E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 

"HEYDƏR ƏLİYEV" ORDENİ


"Heydər Əliyev" ordeni 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi

Təsisi

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir.

Statutu

1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:

1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

2. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

3. "Heydər Əliyev" ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:

3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

4. "Heydər Əliyev" ordeninin qılınclı ulduzu və qılınclı zənciri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində müəyyənləşdirilmiş qaydada verilir.

5. "Heydər Əliyev" ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.

 


<< Geri