Ulu öndərə əbədi ehtiramla

Heydər Əliyevə həsr olunmuş musiqi əsərləri zamanın bədii həqiqətləridir

Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində musiqi sənətinə və musiqiçilərə xüsusi diqqət və qayğı ilə yanaşmış, Azərbaycan musiqi mədəniyyətinə yeni tərəqqi yolları açmış, musiqi sənətinin inkişafı üçün təsirli tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin siyası fəaliyyətinin əsas məqsədlərindən olan Azərbaycan mədəniyyətinin təbliği, tanınması, qorunması və davamlı inkişafı özünün parlaq ifadəsini və uğurlu nəticələrini professional musiqi mədəniyyətinə münasibətində də real şəkildə tapmışdır.

Heydər Əliyev həyatı boyu musiqinin və musiqiçilərin ən yaxın dostu, mənəvi himayədarı olmuşdur. Onun bəstəkarların, ifaçıların, balet ustalarının, dirijorların, ustad xanəndələrin, aşıqların yubileylərinə dair sərəncamları, onlara ünvanladığı təbrik məktubları və səmimi ürək sözləri ulu öndərin sənətkar əməyinə, sənətkar şəxsiyyətinə, verdiyi böyük qiymətin, bəslədiyi ehtiram və hörmətin əyani sübutudur, bu diqqət ümumən Azərbaycan musiqi mədəniyyətinə, onun gələcək tərəqqisinə göstərilən qayğının təzahürü idi.

Heydər Əliyevin cəmiyyətdə o cümlədən musiqi ictimaiyyətində "Mədəniyyətimizin hamisi kimi" yüksək ad qazanması, əslində ulu öndərin diqqət və qayğısına verilən ən ədalətli, ən doğru qiymətdir. İctimai rəy Heydər Əliyevin sənətə və sənətkara qayğısına müsbət yanaşır, onun himayədarlıq missiyasını yüksək qiymətləndirir. Hər bir sənətkar Heydər Əliyevin mənəvi və maddi dəstəyini böyük razılıqla qarşılamış, bu qayğı sənətkarlara yeni yaradıcılıq stimulları vermişdir.

Azərbaycan sənətçisi Heydər Əliyevin simasında musiqi sənətənin arxasında böyük və qüdrətli bir himayədarın, böyük dostun varlığını həmişə hiss etmiş, bu sənətkarı bir yaradıcı, bir vətəndaş kimi də qürrələndirmiş, ilhamlandırmışdır. Heydər Əliyevə həsr edilmiş çoxlu sayda musiqi əsərləri azad sənətkar seçiminin bədii məhsulu kimi meydana gəlmişdir. Bu əsərlərdə zərrə qədər də şablonçuluğa, siyasi konyunkturaya yol verilmir. Əksinə, Heydər Əliyevə həsr edilən musiqi əsərləri ulu öndərə, onun mədəniyyət qarşısındakı tarixi xidmətlərinə, müstəqil dövlət quruculuğundakı siyası fəaliyyətinə, vətən üçün yaratdıqlarına musiqi vasitəsilə sərgilənən səmimi sənətkar hörməti və sevgisinin etirafıdır. Bu gerçəklikdən çıxış edərək, Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərinə zamanın bədii sifarişi, tariximizin bədii həqiqətləri kimi yanaşırıq. Tarixi şəxsiyyətlərin, siyasət və dövlət xadimlərinin bədii vasitələrdə qiymətləndirilməsi sənətin estetik funksiyalarından kənar deyil. Bədii qiymətləndirmə metodları mədəniyyət tarixində hələ qədimlərdən mövcud olmuşdur. İncəsənət əsərlərinin bədii inikasında və bədii qiymətləndirməsində faktlara, şəxsiyyətin roluna və quruculuq əməllərinə, humanist və nəcib xarakterinə, daxili mənəvi aləminə, onun cəmiyyətdə qazandığı nüfuza və sevgiyə, xalq üçün xidmətlərinə yanaşmasında yaradıcılıq maraqları əsas meyar və amil kimi çıxış edirlər. Heydər Əliyevə həsr etdikləri musiqi əsərlərində də müəlliflər məhz ulu öndərin bu kimi yüksək siyasi, mənəvi, içtimai, şəxsiyyət, lider keyfiyyətlərini, əvəzsiz xidmətlərini, quruculuq əməllərini, böyük dövlətçilik fəaliyyətini bədii qiymətləndirmənin obyektinə çevirmişlər. Heydər Əliyevə musiqinin, demək olar, əksər janrlarında əsərlər həsr olunmuşdur: 1. Simfonik əsərlər; 2. Kamera-instrumental əsərlər; 3. Xor əsərləri; 4. Mahnı və romanslar; 5. İnstrumental əsərlər.

