E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 


Çağdaş Azərbaycan ədabiyyatının müstəqillik qazandıqdan (1991) sonra inkişafı ilə əlaqədar problemləri daha dərindən və müasirlik ruhunda işıqlandırmaq ədəbiyyatşünaslarımızın qarşısında duran vacib vəzifələrdəndir. Ən yeni bədii yaradıcılarla yanaşı ötən əsrin (XX) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarının mövcud ədəbi proseslə üzvi əlaqədə əhatəli öyrənilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Bu gün sözügedən vacib problemi özəlliklə yüksək elmi-nəzəri səviyyədə həll etmək üçün zəruri vaxtdır, bəlkə də mərhələdir. Keçid dövrü deyilən 1990-cı illərdə həyatın bütün sahələrində olduğu kimi ədəbiyyatın da bostanına daş atanlar, hətta klassiklərimizi inkar etməyə cəhd göstərənlər oldu. Bir ictimai formasiyanın digəri yenisi ilə əvəzlənməsi, əlbəttə, yüksələn xəttilə labüd idi. Və deyək ki, bu prinsipin özündə çaş düşənlər, tərəddüd edənlər, dərk etməyənlər az olmamışdır. (1920-ci ildə kapitalizmdən sosializmə keçid - B.B)

1990-cı illərin qeyri-adiliyi onda oldu ki, ictimai-siyasi formasiya biri digərini əvəzləyərkən irəli yox, geri -sosializmdən kapitalizmə keçid oldu. Cəmiyyətdə yaranan xaos bəzi cığırdaş yazarları sözün həqiqi mənasında çaş-baş saldı. Təəssüflər olsun ki, onlar klassiklərimizə də qara eynək arxasından baxası oldular. Bilərəkdən, bilməyərəkdən, bəlkə də nadanlıqdan, xəbislikdən və s. Halbuki, Azərbaycan ədəbiyyatı xalqımızın ən böyük mədəni nailiyyətlərindən, meyarını, əhəmiyyət və vüsətini heç cürə itirməyəcək qiymətli mənəvi sərvətlərindəndır. Bu mənəvi sərvətlər bütün dövrlərdə öyrənilməli, tədqiq olunmalı və qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməlidir. Altmış illik ömrünün otuz ildən çoxunu ədəbiyyata, sənətə həsr etmiş Həsən Seyidbəylinin adı bu ədəbiyyatın, mədəniyyətin yaranması və inkişafı ilə sıx surətdə bağlıdır.

Həsən Seyidbəyli çox geniş diapazonlu yaradıcı sənətkar olmuşdur. Etiraf edək ki, onun zəngin yaradıcılığı haqqında indiyədək az yazılmışdır. Ədibin kino yaradıcılığı və nəsri ayrı-ayrılıqda tədqiqat obyekti olası idi. Həyat və yaradıcılığı haqqında monoqrafıyalar çap olunmamış, müxtəlif problemli tədqiqatlarda onun əsərlərinə münasibət bildirilməmiş və ya az nəzər yetirilmişdir. Xalq yazıçısı, professor Elçin haqlı olaraq yazır: "Bu gün, sovet zamanı ədəbiyyata gəlmiş və artıq haqq dünyasına köçmüş yazıçı və şairlərin biri az, o biri çox, o biri isə tamam unudulmaq üzrədir, onların adı istehza və təkəbbür hədəfinə çevrilir, bir qisminin əsərləri bir kənarda qalır, özləri isə Sovet ideologiyasının tələbləri və təltifləri çərçivəsində yazdıqları üçün kin-küdurət obyekti olurlar.

Əlbəttə, istedadsız yazıçı unudulacaq, bu, sənətin sərt, amansız və mütləq qanunudur və heç kim heç kimi uzun müddət süni surətdə, zorla ədəbiyyatda, sənətdə saxlaya bilməz, amma bu o demək deyil ki, əsərlərini təhlil etmədən, fəaliyyət lərini öyrənmədən Sovet zamanı yaşayıb, sosializm-realizmi çərçivələrində yaradıblarsa, bir küll halında onların hamısının üzərindən xətt çəkilməlidir. Onların arasında elə böyük yazıçı və şairlər var ki, XX əsr Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük də rol oynamışlar və Sovet dövründə yazıb-yaratmış qələm sahiblərinə küll halında yox, təbii ki, diferensial yanaşmaq lazımdır. Ancaq eyni zamanda, onların bir küll halında gördükləri iş də böyük əhəmiyyətə malikdir və böyük də hörmətə layiqdir". Həsən Seyidbəyli də unudulması qəbahət sayılan, əsərləri bu gün də aktuallığını itirməyən "XX əsr Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında böyük rol oynamış" sənətkarlardandır.

XX əsr Azərbaycan ədəbiyyatından

bəhs edən dərsliklərdə və monoqrafiyalarda da Həsən Seyidbəylinin yaradıcılığı unudulmuş, icmallarda azacıq xatırlanmışdır. Qəzet və jurnal səhifələrində müxtəlif münasibətlərlə əlaqədar olaraq görkəmli sənətkar haqqında az məqalələr dərc olunmuşdur. Yazıçı haqqında ilk sistemli tədqiqat əsərini filologiya elmləri doktoru Baba Babayev ("Həsən Seyidbəylinin bədii nəsri" Bakı, 2010) yazmışdır. Ədəbiyyatşünaslıq baxımından bu çox əhəmiyyətli məsələdir. Bir məqamı xüsusi vurğulayaq ki, hər hansı bir sənətkarın poetikasını, söz qüdrətini şərh etmədən onun janrından asılı olmayaraq yaradıcılığını obyektiv qiymətləndirmək mümkünsüz bir işdir. Nasir kimi H.Seyidbəylinin öz əsərlərində nədən bəhs etdiyini, fikrini, deyə bilmək istədiyi idealları söyləməkdən əlavə öz istəklərini necə deyə bilmək məharətini, ustalığını da açmaq, nəzəri təhlil süzgəcindən keçirmək çox vacibdir. Doğrusu bunların birini digərsiz xəyalə gətirmək müşkül məsələdir. Çünki əsərin (əlbəttə, janrından asılı olmayaraq - B.B.) ideya-mövzu məsələlərini şərh etmədən oradakı poetik ustalıqdan söhbət açmaq mümkün olmadığı kimi, sırf sənət problemlərini açmadan təkcə məzmun və mövzudan bəhs etmək də çox natamam təsəvvür yaradır. Artıq XXI əsrdir. Bu əsrin təbii ki, oxucuları da, onların zövqləri də, yaranan ədəbi və nəzəri əsərlər də vətəndaşlarının stilinə uyğun yazılmalı, təhlil olunaraq münasibət bildirilməlidir. Deməli, nəzəri fikrin müasir səviyyəsi bilavasitə poetika məsələlərinin dərin və dəqiq şərhini, forma və məzmun vəhdəti prinsipinin, ideyalılıq və bədiilik kriteriyalarının kompleks şərh olunmasını tələb edir. Bircə bu metodla hər hansı bir yazıçının və ya şairin özünəməxsus fərdi, orijinal, sənətkar siması, portreti, nəhayət ədəbi aləmdəki mövqeyi inanılmış halda, düzgün strukturda müəyyənləşdirilə bilər.

H.Seyidbəyli öz xətti ilə yazdığı avtobioqrafıyasında göstərir ki, "1943-cü ildən ilk hekayə və novellalarını yazmışam.

1944-cü ildən Azərbaycanda nəşr olunan qəzet və jurnallarda və Ittifaqın mətbuatında nəşr olunmağa başlamışam".

Yazıçı-dramaturqu təkcə doğma Azərbaycanımızda deyil, keçmiş Sovetlər Ittifaqında və digər xarici ölkələrdə də tanıyırdılar. Onun "Kənd həkimi", "Uzaq sahillərdə" (I.Qasımovla birlikdə), "Telefonçu qız", "Cəbhədən-cəbhəyə", "Çiçək", "Illər keçir" (I.Qasımovla birlikdə), "Tərsanə" və s. povest və romanları nəsrimizin ən dəyərli nümunələrindəndir. "Sınaq", "Dəniz cəsurları sevir", " Sən nə üçün yaşayırsan?", "Qızıl axtaranlar", "Bağlı qapılar" dram əsərləri nəinki Azərbaycan teatrlarında, hətta xarici ölkələrin nüfuzlu teatrlarında səhnəyə qoyulmuşdur.

Kinorejissor kimi də uzun illər fəaliyyət göstərən sənətkar aşağıdakı filmlərin ssenarı müəllifi və yaxud rejissoru olmuşdur.

1. "Doğma xalqımıza" - ssenari müəllifi (1954);

2. "Qızmar günəş altında" - ssenari müəllifi (1956);

3. "Uzaq sahillərdə" - ssenari müəllifi (1958);

4. "Telefonçu qız" - rejissor və ssenari müəllifi (1962);

5. "Kimi daha çox sevirik" - rejissor və ssenari müəllifi (1964);

6. "Möcüzələr adası" - rejissor və ssenari müəllifi (1965);

7. "Sən niyə susursan" - rejissor və ssenari müəllifi (1966);

8. "Bizim Cəbiş müəllim" - rejissor (1969) (ssenari müəllifi M.Ibrahimbəyov);

9. "O qızı tapın" - rejissor və ssenari müəllifi (1970);

10. "Nəsimi" - rejissor (1974) (ssenari müəllifi Isa Hüseynov);

11. "Xoşbəxtlik qayğıları" - rejissor və ssenari müəllifi (1976).

Həsən Seyidbəyli dəfələrlə ümumdünya kino sənətkarları məclisinin iştirakçısı olmuş və Amerika, Kanada, Yaponiya, Hindistan və başqa ölkələrdə sovet kino sənəti xadimlərini təmsil etmişdir. Hər halda azərbaycanlı kimi. Azərbaycan incəsənət tarixində misli-bərabəri olmayan işlər görmək də onun alın yazısı, Tale qisməti imiş. "Uzaq sahillərdə", "Bizim Cəbiş müəllim", "O, qızı tapın", "Nəsimi" kimi bədii filmləri kino tariximizin qızıl səhifələrinə düşən əsərlərdir. Bütövlükdə, uğurlu ekran həllini tapan bu filmlər vasitəsilə böyük bir kino-aktyor nəslinin yetişib formalaşması da (xalq artistləri Rasim Balayev, Şəfiqə Məmmədova, Nodar Şaşıqoğlu və b.) onun əməyinin bəhrəsi kimi qiymətləndirilməlidir.

Həsən Seyidbəylinin 40 ilə yaxın sənət həyatı olduqca rənga-rəng və zəngindir. Sənətkarın çoxşaxəli, istedadlı yaradıcılığı bədii nəsri ilə yanaşı milli kinomuzun inkişafına yönəlmişdir. Onun filmlərindəki həyatı konfliktlər, təmiz, ülvi, həm də ehtirasların çarpışması, yüksək emosionallıq tamaşaçını gərgin vəziyyətdə saxlayır. Fərq etməz, istər bədii, istərsə də sənədli filmləri olsun, onun heç bir əsərində yorucu məqamlar və yaxud çatışmayan, səthi səhnələrə rast gəlinmir. Bu filmlər, nəsrində olduğu kimi insanın hissinə, duyğusuna və şüuruna situasiyadan asılı olmayaraq eyni dərəcədə təsir göstərir. Akademiyanın müxbir üzvü Nizami Cəfərovun təbirincə desək: "Çünki bu filmlərdə ağılla emosiya, beyinlə ürək qırılmaz vəhdət təşkil edir". XX əsrin ikinci yarısının kino mədəniyyəti tariximizin nə qədər zəngin olduğu təbii ki, içində olduğumuz - XXI əsrin hələ neçə gələcək onillikləri zamanında daha aydın görünəcəkdir. Fəqət bu gün - XXI əsrin ikinci onilliyi ərəfəsində çevrilib geri, ötən dövrə baxanda tarixin və Taleyin bu ədəbiyyata və mədəniyyətə münasibətində necə də səxavətli olduğunu görəcəyik.

Həsən Seyidbəyli keçmiş Sovetlər Birliyində olan nüfuzundan istifadə edib vətəndaş yanğısı ilə Azərbaycan incəsənətini təbliğ etmək üçün çox böyük işlər görmüşdür. Ona öz şöhrəti üçün heç nə lazım deyildi, o illər görkəmli sənətkar bizə Azərbaycanın şöhrəti üçün lazım idi.

Filmləri Ümumittifaq Kino Festivallarında priz və diplomlara layiq görülmüşdür. 1976-cı ildə Azərbaycanın xalq artisti fəxri adını alan H.Seyidbəyli bir çox orden və medallarla təltif olunubdur. Həsən Seyidbəylinin yaradıcılığı ədəbi tənqidin diqqətində olan mövzulardan olmuş, onun nəsr əsərlərindən, dramaturgiyasından və filmlərindən bəhs etmişlər. (Az da olsa) Akademik Məmməd Arif Dadaşzadə, xalq yazıçısı Ilyas Əfəndiyev, akademik Bəkir Nəbiyev, professorlar Gülrux Əlibəyova, Həbib Babayev, Yaşar Qarayev, Qasım Qasımzadə, Məsud Əlioğlu, Orucəli Həsənov, şair Sabir Rüstəmxanlı və başqa alim, tənqidçi və sənətkarlar onun yaradıcılığından bəhs etmişlər.

