Xırdalanda orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dünyanın nüfuzlu siyasətçilərindən olan ulu öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlər geniş yer alıb.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına da geniş yer verilib.
Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.
|