E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

KÖNÜLLƏRİ FƏTH EDƏN SƏNƏTKAR
EMİN SABİTOĞLU – 85


1954-cü ildə 10 illik orta ixtisas musiqi məktəbini bitirib Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olan gənc Emin Mahmudov ürəyində yaşatdığı ən böyük arzularından birinə qovuşmuşdu. O dövrdə bəstəkarlıq sənəti ən romantik, əlçatmaz, intellektual, cazibəli bir sənət olaraq, ahənrüba kimi bir çox gənc musiqiçiləri özünə çəkirdi. Həm də Azərbaycan musiqisi öz “qızıl dövrünə” qədəm qoymuşdu. Dahi Üzeyir Hacıbəylinin adı ilə bağlı böyük və şərəfli bir epoxa tamamlanmış, yeni, daha gənc musiqiçilərin şan-şöhrəti yüksəlişdə idi. Qara Qarayevin “7 gözəl” baleti, Fikrət Əmirovun “Sevil” operası, Soltan Hacıbəyovun “Gülşən” baleti bütün musiqi ictimaiyyətinin sonsuz marağını qazanmışdı. Tələbə adını daşıyan neçə-neçə gənc bəstəkarın, ifaçının da adı iftixarla çəkilirdi. Belə bir zamanda bu istedadlı gənclərin sırasında olmaq, yazmaq-yaratmaq, bəstələdiyi musiqiləri böyük konsert salonlarından eşitmək gənc Emin Mahmudovun da ülvi arzusu idi. İki il Q.Qarayevin sinfində təhsil aldıqdan sonra arzular gənc Emini daha yeni bir ünvana apardı. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında tələbəlik həyatını davam etdirməli oldu. Onun müəllimi isə görkəmli rus-sovet bəstəkarı Y.Şaporin idi. Hələ 30-40-cı illərdə Moskva konservatoriyasında oxumuş, zəngin bilik, təcrübə qazanmış bəstəkarlarımızın uğurlu yaradıcılığı, dünyagörüşü, mövqeyi, nüfuzu, həyatını musiqiyə həsr edən bir çox gənclər üçün nümunə idi. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov və b. Moskvada təhsil aldıqdan sonra Bakıda çox geniş, maraqlı fəaliyyət göstərirdilər.
Budur, artıq Emin Mahmudov da bu siyahıda ləyaqətlə təmsil olunacaqdı. Beş illik təhsil illəri sanki göz qırpımında keçdi. Lakin bu illərin məhsulu olan, bir-birindən maraqlı həm kamera, həm simfonik əsərlər bu beş ili özündə əks etdirən güzgü idi. Eminin diplom işi olan simfoniyanın imtahan komissiyasının ricası ilə təkrar olaraq ikinci dəfə orkestr tərəfindən səsləndirilməsi Moskva konservatoriyasının imtahan prosedürlərində nadir hadisələrdən idi və bu hadisə Emin Mahmudovun sənət bioqrafiyasının ən gözəl səhifələrindən biri oldu. Çünki bu böyük bir uğurun təntənəli təsdiqi idi.
1961-ci ildə Moskva Dövlət Konservatoriyasını bitirib Bakıya dönən Emin Mahmudovun tezliklə yeni əmək fəaliyyəti başladı. Onun ilk iş yeri və ilk vəzifəsi Bakı kinostudiyasında musiqi redaktoru vəzifəsi oldu. Burada o, yeni qısametrajlı sənədli filmlərə həm musiqi tərtibatı verir, həm də orijinal musiqilər bəstələyirdi. Bu filmlər arasında “Azərbaycanın subtropiklərində”, “Kür”, “Dağ meşələrindən keçərkən”, “Dəniz”, “Səməd Vurğun”, “Hünər əbədidir” və s. maraqlı filmlərin adlarını çəkə bilərik. Nəhayət 1967-ci ildə Emin ilk bədii filmə - Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı hekayəsi əsasında çəkilən eyniadlı bədii filmə musiqi yazdı. Bu hadisə də onun yaradıcılıq bioqrafiyasının maraqlı səhifələrindən oldu.
Emin Mahmudovun kino fəaliyyətindən söz açdıqda bildirməliyik ki, kino sahəsi onun üçün yeni bir şey deyildi. O, hələ uşaqlığından kino və kino xadimləri ilə yaxından tanış idi. Onun atası Azərbaycanın xalq yazıçısı Sabit Rəhman həm də respublikada ilk kino ssenaristlərindən və kino dramaturqlarından biri olmuşdur. Bu gün də sevilə-sevilə baxılan “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Koroğlu” (1960), “Əhməd haradadır?” (1963) və s. filmlərin ssenari müəllifi Sabit Rəhman idi. Azərbaycan kinosunu şöhrətləndirən bir çox sənətkarları gənc Emin atasının yaxın dostları kimi tanıyırdı. Əlbəttə, Sabit Rəhmanın yaxın dostları təkcə kino xadimləri deyildi. Qüdrətli Azərbaycan şairləri, yazıçıları Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Ənvər Məmmədxanlı, Süleyman Rüstəm və b. Sabit Rəhmanın gənclik dostları idilər və onların əksəriyyəti ilə Emin tanış idi. Hətta Rəsul Rzanın oğlu Anarla, S.Vurğunun oğlanları Yusif və Vaqiflə, Məmməd Arifin oğlu Arazla ömürlük sadiq dost oldular.
Bu dostluq həm də yaradıcılıqda özünü büruzə verdi. Emin sonralar Anarın ssenari müəllifi olduğu neçə filmə, Vaqif Səmədoğlunun isə neçə gözəl şeirlərinə musiqilər bəstələyəcəkdi. Azərbaycan kinosunun incilərindən biri olan “Gün keçdi” filmində isə həm Anarın, həm Eminin, həm Vaqifin yaradıcılığı üzvi surətdə birləşmişdir. Lakin Emin Mahmudovun yaradıcılıq bioqrafiyasında ilk tammetrajlı bədii film – “Bizim Cəbiş müəllim” oldu. 1969-cu ildə Maqsud İbrahimbəyovun ssenarisi, Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilən film bu günə kimi insanlarda nəcib duyğular yaradır, onları düşündürür, saflaşdırır. Filmin ilk saniyələrindən səslənən vals musiqisi hamının diqqətini çəkir. Məşhur melodiyanın akkordeon alətində səsləndirilməsi bir qədər gözlənilməz olsa da əslində həmin dövrü, o dövrün insanlarının iç dünyasını aşkar edən bədii vasitələrdəndir. “Bizim Cəbiş müəllim” filminə yazdığı musiqilər sanki Eminin gələcək kino yaradıcılığında ana xətti təyin etdi. Rəngarəng, parlaq musiqi lövhələri yaradan bəstəkar – lirik psixoloji məqamları, insan qəlbinin həzin, kövrək duyğularını daha ustalıqla, sevərək musiqiyə çevirə bilirdi.
XX əsrin 60-cı illərindən Emin Mahmudovun yaradıcılığının daha bir qolu inkişaf etməyə başladı. Onun bir-birindən gözəl mahnıları Azərbaycanın ən sevilən, ustad sənətkarları tərəfindən oxunurdu. Zeynəb Xanlarova, Mirzə Babayev, Flora Kərimova, Yalçın Rzazadə, Şövkət Ələkbərova, Akif İslamzadə və b. görkəmli müğənnilər məmnuniyyətlə onun yaradıcılığına üz tuturdular. Mahnı yaradıcılığı həm də ona yeni bir ad bəxş etdi. Hər gün televiziyadan, radiodan, müxtəlif tədbirlərdən səslənən mahnıların müəllifi artıq bu cür təqdim olunurdu: “Emin Sabitoğlu...”.
