Hörmətli xanımlar və cənablar, hörmətli
dostlar! Bu gün biz buraya -Azərbaycan Respublikasının
mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov
adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət
üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,
zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət
xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Mən vaxtilə bu kitabxanaya dəfələrlə
gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox
böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada
çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm.
Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın
miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz
Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi oluruq.
Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə
Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir.
Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox
maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər
dünyanın bir çox
ölkələrində də Azərbaycanı təmsil
edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda
miniatür kitab nəşrinin tarixi çox qısadır. Mən çox məmnunam
ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin
və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür
nəşrini də görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab
nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir.
Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan
Respublikasının "Kitab" Cəmiyyətini, buraya toplaşanları
təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş,
təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir.
Burada mənim Azərbaycan prezidenti
vəzifəsinə başlayarkən andiçmə mərasimində nitqimin də
miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin kitabı mənə
təqdim etdilər. Mən buna çox məmnunam. Doğrudan da,
mən nitqləri söyləyirəm, lakin bunların kitab şəklində
çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki, haradasa
dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər.
Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən
mənim üçün də çox əhəmiyyətli olan andiçmə mərasimində
söylənilmiş nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim
üçün də əlamətdar hadisədir. Bu işin təşəbbüsçülərinə,
kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan
Respublikasının "Kitab" Cəmiyyətinə və onun rəhbəri Zərifə
xanım Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın
"Stark enterprayz" firmasının bu işdə fəaliyyətini,
təşəbbüsünü qiymətləndirir və təşəkkürümü bildirirəm.
Burada Zərifə xanım xoş sözlər söylədi və
arzularını bildirdi. Güman edirəm ki, bunlar bizim ümumi
arzularımızdır və hamımız çalışmalıyıq ki, bu arzular yerinə
yetsin, Azərbaycanda kitab nəşri inkişaf etsin, miniatür
kitablar kolleksiyası da genişlənsin. "Stark" firmasının
nümayəndəsi, həmvətənimiz cənab Nisanovun nitqində məni
sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan vətəndaşları,
burada böyümüş, yaşamış, onunla bağlı olan insanlar
Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da,
ölkəmizə kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar.
Nisanovlar ailəsi Bakıda məşhur ailədir.
Onlanrın bir neçə nəsli mənim xatirimdədir. Güman edirəm ki,
siz də Nisanovlar ailəsindənsiniz. Mən bu ailənin keçmişini
də bilir, onları tanıyıram. Indi belə başa düşdüm ki,
Nisanovlardan biri Amerika Birləşmiş Ştatlarında yaşayır,
ancaq doğma Vətəni kimi Azərbaycanı unutmamışdır və mənsub
olduğu firma ilə bərabər ölkəmizə kömək edir, iqtisadi və
başqa əlaqələr qurur. Mən bu təşəbbüsü bəyənir və ümidvar
olduğumu bildirmək istəyirəm ki, bu iş davam edəcək,
Azərbaycanda doğulub-böyümüş, indi ondan kənarda olan
adamlar Azərbaycanı unutmayacaq, doğma Vətən kimi həmişə yad
edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.
Bu, indi bizim üçün çox lazımdır. Çünki
biz Azərbaycanı dünyaya açmışıq, indi Azərbaycanın həm
ərazisi, iqtisadiyyatı, həm də intellektual potensialı dünya
üçün açıqdır. Iqtisadi və ticarət əlaqələrimizdə tam
açıqlığı təbliğ edirik və bunu genişləndirməyə çalışacağıq.
Bayaq qeyd etdiyim addımlar, böyük olmasa da, xarici
ölkələrlə, dünya iqtisadiyyatı, dünya mədəniyyəti
ilə birləşməyə, əlaqələri inkişaf
etdirməyə olan meyllərimizə kömək edir. Ona görə də
mən bu təşəbbüsü bəyənir və güman edirəm ki, o, gələcəkdə də
davam edəcəkdir.
Kitab nəşri hər bir ölkənin, xalqın
mədəniyyətində, ümumiyyətlə mənəvi, ictimai həyatında çox
görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab
vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət
göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara
borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr
etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan
bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti
kimi bunu əsas vəzifələrimdən biri sayıram.
Doğrudur, indiki ağır sosial-iqtisadi
böhran dövründə, respublikamızın iqtisadiyyatında yaranmış
çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin
məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox
çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu
çətinliklərin qarşısını almalıyıq, bunun üçün yeni-yeni
yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir.
Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə
nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən
maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin
sahə çox genişlənmişdi. İndi, dövlətin imkanları
məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı
yolu ilə getdiyimiz bir vaxtda, özəl bölməyə geniş imkanlar
yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik də olsa, özəl
bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün
imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf
etdirilməsinə, xüsusən kitab nəşrinin genişləndirilməsinə
cəlb etməli, yönəltməliyik;
Bu sahədə başqa ölkələrdə, xüsusən
Rusiyada yaxşı təcrübə var. Məsələn, Rusiyada bəzi firmalar,
şirkətlər uşaqlar, gənclər üçün, ümumiyyətlə cəmiyyət üçün,
o cümlədən məktəblilər üçün lazım olan kitabların nəşrini öz
üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə
nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də
yaxşı kitablar buraxırlar.
İndi respublikamızda xeyriyyəçilik
fəaliyyəti genişlənir. Arzu edərdim ki, bizim iş adamları,
imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyəti
göstərdikləri kimi, bu işdə kitabların yazılması və
nəşri sahəsində də köməklərini əsirgəməsinlər. Zənnimcə, bu,
xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş
adamlarını buna dəvət edirəm. Şübhəsiz ki, dövlətin
imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Ancaq,
bayaq dediyim kimi, indi biz mülkiyyət formasını
dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl
bölməyə geniş imkanlar yaradırıq və bundan sonra da
yaradacağıq. Ona görə də bunların hamısı ümummilli əhəmiyyət
kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır.
Ümidvaram ki, belə də olacaqdır.
Buradakı sərgidə Azərbaycanın görkəmli
yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür
nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu,
əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz,
mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər.
Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının
təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin,
mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq
xalqımız Azərbaycanın elmi, mədəni potensialından,
ümumiyyətlə intellektual potensialından bundan sonra daha
çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə
yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər.
Onlara kömək etməliyik, şərait yaratmalıyıq.
Eyni zamanda yazılan kitabların nəşr
olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, yazanlar və
yazmaq istəyənlər çoxdur. Bu adamlar - alimlər, yazıçılar,
mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap etdirə
bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq
bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu
tapmalıyıq, özü də bunu birlikdə axtarmalıyıq. Dövlət də
bütün imkanlardan istifadə edəcəkdir. Ancaq ayrı-ayrı
cəmiyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə
qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli
nəticələri olsun.
Bugünkü mərasim münasibətilə hamınızı bir
daha təbrik edirəm. Belə hesab edirəm ki, bu, təkcə mənim
nitqimin miniatür nəşrinin təqdimatına yox, ümumiyyətlə,
respublikamızda miniatür kitabların sərgisinə həsr
olunmuşdur. Bu sərgini təbrik edirəm və çox böyük
məmnuniyyətlə onunla tanış olmaq istəyirəm.
Mən indi kitabxanaya xeyli kitab
bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini
tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan,
ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim
özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və
kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə,
gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan
ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün
yəqin ki, ona kitablar bağışlayacaqlar. Bilirəm, bizim bu
kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu
barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki,
gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni
əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər,
yeni məlumat gətirir. Ona görə də bizim bu mərkəzi
kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun.
Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var
idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf
etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq gərək
indi buraya hərə öz payını versin. Azərbaycanın bütün
ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.
Bağışladığım kitabları nümayiş etdirmək
istəmirəm. Ancaq bizim üçün müqəddəs olan bir kitabı da
bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən Səudiyyə
Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam
aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox
məmnun olduq. Orada - İslam dininin mərkəzi olan Məkkədə
mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə
buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına
verirəm.
Hamınıza bir daha hörmət və ehtiramımı
bildirirəm. Sizinlə, xarici ölkələrin burada iştirak edən
nümayəndələri, səfirləri ilə görüşdüyümə görə məmnun
qaldığımı qeyd edirəm. Sağ olun.
|