E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Azərbaycan Xalq Komissarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (Gəncədə) N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu açıldı. İnstitut üçün münasib baza olmadığından şəhərin M.Qorki adına 1 nömrəli məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş təhsil ocağının sərancamına verildi. İlk vaxtlar üçün institutda iki ixtisas – təbiyyət və fizika-riyaziyyat fakültələrinin təşkili planlaşdırıldı. Gəncə İkiillik Müəllimlər İnstitutu 23 müəllim və 244 tələbə ilə 01 oktyabr 1938-ci ildə fəaliyyətə başladı. 1939-cu ildə institutda daha iki yeni fakültə – tarix, Azərbaycan dili və ədəbiyyat fakültələri yaradıldı. Eyni zamanda təbiyyət fakültəsi təbiyyət-coğrafiya fakültəsi kimi yenidən quruldu. 01 sentyabr 1943-cü ildən etibarən İMİ-ti ləvğ olunur, həmin təhsil ocağı yenidən qurularaq onun bazasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif fənlərdən yüksək ixtisaslı müəllim kadrları hazırlayan dördillik Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutu yaradılır. 1943-1944-cü tədris ilinin payızında instituta Azərbaycanın görkəmli maarifpərvər, torpaqşünaslıq və aqrokimya elmlərinin banisi – ensiklopedik alim Həsənbəy Zərdabinin adı verildi. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gəncə Dövlət Universiteti adlandırılmışdır. Hal-hazırda universitetdə 8 fakültə və 10 şöbə – aspirantura və doktorantura, magistratura, qiyabi, informasiya və kommunikasiya texnologiyaları, xarici əlaqələr, kadrlar, nəşriyyat, tədris, tədris-metodiki, xüsusi şöbə fəaliyyət göstərir.


<< Geri