəqarətin üstünə düşür, hiss, həyəcan nəqarətdə
sərgilənir və biz uzun müddət mahnısının təsirindən çıxa bilmirik.
Emin yaradıcılığının ikinci üstün cəhəti seçilən mətnin şair qədər
duyulmasındadır. O, seçdiyi mətni köynək kimi qəlbinə geyir, onun istisinə
isinir. Onu öz duyğusuna çevirib, sonra piano arxasına keçir.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
*****
Eminin dövründə Emin musiqidə bir mərhələ idi. Azərbaycan musiqi köklərinə son
dərəcə bağlı sənəti ilə Emin çox-çox yüksəklərdədir.
Emin musiqiyə mahnılar bəstəkarı kimi gəlmədi. O son dərəcə müasir, son dərəcə
çağdaş simfonist kimi gəldi.
Vaqif Səmədoğlu,
Xalq şairi
*****
Emin Sabitoğlu bütün hərəkətlərində çox obyektiv, gözəl insan və gözəl bəstəkar
idi. Qətiyyətlə demək olar ki, heç bir təltif və mükafat gözləmədən o, sırf
yaradıcılıqla məşğul olurdu. Heç vaxt şikayətlənməzdi. Ancaq baxışlarında bir
qəmginlik, bir nisgil vardı.
Çingiz Abdullayev,
Xalq yazıçısı
*****
Emin Sabitoğlu təkcə mahnı bəstəkarı olmayıb. O, gözəl musiqili komediyalar
müəllifidir, dram tamaşalarına musiqi bəstələyib. Azərbaycan kino musiqisində də
Eminin yeri əvəzedilməzdir – “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”,
“Ad günü”, “Təhminə” və onlarca başqa filmlərdə də ən çox səslənən və sevilən
musiqi nümunələridir. Onun simfonik və xor əsərləri, kamera əsərləri də az deyil.
Lakin mən Emini ilk növbədə bir nəğməkar kimi, qəlbə yol tapan, insanda ən gözəl
duyğular oyadan melodiyalar müəllifi kimi xatırlayıram. Onun həyatı da sanki bir
nəğmə idi, ürəyimizdə dərin bir iz qoyub getmiş həzin bir mahnıya bənzəyirdi...
Təəssüf edirəm ki, biz Emini tez itirdik, o hələ çox əsərlərlə musiqimizi
zənginləşdirə bilərdi. Yeganə təsəllimiz budur ki, Emin Sabitoğlunun əsərləri
heç vaxt unudulmur, daim səslənir, yeni nəsillər də bu musiqini dinləyir.
Fərhad Bədəlbəyli,
SSRİ Xalq artisti, Azərbaycan SSR xalq artisti,
Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor
*****
Aylar, illər ötəcək, zövqlər, maraqlar bir-birini əvəz edəcək, dəyişəcək, Emin
Sabitoğlunun gözəl, təkrarsız musiqisi nəinki yaddan çıxmır, əksinə musiqi
tariximizin hər yeni mərhələsində görkəmli ifaçılarımızın şərhində yeni
boyalarla zənginləşərək daha çox sevilir və sanki cavanlaşır.
Emin Sabitoğlunun əsərlərini səciyyələndirən xüsusiyyətləri: parlaq melodizm,
xalq musiqimizin dərin qatlarına yiyələnmək, xalq musiqimizə ehtiramla,
məhəbbətlə yanaşma. Hər bir janra yenilik gətirən bəstəkar onu müxtəlif
vasitələrlə zənginləşdirmiş, yeni söz demişdir. Emin Sabitoğlunun musiqisi daima
yaşayacaqdır.
İmruz Əfəndiyev,
Əməkdar incəsənət xadimi,
professor
*****
Emin Sabitoğlunun mahnılarının təlqinedici gücü onun qeyri-adi gözəlliyi ilə
seçilən melodiyalarındadır. Özü də bu melodiyalar nə qədər sadə, nə qədər
yığcamdırsa, bir o qədər təsirli, cazibədardır.
Zümrüd Dadaşzadə,
Əməkdar incəsənət xadimi,
professor
*****
Emin Sabitoğlu öz kino fəaliyyəti ilə Azərbaycan Kinematoqrafiyasına uğur
qazandıran, milli kinomuzun inkişafında əhəmiyyətli xidməti olan, bu sahədə öz
dəst-xətti, üslub xüsusiyyətləri ilə seçilən tanınmış bəstəkarlardandır.
Emin Sabitoğlunun filmlərə yazdığı mahnılar melodikliyi baxımından rəvan və
axıcıdır. Onun musiqisi filmlərin əksər epizodlarını müşayiət edir, kadrarxası
və kadrdaxili səslənir, o bir çox funksiyaları yerinə yetirir: hadisələrin
inkişafını xarakterizə edir, əsas epizodların ab-havasını tamamlayır,
personajların rəftarını və xarakterlərini şərh edir.