Görkəmli teatr rejissoru Tofiq Kazımov Emin Sabitoğlunu özünün yeni quruluş verdiyi tamaşalara dəvət edir. Bakı teatrsevərləri İlyas Əfəndiyevin “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən” tamaşalarına yazılan musiqiləri sevə-sevə qarşıladılar. Tamaşada səslənən mahnılar isə o dövrün gənclərinin hətta küçələrdə, parklarda belə dolaşarkən dilindən düşmürdü.
Onun musiqisində bir cəhət xüsusilə qeyd olunmalıdır. Bu musiqi insanların qəlbinə ünvanlanaraq, ürəklərin ən zərif hisslərini oxşayır, hamıya doğma, məhrəm olur. Bu həqiqətdir ki, Emin Sabitoğlunun mahnılarını təkrar-təkrar eşitsək də bu musiqilərdən doymaq olmur. Əsl sirr, müəmma, ovsun da elə budur.
Amma daha ciddi yanaşsaq, onun mahnılarında milli qaynaqlara, muğam dürüstlüyünə, ritm rəngarəngliyinə, mətn mükəmməlliyinə münasibəti, onun sərraf kimi hər detalı ölçüb-biçməsi həmişə heyranlıq doğurur. İlk mahnılarından – Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Dərələr” mahnısı az müraciət olunan “Bayatı-Qacar” muğamı üstündə yazılaraq parlaq, dürüst intonasiyaları ilə, əlbəttə Şövkət Ələkbərovanın ifasında, hamını valeh edirdi. Və ya Zeynəb Xanlarovanın oxuduğu Rəsul Rzanın sözlərinə yazılmış “İnsaf da yaxşı şeydir” mahnısı... “Şur” muğamı üstündə köklənən mahnı nəqarət zamanı qəfil “Sarənc” şöbəsinə keçid alır, əhval dəyişir, tonika yeniləşir, Zeynəb xanımın oxuduğu kiçik muğam parçası isə ürəkləri fəth edir.
Emin Sabitoğlunun bu günə kimi dillər əzbəri olan mahnıları çoxdur: “Kəpənək”, “Bu gecə”, “Sıravi Əhməd”, “Bir axşam taksidən...”, “Şükriyyə”, “Gəncədən gəlirəm”, “Bakı, sabahın xeyir” və bu kimi yüzlərlə mahnılar... Emin Sabitoğlu onlarla mahnı müsabiqələrinin qalibi olmuşdu və ölkəmizdə keçirilən bütün əlamətdar tədbirlərdə o, yeni mahnılarını təqdim edirdi.
Bəstəkarın teatrlarla da maraqlı işbirliyi olmuşdur. O, Azərbaycan Musiqili Komediya teatrı üçün 9 musiqili komediya bəstələmişdir ki, bunlardan – “Hicran”, “Bağdadda bir dəfə”, “Nəğməli könül”, “Bankir adaxlı”- xüsusi ilə sevilmişdir. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və s. teatrları üçün 40-dan çox tamaşaya musiqi bəstələmişdir. Böyüklü-kiçikli 50-yə qədər filmə musiqi yazmaq Emin Sabitoğlunun nə qədər böyük yaradıcı potensiala, geniş fantaziyaya malik olmasını təsdiq edir. Hərdən düşünürsən, bu qədər işin öhdəsindən o necə gələ bilirdi...
Bir insan kimi də Emin Sabitoğlu maraqlı şəxsiyyət idi. Həmişə sakit, yumorlu danışıq tərzi var idi. Kitab oxumağı sevirdi. Əhməd Cavadın 100 illik yubileyi konsertində müğənni Azər Zeynalov onun “Şükriyyə”, Baba Mahmudoğlu mənim bəstələdiyim “Gəncədən gəlirəm” mahnımı ifa edirdi. Məşqarası Emin müəllim mənə yaxınlaşdı və “Gəncədən gəlirəm” şeirinə mən də mahnı yazmışam dedi. Doğrudan da az sonra Azər Zeynalovun ifasında bu mahnı da dillər əzbəri oldu.
Emin Sabitoğlu həm də təcrübəli pedaqoq idi. Moskva Konservatoriyasını bitirib Bakıya döndükdən az sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasında çalışdı. Qara Qarayevin sinfində assistent oldu. Daha sonra xor dirijorluğu kafedrasında çalışdı, dosent, professor oldu.
XX əsrin 90-cı illərinin əvvəllərində Emin Sabitoğlu Türkiyəyə, İstanbul Texniki Universitetinin Koservatoriyasına dərs deməyə dəvət aldı. Lakin Bakı ilə əlaqələrini heç zaman kəsmədi. Yeni filmlərə, tamaşalara musiqilər yazdı, yeni mahnılarını təqdim etdi. Onun hər gəlişi dostları üçün, həmkarları üçün, onu sevənlər üçün bayram olurdu. Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyevin 1997-ci ildə Emin Sabitoğlunun 60 illik yubileyində dediyi təbrik sözləri çoxlarının yadındadır. Həmin yubiley gecəsi Emin Sabitoğlunun bir bəstəkar, bir musiqi xadimi, bir ziyalı, bir insan kimi yüksək mövqeyini bir daha təsdiq etdi. Ona qarşı ümumxalq məhəbbəti, dövlətimizin qayğısı, yaratdığı əsərlərin Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi olması bütün əzəməti ilə bir daha nümayiş olundu. Emin Sabitoğlu 1986-cı ildə Azərbaycan SSR-in Dövlət mükafatını, 1997-ci ildə “Şöhrət” ordenini, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını almışdır.
Bu il – 2022-ci ilin oktyabr ayında Emin Sabitoğlunun 85 yaşı tamam olacaqdır. Əlbəttə bu yubiley münasibəti ilə bir sıra maraqlı tədbirlər, konsertlər keçiriləcəkdir. Bu baxımdan M.F.Axundov adına Azərbaycan Milli kitabxanası da öz töhfəsini bu yubiley ərəfəsində hazırlayaraq təqdim edir. Bu böyük bəstəkarın biblioqrafiyasını tərtib etmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Xalqımızın böyük oğullarına, görkəmli şəxsiyyətlərinə yüksək dəyər verən, ehtiram göstərən Milli kitabxananın rəhbərliyi və yaradıcı heyəti son illər neçə-neçə şairin, bəstəkarın, xanəndənin, elm və dövlət xadimlərinin həyatını günbəgün, ilbəil araşdırır, öyrənir, sistemləşdirir, nəşr etdirir. Bu nəşrlər özü də artıq xalqımızın milli mənəvi dəyərlərinə çevrilir. Milli kitabxananın əməkdaşları kitabxanada qorunan Azərbaycan bəstəkarlarının 60-70 il bundan əvvəl nəşr olunmuş, indi isə köhnəlmiş vəziyyətdə olan əsərlərinin yeni nəşrini layihə kimi ortaya qoymuş, 100-dən artıq kitab yenidən nəşr olunmuşdur. Xalqın böyük mədəni irsinə belə qədirbilənliklə yanaşmaq əlbəttə ürək açır, bu işi görənlərə baş ucalığı gətirir. Milli Kitabxana hər il yeni-yeni nəşrlərlə ictimaiyyətin görüşünə gəlir. Əminik ki, görkəmli bəstəkarımız, Xalq artisti Emin Sabitoğlunun “Biblioqrafiya”sı da bu nəşrlər arasında öz layiqli yerini tutaraq gələcək tədqiqatçılar, musiqişünaslar və bütün oxucular üçün qiymətli mənbə, elmi vəsait kimi mühüm bir vəzifəni icra edəcəkdir.

 

 

Sərdar Fərəcov,
Xalq artisti, bəstəkar,
Ü.Hacıbəylinin Ev-Muzeyinin direktoru


<< Geri