Müstəqil dövlətlərin təcrübəsindən və tarixindən mə'lumdur
ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü tə'min
etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib
hissələrindən biridir. 20-ci əsrin ikinci on illiyinin
sonlarında öz dövlət müstəqilliyini əldə etmək ərəfəsində
Azərbaycan xalqının qarşısında dayanan başlica vəzifələrdən
biri milli Hərbi Qüvvələrin yaradılması məsələsi idi. Bu
məsələnin həlli və reallaşdırılması təkcə Azərbaycan
xalqının milli mənafelərinin qorunması zərurəti ilə deyil,
bəlkə də yaranmış şəraitdə Millətin qorunması zərurəti ilə
şərtlənirdi. 1918-ci ilin mayında Azərbaycana gələn Nuru
Paşa, Türk əsgərləri və yerli qüvvələr əsasında yaradılan
Qafqaz İslam ordusunun komandanı tə'yin edildi. Türk
zabitlərinin yaxindan köməyi və iştirakı ilə, Azərbaycan
Demokratik Cumhuriyyəti ordusunu milli kadrla tə'min etmək
məqsədi ilə 1918-ci ilin iyun ayinda Nuru Paşanın rəhbərliyi
ilə Gəncədə ilk hərbi məktəb yaradıldı. Ümumilikdə iki ilə
yaxin fəaliyyət göstərən ilk hərbi məktəbimiz 4 buraxılış
keçirə bilmişdir. 1920-ci il may ayının sonunda Sovet
hakimiyyətinin qurulması ilə əlaqədər ilk hərbi məktəb öz
fəaliyyətini dayandirdi.
1939-cu ilin noyabr ayında SSRİ xalq müdafiə komisarının
əmri əsasında Qroznı şəhərində Qroznı Hərbi Piyada
Məktəbinin yaradılması göstərişi oldu. Bu günkü Azərbaycan
Ali Hərbi Məktəbi öz yaranma tarixini həmin andan davam
etdirir.
Məktəb yarandığı ilk günlərdən böyük çətinliklərin
öhdəsindən gəlmək məcburiyyətində olmuşdur. Xüsusi ilə bu
çətinliklərin əsası maddi-texniki təminatla əlaqədar idi.
Kursantların dərslərinin və müstəqil hazırlığının
keçirilməsi üçün sinif və auditoriyalar çatışmırdı. Atəş
poliqonu çox primitiv şəkildə quraşdırılmış və atəş
hazırlığından çalışmaların yerinə yetirilməsini təmin
etmirdi. Bütün bu çətinliklərə baxmayaraq 1 yanvar 1940-cı
ildən məktəb tədris proqramını yerinə yetirməyə başladı. İlk
aylarda kursantlar proqram üzrə müxtəlif müddətlə
hazırlanırdılar. Hərbi hissələrdən məktəbə daxil olanlar bir
illik proqramla, hərbi komisarlıqdan gələn mülki gənclər iki
illik proqramla hazırlanırdılar. 1940-cı ilin martından
bütün məktəb iki illik hazırlanma proqramına keçdi.
Zabitlərin hazırlığı əvvəlcə iki peşə üzrə gedirdi:
-
atıcı tağım komandirləri
-
pulemyotçu tağım komandirləri
-
1941-ci ildə məktəbin ştatı böyüdü və kursantlar üç peşə
üzrə hazırlanmağa başlandı:
-
atıcı tağım komandirləri 50 %
-
pulemyotçu tağım komandirləri 30%
-
minomyotçu tağım komandirləri 20%
Tədrisdə əsas diqqət hər bir kursantın hərbi texnikanı və
taktikanı dərindən qavramasına, müasir silah növlərinin
döyüş şəraitində bacarıqla istifadə edilməsinə
yönəldilmişdir. Taktiki dərslər ilin fəsillərinə baxmayaraq,
əksəriyyəti təlim meydanında, müxtəlif yerlərdə döyüş
şəraitinə uyğun keçirilirdi.
1941-ci ilin məzunlarından biri həmin günləri belə
xatırlayır: "Taktiki dərslər gündəlik 4-5 saat keçirilirdi.
Daşqala adlanan dağda hətta ot belə bitmirdi, belə ki, biz
sürünməkdən onları yox etmişdik."
Zabitlərin hazırlanmasında əsas diqqət təlim metodik
hazırlığına yönəldilmişdir. Belə ki, gənc komandirlər hərbi
hissəyə gəldikdə şəxsi heyətlə döyüş hazırlığını bütün
proqramların əsasında dərsləri keçirilməsini bacarsınlar.
Tədris prosesinin əsası praktiki dərslərdən ibarət olurdu.
1940-cı ilin fevralın əvvəlində ilkin yığımın kursantları
sıra qarşısında vətənə və öz xalqına sədaqətli olmaq üçün
hərbi and qəbul etdilər.
Nəhayət həmin təntənəli gün yetişdi. Həmin buraxılış iki il
əvəzinə il yarımlıq oldu. Ancaq buna baxmayaraq buraxılış
imtahanlarında kursantların əksəriyyəti əsasən hərbi
fənnlərdən yüksək qiymət aldılar. Təxminən buraxılanların 76
% -i taktikanı və atəş hazırlığını "Əla" və "Yaxşı"
qiymətlərlə verdilər.
1941-ci il iyunun 12-də gənc zabitlər təyinatı üzrə xidmət
yerlərinə yola düşdülər və bundan 10 gün sonra böyük vətən
müharibəsi başlandı.
22 iyun 1941-ci ildə Almaniya-SSRİ müharibəsi başlandı.
Həmin gündən etibarən məktəbin həyatında yeni bir mərhələ
başlandı. Kollektiv qarşısında çətin və məsuliyyətli
tapşırıqlar qoyuldu. Onlar cəbhənin tələbini ödəmək,
fəaliyyətdə olan ordunu zabit kadrları ilə təmin etməkdən
ibarət idi.
Müharibənin üçüncü günü artıq 579 kursant və müəllim
heyətindən cəbhəyə getmək üçün könüllü müraciət etmişdir.
Müharibənin başlamasından dörd ay sonra gənc leytenantların
vaxtından əvvəl buraxılışı keçirildi.
Məzunlar birbaşa döyüşən orduya göndərildilər. Müharibə,
komandir hazırlığı sistemini kökündən dəyişdirməyə məcbur
edirdi. Şəraitlə əlaqədar olaraq məktəbin tədris sisteminə
yeni hazırlıq proqramı əlavə olundu. Bütün dərslər müharibə
dövrünün tələblərinə uyğun olaraq keçirilirdi.
Müharibənin ən ağır dövründə Ali Baş Komandanın əmri
əsasında Qroznı Hərbi Piyada Məktəbi, Qroznı kursant alayına
keçirilərək 13 iyul 1942-ci ildə 2435 nəfərdən ibarət alay,
məktəb rəisinin komandanlığı ilə döyüşən orduya, Stalinqrad
cəbhəsinə yola salınmışdır.
Qroznı kursant alayı Stalinqrad cəbhəsinə göndərildikdən
sonra məktəb öz fəaliyyətini dayandırmadı. 1942-ci ilin
iyulun 18-də məktəb əvvəlki ştata əsasən yığılaraq 1 avqust
1942-ci ilədək başa çatdırıldı.
Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar
olaraq məktəb avqustun axırında Gürcüstana köçürüldü. Orada
zabit kadrlarını hazırlamaq üçün şəraitin olmamasına görə,
17 oktyabr 1942-ci ildə məktəb Bakı şəhərinə köçürüldü.
Burada olan şərait müharibənin tələblərinə uyğun zabit
kadrların hazırlanmasına imkan verirdi.
Almaniya ordusuna qarşı qəhrəmancasına mübarizədə Bakı
Piyada Məktəbi cəbhəyə 9.000-dən artıq gənc zabit kadrları
hazırlayaraq yola salmışdır. Bakı Piyada Məktəbinin 22
məzunu bu müharibədə ənyüksək ada, Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdü.
Sovet İttifaqı Qəhrəmanı adı almış 22 məzundan üçü
azərbaycanlı olmuşdur. Onlardan:
olmuşlar.
Bakı piyada məktəbinin məzunları döyüşlərdə məktəbin adını
həmişə uca tutmuşdular.
Müharibədən sonrakı müasir dövr, məktəbdə dərin siyasi-hərbi
və texniki biliyə, yüksək mədəniyyətə malik zabit
kadrlarının hazırlanması tələb edirdi.
Hər şeydən öncə məktəbdə yeni zabitlərin hazırlanmasının say
tərkibi dəyişdirildi. Artıq 1945-ci ilin aprel ayında Bakı
Piyada Məktəbində yeni ştat strukturu quruldu. Şəxsi
heyətin sayı beş dəfə azaldıldı.
Zabit kadrlarının hərtərəfli hazırlanması üçün 1946-cı ilin
iyul ayından üç illik proqramla hazırlığı başlandı. 1947-ci
ilin oktyabr ayında Bakı Piyada Məktəbi özünün müharibədən
sonra ilk üç illik proqramla hazırlanmış kursantlarının
buraxılışını keçirdi.
Bakı Piyada Məktəbinin orduda Azərbaycanlı zabit kadrlarının
artmasında böyük rolu olmuşdur. 1952-ci ilin buraxılış günü
məktəbin tarixində ən əlamətdar günlərdən biri olmuşdur.
