Parlaq əməlləri, dərin zəkası,
fitri istedadı ilə Azərbaycan kənd təsərrüfatı tarixinə işıqlı üfüqlər açan,
gələcək nəsillər üçün zəngin irs qoyub gedən, respublikanın heyvandarlıq
sahəsinə adı qızıl hərflərlə yazılan, ölkəmizin zootexniya elminin banisi,
görkəmli alim Firuz Əli oğlu Məlikov Azərbaycanın ilk akademiklərindən olub.
Əməkdar elm xadimi F. Məlikov Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər
doktoru olmuş, 1935-ci ildə SSSRİ Mərkəzi İcraiyyə Komitəsinin nəzdindəki Ali
Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi rütbəsi verilib.
Firuz Əli oğlu Məlikov 1902-ci il yanvarın 7-də ana Kürün qoynunda yerləşən
Salyan şəhərində anadan olub. 15 yaşında ikən atasını itirən Firuz düşünməzdi ki,
ailənin ağır yükünü öz çiyinlərinə götürmək məcburiyyətində qalacaq. Əmək
fəaliyyətinə dəftərxanada başlayan F. Məlikov işləyə-işləyə təhsilini davam
etdirib, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil
olur. Oradan Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə
keçir. 1927-ci ildə ali məktəbi bitirən F. Məlikov xüsusi heyvandarlıq
kafedrasında laborant vəzifəsində saxlanılır və elmi tədqiqat işlərinə başlayır.
Beləliklə də, F.Məlikovun həyatında yeni səhifə açılır. Yorulmaq bilmədən elmin
inkişafı naminə çalışan, işlədiyi sahədə bir-birinin ardınca yeni-yeni uğurlar
əldə edən F. Məlikov Böyük Vətən Müharibəsi illərində də ölkəyə gərəkli olur.
Onun arxa cəbhədə qalması, elmi araşdırmalarını davam etdirməsi rəhbərlik
tərəfdən məqsədəmüvafiq hesab edilir. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!"
devizi sözdə deyil, əməldə gerçəkliyə çevrildi. F. Məlikovun rəhbərlik etdiyi
kafedra çətinlikliklərə baxmayaraq zərifyunlu cinslərlə çarpazlaşdırmaq yolu ilə
yerli qabayunlu qoyunların keyfiyyətcə yaxşılaşdırılmasına böyük diqqət
yetirirdi. Bu istiqamətdə aparılan gərgin işi zəifləməyə qoymadı, mal-qaranın
salamat saxlanılması və çoxaldılması sahəsində var qüvvəsi ilə əməli köməkliklər
göstərdi. O, zərif yunluq istiqamətli "Azərbaycan dağ merenosu" cinsini yaradır.
Ona görə də, 1947-ci ildə M.Ə.Məlikovun rəhbərliyi ilə bütün yaradıcı qrupa SSRİ
Dövlət mükafatı laureatı adı verilir. 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı
Elmlər Akademiyasına Azərbaycandan ilk həqiqi üzv seçilir.
50-ci illərdə dövlətin qərarı ilə Azərbaycan Elmi Tədqiqat İnstitutu təşkil
edildi ki, bunun da yaradılmasında akademik F. Ə. Məlikovun əvəzsiz xidməti
olmub.
F.Ə. Məlikov tərəfindən 150-dən çox əsərlər yazılıb, bunlardan 4-ü tədris
vəsaiti, 20-si elmi kütləvi broşurolardır. F. Məlikovun elmi-tədqiqat işləri
qoyunçuluğun aktual məsələlərinə həsr edilib.
Akademikin oğlu Yaşar müəllimlə evlərində görüşdük. Atası haqqında yazmaq
istədiyimi eşidəndə inanmadı. İnanmadı ona görə ki, elə bilirdi F. Məlikov artıq
unudulub. 2002-ci ildə 100 illiyinin keçirilməsi üçün Azərbaycan Respublikası
MEA-nın prezidenti M. Kərimov və kənd təsərrüfatı nazirinin birgə imzaladıqları
qərarın çox bəndləri icra olunmamış qaldı. Nə televiziyada, nə radioda, nə də
ayrı-ayrı mətbuat səhifələrində ona yer ayrıldı (bu ailənin bəxtindən küsməyə
haqqı var).
Yaşar müəllimdən ailəsi barədə danışmağı xahiş edəndə - sənin ailən bizi yaxşı
tanıyır, - dedi və söhbətə davam etdi. Gözləri yol çəkdi… Sanki uşaqlıq illərinə
qayıtmışdı... “Atam həddən ziyadə təmkinli və gözəl ailə başçısı idi. O, anam
Firəngiz xanımla 5 uşaq böyüdüb, boya-başa çatdırıb. Onlar bir-biri ilə hələ
tələbə ikən tanış olmuşdular. (İrəvan xanlığının general-qubernatoru Ağahüseyn
bəy (sonradan o Şəkiyə canişin təyin olunub) anamın babası idi). Bir maraqlı
faktı nəzərinizə çatdırım ki, Moskvada Ümumittifaq Kənd Təsərrüfatı
Akademiyasında işləyən Potyomkin soyadlı professor atalıq qayğısı göstərərək
tələbəsinə, yəni atama ailə qurması münasibətilə bir dəst İngiltərə istehsalı
olan mebel hədiyyə etmişdi. Bu mebel hələ də atamdan əziz xatirə kimi evimizdə
qorunur. Ailəmizin ilki Ofelya xanım biologiya elmləri namizədidir. Yeri
gəlmişkən deyim ki, onun oğlu Azər hazırda Almaniyanın Münxen şəhərindəki
tanınmış klinikaların birində diaqnostika şöbəsinin müdiri işləyir. Mən özüm
kənd təsərrüfatı elmləri namizədiyəm. Bacılarım Svetlana və Laura
konservatoriyanı bitiriblər. Qardaşım Əliyar isə SSRİ Kənd Təsərrüfatı
Nazirliyində məsul vəzifədə işləyib. Heyif… Dünyasını tez dəyişdi. Böyük əmim
rəhmətə getdiyindən əmimin uşaqları da atamın himayəsində böyüyüb, təhsil alıb".
Yaşar müəllimin dediyinə görə, atası dostluğa da sədaqətli idi: Yadımdadır onun
sağlığında evimizə tez-tez zənglər olardı. Zəng edənlərin çoxu elm adamları,
rəhbər işçilər idi. Mərhum akademik Həsən Əliyev, professor Əziz Əliyev (atam
onunla akademik H.Əliyev vasitəsilə tanış olmuşdu), Rəhim Hüseynov, Zülfüqar
Verdiyev və s. dostluq edərdi. Həm söhbətləri, həm də xasiyyətləri tuturdu. O,
yazıçı və şairləri də sevərdi. Özü şeir və sənət vurğunu idi. Yaxşı musiqidən
ilham alardı. Sənət adamlarından rəhmətlik Nazim Hikmət, Süleyman Rüstəm, Cəfər
Cabbarlı onunla daim ünsiyyətdə olurdu. Yeri gəlmişkən deyim ki, elə mənim adımı
da Cəfər Cabbarlı qoyub". Onun sərt çıxışları kimlərəsə xoş getmədi və
yavaş-yavaş Moskvanın əli ilə vəzifələrindən uzaqlaşmasına gətirib çıxardı.
Ölkədə heyvandarlığın inkişafında fəal inkişafına görə SSRİ Ali Sovetinin
Rəyasət Heyətinin fərmanı ilə F. Məlikov Lenin ordeni, qırmızı əmək bayrağı
ordeni və medallarla təltif olunmuşdu. Azərbaycan ET Heyvandarlıq İnstitutu
hazırda onun adını daşıyır. Adına küçə var. 1962-1965-ci illərdə F. Məlikov
Azərbaycan Dövlət Universitetində genetika və darvinizm kafedrasının professoru
işləmişdir. 1965-ci il noyabrın 12-də-ömrünün müdrük çağında əbədiyyətə qovuşdu.
Fəxri Xiyabanda dəfn edildi. O, bütün ömrünü elmə həsr etmişdi desək, səhv
etmərik. Belələri çox azdır. F. Məlikov onu tanıyanların - elm adamlarının,
tələbələrinin qəlbində özünə heykəl qurmuşdur. Belə Vətən oğulları ilə fəxr
etməyə dəyər.
Rauf QARAYEV
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü