Filosof şair, böyük
dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində öncül yerlərdən
birini tutur. Adətən onu ədəbiyyatımızın Nizami Gəncəvi, Məhəmməd Füzuli,
Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi
klassik sənətkarları ilə müqayisə edirlər. Lakin bununla yanaşı, Hüseyn
Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçmiş
və özündən sonra ölməz əsərlər qoyub getmiş söz ustalarından biridir.
Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX
əsr Azərbaycan ədəbiyyatında XIX yüzillik Qərb romatnizminin təsiri ilə
yaranmış romantizm ədəbi cərəyanından söhbət açarkən onun ən böyük
nümayəndələrindən biri kimi Hüseyn Cavidin adını çəkməmək mümkün deyil.
«Şeyx Sənan», «İblis», «Topal Teymur», «Peyğəmbər», «Xəyyam», «Seyavüş»
kimi dramları, «Azər» poeması, bütöv bir silsilə lirik-fəlsəfi şeirləri
ilə H.Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi
həkk etmişdir. Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan
dramaturgiyasını istər mövzu, istər xarakter və obrazlar qalereyası,
istərsə də xronotop baxımından olduqca zənginləşdirmiş, dramaturgiyamızı
dar lokal məkandan çıxararaq qlobal məkana salmış, ümumbəşəri ideyaların
təbliği ilə dünya səviyyəsinə qaldırmış, Azərbaycan dramaturgiyasının
banisi M.F.Axundzadədən, dramaturgiya məktəbinin başqa nümayəndələri
olan Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Cəlil
Məmmədquluzadədən sonra bu janrın tarixinə yeni uğurlu səhifələr
yazmışdır.
Hüseyn Abdulla oğlu Rasizadə
1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət,
mədəniyyət mərkəzlərindən biri olan Naxçivan şəhərində ruhani ailəsində
anadan olmuşdur. İlk ibtidai təhsilini evdə alan, sonra isə 1891-1896-cı
illər arasında mollaxanada davam etdirən Hüseyn 1896-1898-ci illərdə
görkəmli maarifpərvər ziyalı və istedadlı pedaqoq Məhəmmədtağı Sidqinin
«Tərbiyə» məktəbində oxumuş, daha sonra isə regionun pedaqoji
mərkəzlərindən sayılan Təbrizin «Talibiyyə» mədrəsəsinin müdavimi
olmuşdur. О dövrdə Yaxın və Orta Şərqin şeir dili sayılan fars dilini
çox gözəl mənimsəmiş Hüseyn ilk qələm təcrübələrini də məhz bu dildə
ərsəyə gətirmiş, müəllimləri və ədəbi-mədəni mühiti tərəfindən təşviq
edilmiş, gələcəyin böyük şairi kimi etiraf edilmişdir.
Ömrü boyu kasıb yaşamış, öz
əlinin zəhməti ilə bir tikə halal çörək qazanmış Hüseyn Cavid 1904-cü
ildən - 22 yaşlı bir gənc ikən əmək fəaliyyətinə başlamış və Gürcüstanın
Kaxetiya ərazisində şosse yolu çəkən idarədə podratçılıq etmişdir.
1906-1908-ci illər arasında
Türkiyədə həm gözlərini müalicə etdirən, həm də İstanbul Universitetinin
Ədəbiyyat Bölümünün müdavimi olan Hüseyn Rasizadə 1909-cu ildə «Cavid»
ədəbi təxəllüsünü seçmiş və bundan sonra onun ailəsi bu soyadı altında
tanınmışdır. Ağır maddi durum üzündon Türkiyədə qala bilməyən Hüseyn
Cavid 1910-cu ildə Azərbaycana qayıdır və bir müddət Gəncədə açılmış
ruhani seminariyasında müəllim işləməyə başlayır. Bundan sonra H.Cavid
bir müddət Gəncədə və Tiflisdə pedaqoji fəaliyyətlə məşğul olmuş, hətta
Gəncə dəmiryolunda mühasiblik də etmişdir.
1915-ci ildən Bakıya köçən
H.Cavid «Səfa» məktəbində müəllim işləmiş, Bakıda təşkil olunmuş
«Ədəbiyyat komissiyası»na üzv seçilmişdir.
