E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Həsən Seyidbəylinin bütün əsərləri, janrından və formasından asılı olmayaraq, günümüzün, zəmanəmizin ən aktual, ən müasir məsələləri ilə bağlıdır. Hərbi vətənpərvərlik, yaradıcı əmək, saf məhəbbət, gəncliyin tərbiyəsi, şəhər və kənd həyatı, sülh uğrunda mübarizə, neftçilərimizin surətləri, Həsənin maraqlandığı, meyl göstərdiyi və ustalıqla qələmə aldığı mövzulardır.

***

Filmdəki hadisələrin və surətlərin inkişafında quruluşçu rejissorun sənətkarlığı dərhal duyulur. Bu cəhət “Bizim Cəbiş müəllim” filmində özünü xüsusilə göstərir.

Yusif Əzimzadə,
nasir, dramaturq


“Uzaq sahillərdə” povesti bədii macərə əsərləri ruhunda yazılmışdır. Müəlliflər bəzən hadisələrin maraqlı və cəlbedici olmasına uyaraq, xarakterlərin dərindən açılmasına, psixoloji anlara az fikir vermişlər. Bunun nəticəsində də bəzi partizan surətləri arzu olunan dərəcədə tamamlanmamışdır. Buna baxmayaraq, “ Uzaq sahillərdə ” dəyərli bir əsərdir və ədəbiyyatımızda müsbət bir hadisədir.

İlyas Əfəndiyev,
Xalq yazıçısı


Həsən Seyidbəyli kinodan və ədəbiyyatdan nə istəyirdi? Mən cürət edib onu Vasili Şukşinlə eyni düşüncə dünyasının adamı hesab edərdim. Şuşkin rus mujikinin, Həsən Seyidbəyli Azərbaycan qadının, ələlxüsus gənc qızların, azərbaycanlı ailəsinin xoşbəxtliyi problemi ilə məşğul olurdu.

Məmməd Adilov,
filologiya elmləri doktoru


Həsən Seyidbəyli mənalı bir ömür yaşamışdı. O, qayğılı ömründə həm qələmlə, həm də sözlə xalqa xidmət etməyə çalışmışdır. Qələm onun silahı olub cəmiyyətdəki nöqsanları təmizləməyə, sözsə tribunalardan danışmağa lazımı olmuşdur.

Cabir Novruz,
Xalq şairi


Rejissorun gələcək planlarında “Nizami ” və “Babək” kimi filmlər dururdu. Mən hər iki ssenarini oxumuşdum. Hətta “Babək” in sınaq çəkilişlərindən də çıxmışdım. O vaxt ona deyirdilər ki, nəyə görə yenə də Rasim Balayevi! Bir sözlə, uğurla başlanan fəaliyyətimizin ömrünün uzun olacağı göz qabağında idi.

Rasim Balayev,
aktyor


<< Geri