Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir
Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindən
biridir. Kompleksin məqsədi milli ruhda nümunəvi tərbiyə
və təhsil sistemi yaratmaqdır.
Kompleksin açılışında iştirak edərkən xalqımızın ümummilli
lideri Heydər Əliyevin dediyi belə bir məktəb mənim bu gün
verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də,
daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli
hazırlıqlı gənclər buraxacaqdır ? sözlərini əldə rəhbər
tutaraq, bu istiqamətdə uğurla çalışırıq. Kompleks 3
hissədən ibarətdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və
39 saylı musiqi məktəbi.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yüksək təlim
texnologiyalarının uğurla tətbiq olunduğu ilk müasir özəl
təhsil ocağıdır. Kompleksin digər ümumtəhsil
müəssisələrindən fərqli bir sıra səciyyəvi xüsusiyyətləri
vardır. Gəlin onlarla tanış olaq.
Kompleks fasiləsiz təhsil sistemini əlaqələndirən vahid bir
orqanizmdir. Uşaq bağçası, orta ümumtəhsil məktəbi və musiqi
məktəbi əlaqəli, kompleks şəkildə fəaliyyət göstərir.
Yüksək səviyyəli məişət rahatlığına malik olan, gigiyenik
tələblərə tam cavab verən yeməkxana fəaliyyət göstərir.
Müasir tələblərə, beynəlxalq standartlara cavab verən yüksək
keyfiyyətli maddi-texniki baza yaradılmışdır.
İbtidai təhsil pilləsində şagirdlər seçmə üsulla müvafiq
siniflərə qəbul olunurlar. Hər bir şagirdin fərdi inkişafını
izləməyə imkan verən xüsusi kartotekası yaradılır.
Şagirdlər təlim məşğələlərindən sonra təşkil olunmuş
istirahət saatlarında zehni və fiziki yorğunluğu aradan
qaldırmaq, boş vaxtlarından səmərəli istifadə etmək imkanı
qazanırlar.
Şagird şəxsiyyətinin inkişaf etdirilməsi əsas prioritet
sayılmaqla, ciddi nizam-intizam, məsuliyyət hissi tərbiyə
edilməsi, müəllim-şagird əməkdaşlığının qarşılıqlı hörmət
prinsipi əsasında təşkili tərbiyə sisteminin başlıca
vəzifəsi hesab olunur.
Şagirdlərə yüksək keyfiyyətli biliklər verilir, bacarıq və
vərdişlər formalaşdırılır.
Mükəmməl və obyektiv 10 ballıq qiymətləndirmə sistemi
mövcuddur. Qiymətlərin obyektivliyi təmin olunur. Cari,
semestr, imtahan qiymətləri sistemli aparılır və daim
nəzarətdə saxlanılır. Valideynlər uşaqların təlim
müvəffəqiyyətləri barədə elektron jurnaldan və internetdən
müntəzəm məlumatlar əldə edə bilər.
Yüksək elmi-pedaqoji və metodiki məharətə malik olan
professor-müəllim heyəti formalaşdırılmışdır. Onların böyük
əksəriyyəti respublikamızın müxtəlif məktəblərində zəngin iş
təcrübəsi qazanmış yüksək ixtisaslı mütəxəssislərdir. Bir
çox müəllimlər çoxsaylı dərsliklərin, dərs və metodik
vəsaitlərin, proqramların müəllifidirlər. Onlar haqqında
məlumatları müvafiq kafedra bölmələrindən əldə etmək olar.
Şagirdlərdə tədqiqatçılıq və axtarıcılıq bacarıqlarını
formalaşdırmaq üçün Şagird Elmi Cəmiyyəti fəaliyyət
göstərir.
Ev tapşırıqlarının çox hissəsi məktəbdə müəllimlərin və
sinif rəhbərlərinin nəzarəti altında yerinə yetirilir. Bu
valideynləri uşaqlarının ev tapşırıqlarına evdə nəzarət
etmək qayğılarından müəyyən qədər azad edir.
Hər bir şagirdə fərdi və diferensial (qruplarla iş və təhsil
səviyyəsinə görə) yanaşma sistemi mövcuddur.
Şagirdin zehni yaddaşının, diqqətinin və məntiqi
təfəkkürünün inkişafına yönəlmiş xüsusi məşğələlər keçirilir.
Müəllimlərin öz yaradıcılıq imkanlarını genişləndirmək,
elmi-pedaqoji və metodiki hazırlıqlarını inkişaf etdirmək,
ən müasir təlim texnologiyalarına, effektli təlim
metodlarına yiyələnmələri üçün lazım olan bütün şərait
vardır.
Kompleksin məzunları bir qayda olaraq ali məktəblərə yüksək
balla daxil olurlar. Bu müvəffəqiyyətləri Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının rəsmi www.tqdk.gov.az saytındakı
məlumatlar vasitəsilə izləyə bilərsiniz.
Kompleksdə I sinifdən etibarən ingilis, rus, ərəb dilləri,
VI sinifdən etibarən isə alman və fransız dilləri tədris
edilir. VIII və IX siniflərdə ingilis dili dildaşıyıcı
müəllimlər tərəfindən tədris olunur.
Kompleksin rahat avtobusları vasitəsilə arzu edən şagirdlərə
nəqliyyat xidməti göstərilir.
Şagirdlərə yüksək səviyyəli tibbi xidmət göstərilir.
Şagirdlər yüksək dərəcəli idman müəllimləri tərəfindən
tədris edilən idman dərslərində öz fiziki hazırlıqlarını
inkişaf etdirmək, müxtəlif idman növləri ilə məşğul olmaq
imkanına malikdirlər.
Kompleksdə təlim Azərbaycan dilində aparılır.
Məktəbin bütün sinif otaqları, laboratoriyaları
kompyuterləşdirilmişdir. Hər bir şagirdə fərdi şəkildə
müasir kompyuterlərlə işləmək imkanı yaradılmışdır. Onlar I
sinifdən başlayaraq kompyuterdə işləmək bacarıqlarına
yiyələnirlər.
|