Hörmətli xanımlar və cənablar, dostlar!
Bugünkü mərasim "Azərbaycan internəşnl" jurnalının beşillik
fəaliyyətinin qeyd olunmasına həsr edilmişdir.
Son illər belə bir ənənə yaranıbdır ki, yeni bir maraqlı
kitab, yaxud jurnal, toplu, məcmuə, başqa bir əsər meydana
çıxan zaman onun təqdimat mərasimi keçirilir. Bu ənənədən
fərqli olaraq "Azərbaycan internəşnl" jurnalı beş il bundan
əvvəl özünün ilk addımlarını atıbdır və heç bir təqdimat
mərasimi keçirməyibdir. Ancaq ötən illərdə ilbəil öz
fəaliyyətini artırıb, gücləndirib və jurnalı çox yüksək
səviyyəyə qaldırıbdır. Hesab edirəm ki, indi jurnalın
fəaliyyətinə qiymət vermək üçün bu mərasim çox lazımlı bir
mərasimdir.
Mübaliğəsiz demək olar ki, "Azərbaycan internəşnl" jurnalı
müstəqil Azərbaycanın həyatında, ümumiyyətlə, dünya
Azərbaycana məxsus olan çox əlamətdar və nadir bir
hadisədir. Azərbaycan daim öz milli mədəniyyətini,
nailiyyətlərini xalqımızın ənənələrini dünya xalqlarına,
ictimaiyyətinə tanıtmağa çalışmışdır. Bu sahədə Azərbaycanın
mütəfəkkir insanlarının tarix boyu göstərdikləri xidmətləri
biz daim qiymətləndirməliyik. Ancaq bu səylər nə qədər
olmuşdursa Azərbaycan dünyada, dünya xalqları içərisində
indiyədək heç vaxt tanınmamışdır.
Sübhəsiz ki, indi dünyada tanınmağımızın ən əsas səbəbi
Azərbaycanın dövlət müstəqilliyi əldə etməsidir və dövlət
müstəqilliyi əldə edəndən sonra bir müstəqil dövlət kimi
Azərbaycanın Dünya Birliyinə daxil olmasıdır. Ancaq bu fakt
da yəni bu hüquqi, siyasi akt da öz-özlüyündə Azərbaycanı
dünyada istədiyimiz kimi heç vaxt tanıda bilməz. Bunun üçün
daim ardıcıl, çoxsahəli işlər görmək lazımdır. Bu işlər
bütün sahələrdə aparılmalıdır. Dövlət orqanları, bizim
ictimai təşkilatlarımız, mədəniyyət, elm xadimlərimiz -
hamımız birlikdə Azərbaycanı dünyaya açmağa, tanıtmağa
çalışmalıyıq, Azərbaycanın həqiqətlərini dünyanın hər bir
guşəsinə çatdırmağa çalışmalıyıq.
Bu, indi xüsusən ona görə daha da çox lazımdır ki,
Ermənistanın Azərbaycana təcavüzü başlayandan,
Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi dövrdə
Ermənistanın tərəfdarları, dünyada olan erməni diasporunun
təbliğat maşını çox güclü olmuşdur. Onlar Azərbaycana
təcavüz etdikləri, torpaqlarımızı işğal etdikləri, işğal
olunmuş ərazilərimizdən bir milyon insanı öz
yerindən-yurdundan zorla didərgin saldıqları halda
Azərbaycanı məhkum etməyə çalışmışlar, Azərbaycan haqqında
yalan, iftiralar, böhtanlar yaymışlar. Təəssüf ki,
Azərbaycanın təbliğatı olmadığına görə, yaxud da çox zəif
olduğuna görə onlar üstünlük əldə edə bilmişlər və öz
istədiklərinə nail olmuşlar. Yaranmış şərait bir tərəfdən
bizim vəziyyətimizi çox mürəkkəbləşdirmişdir, ikinci
tərəfdən də Azərbaycan haqqında dünyaya məlumat verməyin.
Azərbaycanı dünyaya tanıtmağın nə qədər vacib, zəruri,
əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.
