E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

FİKRƏT ƏMİROVUN FİKİRLƏRİ


Bakıya, respublikanın paytaxtına tamaşa edirəm. O necə də gözəldir! Bakı açıq kitaba bənzəyir və mən onun geniş, işıqlə küçələri il addımladıqca bu əsəri səhifə-səhifə oxuyuram. Bu kitab xalqım, onun çoxəsrlik tarixi və mədəniyyəti haqqında yazılmış əsərdir.


Bülbülün rəhbərliyi ilə Azərbaycan xalq mahnı, rəqs və muğamlarının nota köçürülməsi incəsənətimiz tarixində görkəmli hadisə kimi qeyd olunmağa layiqdir.


Qəhrəmanlıq pafosu ilə dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən “Koroğlu”, operamızın şah əsəri kimi şöhrət qazandı.


Uşaqlar və gənclər bizim gələcəyimiz, ümidimizdir. Sabahın böyük bəstəkarı və musiqişünası onların arasından çıxacaqdır. Ona görə də şagirdlərə çox yüksək tələblə yanaşmaq, onları xarici ölkələrin bəzi bayağı və şit musiqisindən uzaqlaşdırmaq – estetik tərbiyədə ən ümdə məsələlərdir.


Hər şeydən əvvəl arzu edərdim ki, aşıq sənətinin əsrləri keçib gələn gözəl, təravətli ifaçılıq ənənələri ciddi surətdə davam etdirilsin.


Azərbaycan simfonik musiqisinin gözəl, təqdirəlayiq xüsusiyyətlərindən biri də odur ki, o, milli çərçivədə qalmayaraq, başqa xalqların da musiqi folkloruna müraciət edib əsərlər yaradır, bunula da o xalqlara olan hörmət və rəğbətini bildirir, onların professional musiqisinin inkişafına, şübhəsiz, kömək edir.


Üzeyir Hacıbəyov xalqını əsl oğul məhəbbəti ilə ürəkdən sevirdi. Bu ülvi məhəbbət onun musiqi əsərlərində, ictimai, elmi və ədəbi fəaliyyətində əsas yer tutur. Biz bu məhəbbəti Müslüm Maqomayevin də musiqisində, ictimai və pedaqoji fəaliyyətində aydın görürük.


Gərək o musiqi çox təbliğ olunsun ki, o bizdə yaşamağa, yaratmağa həvəs oyadır, həyatı bizə daha da sevdirir. Adamın qol-qanadını sındırmayır, ona qanad verir.


Vaqif əfsanəyə dönmüş, babaların hikmətinə, nənələrin nağıllarına, anaların laylasına, cavanların məhəbbətinə qarışmış bir şairdir.


Şeirlərinin birində: “Canımı yandırdı şövqün, ey nigarım, hardasan?” – deyə soraqlaşan Nəsiminin özü indi Azərbaycandadır, öz vətənindədir. Böyük, işıqlı arzularla neçə ölkələr gəzən Nəsimi bu gün doğma elinə belə əzəmətli heykəl olub qayıdıb.


Deyərdim ki, əsl musiqi gözəl bir şeri xatırladır, közəl şeir isə incə bir musiqiyə bənzəyir. Obrazla desək, əsl şeirlə muqisi arasında Leyli və Məcnun ehtirası var, möhkəm bir bağlılıq var, ülviyyət var.



<< Geri