Aydın Kazımov,
Əməkdar incəsənət xadimi,
kinoşünas
*****
Emin Sabitoğlu çox böyük əsərlər yazıb. Onun ciddi əsərləri də var. Emin
Sabitoğlu nə yazıbsa, hamısını çox gözəl yazıb. Onun çox əsərlərini vaxtilə
estrada orkestrində aranjeman etmişəm. O, xoşbəxt bir bəstəkar olub ki, böyük
rejissorumuz Rasim Ocaqovla birlikdə işləyib və demək olar ki, onun bütün
filmlərinin musiqilərini o yazıb. Təbii ki, ifadan, aranjemandan çox şey
asılıdır. Amma melodiya gözəl olanda hər şey gözəl olur. Mən deyərdim ki, Tofiq
Quliyev estrada musiqisinin banisidir, ondan sonra Rauf Hacıyev, Vasif
Adıgözəlov və Emin Sabitoğlu gəlir.
Faiq Sücəddinov,
Əməkdar incəsənət xadimi,
bəstəkar
*****
Bəstəkarın mahnılarının qiymətli cəhətlərindən biri də onların xalq mahnıları
ilə üzvi əlaqəsidir. Bəstəkarın mahnı yaradıcılığında obrazlı – melodik
təfəkkürün mənbəyini həmişə milli Azərbaycan mahnıları və muğam intonasiyaları
təşkil edir. O, vokal əsərlərində xalq musiqisinin döndərmələrindən, ahəngindən,
ritm və ölçüsündən yaradıcılıqla istifadə etmişdir. Onları xoş orijinal muğam
avazları ilə əlaqələndirə bilmişdir.
Xanəli Quliyev,
Musiqişünas
*****
Emin Sabitoğlunun fitri istedadı, milli musiqimizə sonsuz bağlılığı, sənət
yollarında əldə etdiyi böyük təcrübə ilə səciyyələnən yaradıcılığı Azərbaycan
mədəniyyətini daha da zənginləşdirmişdir.
Zülfiyyə Eldarqızı,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
*****
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin
Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir,
müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9
musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. Emin
Sabitoğlunun istər teatr tamaşalarına (“Hicran”, “Xoşbəxtlər” və s.), istərsə də
filmlərə yazdığı musiqiləri bədii əsərlərin təcəssümü olan zamanın ruhunu bizə
çox dəqiqliklə hiss etdirə bilir, hadisələrin məğzini açır.
Emin Sabitoğlunun bütün kino musiqiləri dramaturq mədəniyyətini, intellektini,
zəngin dünyagörüşünü, romantik dünyasını, bütünlükdə bədii əsərlərin səviyyəsini
yüksək formada təqdim edir. Onun müxtəlif səpkili musiqiləri filmlərin mövzusu
ilə paralel olaraq sosial problemləri təhlil edir, həyat hadisələrinin fəlsəfi
dərinliklərini açıqlayır, kadraltı mənalara aydınlıq gətirirdi. Həmin musiqiləri
bu gün də geniş tamaşaçı auditoriyası rəğbətlə dinləyir. Bu o deməkdir ki, hər
evdə, hər məkanda Emin Sabitoğlunun nəfəsi duyulur və duyulacaq.
Şəhla Bürcəliyeva,
Kinoşünas
*****
Azərbaycan musiqi tarixində Emin Sabitoğlu özünəməxsus üslubu, lirizmi ilə yadda
qalan sənətkardır. Bəstəkarın lirik-dramatik musiqiylə yanaşı, komediya janrında
bəstələdiyi əsərlərində, bu şəxsiyyətin xüsusi istedadının nə qədər çoxşaxəli
olduğunun bir daha şahidi oluruq. Daxili dünyasının nə qədər dərin, fəlsəfi,
duyğusal olduğu ilə bərabər həm də satira və yumor hissinin üstünlükləri də
nəzərə çarpır.
Siz yaşayırsınız, əsrlər keçsə belə yaşayacaqsınız! Ruhunuz şad olsun, Emin
müəllim!
Dilarə Quliyeva,
Bakı Musiqi Akademiyasının baş müəllimi
*****
Emin Sabitoğlu da özünün həqiqət, doğru bildiyi bir yolla getdi, bir ömür yaşadı.
Yaşadı və bizlərə, gələcək nəsillərə müəllifi olduğu təkrarsız musiqi və gözəl
nəğmələri qoyub getdi və bu nəğmələrlə də yaddaşlarda qaldı, ürəklərdə,
könüllərdə işıqlı, zərif hisslər bəxş etdi...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü