“Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur.”
“Qiymət, öz işin üçün mükafat, tərif və s.
axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək.
Bunu üçün əvvəlcə onun inamını qazan”
“Dama-dama daş deşilər. Bunlar bir zamanlar
onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa
düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü
tamamilə dəyişdirə bilərik”.
“Qəzetənin ümdə muradı mübahisədir ki, aqil
kəslər bir böylə mübahisə edib işləri xəlqə bəyan etsinlər”.
“İstəyirsinizmi türk milləti yaşasın, qabağa
getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun-buna dil verin:
türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar.
Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin.”
“Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq:
Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird
ustaya və qeyri qul deyil? Və buna səbəb – bizim ata, baba
adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə
bilmərik.”
“Bizim sabiq “cəmiyyəti-xeyriyyə” bina
tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki,
müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq
məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq
olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil...”
“Hər bir vilayətin qəzeti gərək o vilayətin
aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım
olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap
olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.”
“Dünya bir şeydir ki, həmişə dövran edir və
insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da
dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə
saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar
olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur
və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin biz qadir
deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə
etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə
görə gün-gündən tərəqqi edib irəli gedirlər... ”
“İnsan ətrafında olan şeyləri və dünya ilə
olan münasibətini həvasi-xəmsə vasitəsilə dərk edir. Həvasi-xəmsənin
əvvəlincisi qüvveyi-basirədir ki, gözlərin vasitəsilə, ikincisi
qüvveyi-samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü
qüvveyi-şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi-zaiqədir
ki, dil vasitəsilə və beşincisi qüvveyi-lamisədir ki, bədənin dərisi
vasitəsilə dərk olurlar.”
“Ey elm təhsil edən cavanlarımız! ... Vətən
qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa
düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib
incidəcəklər... Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü
milləti-qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs
ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar
edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas
daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə
millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət
oxuyacaq...”
“Damcı-damcı ilə yaramız sağalası yara deyil.
İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan
içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin
borcudur ki, birə-beş artıq işləsin və bir də bizim oxuyanımız az
olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək,
hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə
iş irəli gedə bilər...”
“Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və
dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən
söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi
odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir
guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər
bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul
götürən əhalisini cuşə gətirir.”
“Həqiqət biz bir-birimiz ilə xoruz-beçə kimi
cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşməmiz çox eyibdir.
Bizim bədbəxt müsəlman taifəsi qeyrilərdən geridə qalıb
xab-qəflətdən oyana bilmədiyinin bir böyük səbəbi də budur ki, biz
öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub
bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük. Bəsdir, belə
məsləkdən əl çəkəlim.”
Həqiqət elm təhsil etməyi başlayan tayfa
qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün
işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil
olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır.