Əbədiyaşar lider
Qətiyyəti ilə inkişaf strategiyasını, milli birlik və həmrəyliyi, təfəkkürü, azərbaycançılıq məfkurəsini formalaşdıran, müstəqilliyimizin əbədi xilaskarı Heydər Əliyevin ideyaları hər zaman üçün bələdçidir
Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin , mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir.
Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir.
Prezident İlham Əliyevin imzaladığı ?Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında?kı sərəncamda qeyd olunduğu kimi ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
?Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm? söyləyən, həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir epoxadır.
Azərbaycan naminə çalışmaq, yenə də çalışmaq məqsədi, məramı ONU şöhrətpərəstlik duyğularından daim kənarda saxlayıb. Sonradan söylədiyi ?Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam? sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: ?Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.?
Dünya birliyində , Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi ilə tanınan Azərbaycanın keçdiyi yol hamar olmasa da xalqı zamanın burulğanlarından çıxarmağı bacaran sərkərdələri olub. Adı hörmət və etiramla anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Heydər Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1985-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə diqqət və qayğı göstərməklə insanlarda milli məfkurə və təffəkürü formalaşdıran, Konstitusiyamızın qəbulu ilə hüquqi dövlətin əsasını təşkil edən, ali qanunları təkmilləşdirən ulu öndər arzuladığı demokratitik islahatların aparılması üçün möhkəm, etibarlı təməl yaratdı.
Sərəncamda qeyd olunduğu kimi respublikamızın bugünkü inkişafını xarakterizə edən, haqqında qürurla danışdığımız dünya iqtisadiyyatına inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksəlməsi, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin nümunəsidir. Torpaqların şəxsi mülkiyyətə verilməsi, bazar iqtisadiyyatına keçidin əsas tələbi olan qeyri-neft sektorunun yaradılması və inkişaf etdirilməsi ulu öndərin uzaqgörən siyasətinin nəticəsi idi.
Azərbaycanda aparılan sürətli inkişafdan heyrətlənən, bitib-tükənməyən enerji ilə çalışan, xalqının, vətəninin tərəqqisi üçün ağıla gəlməyən ?Əsrin müqaviləsi? kimi əfsanələri reallığa çevirən, neft strategiyasını müəyyənləşdirməklə misilsiz xidmət göstərən ulu öndər Heydər Əliyev dühasına, zəkasına, siyasi fəaliyyətinə, geniş dünyagörüşünə və uzaqgörənliyinə həsəd aparanlar çox oldu.
Qlobal layihələri ilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında önəmli yeri və rolu olan Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması Azərbaycanın bugünkü inkişafını şərtləndirən təməl kimi tarixə yazıldı.
Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə belə onun neft sənayesinin inkişafına göstərdiyi diqqəti, bilavasitə təşəbbüsü ilə tikilən ittifaq əhəmiyyətli fabrik, zavodları, mədəniyyət ocaqlarının adları çəkilsə belə bir neçə cildə sığmayan kitablar hazırlanar.
Heydər Əliyevin uzaqgörən siyasətinin ən dəyərli, məntiqi nəticələrindən biri C.Naxçıvanski adına hərbi məktəbi yaratması oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlərin 85 faizi bu məktəbin yetirmələridirlər. Bu məktəbin yaradılmasını siyasi fəaliyyətinin şah əsəri adlandıran ulu öndər qeyd edirdi ki, mən indi düşünürəm ki, bu hərbi məktəb olmasaydı bizim ordumuzdakı zabitlərin çoxu yəqin olmayacaqdı. Hər il 800-900 azərbaycanlı gəncin Sovetlər İttifaqının ali hərbi məktəblərinə göndərilməsi də məhz uzaqgörən siyasətin bəhrəsi kimi müasir dövrümüzdə səmərəsini göstərir. Dövlətçiliyin ən vacib atributlarından olan ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir ki, bu gün Azərbaycanın qüdrətli Silahlı Qüvvələri regionda nizam-intizami, maddi-texniki bazasının mükəmməlliyi ilə fərqlənir.
Ulu öndər öz gücünə inandığı qədər də xalqının qətiyyətinə güvənirdi. Vurğulayırdı ki, əgər xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur. Müdrik siyasətçi inanırdı ki, vaxt gələcək Azərbaycan imperiya buxovundan azad olacaq, müstəqilliyini bərpa edəcək, azadlığına qovuşacaq.
Onun rəhbərliyi illərində Azərbaycanın onlarla tanınmış. elm, mədəniyyət, incəsənət xadimi keçmiş sovetlərin ən yüksək fəxri adları orden və medalları ilə təltif olundu, abidələr ucaldıldı, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində önəmli addımlar atıldı. Bütün quruculuq işlərinə strateji xarakter kimi diqqət yetirən Heydər Əliyev güclü potensialı, qətiyyəti ilə xalqına, Vətəninə bağlılığını təsdiqləyən tarixi xidmətləri ilə müasir Azərbaycanın yaradıcısı olduğunu təsdiqlədi. Müstəqqilliyimizin əbədi qarantı kimi respublikanı daxili və xarici qüvvələrin təhdid, təzyiq və təsirlərindən qorudu. ?İnsanlarda milli dirçəliş ideyasını yalnız milli liderlər həyata keçirə bilərlər? ifadəsi məhz onun simasında əksini tapdı.