Qeyd etmək lazımdır ki, son illər bu sahədə çox işlər
görülmüş, birinci növbədə Azərbaycanın ardıcıl xarici
siyasəti, ardıcıl, çox təşəbbüskar, doğru-düzgün xarici
siyasəti Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında
sıx əlaqələr əməkdaşlıq yaratmış və Azərbaycanın
həqiqətlərini dünyaya çatdırmağa böyük imkanlar açmışdır.
İnformasiya orqanlarımız da, ictimai təşkilatlarımız da və
bizim Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, elmi
təşkilatlarımız, Elmlər Akademiyası və başqaları da bu
sahədə bir çox işlər görmüş və müəyyən nailiyyətlər əldə
etmişlər. Ancaq bunlar heç də yetərli deyil, hələ çox iş
görülməlidir. Çox səylər qoymalıyıq ki, Azərbaycanı hər
yerdə, hər ölkədə olduğu kimi tanısınlar, bilsinlər,
Azərbaycan xalqının tarixini, nailiyyətlərini,
xüsusiyyətlərini, keyfiyyətlərini həqiqətən bilsinlər.
Hələ çox iş görülməlidir, bir də ona görə ki, təəssüflər
olsun ki, bizim xarici düşmənlərimizlə yanaşı, Azərbaycanın
daxilində olan, bəzən guya müxalifət mövqeyində duran bəzi
qüvvələr öz şəxsi məqsədləri naminə, öz şəxsi məqsədlərinə
çatmaq üçün Azərbaycanı bir çox yerlərdə ləkələməyə,
Azərbaycanın həqiqətləri haqqında yalanlar, iftiralar
yaymağa çalışırlar. Bu da həmin o düşmən qüvvələrinin
səyləri ilə üst-üstə gələrək Azərbaycanın həqiqətlərinə
kölgə salır.
"Azərbaycan internəşnl" jurnalının fəaliyyəti xüsusi qiymətə
layiqdir. Çox qətiyyətlə demək olar və bunu etiraf etməliyik
ki, indiyə qədər xarici ölkələrdə dərc olunan, nəşr edilən
cürbəcür nümunələr - kitablar, jurnallar içərisində
"Azərbaycan internəşnl" jurnalı qədər Azərbaycan haqqında
dolğun, düzgün və çox parlaq, gözəl, cazibədar məluma yayan
jurnalımız, toplumuz olmayıbdır.
Maraqlı, sevindirici cəhət də bundan ibarətdir ki, jurnalı
nə Azərbaycanın dövlət orqanları, nə bir ictimai təşkilat,
nə də respublikamızdakı hansısa bir təşkilat yaradıb, Bu
jurnalı yaradanlar Azərbaycanı sevən, ona ürək yandıran,
Azərbaycanla dostluq edən iki şəxs - xanım Betti və Piruz
Yanlıdır - Onlardan biri amerikalı, o birisi isə
azərbaycanlıdır, amma Amerika vətəndaşıdır. Onlar şəxsi
təşəbbüs göstəriblər və öz fədakarlıqları nəticəsində o
jurnalı yaradıb, indi belə bir yüksək səviyyəyə gətirib
çıxarıblar.
Mən xanım Bettinin və Piruz Xanlının təşəbbüsünü və ötən
illərdə gördükləri işləri, Azərbaycana göstərdikləri
münasibəti, dostluğu və ölkəmiz haqqında çəkdikləri bu qədər
zəhməti çox yüksək qiymətləndirirəm. Onların gördükləri iş,
əldə etdikləri nailiyyət onu göstərir ki, insan bir işə
həvəslə, ürəklə, canla yanaşarsa, həqiqətən xalqa xidmət
etmək istəyərsə, o, çox işlər görə bilər. O, təkbaşına da
çox işlər görə bilər.
Azərbaycanda nə qədər nəşriyyat orqanları, ictimai
təşkilatlar, cürbəcür nə qədər kitab, jurnal buraxanlar var.
Onlardan indi hansı gəlib buna bərabər bir nümunəni ortaya
qoya bilər ki, Amerika Birləşmiş Ştatlarında belə bir
jurnalın yaranmasını və bu qədər yüksək səviyyəyə çatmasını
təmin edə bilsin? Heç birisi yoxdur. Əgər kiminsə varsa,
ortaya çıxarsın, meydana qoysun.
Bu jurnalın yaranması və onun varlığı, bugünkü səviyyəsi
məni həddindən artıq sevindirir. Bu, eyni zamanda onu
göstərir ki, insan nəyə qadirdir. Bu, eyni zamanda onu
göstərir ki, bizim Azərbaycanın cürbəcür təşkilatlarının,
böyük-böyük imkanlara malik olan təşkilatlarının istifadə
olunmamış nə qədər imkanları var.
Bu gün biz bu jurnalın ilk nömrəsinə də, son nömrəsinə də
baxdıq. Mən 1993-cü ildən bu jurnalın hər nömrəsini oxuyuram,
ona baxıram, müşahidə edirəm. Bu jurnalın ayba-ay hər
nömrədən-nömrəyə keyfıyyətinin artmasını, onun səhifələrinin
genişlənməsini görürəm. Görürəm ki, bu jurnal günbəgün nə
qədər inkişaf edir, genişlənir və Azərbaycanın həyatını nə
qədər geniş əhatə etməyə gəlib çatıbdır.
Bu insanlar - xanım Betti və Piruz Xanlı öz işlərinə
sadiqdirlər, ancaq eyni zamanda onlar Azərbaycanın ən gözəl
dostlarıdır, Azərbaycanın həqiqətlərinə, xalqımızın bugünkü
həyatına sadiqdirlər. Ona görə də mən onlara səmimi-qəlbdən
təşəkkür edirəm.
"Azərbaycan internəşnl" bütün parametrlərinə, xüsusiy-
yətlərinə görə dünyada, ən inkişaf etmiş ölkələrdə nəşr
edilən yüksək səviyyəli jurnallarla rəqabət apara bilən bir
jurnaldır. Sovetlər İttifaqı mövcud olan zaman ABŞ-da bir "Amerika"
jurnalı çıxırdı və o da siyahı ilə abunə yazdırılıb
paylanırdı. Mənim xatirimdədir, bu "Amerika" jurnalına abunə
yazılmaq üçün Azərbaycana da müəyyən limit verilirdi və
keçmiş Azərbaycan hökumətində də bunun üçün siyahı tərtib
edilirdi. Kim bu siyahıya düşər, kim də düşə bilməzdi. Həmin
jurnalı kim ala bilirdisə, o özünü xoşbəxt hesab edirdi. Bu
jurnalın qiyməti də sovet jurnallarının qiymətinə nisbətən
çox baha idi. Çoxları onu oxuyub mənasını başa düşmürdülər.
Həmin jurnal çox nəfis nəşr olunurdu, oradakı rəsmlər,
fotoşəkillər çox gözəl idi, bir də Amerikanın həyatından
cürbəcür mənzərələr verilirdi. Biz o vaxt Amerikanın
həyatını o qədər də yaxşı bilmirdik. Ona görə də insanlar bu
jurnala çox böyük maraq göstərirdilər. Həmin jurnal mənim
yaxşı xatirimdədir. O vaxt biz bu jurnalı daim alırdıq,
baxırdıq, vaxt olanda ayrı-ayrı məqalələri oxuyurduq.
Bəli, o jurnal mənim yadımdadır. Doğrudur, Amerikada onun
keyfiyyəti sonralar nədənsə get-gedə aşağıya düşdü. Ancaq o
vaxt həmin o "Amerika" jurnalının həsrətini çəkən
azərbaycanlılar - yəqin, həmin adamlardan indi bu mərasimdə
iştirak edənlər də var - bu "Azərbaycan internəşnl"
jurnalını əllərinə alsınlar və əgər arxivlərində varsa,
gedib o jurnalı çıxarsınlar, müqayisə etsinlər. "Azərbaycan
internəşnl" ondan qat-qat üstün səviyyədə nəşr olunan bir
jurnaldır.
Jurnalın yüksək qiyməti onun yalnız nəşr keyfiyyəti ilə
baglı deyıl. Mənim bu jurnala verdiyim yüksək qiymət onun
məzmunu ilə əlaqədardır. Bu, nə qədər məzmunlu jurnaldır!
Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, ölkəmizin
ayrı-ayrı görkəmli şəxsiyyətlərinin əsərləri, onların
yaradıcılığı, Azərbaycanın həyatının cürbəcür mənzərələri və
çoxlarımızın tanımadığımız, çoxdan unutduğumuz səhifələr -
hamısı bu jurnalda böyük ustalıqla, məharətlə, deyə bilərəm
ki, çox böyük sevgi ilə, məhəbbətlə açılıb, dərc olunub. Bu
məni heyran edir.
Biz bir neçə il vaxt bundan əvvəl burada Azərbaycan
qaçqınlarının vəziyyətinə həsr olunmuş fotoalbomun təqdimat
mərasimini keçirdik. Ancaq təəssüf ki, o, gec bir zamanda
oldu. "Azərbaycan internəşnl" jurnalı iki nömrəsini
Azərbaycan qaçqınları mövzusuna həsr edibdir və nə qədər
məzmunlu, mənalı fotoşəkillər tapıb dərc edibdir. Şübhəsiz
ki, bax, bunu oxuyan hər bir insan Azərbaycanda qaçqınların
olduğunu və onların nə vəziyyətdə yaşadığını çox gözəl dərk
edə bilir.
"Azərbaycan internəşnl" jurnalında Azərbaycanın parlaq
nailiyyətləri, tarixinin parlaq səhifələri necə gözəl əks
olunur! Mən sonuncu nömrəyə baxdım. Burada Azərbaycan
kinosunun tarixindən bir çox səhifələr, bir çox məşhur
kinofılmlərimiz, onların ayrı-ayrı kadrları haqqında çox
gözəl rəngli fotoşəkillər verilibdir. Orada "Nəsimi",
"Babək", "Arşın mal alan", "Məşədi İbad" və başqa
kinofilmlərimiz, kino xadimlərimiz haqqında fotoşəkillər
dərc olunubdur. Bılirsiniz, onlara baxanda çox şeyləri
unutduğumuzu görürük. Bizim mədəniyyətimizin bütün sahələri,
o cümlədən kine-matoqrafiya sahəsi nə qədər zəngindir, nə
qədər gözəl işlər yaranıbdır. Bunu bizim özümüz bilirik,
amma çoxları indi unudubdur. Ancaq bunları Amerika da,
İngiltərə də, Almaniya da, Fransa da bilməlidir. Bütün dünya
bilməlidir
ki, Azərbaycan xalqının mədəniyyəti bu qədər yüksək
səviyyələrə qalxıbdır.
Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki
bizim çoxlarımızın həyatımızda olan, bəzən görmədiyimiz
gözəl hadisələri gedir, tapır, çıxarır, öz səhifələrində
göstərir. Bu məlumatlar bəzən bizə, o cümlədən mənə də
jurnal vasitəsilə gəlir. Bu da çox maraqlıdır.
Məsələn, bir gənc müğənnimiz var - Surxay Əsgərov. O, iki
ildir ki, meydana çıxıbdır, çox gözəl gələcəyi olan bir
gəncdir. Şəxsən mən Surxay Əsgərov haqqında ilk məlumatı bu
jurnaldan almışam. Betti xanım bu jurnalı mənə təqdim
edərkən Surxay Əsgərov haqqında geniş məlumat veribdir.
Bundan sonra, gərək ki, bir axşam incəsənət muzeyində
konsertini düzəltmişdilər. Mən orada Surxay Əsgərovu
dinləyib onun istedadı ilə tanış olmuşam.
Bu jurnal həm Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Niyazini,
həm bizim böyük şairlərimizi, rəssamlarımızı təbliğ edir,
həm də bu gün meydana gələn gənc istedadlarımızı təbliğ edir.
Bu, nə qədər gözəl təşəbbüsdür, işdir!
Mənim bu jurnal haqqında o qədər böyük təəssüratım var ki,
bütün bunlar barədə çox danışmaq olar. Ən mühüm cəhət bir də
ondan ibarətdir ki, bu jurnal artıq 47 ölkədə yayılır, 7 min
nüsxə tirajla nəşr olunur. Demək, bu jurnal 47 ölkədə, özü
də yüksək dövlət dairələrində, ictimai təşkilatlarda, böyük
biznes, maliyyə mərkəzlərində yayılır. Bu, çox
əhəmiyyətlidir.
Jurnalın gördüyü çox gözəl işlərdən biri də Azərbaycan
musiqisinin kompakt disklərə yazılması və dünyaya
yayılmasıdır. Xanım Betti bu barədə geniş məlumat verdi. Bu
bizim üçün çox faydalı bir işdir. Onlar şəxsən mənə də kömək
ediblər. Mən indi məni ziyarət edən qonaqlara "Azərbaycan
internəşnl" jurnalını və Azərbaycan bəstəkarlarının gözəl
musiqi əsərlərindən ibarət kompakt diskləri hədiyyə verirəm.
Bu jurnalı nəşr edənlərin fəaliyyətinin ən gözəl cəhəti bir
də ondan ibarətdir ki, onların nə redaksiya heyəti, nə böyük
ştatı, nə katibləri, nə də çoxlu telefonları var. Heç bir
şeyləri yoxdur. Ər-arvad - Betti xanım və Piruz Xanlı, bir
də bizim alimimiz Məzahir onlarla birlikdə bu jurnalı
yaradırlar. Görün onlar nə qədər gözəl nümunə göstərirlər!
Respublikamızda bir jurnalın, qəzetin çıxması üçün deyirlər
ki, buna böyük ştat, avtomobil vermək, tez telefon çəkmək,
özü də hökumət telefonu çəkmək, sonra başqa şeylər lazımdır.
Amma qəzetin də, jurnalın da keyfıyyəti yoxdur, çoxları da
heç onu oxumurlar. Ancaq görürsünüz, bu iki-üç adam nə qədər
iş görür.
Bunlar hamısı ona görə mümkün olur ki, onlar Azərbaycanı çox
sevirlər, ölkəmizə çox ədalətli münasibəti olan insanlardır
və öz işlərinin çox böyük entuziastlarıdır. Yalnız və yalnız
böyük entuziastlar möcüzələr yarada bilərlər. Onlar məhz bu
cür insanlardır. Ona görə də mən onları xüsusi
qiymətləndirirəm.
Ümid etmək olar ki, bu jurnal daim yaşayacaq, təkcə Amerika
Birləşmiş Ştatlarında yox, dünyanın bir çox ölkələrində
Azərbaycanın həqiqətlərini gündən-günə daha da parlaq
şəkildə yayacaqdır. Ümid edirəm ki, bu jurnalın illik sayı
da artacaqdır. Onlar bu jurnalı ildə dörd dəfə buraxırlar.
Çox arzu edərdim ki, onlar işlərini, jurnalın sayını bir az
artırsınlar, onun sayı ildə bəlkə beş, altı dəfə olsun. Bunu
da edəcəklər. Çünki birinci nömrədən sonuncuya qədər olan
böyük inkişafı görərkən hesab edirəm ki, qarşıdakı iki-üç il
içərisində onlar jurnalı həm sayca, həm keyfıyyətcə, həm də
məzmunca daha da yüksəklərə qaldıracaqlar.
Jurnalın son xidmətlərindən biri də Azərbaycan prezidentinin
Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinə həsr olunmuş,
onların yaratdığı və burada təqdim etdikləri kitabdır. Bu
kitab da çox yüksək səviyyədə yaranıbdır. Hesab dirəm ki,
jurnal kimi, bu kitab da Azərbaycanın bugünkü həyatının,
həqiqətlərinin, xarici siyasətimizin və Azərbaycan Amerika
Birləşmiş Ştatları əlaqələrinin dünyada təbliğ olunması üçün
çox dəyərli xidmətlər edəcəkdir.
Mən Sizi, xalqımızı, vətəndaşlarımızı Azərbaycan üçün çox
böyük əhəmiyyətli olan "Azərbaycan internəşnl" jurnalının
əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm. Mən bu
jurnalı yaradıb bu qədər yüksək səviyyəyə çatdıran insanları
- xanım Bettini, dostumuz Piruz Xanlını ürəkdən təbrik
edirəm. Onlara təşəkkür edirəm və bu xeyirxah işlərində
yeni-yeni uğurlar arzulayıram. Sağ olun. |