1918-ci ildə erməni quldur
dəstələrinin Bakıda türk genosidi törətdikləri zaman Hüseyn Cavid
Təbrizə, oradan isə doğma vətəni Naxçıvana getmiş, həmin şəhərdəki
«Rüşdiyyə» məktəbində müəllim işləmiş, gələcək ömür-gün yoldaşı Mişkinaz
xanımla ailə həyatı qurmuşdur.
1919-cu ildə bütün dünyada
baş verən qlobal proseslərin təsiri altmda Milli hökumət - Azərbaycan
Demokratik Respublikası qurulduqdan sonra yenidən Bakıya köçən H.Cavid
hazırlıq kurslarında ədəbiyyat fənnini tədris etmiş, bir müddət qız
məktəbində şəriətdən dərs demişdir. 1919-cu ilin mayında keçirilən
Müəllimlər İttifaqının iclasmda idarə heyətinin üzvü, həmin ilin
iyulunda isə Azərbaycan Müəllimlər konfransında Təlifat Heyətinə
seçilmişdir.
Ömrünün son on yeddi ilini
Bakı Müəllimlər Seminariyası - Darülmüəlliminlə bağlayan H.Cavid burada
öz ürəiyncə olan uğurlu pedaqoji fəaliyyət göstərmiş, dahi şair və
dramaturq olmaqla yanaşı, həm də istedadlı bir müəllim kimi də tanınmış
və ədəbi-ictimai mühitdə etiraf edilmişdir.
Elə bu illər Cavidin bir
yazıçı və ədəbiyyat xadimi kimi fəaliyyətinin çox coşğun və səmərəli bir
dövrünü təşkil edir. Biz onu 1920-ci ilin martında «Yaşıl qələm»
dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan
komissiyanın, 1921-ci ilin avqustunda «Tənqid-təbliğ» teatrının
repertuar komissiyasının, 1923-cü ilin yayında Azərbaycan yazıçı, ədib
və şairlərinin təşkilat komissiyasının, bir neçə ay sonra təşkil olunmuş
«Azərbaycan ədib və şairlər dərnəyi»nin idarə heyətinin üzvü kimi
görürük. Bu zaman o, qırx yaşını təzəcə keçsə
də, artıq təkcə Azərbaycanda deyil, eləcə Zaqafqaziya və bütövlükdə
İttifaq miqyasında ağsaqqal ədiblərdən biri kimi şöhrət qazana bilmişdi.
Bu illərdə H.Cavidin əsərləri müxtəlif ölkələrin səhnələrində dalbadal
böyük uğurla tamaşaya qoyulmuş, görkəmli Azərbaycan bəstəkarı Müslüm
Maqomayev H.Cavidin eyniadlı faciəsi əsasında «İblis» operasını
yazmışdı. Bir sözlə, heç nə faciələr müəllifi H.Cavidin taleyində
yaxınlaşan fırtınadan xəbər vermirdi. Ancaq fırtına da yaxınlaşırdı...
Ancaq sönməzdən əvvəl çıraq
daha parlaq şölə saçdığı kimi, H.Cavidin də fiziki əbədiyyətə
qovuşmazdan öncə şöhrəti zirvəyə qalxmaqda davam edirdi. Böyük ədib
canlı klassikə çevrilirdi. 1924-cü ildə «Peyğəmbər» dramı Azərbaycan
Xalq Maarif Komissarlığının nəşriyyatında çap edilmiş, elə həmin ildə
Bakıdakı II dərəcəli 16-cı qız məktəbinə H.Cavidin adı verilmiş, «İblis»
faciəsi ilk dəfə kitab şəklində çap edilərək oxucuların istifadəsinə
verilmişdi.
1925-ci ilin fevralında
H.Cavid Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir.
1926-cı ilin iyun-oktyabr aylarında gözlərini müalicə etdirmək üçün
Berlinə ezam edilən H.Cavid oradan böyük ədəbi-bədii, fəlsəfi-ictimai,
mədəni-mənəvi təəssüratla qayıdır və «Azər» poemasında, eləcə də bu
səfərin təəsüratlarının məhsulu olan «Knyaz» faciəsində bu təəssüratdan
uğurla istifadə edir.
