E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR FİKRƏT ƏMİROV HAQQINDA


Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Fikrət Əmirovun yüksək sənətkarlıqla bəstələdiyi əsərlər dünyanın məşhur dirijorlarının repertuarına daxil olmuş, bir çox xarici ölkələrin konsert salonlarında səslənərək Azərbaycan musiqi sənətinə böyük şöhrət gətirmişdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lider


...Musiqili Komediya Teatrının açılışı müvəffəqiyyətli işdir, Fikrətin müvəffəqiyyətli işidir. Fikrətin müvəffəqiyyəti sevindiricidir.

Üzeyir Hacıbəyov,

bəstəkar


Melodiya Fikrət Əmirov yaradıcılığının canı mayasıdır. Bəstəkar öz əsərlərində folklordan geniş bəhrələnir. Azərbaycan folklorunun Əmirov musiqisinə bilavasitə təsiri göz qabağındadır.

Dmitri Şostakoviç,

bəstəkar, Sosialist Əməyi Qəhrəmanı


 

Fikrət Əmirov nəinki respublikamızın, həm də bütün ölkəmizin görkəmli, ən istedadlı bəstəkarlarından biridir. Onun adı Sovet tttifaqının hüdudlarından uzaqlarda da məşhurdur. Fikrət Əmirov istedadla bəstələnmiş, həyatımıza daxil olmuş bir çox parlaq əsərlərin müəllifidir.

Qara Qarayev,

bəstəkar, SSRİ Xalq artisti


...Azərbaycan xalq musiqisinə yaxşı bələd olan Fikrət Əmirovun müvəffəqiyyəti çox böyükdür. "Sevil" operası müəllifın tükənməz xalq muğamlarımızm xəzinəsindən aldığı və məharətlə istifadə etdiyi cazibəli melodiyalarla zəngindir. Xalq musiqisi opera üçün çox zəngin musiqi materialı olmuşdur.

Səməd Vurğun,

Xalq şairi


... Mən bulaq gördüm. Saf və şəffaf bir bulaq. Əmirovun mahnıları saf və təravətlidir. Mən çinar gördüm. Başı göyləri yaran, kökləri torpaqda dayanan bir çinar. Bu gün Əmirovun sənət çinarının göylərə ucalması onun doğma torpağa bağlılığıdır.

Nəbi Xəzri,

Xalq şairi


Fikrət Əmirov doğma torpaqdan start götürmüş, zirvədən-zirvəyə ucalmış Sovet Azərbaycanının bəstəkarlıq şöhrətini qitədən-qitəyə yaymışdır.

Mirzə Ibrahimov,

Xalq yazıçısı


Əziz Əmirov cənabalrı! Biz Hyustonda və Texasda sizin simfonik muğamlarınızı ifa edəndə orkestr də, dinləyicilər də heyran qalmışdılar. Verdiyiniz zövq üçün sizə minnətdarıq.

Leopold Stokovski,

dirijor


Fikrət Əmirov zəmanəmizin görkəmli xadimlərindən biridir. O, hətta musiqi ilə üzdən tanış olan adamları aludə eləməyə qadirdir. Qədim muğamları müasir musiqi dilinə ilk dəfə Fikrət Əmirov çevirmişdir. Bütün dünyanın mütəxəssisləri bunu layiqincə qiymətləndirmişlər.

Əbdürrəhman Finişi,

bəstəkar


Son dərəcə parlaq, həyat həqiqəti güclü və əsl xəlqi əsər olan "Nəsimi haqqında dastan" poemasının ifası İsveçin musiqi həyatında unudulmaz hadisəyə çevrilmiş, isveçli musiqisevərləri Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə bir daha yaxından tanış etmişdir. Əmirov musiqisinin Stokholmda belə hərarət və məhəbbətlə qarşılanması təminat verir ki, Azərbaycan musiqisi ilə bu ilk tanışlıq gələcəkdə də hökmən davam etdiriləcəkdir.

Benqt Ulof Ensterm,

Stokholm Konsert Sarayının direktoru,

Hans Nudmark,

İsveç Kral Musiqi Akademiyasının prezidenti


Bütün kollektivimizi bunca cuşə gətirən ikinci bir tamaşa yadıma gəlmir.  Tbilisidə F.Əmirovun "Min bir gecə" baletinin ilk amaşası mədəniyyətlərin əsl beynəlmiləl dostluq bayramına çevrildi. F.Əmirovun emosional zənginliyi ilə fərqlənən ehtiraslı musiqisi tamaşanın uğur qazanmasında mühüm rol oynadı.

Zurab Ancaparidze,

SSRİXalq artisti


Əziz Əmirov cənabları! Sizi sevindirmək istəyirəm ki, Leopold Stokovski "Robin Qud Dell" orkestri ilə "Azərbaycan" simfonik süitasını çalmışdır. Əsər məharətlə ifa olunmuş və 31 min dinləyicinin əksəriyyəti heyranhğını bildirmiş, onu bu cür konsertlər silsiləsində ifa olunan müstəsna bir əsər kimi qiymətləndirmişdir.

Teodor A.Sider,

Filadelfiya (ABŞ) Kitabxanasmın

musiqi kuratoru


"Azərbaycan kapriççiosu" olduqca şux əsərdir, o, xalqın sevinc hisslərini ifadə edir, nikbin ruhu ilə, təravətli dili ilə dinləyicini məftun edir.

Natan Raxlin,
SSRİXalq artisti


Fikrət Əmirovun musiqisi böyük və şanlı yol, narahat axtarışlar, parlaq kəşflər yoludur, bəstəkar üçün bu yol boyunca mütərəqqi milli ənənələri yaşatmış və sosializm realizmi məcrasında novatorcasına zənginləşdirmişdir...

Tixon Xrennikov,
bəstəkar, SSRİ Xalq artisti


Fikrətin musiqisi xalqımızın könül mahnıları kimi səslənir, onu düşündürür, həyəcanlandırır, sevindirir.

Nurəddin Babayev,
yazıçı


Gözəllik və ağıl, dərinlik və orijinallıq, məna və aydınlıq - Fikrət Əmirov musiqisinin ruhunu, canını təşkil edən əsas keyfiyyətlərdəndir.

Əlaga Kürçaylı,
Xalq şairi


Xalq artisti F.Əmirovun əsərləri məndə həmişə güclü, parlaq təəssüratlar oyadır. Çünki onlar tarixi keçmişimizi, bu günümüzü, insan əməllərinin vüsətini gerçəkliklə və bədii surətdə xəyalımızda canlandırır. Musiqi insan taleyilə dərindən maraqlanan, ictimai həyatda fəal iştirak edən bu coşqun, ehtiraslı insanın təbii təzahürüdür.

Səttar Bəhlulzadə,
Xalq rəssamı



<< Geri