Bu əsərləri mövzu baxımından bir neçə istiqamətə bölmək olar: 1. Heydər Əliyevə həsr olunmuş iri həcmli bioqrafik əsərlər; 2. Heydər Əliyevin tarixi şəxsiyyətinə və böyük humanistliyinə həsr olunmuş fəlsəfi əsərlər; 3. Vətəni, müstəqilliyi, qələbələri, nailiyyətləri vəsf edən və Heydər Əliyevə ithaf olunan əsərlər; 4. Heydər Əliyev haqqında xatirə (memorial) əsərlər.

Ulu öndərə həsr olunmuş iri həcmli simfonik əsərlərdən bəzilərini təqdim edək: Cövdət Hacıyevin "Onu zaman seçib" simfoniyası və "Ulu öndər" simfonik poeması, Musa Mirzəyevin "Azadlığın baharı" kantatası, Vasif Adıgözəlovun "Odlar yurdu" kantatası, Arif Məlikovun "Əbədiyyət" simfoniyası, Tofiq Bakıxanovun "Sən həmişə bizimləsən" simfonik poeması, Oqtay Rəcəbovun simfonik orkestr ilə xor üçün "Heydər Ata" oratoriyası, Vasif Allahverdiyevin "Ömür yolu" simfonik poeması, İdris Mirzəyevin "Üç dənizin əfsanəsi" simfoniyası... Tarixi şəxsiyyət, ümummilli lider, müasir dövrün böyük siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş by monumental əsərlər öz məzmununa, ideyasına, yüksək professional səviyyəsinə və müəllif səmimiliyinə görə müasir simfonik və xor musiqisinin dəyərli nümunələridirlər. Bu musiqi əsərlərində Heydər Əliyevin mənalı həyat yolu, onun milli inkişaf, müstəqil dövlətçilik, sabitlik uğrunda mübarizələri, vətənə və xalqa sönməz sevgisi, millətə məhəbbətlə döyünən qəlbi, möhtəşəm tarixi şəxsiyyət kimi obrazı, Heydər Əliyevin siyasi portreti, ulu öndərə sənətkar sevgisi müxtəlif janrlarda canlandırılmış, musiqinin zəngin bədii forması, dili və üslubu ilə bəyan edilişdir. Bu əsərlərin məzmununda sənətkar mövqeyinin səmimiyyəti, müəllif ehtiramı aydın duyulur.

Müslüm Maqomayevin "Azərbaycan" mahnısı Azərbaycanı tərənnüm edən və tanıdan "musiqi brendi"dir - desək, yanılmarıq. Bu musiqi əsərinin hər bir intonasiyası doğma vətənə, onun əsrarəngiz təbiətinə, dağına, çiçəyinə, insanlarına, sərvətlərinə sönməz məhəbbətdən, müqəddəs hisslərdən, səmimi vətən yaşantılarından hörülmüşdür. Müslüm Maqomayev Nəbi Xəzrinin sözlərinə bəstələdiyi bu mahnını eynilə həmin hisslərlə də ifa etmişdir. Ən əlamətdar cəhət budur ki, vətənimizi tərənnüm edən "Azərbaycan" mahnısı, Azərbaycanın sevgi dolu möhtəşəm tərənnümü məhz Heydər Əliyevə həsr olunmuşdur. Bu həsrolunmada üç böyük məna vardır. Birincisi, Azərbaycan adının Heydər Əliyev adına bərabər tutulması, ikincisi Heydər Əliyevin qəlbində sönməz Azərbaycan sevgisi, üçüncüsü, sənətkarın - müəllifin özünün Heydər Əliyevə bir millət lideri, qurucu dövlət xadimi və sənətkarların əziz dostu kimi səmimi sevgisi.