1926-cı ildə nəşr edilən «Topal
Teymur» əsəri Azərbaycan Akademik Teatrında tamaşaya qoyulur, bir ildən
sonra isə Xalq Komissarları şurasının qərarı ilə Azərbaycan
ədəbiyyatının inkişafında göstərdiyi çoxillik xidmətlərə görə H.Cavidə
fəxri təqaüd verilməsi məsələsi irəli sürülür.
1928-ci ildə «Şeyx Sənan»
faciəsi Təbriz teatrında tamaşaya qoyulmuşdur. Sonrakı illərdə Cavid
Yeni əlifba komitəsinin konfransında, Bakıda Gürcüstan yazıçıları ilə
birgə keçirilmiş ədəbi-bədii tədbirdə yaxından iştirak etmişdir. Həmin
ilin iyununda o, Zaqafqaziya Şura yazıçıları və incəsənət xadimləri
birliyinin təşkilat komissiyasına üzv seçilmiş, Şura yazıçılarının
müşayiəti ilə Gürcüstana və Ermənistana səfər etmişdir. 1930-cu ilin
martında Tiflis Dövlət Qırmızı Ordu teatrında Cavidin «Knyaz» pyesi ilk
dəfə tamaşaya qoyulmuşdur. Böyük maraqla qarşılanmış həmin əsər bir
aydan sonra Bakı şəhərində Türk Bədaye Teatrında tamaşaçıların
müzakirəsinə verilmişdir.
1931-1932-ci illər arasında
Cənublu-Şimallı vətənin övladlarının taleyindən bəhs edən «Telli saz» və
böyük İran şairi Əbülqasim Firdövsinin 1000 illik yubileyinə həsr
edilmiş «Seyavüş» faciəsi H.Cavidin qələmindən çıxmışdır.
Sonrakı illərdə Azərbaycan
Şura Yazıçıları Cəmiyyətində fəal iştirak edən H.Cavid həmin cəmiyyətin
təşkilat komitəsinin I plenumunda iştirak etmiş, Azərbaycan Şura
Yazıçıları İttifaqının Təşkilat komitəsində qəbul komissiyasının işində
iştirak etmişdir.
1934-cü ildə «Seyavüş» əsəri
«Azərnəşr»də çap olunur və Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulur.
Əlbəttə, bütün bu uğurlar Cavidi yazıb-yaratmağa ruhlandırmaya bilməzdi
və nəticə olaraq bir-birinin ardınca böyük ədibin qələmindən «Xəyyam» və
«Şəhla» pyeslərinin çıxmasına səbəb olur. Bu illərdə artıq Azərbaycan
yazıçılarının ən hörmətli və nüfuzlu üzvlərindən biri kimi H.Cavid
1935-ci ilin dekabrında keçirilən Zaqafqaziya dramaturqlarının Bakı
müşavirəsində, Moskva, Leninqrad və Minsk şəhərlərində keçirilən
Azərbaycan poeziyası və dramı günlərində yaxından iştirak etmişdir.
Məşum tarixə - Cavidin həbs
edilməsinə bir il qalmış Cavidin «Xəyyam» pyesi ədəbi əsərlər
müsabiqəsində mükafata layiq görülür və ədibə pul mükafatı verilməsi
nəzərdə tutulur.
Azərbaycan ziyalılığının bir
çox görkəmli nümayəndələri kimi, 1937-ci il Cavidin taleyində də çox
ağır taleyüklü bir tarixə çevrilir. Həmin ilin iyun ayının 3-də Cavidə
qarşı millətçi ittihamı irəli sürülür, ertəsi gün böyük şair və
dramaturq həbs edilir. Tam iki il müddətində Cavid keşlə və Bayıl
həbsxanalarında ağır dustaqlıq şəraitində yaşadıqdan sonra 1939-cu ilin
4 iyulunda antisovet təbliğatında iştirakına görə 8 il həbs cəzası
alaraq Sibirə sürgün edilmişdir. Uzun illərin mənəvi-psixoloji
təzyiqlərindən sonra onsuz da səhhəti pozulmuş şair, 1941-ci il dekabrın
5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat
etmişdir. Əlamətdardır ki, Azərbaycan ədəbiyyatının ən görkəmli
simalarından biri olan H.Cavid qardaş Ukrayna ədəbiyyatının ən görkəmli
simalarından biri olan Taras Şevçenkonun adını daşyıan qəsəbəyə pənah
gətirmiş və məhz burada dünyasını dəyişərək əbədiyyətə qovuşmuşdur.
* * *
H.Cavid ədəbiyyat aləminə
şeirlə gəlmiş və bütün ömrü boyu poetik yaradıcılığını davam etdirmişdir.
Hələ ilk qələm təcrübələrindən onun istedadlı bir şair olduğu nəzərə
çarpır. Ədəbi yaradıcılığa şair və publisist kimi başlamış Hüseyn
Rasizadə ilk mətbu əsərlərini 1904-cü ildə «Şərqi-Rus» qəzetində
oxuculara təqdim etmişdir. Sevimli müəllimi Məhəmmədtağı Sidqinin vəfatı
münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar sayında nəşr
olunmuşdur. Bundan sonra gənc ədibin müntəzəm olaraq «Həyat», «İrşad»,
«Tərəqqi», «Həqiqət», «İqbal», «Açıq söz» kimi mətbu orqanlarında çıxış
etdiyini görürük.
Hüseyn Cavid dramatik
yaradıcılığa 1910-cu ildə yazdığı «Ana» pyesi ilə başlamışdır. Əsər
1913-cü ildə Tiflisdə nəşr olunmuşdur. Səhnəciyin mövzusu orta əsr
italyan novellasından götürülsə də (bu fakt yazıçı Elçin tərəfindən
müəyyən edilmişdir), Cavid onu yerli şəraitə, Azərbaycan-türk
mentalitetinə uyğunlaşdırmış və orijinal bir əsər meydana gətirmişdir.
Burada hələ parlaq faciəvi obrazlar yaratmağa müvəffəq olmamış H.Cavid
fabulanın özünün faciəviliyindən və orijinallığından ustalıqla
bəhrələnməklə maraqlı bir əsər meydana qoymuşdur.
1913-cü ildə H.Cavidin bir
sıra şeirləri «Keçmiş günlər» adı altında Tiflisdə nəşr edilmişdir.
Cəmisi 24 səhifədən ibarət olan bu kiçik məcmuədə Hüseyn Cavidin
1905-1913-cü illər arasında yazdığı lirik və romantik, ictimai və intim
məzmunlu əsərləri toplanmışdır. Bu şeirlərdə H.Cavid fərdin arzuları ilə
cəmiyyətin tələbləri arasındakı ziddiyyətləri açıb göstərməyi bir
mütəfəkkir sənətkar, humanist şair kimi qarşıya qoyur.
H.Cavidin insan taleyinin
problemləri barədə narahatlığını, öz millətinin keçmişi, bugünü və
gələcəyi haqqında qayğılarmı ifadə edən şeirlər 1905-1917-ci illər
arasında qələmə alınmış örnəkləri əhatə edir və «Bahar şəbnəmləri»
adlanan ikinci poetik topluda cəmlənmişdir.
Hələ 1906-1908-ci illərdə
İstanbul Universitetinin Ədəbiyyat bölümündə tehsil aldığı zaman Türkiyə
mətbuatında şeirləri dərc olunan Hüseyn Cavid qardaş ölkənin ədəbi
ınühitində də tanınmış,
«Vərəmli qız» adlı poetik
əsəri İstanbulda keçirilən şeir müsabiqəsində mükafata layiq görülmüşdü.
H.Cavid böyük dramaturq
olmazdan öncə böyük şair, böyük lirik olmuş və lirik-fəlsəfi
yaradıcılığını bütün ömrü boyu davam etdirmişdir. Onun şeirlərini
oxuduqca sanki başlanğıcda sakit axan, qıjıldayan, daşlardan töküldükcə
isə etirazlı bir nərə çəkən dağ çeşməsinin, dağ çayının səsini
eşidirsən. Elə buna görədir ki, H.Cavidin şeir dili səmimi, saf insan
duyğularının tərənnümündə nə qədər həzin, kövrək, lirikdirsə, insanlara
zülm və müsibət gətirən şər qüvvələrə, heyvani instinktlərə tabe olub öz
həmcinslərini zülmət və cəhalətdə saxlayan riyakarlara qarşı mübarizədə
о qədər kəskin, amansız, qəti və hayqırtılıdır. Bu baxımdan H.Cavidin
poeziyasında romantika ilə realizmin heyrətamiz bir vəhdətini görürük.
Şair xeyirin təntənəsinə nə qədər işıqlı romantik xəyallar bəsləyirsə,
şərin məhvi üçün də о qədər səbirsiz, acıqlı tədbirlər irəli sürür.
H.Cavid bir şair kimi
orijinaldır, təkraredilməzdir, yalnız özünə, öz sənətinə xas olan poetik
ifadə və vasitələrin müəllifi kimi çox uğurlu bir dəsti-xətti vardır.
Cavidin şeir
yaradıcılığındakı romantik bədbinlik, ruh düşkünlüyü və ümidsizlik zaman
keçdikcə mübariz bir ovqata, nizamivarı bir «inqilabçılığa» çevrilir.
Şairin ilk poetik örnəkləri didaktik məzmunu, keçmişin ideallaşdırılması
ilə seçilir. «Hübuti-Adəm» («Adəmin (cənnətdən) enməsi»), «Yadi-mazi» («Keçmişin
yada salınması») kimi «Keçmiş günlər» poetik toplusuna daxil olan
şeirlər bu qəbildəndir.
Lərzan ediyor ruhumu bin dürlü məzalim,
Əfsus... ki, mazi ədəm, ati isə müzlim...
H.Cavid poeziyasının bu
dövrü üçün solğun, xəstə bənizli gözəllərdən, onların tezliklə heçliyə
qovuşacağından danışmaq - о dövr romantizminin ayrılmaz əlamətlərindən
biri kimi nəzərə çarpmaqdadır. Ancaq maraqlıdır ki, ümumbəşəri
problemlərdə bədbinlik göstərən şair, feminizm məsələlərində sanki bu
bədbinlikdən silkinib çıxır, bəşəriyyətin xilas yolunu qadına
məhəbbətdə, qadın gözəlliyində, qadın sevgisində görür. Bu baxımdan
«Bənim Tanrım» şeiri proqram səciyyəsı daşıyır:
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var.
Hər kəsin bir eşqi, bir ilahı var;
Bənim Tanrım gözəllikdir, sevgidir.
Həzz etmədim firqədən, cəmiyyətdən,
Zevq alamam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən;
Bənim ruhum gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da.
Uğrunda bənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,
Sevgisiz bir başdcı əqrəblər gəzər,
Nə görsəm, hankı bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir.
Qoşma janrında yazılmış bu
şeirdə Hüseyn Cavid Füzüli poetik məktəbinini birbaşa varisi kimi çıxış
edir. «Sevgisiz bir başda əqrəblər gəzər» poetik ifadəsi Füzulinin
Həbibiyə yazdığı təxmisindəki «kəlləmin sümükləri içində əqrəblər məskən
saldıqda belə sənin məhəbbətini unutmaram» anlamlı misraları çox
xatırladır. «Keçmiş günlər» toplusunda şairin az sayda olsa da,
qəzəlləri vardır ki, bu janrda qələmə alınmış ən yaxşı örnəklərlə yarışa
girə bilər. XIX əsrin ədəbi ənənəsinə uyğun olaraq, Cavid fars dilində
də qəzəllər yaratmışdır. Ancaq aydındır ki, onun ana dilində qələmə
aldığı qəzəllərini bədii-estetik cəhətdən farsdilli şeirləri ilə heç cür
müqayisə etmək olmaz.
Cavidin bir türkcə, iki
farsca qəzəli vardır. Türkcə qəzəl:
Məndən ayırdı fələk cəfäpişə yarimi,
Tar etdi zülfi-yar kimi ruzigarimi.
beyti ilə başlayır.
Farsca qəzəllərin biri vətən
mövzusunda, о biri isə məhəbbət mövzusundadır. H.Cavidin ilk qələm
təcrübələrindən biri kimi, Hacı Zeynəlabidin Tağıyevə həsr etdiyi farsca
qəsidə də maraq doğurur. Ümumilikdə, Cavidin şeirlərində dərin bir həyat
fəlsəfəsi, sağlam bir məntiq, insanın kamalına möhkəm inam özünü
göstərməkdədir. Gələcəkdə dramlarında qoyub həll edəcəyi bir çox
problemlərin «eskizini» şeirlərində cızır Cavid:
Pək tuhaf!.. Bir firqə digər firqənin
Xaliqindən diksinib olmaz əmin.
Halbuki, hər kəscə haq bir, tanrı bir...
Ya bu sərsəmlik, bu azğınlıq nədir?!
Ancaq poeziyasında Cavid hər
şeydən öncə, böyük bir lirikdir, ülvi məhəbbətlə sevən və bəzən məşuquna
ərklə şikayətlənən, hətta ondan küsən bir aşiqdir:
Bana
anlatma ki, eşq, aləmi-sevda nə imiş,
Bilirim bən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bull
Duydum
artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasın, mələk olsan belə uymam daha,
get!
Kim ki, uymuş sana, gönlüm kibi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş...
1912-1918-ci illər H.Cavid
yaradıcılığında daha çox dramatik janrın yüksəlişi ilə xarakterizə
olunur. «Maral» (1912) əsərinin mövzusu Azərbaycan qadınlarının
faciəsini özündə əks etdirir. Özündən xeyli yaşlı olan varlı Turxan bəyə
ərə verilən Maral müsəlman qadınının hüquqsuzluğu ilə barışmaq istəmir,
öz ürəyinin səsi ilə hərəkət etmək qərarına gəlir. Amma Maralda bu,
yalnız arzu şəklindədir və lazım gəldikdə o, kifayət qədər qətiyyət
göstərə bilmir. Milli əxlaq normalarının qoyduğu tabular Maralın
azadlığa və sərbəstliyə doğru gedən yolunu amansızlıqla kəsir, onu
fiziki məhvə məhkum edir.
Klassik faciə kimi «Maral»da
bir çox nöqsanların olduğunu görürük. Bu əsərdə H.Cavid hələ özünün
bütün dramatik ustalığını açmağa və reallaşdırmağa nail olmamışdır. Buna
görə də H.Cavidin ilk daha kamil, ülvi bir sevgi dastanı kimi adətən «Şeyx
Sənan» faciəsi nəzərdən keçirilir.
«Şeyx Sənan» (1914) - Hüseyn
Cavidin ilk uğurlu faciəsi sayılır. Yazıldığı gündən əsər Azərbaycan
teatrlarında müntəzəm olaraq tamaşaya qoyulmuş, şərəfli bir səhnə yolu
keçmiş, tamaşaçıların böyük rəğbətini və məhəbbətini qazanmışdır.
Hələ faciəni qələmə almazdan
öncə yazdığı «Şeyx Sənan» şeirində Cavid öz bədii-estetik qayəsini bu
cür ifadə edirdi:
«Nədir
mənası eşqın?» Söyləyənlər nerdə, bir gəlsin,
Görüb
qüdsiyyəti-Sənanı lal olsun xəcalətdən!..
«Şeyx Sənan»ın yazılmasından
xeyli əvvəl poeziyamızda «eşqin mənası» haqqında sənətkar sözünü hələ
XII əsrdə Gəncə dahisi Nizami demişdi. «Xosrov və Şirin»də, «Leyli və
Məcnun»da Nizami ilahi səviyyəyə qalxan insan məhəbbətinin yaratdığı
möcüzələri açıb ortaya qoymuşdusa, Cavid də qəfil bir bəla kimi insan
qəlbini çulğayan eşqin möcüzəli dəyişdirici gücünü dramatik bir dillə
ifadə etməyə nail olmuşdu.