Lakin, buraxılan zabit kadrlarının yalnız 34%-ni
azərbaycanlılar təşkil etmişdir. Bu vaxtdan etibarən
Azərbaycanlı kadrların məktəbə qəbulu artmışdır.
1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarına
əsasən hərbi məktəblər orta təhsil sistemindən ali təhsil
sisteminə keçdilər. Həmin vaxtdan məktəbin adı dəyişilərək
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlandı. 1 sentyabr
1958-ci ildə məktəb yeni tədris sisteminə böyük təntənə ilə
başladı. 28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək
nailiyyətlərinə görə məktəbə Azərbaycan SSRİ Ali Sovetinin
adı verildi.
1973-cü il aprelin yeddisi məktəbin həyatında ən yadda qalan
gün olmuşdur. Həmin gün məktəbin Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev ziyarət etmişdir. Bundan əlavə
olaraq o, dövrdə Heydər Əliyev cənabları mütəmadi olaraq
məktəbin fəaliyyəti ilə maraqlanır və buraxılış günlərində
məzunlarla bir yerdə olurdu. O zaman orduda Azərbaycanlı
zabit kadrlarının artmasınada Heydər Əliyev cənablarının
böyük rolu olmuşdur.
Məktəbin tarixində ən yadda qalan günlərdən biri də, iki
dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları Generalı Həzi
Əhəd Oğlu Aslanovun adının, müdafiə nazirinin əmrilə 1975-ci
ildə həmişəlik məktəbin 1-ci bölüyünün şəxsi heyətinin
siyahısına salınması olmuşdur. Bu gündə bu ənənə
məktəbimizdə davam etməkdədir.
XX əsr 80-ci illərin ikinci yarısında Sovet İttifaqı adlanan
imperiyanın daxilindəki ziddiyətlər son həddə çatmışdı.
Həmişə olduğu kimi imperiyanın daxilindəki ziddiyətlər bu
dəfə də, Azərbaycan xalqının milli özünü dərketmə prosesi və
milli azadlıq hərəkatının başlanmasına səbəb olmuşdu.
1988-ci ildə ermənilər uydurma "böyük ermənistan" planını
yenidən ortaya atmaqla Azərbaycan xalqına qarşı soyqırım
siyasətini artıq açıq şəkildə həyata keçirməyə başladılar.
Keçmiş SSRİ rəhbərliyi, xüsusilə SSRİ-nin prezidenti Mixayıl
Qarbaçov tərəfindən dəstəklənən erməni quldurları
bir-birinin ardınca dəhşətli hadisələr törədirdilər.
Bu hadisələrə etiraz əlaməti olaraq 17 noyabr 1988-ci ildə
ilk dəfə olaraq Bakı Ali Məktəblərinin tələbələri, sənaye
müəssisələrinin fəhlələri və şəhərin ziyalı təbəqəsi
küçələrə çıxaraq indiki Azadlıq meydanında, Qarabağda baş
vermiş hadisələrə qarşı Azərbaycanın ərazi bütövlüyünə görə
nümayiş keçirdi.
Həmin gündən etibarən Azərbaycanın müsdəqillik yolunda yeni
bir tarix başlandı. 18 gün fasiləsiz davam edən mitinq Sovet
İmperiyasının sütunlarını sarsıtdı və müstəqilliyimizin
təməl daşını qoydu. Sovet imperiyasının Azərbaycan xalqına
qarşı törətdiyi 20 yanvar faciəsi xalqı öz istəyindən
döndərə bilmədi.
Respublikamızın öz suverinliyini əldə etməsi qonşu
ermənistanın aramsız təcavüzü ilə bir vaxta təsadüf
etmişdir. Müstəqil dövlətin atributlarından biri olan
Silahlı Qüvvələrimizin yaradılması və formalaşması mürəkkəb
bir şəraitdə keçmişdir. Lakin Azərbaycan Ordusu qısa bir
müddətdə formalaşmış və düşmənlə üzbə-üz dayanmışdır.
Azərbaycan xalqı öz müstəqilliyini qazandıqdan sonra yeni
yaranmış Silahlı Qüvvələrin ilk zabit və əsgərləri 1991-ci
il dekabrın 8-də şəhidlər xiyabanında bir-birinin ardınca
qara mərmər lövhələrdə əbədiləşmiş yurddaşlarımızla üzbə-üz
dayanıb onların başladıqları işə, vətənə, torpağa sadiq
qalacaqlarına, nəyin bahasına olursa-olsun düşmənə aman
verməyəcəklərinə and içdilər.
1939-cu ilin 31 dekabrından fəaliyyət göstərən, Sovet
İttifaqının quru qoşunları üçün zabit kadrları yetişdirən
Bakı Ali Hərbi Məktəbinin əsasında yaranan milli hərbi
məktəbimiz, xalqımızın azadlıq və müsdəqillik uğrunda
mübarizəsinin məntiqi nəticələrinin bəhrəsi kimi elə ilk
günlərdən dövlətimizin müdafiə və təhlükəsizlik fəaliyyətinə
xidmət etmişdir.
1992-ci ilin aprel ayından məktəb Azəraycan Respublikasının
hüquqi tabeliyinə keçirilmişdir. Motoatıcı qoşunlar üçün
zabitlərdən başqa məktəbimiz on üç peşə üzrə zabitlər
hazırlamağa başlamışdır.
Elə yaranan ildən yeniləşən Bakı Ali Birləşmiş Komandanlıq
Məktəbinin kursantları erməni təcavüzkarlarının törətdiyi
Qarabağ müharibəsində, Müsdəqil Azərbaycanın bütövlüyünün və
suverenliyinin qorunmasında fəal iştirak etmişlər.
1992-ci ilin dekabrında Ümumqoşun fakultəsinin birinci
kursunun şəxsi heyətindən ibarət tabur yaranmış və döyüş
tapşırığını yerinə yetirmək üçün ağdam bölgəsinə
göndərilmişdir. Gənc kursant taburu vətənpərvərlik və
cəsurluq nümunələri göstərərək itkisiz döyüş tapşırığını
yerinə yetirmişdir.
1993-cü ilin fevralında ümumqoşun fakultəsinin ikinci
kursundan 72 nəfərdən ibarət bölük yaradılmış döyüş
tapşırığını yerinə yetirmək üçün ağdərə bölgəsinə
göndərilmişdir. Döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər
həlak olmuş, 5 nəfər isə itkin düşmüşdür.
Məktəbimizin zabit və kursantları 1994-cü ilin qış və yaz
döyüş kompaniyalarında, Murovdağ istiqamətində erməni
təcavüzünə sinə gərmiş, verilən döyüş tapşırıqlarını
layiqincə yerinə yetirmişlər.
Məktəbimizi qurtaran yüzlərlə gənc zabit öz hərbi andına
sadiq qalaraq Müstəqilliyimiz və Dövlətimizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət və igidlik
göstərmişdir. Onlarla məzunumuz vətən naminə öz canlarını
fəda etmiş və qəhrəmanlıq zirvəsinə ucalmışdır. Döyüşlərdə
göastərdiyi igidlikliklərinə görə məktəbimizin
məzunlarından bir qismi Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və
başqa fəxri adlara layiq görülmüşlər.
Öz qəhrəmanlıqları ilə özlərini tarixə salan qəhrəmanların
sırasında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin
məzunlarının da, öz yerləri vardır. Onlardan:
-
"AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI" adına layiq görülmüş
-
Polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm Oğlu
-
Polkovnik Ağayev Eldar Əsgər Oğlu
-
Polkovnik-Leytenant Şikarov Şikar Şükür Oğlu (Öl. Sonra)
-
Mayor İbrahimov Rasim Səxavət Oğlu (Öl. Sonra)
-
Mayor Hüseynov Əfqan Qaraxan Oğlu (Öl. Sonra)
-
Kursant Kərimov Kərim Məhəmməd Oğlu (Öl. Sonra)
-
Kursant Mənsurov Bəhruz Qəhrəman Oğlu (Öl. Sonra)
-
Kursant Əliyev Əsgər Ələkbər Oğlu (Öl. Sonra)
Hal-hazırda məktəbin orden və medalla təltif olunmuş bir
neçə məzunu məktəbimizdə qulluğunu davam etdirməkdədir.
Onlardan:
"AZƏRBAYCAN BAYRAĞI" ordeni ilə təltif olunanlar
-
Polkovnik Osmanov Vahid Osmanhacı Oğlu
-
Polkovnik-Leytenant Bayramov Nizami Kamran Oğlu
-
Polkovnik-Leytenant Hüseynov Cabbar Həmzə Oğlu
-
Əliyev Çingiz Cavan Oğlu
-
Mayor Əliyev Emin İmran Oğlu
"HƏRBİ XİDMƏTLƏRİNƏ GÖRƏ" medalla təltif olunanlar
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab
Heydər Əlirza oğlu Əliyevin fərmanı ilə məktəb Azərbaycan
Ali Hərbi Məktəbi olaraq adlandırılmışdır.
Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının dövlətimizin
ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda
göstərdikləri qəhrəmanlıqlar yeni hərb tariximizdə özünə
məxsus yer tutmuşdur. Onların göstərdikləri igidlik və
rəşadət bugünkü kursantlarımız üçün örnək, Azərbaycan
Respublikasının müdafiəsi uğrunda qəhrəmanlıq göstərmək üçün
bir mənbədir. |