Böyük öndərin xatirəsinə ithaf edilmiş möhtəşəm xalça
Xalçaçı rəssam Eldar Mikayılzadə ümummilli lider, müasir müstəqil
dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ithaf edilmiş
möhtəşəm xalça toxuyub.
Sənətkar bildirib ki, ulu öndər Azərbaycan xalqının milli mədəniyyətinə,
onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb, mədəniyyət və
incəsənət xadimlərinin yaradıcı axtarışlarına dəstək verib.
Ulu öndər Heydər Əliyev ilə ilk dəfə 1983-cü ildə xalça sənəti üzrə I
beynəlxalq simpoziumda görüşdüyünü deyən müəllif bildirib ki,
yaradıcılığında ümummilli liderimizin obrazına dəfələrlə müraciət edib.
Ümummilliliderin dəstəyi ilə bir qrup tələbə ilə birlikdə Leninqrada
(indiki Sankt-Peterburq) oxumağa göndərilən Eldar Mikayılzadə onun böyük
qayğısını daim öz üzərində hiss etdiyini, bunu heç vaxt unutmayacağını
deyib.
"Kəhkəşan" adlanan, 2 metr eni və 2,14 metr uzunluğu olan xalça bir il
qırx gün ərzində yun və ipək saplardan toxunub. Xalçanın toxunuşunda,
həmçinin qızıl və qiymətli daşlardan istifadə edilib. Xalçanın
üzərindəki daşlar dörd rəngdədir. Bu sənət nümunəsinin ərsəyə gəlməsində
725 qızıl daş (hərəsi 1,5 qram) işlədilib. Ümumilikdə xalça toxunuşu
zamanı 1100 qram qızıl sərf edilib. Əsas mahiyyəti kəhkəşanda bürcləri
və onunla əlaqəli elementləri göstərməkdən ibarət olan xalça boyu tünd
haşiyədə Şumer və Babil zamanından 39 bürc və hazırda bütün dünyada
tətbiq edilən 12 bürc təsvir olunub.
Rəssam qeyri-adi xalçanı yaratmaq ideyasını belə izah edib ki, tarixdə
bu cür xalça ilk dəfə Sasani dövlətində (təqribən VII əsrin I yarısında)
toxunub və hökmdar Xosrov Pərvizin sarayını bəzəyib. Xəlifə Ömərin
sərkərdələri qoşunla İrana daxil olduqları zaman onların arasında bu
qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə
vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini
kəsib öz aralarındabölüşmək qərarına gəliblər.
Mədəniyyət.- 2013.- 9 yanvar.- S. 8.
|