Hər dəfə bu mahnını eşidəndə bir vətəndaş kimi qəlbimiz sözlərə sığmayan böyük qürurla, fəxarətlə dolur, azərbaycanlı olmağımızla, vətənimizlə öyünürük. Bu mahnı hər dəfə səslənəndə istər-istəməz müğənniyə qoşulub bu vətən nəğməsini oxuyuruq. Bu mahnıda Heydər Əliyevin adı çəkilməsə də, onun Azərbaycan sevgisini aydın duyuruq, liderin son nəfəsində dediyi "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" səsini mahnının səslərində eşidirik. Bu mahnının melodiyası insanların da, sənətkarın da, ulu öndərin də vətənə olan böyük sevgisindən danışır. Bu musiqidə çoşqu, möhtəşəmlik də, ana laylası qədər həzinlik də var. Mahnının təmtəraqlı, əzəmətli başlanğıcı, məhz Azərbaycan insanının ulu, möhtəşəm vətən sevgisini, vətənin müqəddəsliyini dünyaya bəyan edir. Bu möhtəşəm başlanğıc istər-istəməz hər birimizə böyük vətəndaş nümunəsi olan Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" çağırışı ilə, ulu öndərin möhtəşəm vətən, millət, azadlıq sevgisi ilə həmahəng səslənir. Mahnı elə ilk notlarından müstəqillik, inkişaf, dünya azərbaycanlılarının birliyi, millətlərin imzasına Azərbaycanın adının daxil edilməsi, Azərbaycanın bütün sahələrdə davamlı tərəqqisi uğrunda çətin və şərəfli tarixi fəaliyətilə xalqının qəlbində, vətəninin tarixində əbədilik qazanan ümummilli liderin ölməz, əzəmətli, əbədi obrazını canlandırır. Bəli, Azərbaycana bəstəkarlarımız tərəfindən onlarla gözəl mahnılar qoşulub və onların sırasında Heydər Əliyevə həsr olunanları da var. Lakin M. Maqomayevin Heydər Əliyevə həsr etdiyi bu mahnı onların içərisində, mən deyərdim, ən möhtəşəmi, ən gözəli, ən qüdrətlisidir. Bəlkə də mahnının belə əzəmətli, həm də məhəbbətli, qüdrətli, eyni zamanda lirik və səmimi melodiyası M.Maqomayevin qəlbində bir-birindən ayrılmaz olan üç sevgi intonasiyalarından qurulub: Azərbaycana, Heydər Əliyevə və musiqiyə olan böyük sevgidən. Nəriman Məmmədovun "Müstəqil vətənim", "Sənsən xilaskarımız", "Yeni Azərbaycan", "Ellər oğlu", Ramiz Mirişlinin "Məşəl kimi yanan ürək", Eldar Mansurovun "Heydərnamə", Faiq Sücəddinovun "Azərbaycan", Azər Dadaşovun "Bir millət, iki dövlət", "Yeni Azərbaycan marşı", İlham Abdullayevin "Heydər Ata", "Həqiqət yolu", "Cənab Prezident", Sərdar Fərəcovun "Böyük vətəndaş haqqında Oda", "Ordumuz", "91-lər marşı", Həsənağa Qurbanovun "Dahilər dühası", gənc bəstəkarlardan Nailə Mirməmmədlinin "Azərbaycan-möhtəşəm diyar", "Azərbaycan səs salacaq", "Azərbaycan bayrağı", Hikmət Mirməmmədlinin "Ey, Ana Vətən", "Ana yurdum Azərbaycan", "Gənc heydərçilər marşı", Lalə Cəfərovanın "Bakı-Ceyhan", "Zəfər marşı", İsa Məlikovun "Doğma Azərbaycan" və digər bəstəkarlarımızın ulu öndərə həsr edılən onlarla gözəl, səmimi mahnıları elə ilk ifadan dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.

Maraqlıdır ki, həvəskar bəstəkarların bu mövzuda yazdıqları mahnılar da milyonların qəlbində özünə sevgi və rəğbət qazana bilmişdir. Bunun isə səbəbi gerçək olduğu qədər də sadədir: aydın duyulan səmimilik və ulu öndərə müəllif məhəbbətinin ümumxalq sevgisi ilə qaynayıb-qarışması. Nümunə olaraq, Kamalın "Xalq Heydər söyləyəcək", Ələkbər Tağıyevin "Vətən oğlu", Əlibaba Məmmədovun "Ürək deyir yaşa hələ", "Min yaşasın", Yaşar Həşimovun "Yaşa, Prezidentim, yaşa!", Məmmədbağır Bağırzadənin "Azərbaycan oğluyam", Xanım İsmayılqızının "Dahi", Niyaməddin Musayevin "Ata", "Qurtuluş", Hüseyn Hüseynovun "Azərbaycan", Tünzalə Ağayevanın "Mən fəxr edirəm ki, Azərbaycanlıyam", "Xalqın ehtiyacı var" (simfonik orkestr ilə xor üçün işləyən S. Fərəcov), Abbas Vəliyevin "Zəfər mahnısı", Namiq Nəbiyevin "Azadlıq bayrağı" və sairəni göstərmək olar. Heydər Əliyevin vəfatı bütün sənət xadimləri kimi professional musiqiçiləri də dərindən kədərləndirdi. Millətimizin bu ağır itkisi ümummilli liderin xatirəsinə əbədi ehtiramın ifadəsi olan memorial musiqisi əsərlərinin yaranmasına səbəb oldu. Nümunə kimi, ilk növbədə Fərhad Bədəlbəylinin fortepiano üçün "Elegiya" əsərini, Firəngiz Əlizadənin kamera orkestri üçün "İthaf" və Faiq Sücəddinovun fortepiano üçün "Elegiya" pyeslərini, Fidan və Xuraman Qasımovaların səs ilə simfonik orkestr üçün "Liderə ithaf" romansını, Arif Mirzəyevin orqan ilə xor üçün "Dahi Prezidentə xatirə duaları", Vasif Allahverdiyevin səs ilə kamera orkestri üçün "Elegiya" əsərini, həvəskar bəstəkar Kamalın Leyla Əliyevanın sözlərinə bəstələdiyi "Mənim babam", Sevil Əliyevanın "Ata" mahnılarını və başqalarını misal göstərə bilərik. Bu əsərlər yaxın dostunun, mədəniyyətin himayədarının, ümummilli liderin itkisindən təsirlənən professional sənətkarların Heydər Əliyev haqqında xatirələrini, fəlsəfi düşüncələrini, elegiyalı yaşantılarını ifadə edirlər.

Tədqiqat və təhlil mövzumuz olan bu əsərlər haqqında geniş oxucu auditoriyasının, Heydər Əliyev irsini öyrənənlərin, incəsənət adamlarının, yaradıcı ziyalıların, bütün musiqisevərlərin daha ətraflı məlumatlandırılması, onların daha geniş təbliği aktual bir məsələ kimi musiqi mədəniyyətimizin həmişə gündəliyindədir.

Ariz ABDULƏLİYEV,

musiqişünas, Ü. Hacıbəyli

adına Bakı Musiqi

Akademiyasının dosenti

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 4.