Muzeydə əksini tapmış eksponatlarda və stendlərdə dahi şəxsiyyətin xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu özündə ehtiva edən və indiyədək heç bir məkanda nümayiş etdirilməyən fotostendlər, unikal sənədlər, həyatının 25 ilini həsr etdiyi milli təhlükəsizlik orqanlarındakı iş dövrünü əks etdirən arxiv materialları, onun şəxsən həyata keçirdiyi yüksək səviyyəli əməliyyatlar haqqında məlumatlar vardır. Muzeydə Heydər Əliyevin heykəltaraş Fuad Salayev tərəfindən yüksək zövqlə yaradılmış "Ali Baş Komandan" büstü muzeyə gələnlərdə gözəl təəssurat yaradır.
"Şöhrət" muzeyində dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələyə bölünmüşdür: uşaqlıq və gənclik dövrü; Azərbaycan təhlükəsizlik orqanlarında işlədiyi dövr; ölkəyə rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövr; müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü.
|