Onun sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Sovetinin sessiyasında muxtar respublikanın adından ?sovet sosialist? sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, gerbi, himni bərpa edildi. Bu qətiyyətli addım o dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərləri qəzəbləndirsə də atılan hər bir addım ötən əsrin əvvəlində yarımçıq qalan müstəqillik ideyasının əbədiliyinə ümummilli lider Heydər Əliyevin sədaqəti, vətəndaşlıq borcu, liderlik missiyasının başlanğıcı idi.
20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. SSRİ-ni başqa formatda təşkil etmək üçün irəli sürülən və müttəfiq respublikların suveren hüquqlarını pozan ?ittifaq müqaviləsi?nin əsil mahiyyətini uzaqgörənliklə hiss edib ?təhlükəli oyunun? ağır itkilərlə nəticələnəcəyini xalqa çatdıran müdrik şəxsiyyət Heydər Əliyev haqlı olaraq bunu M. Qorbaçovun xalqı aldatmaq cəhdinin bir təzahürü adlandırdı. Azərbaycan xalqının başına gətirilən oyunlarda imperiyanın əli olduğunu qətiyyətlə bildirərək ?bizim ittifaqdan nicatımız yoxdur? dedi. Dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün həmrəylik gününü elan etdi.
Hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən qorumaqla, o zamanlar insanları daim qorxuda saxlayan ?boz qurd?lara, ?qara polkovniklərə? ağılının, zəkasının qüdrəti ilə tarixi dərs verdi.
1993-cu ildə xalqın təkidli tələbi ilə hakmiyyətə qayıdan ulu öndər Azərbaycanın tanınmış elm xadimləri ilə görüşündə bir daha birdirdi ki, mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm.
Milli dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılan tarix isə 15 iyun xalqı məşəqqətlərdən qurtaran ulu öndərin Bakıya dönüşü milli- mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza QAYIDIŞ günü oldu. O gündən etibarən müstəqilliyimizin əbədi olması üçün böyük xidmətlər göstərən dahi Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı , süverenliyimizin etibarlı qarantı, xilaskarı oldu.
Sovetlərə dırnaqarası rəhbərlik edən ermənipərəst M.Qorbaçovun yeritdiyi siyasətə etirazını açıq-aydın bildirəndə də, təqib olunmasına baxmayaraq vətəninə dönəndə də ONUN qarşısında bir aydın yol görünürdü. Bu yol Azərbaycanın müstəqillik, suverenlik yolu idi. Müdrik şəxsiyyət insanlara yol göstərmək, onları arxasınca aparmaqla kifayətlənmirdi.
?Müstəqillik qədər çətin yol yoxdur... Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq, əbədi etmək ondan da çətindir? kimi fikirləri hər zaman üçün proqram sənədinə çevrildi. Hakimiyyətə qayıtdıqdan sonra da canından artıq sevdiyi vətəninin təhlükədə olduğunu hiss edən ulu öndər ömrünün qalan hissəsini də xalqının azadlığı yolunda qurban verəcəyini bildirdi.
Müstəqilliyin qorunması isə təbii ki, iqtisadi imkanlar, siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Neft strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən ulu öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna ?yaşıl işıq? yandırdı.
Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri-birindən önəmli islahatlar apardı, proqramlar həyata keçirdi. Azərbaycan dilinə dövlət statusu verildi.
Bütün dövlət və xalqlarla əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşamağa xarici siyasətimizin prioritetləri kimi diqqət yetirən ulu öndər xarici ölkələrə intensivləşən səfərləri zamanı ən çox diqqət yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq, qürbətdə yaşayan həmyerilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi.
Müdrik siyasətçi Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Lissabon sammitindən başlayaraq dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatlarında - BMT-də, ATƏT-də, AŞPA-da tam hüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada Azərbaycanın mövqeyi nəzərə alınmasın. Bu möhtəşəmlik Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi Prezident İlham Əliyev iradəsinin göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması, ən mötəbər yarış və ?Eurovision? kimi beynəlxalq mahnı müsabiqələrində , XXX London Yay Olimpiadasında üçrəngli bayrağımızın yüksək pillədə dalğalanması Heydər Əliyev ideyasının, qətiyyətli Prezident İlham Əliyevin bu ideyalara sədaqətinin ifadəsidir. Azərbaycan artıq sivilizasiyalar arası dialoq məkanı kimi şöhrətlənib. Hər il ölkəmizdə keçirilən beynəlxalq mərasimlərdə iştirak edən qonaqlar hər kəsi heyrətləndirən inkişafımızı etiraf etməklə kifayətlənmir, təcrübəmizdən bəhrələnmək istəklərini də gizlətmirlər. Ümumdünya İqtisadi Forumun aprel ayında ölkəmizdə keçirilməsi təşəbbüsü, ilk Avropa Olimpiya Oyunları üçün Azərbaycanın seçilməsi iqtisadi inkişafı, siyasi sabitliyi ilə seçilən respublikamıza maraqdan irəli gəlir. Azərbaycanın belə dinamik inkişafı isə respublikamızın düyaya günəş kimi doğmasını arzulayan ümummilli lider Heydər Əliyevin istəklərinin reallaşmasını göstərir.
Xuraman İsmayılqızı
İki sahil.- 2013.- 1 fevral.- S.4.
?