Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli
Sərəncamı əsasında yaradılıb. Mərkəz Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və
azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş
təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi
dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət
göstərir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il
tarixli Fərmanı ilə Heydər Əliyev Mərkəzinin Əsasnaməsi
təsdiq edilib. Əsasnaməyə əsasən Mərkəz aşağıdakı
istiqamətlərdə fəaliyyət göstərir:
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini və Heydər
Əliyev irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə
tədbirlər həyata keçirmək. - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin
elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya,
iqtisadiyyat və digər sahələrdə qorunması və inkişaf
etdirilməsini təmin etmək üçün tədbirlər görmək və təkliflər
hazırlamaq. - Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və
digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə
tanıdılması və təbliği; - elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və
iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və
onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata
keçirilməsi; - Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans,
simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlər
təşkil etmək. - Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı digər
qurumlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi.
Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il
sentyabrın 10-da qoyulub, rəsmi açılışı 2012-ci il mayın
10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının
89-cu ildönümündə olub.
Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev
Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab
olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm
etdirən unikal arxitektur quruluşa malikdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur. |