1960-cı illərdən sonra ədibin kino və nəsr yaradıcılığı rus yazıçı və tənqidçilərinin də nəzərini cəlb etmiş, onun yaradıcılığı haqqında maraqlı fikirlər söylənilmiş, ayrı-ayrı əsərlərini təhlil etmişlər. Bu məqalələrdə Həsən Seyidbəylinin yaradıcılıq xüsusiyyətləri, sənətkarlığı, müəllifin ədəbiyyatda, incəsənətdə mövqeyi, özəlliklə ayrı-ayrı əsərlərinin ideya-bədii keyfiyyətləri haqqında bu gün də öz dəyərini saxlayan düzgün elmi fikirlər çoxdur. Həmin fikir və mülahizələr bu sətirlərin müəllifinin monoqrafıyasında öz elmi inikasını tapıbdır. "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafıyası ədibin yaradıcılığının inkişaf yolunu göstərmək, nəsr əsərlərini bir küll halında təhlil etmək sahəsində yuxarıda qeyd etdiyimiz kimi ilk təşəbbüslərdəndir.

Həsən Seyidbəyli yaradıcılığının ən kamil dövründə vəfat etdi. Ədibin yaradıcılığını dərindən və hərtərəfli tədqiq üçün təbii ki, gələcəkdə çox işlər görüləcəkdir.

Anadan olmasının 98 illiyinin fərəh və iftixar hissi ilə, qürurla qeyd etdiyimiz, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına yorulmaq bilmədən ömrünü həsr edən bir sənətkarın nəsr yaradıcılığını sözü gedən monoqrafiyada əhatə etmək təbii ki, çox çətindir. Onun kino yaradıcılığı, dramaturgiyası və publisistikası ayrı-ayrılıqda tədqiq olunası mövzulardır. Azərbaycan kino tarixinin səhifələrinə qızıl hərflərlə düşmüş "Uzaq sahillərdə", həmçinin "Telefonçu qız", "O qızı tapın" və rejissoru olduğu "Nəsimi", "Bizim Cəbiş müəllim" və s. bədii filmləri könülləri elə fəth etmişdi ki, onilliklər bir-birini əvəz edib nəsillər dəyişsə də bu sənət əsərlərinə məhəbbət və mənəvi ehtiyac daima olacaqdır. Oxucular üçün maraqlı olacağını nəzərə alıb S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və Incəsənət arxivində (Fond 143, siyahı 1, iş 20) müxtəlif illərdə yazıçıya ünvanlanmış teleqramların içərisində böyük Türk şairi Nazim Hikmətin (Ələkbər Babayevlə birlikdə) 1957-ci ildə Moskvadan Bakıya - Həsən Seyidbəyliyə göndərdiyi teleqramı təqdim edirik. Bu kiçik mətndə Nazim Hikmətin xahişindən əlavə Seyidbəylinin xüsusi nüfuzu da vurğulanmışdır. Teleqramın məzmunundan Türk dünyasının böyük oğlu Nazim Hikmətin "Uzaq sahillərdə" əsəri və onun ekranlaşdırılması haqqında məlumatı olması aydın görünür. Teleqramda deyilir: "sizin filmdə Anjelika roluna dostumuz, istedadlı aktrisa Neçayevanın təsdiq olunmasına nüfuzlu müdaxilənizi xahiş edirik. Xoş xəbərlər ümüdi ilə". "Moskva, 2-AƏ. Pesçanaə. 6, kvartira 112 üelnem - Nazim Nikmet, Alekper Babaev."

Lakin hansı səbəblərdənsə "Uzaq sahillərdə" filminin rejissoru H.Seyidbəyli Nazim Hikmətin xahişini yerinə yetirə bilməmişdir. Anjelika roluna A.Yelikayeva adlı bir aktrisanı çəkəsi olmuşdur. Insaf naminə deyək ki, bu istedadlı aktrisanın rolu çox uğurlu alınmışdır. Filmin çəkilişindən əlli ildən çox vaxt ötməsinə baxmayaraq, Anjelika bu gün də tamaşaçılar tərəfindən minnətdarlıqla qarşılanır və sevilir. Həsən Seyidbəylinin filmlərinə tamaşa edəndə, povest və romanlarını, sənət haqqında düşüncələrini, məqalələrini, yol qeydlərini oxuyanda görürsən ki, bu yalnız bir sənətkarın yaradıcılıq yolu deyil, vətəndaş, sənətkar qəlbinin çırpıntılarıdır. Azərbaycan ədəbiyyatşünaslığının mövcud mərhələsində elmi-nəzəri prinsiplərin yeni konstruktiv dəyərlərlə zənginləşdirilməsi dövründə H.Seyidbəylinin yaradıcılığı, əsasən, onun nəsr əsərlərinin tədqiqi elmi maraq doğurur.

Babayev Baba,
filologiya elmləri doktoru
Kredo 2018.- 14 dekabr.- S.9.


<< Geri