H.Cavid bu əsərində simvolik
obrazlar kimi istifadə etdiyi Şeyx Sənan və Xumarın vasitəsilə dünyəvi
məhəbbəti inkar edən din xadimlərini - istər müsəlman, istər xristian
olsun - tənqid edir və təbiətin gözəlliyə və ülviliyə çağırışı kimi
mənalandırdığı insani eşqin təbliği tərəfində dayanır.
Elə buna görədir ki,
qadınlardan uzaq qaçmaq fəlsəfəsi ilə yaşayan Şeyx Sənan və monastıra
gedərək özünü Allaha ibadətə həsr etmək istəyən Xumar eyni bir bəlaya -
məhəbbət bəlasına düçar olurlar.
H.Cavidin ikinci böyük
faciəsində - «İblis»də də hadisələr konkret lokal məkanda deyil, daha
çox simvolik bir xronotopda cərəyan edir ki, bu da ümumiyyətlə, H.Cavid
sənətinin aparıcı xüsusiyyətlərindən biridir.
Hüseyn Cavidin ümumbəşəri
qlobal mövzulardan daha konkret və lokal mövzulara keçidini onun 1917-ci
ildə tamamladığı «Şeyda» faciəsində görürük. Əsər fəhlə mövzusuna, bir
növ inqilabi və sosialist ideyaların təbliğinə həsr edilsə də, onun
qəhrəmanlarını bu yolda fanatik bolşeviklər obrazında görmürük. Cavid
böyük bir sənətkar kimi, daha çox ətrafında görüb müşahidə etdiyi real
insanları və faktları qələmə almışdır.
1918-1926-cı illər arasında
Hüsyen Cavid «Peyğəmbər» və «Topal Teymur» pyeslərini qələmə almışdır.
Kütləvi və keçici hakim
təmayüllərə, reformist və radikal inqilabçı təsirlərə, açıq ideoloji
soyqırımına bədii müqavimətin klassik örnəyi olaraq bu dövrdə Cavid
yaradıcılığını nəzərdən keçirmək mümkündür. «Peyğəmbər» əsərinin mövzusu
və qəhrəmanı tarixdən alınsa da, əsərdəki fəlsəfə və ideal yazıldığı
dövrün hadisələri ilə yaxından bağlı idi. «Zamanın qırılmış bağlarını»
(Şekspir, «Hamlet») yenidən bağlamaq vəzifəsini Mələk Məhəmmədə həvalə
edir. Cavid «düşünüb haqqı bulan arif» insanı peyğəmbər, tanrı
səviyyəsinə qaldırır, dünyanı öz məhvərinə qaytarmaq vəzifəsini onun
üzərinə qoyur.
«Topal Teymur»un (1922)
estetik mahiyyəti və obyektiv-fəlsəfi mahiyyəti çağdaş
«cahangirciklər»ə, cırtdan tiranlara qarşı etiraz və istehza ilə dolu
idi. Cavid nifrət etdiyi və lənətlədiyi «qan püskürən, atəş savuran»
şahlar və xaqanlar haqqında mədhiyyə yazmazdı və Teymurləng də səhnəyə
bu məqsədlə gətirilməmişdi. Bəlkə əksinə, Cavid «İblis»də şəri şər
dühasının - İblisin dili ilə ifşa etdiyi kimi, «Topal Teymur»da da
tiranlığı müharibə tanrısının - Teymurun dili ilə ifşa edirdi. İblis
insanın özündə olan yamanlıq və şər deməkdir. Teymur da Cavidi məhz
«özünü dərk etmiş tiran» kimi cəlb edirdi. Əsərdə gerçəkləşən və ancaq
gerçəkləşdikdən sonra qavranılan mənəvi korluq və topallıq-şikəstlik ən
parlaq şəkildə Teymurun Ankara savaşına qərar verdiyi anda özünü
göstərir. Faciədə bu qərar bütün İslam, Yaxın və Orta Şərq miqyasında
bir günah, «siyasət və rəyasət» bəlası, «qardaş qırğını» olaraq
damğalanır. «Qanlar tökülüb, Ankarada qiyamət qopduqdan» (M.Ə.Sabir)
sonra Teymurun son sözləri bu savaşdakı qalibiyyəti bir məğlubiyyət
olaraq dərk etdiyini göstərir: «Hiç məraq etmə, xaqanım! Sən kor bir
abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı,
yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə sənin kibi bir kor,
bənim kibi bir topal müsəllət olmazdı.»
Hər iki dramda təhlil və
təsvir ənənəvi maarifçi-romantik məcrada, tarixi və dini mövzular
çərçivəsində, XX yüzil Azərbaycan romantizminə verilən fəlsəfi, estetik
son şəklin, ovqatın və bədii ritmin davamı kimi cərəyan edir.
Hüseyn Cavidin yaradıcılığı
bir tərəfdən Türkiyə-Azərbaycan ədəbi əlaqələrini əks etdirmək
baxımından son dərəcə səciyyəvidir. Onun pyeslərinin əksəriyyətində
hadisələr Türk-Turan dünyasında cərəyan edir və qəhrəmanlar bu dünyadan
seçilmiş igid türk oğul və qızlarıdır. Məhz buna görə böyük Səməd Vurğun
ustadı tənqid edərək:
Nədən şeirimizirı baş
qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
deyə sual verirdi.
1932-ci ilin mayında, böyük
İran şairi Əbülqasım Firdövsinin anadan olmasının min illiyi
münasibətilə qələmə alınmış «Seyavüş» faciəsi Cavidin yaradıcılıq
xorunda kənar səs kimi qəbul edilə bilmir. Təsadüfi deyil ki, əsərə
yazdığı epiqraf-qeyddə Cavid bu sözləri işlədir: «Başda həkim Firdevsi
olaraq şu vaqiəyi təsvir edənlər az deyil. Müəllif də yorğun duygularını
dinlətmək üzrə şu mevzuya doqundu və «Şahnamə»yə yaqlaşmaq istərkən
uzaqlaşmış bulundu.»
Əlbəttə, Cavid bu uzaqlaşmaq
sözü ilə onunla Firdövsi arasında keçən min ildə insan psixologiyasının
necə dəyişdiyini bildirmək istəmişdi. Bir İran-Turan qarşılaşması
yaratmaq istəyən Firdövsidən fərqli olaraq, Cavid bir insan yaxınlaşması
səhnəsi təsvir etmək və bu yolda hansı ehtirasların maneə yaratdığını
göstərmək istəmişdi.
1923-cü ildən yazılmağa
başlanmış və eləcə də başa çatdırılmamış «Azər» poeması Azərbaycan və
Avropa lövhələrini, xalqımızın həyatından alınan ayrı-ayrı səhnələri əks
etdirir.
Bütün yaradıcılığı boyu
xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyirin qələbəsinə öz sənətkar
töhfəsini verən Cavid, səriətkar qələminin bu son qu quşunda həm də iki
fərqli həyat və dünyagörüşü tərzi kimi Şərqlə Qərbi qarşılaşdırmiş, son
nəticədə üstünlüyü yenə də insanlığa vermişdir.
Gözlərini müalicə etdirmək
üçün Avropaya gedən Cavid bu əsərini canlı müşahidələri və təəssüratları
əsasında qələmə almışdır. Əsərdə xüsusən Rusiya qaçqınlarının Avropadakı
acınacaqlı həyatı, şərq xalqlarının azadlıq mübarizəsi təbii və səmimi
boyalarla verilmişdir.
«Azər» lirik-epik, fəlsəfi bir
poemadır. Şair ömrü boyu onu düşündürən problemləri bu orijinal
quruluşlu poemada bədii şəkildə təsbit etmişdir. «Azər» əslində, poema
ilə mənzum dram arasında keçid mövqeyində duran bir əsərdir. Əsərin bir
sıra hissələri lirik, bir sıra hissələri epik poema təsiri bağışlayırsa,
bir sıra hissələrində mənzum dram ünsürlərini görməmək mümkün deyildir.
Beləliklə, Cavid öz
bədii-estetik və ideya amalını ifadə etmək üçün poetik janrın bütün
formalarından istifadə edir.
1930-1937-ci illərdə Hüseyn
Cavid «Telli saz», «Seyavüş», «Şəhla», «İblisin intiqamı», «Xəyyam»
dramlarını qələmə almışdır. Mövzusu bütöv Azərbaycan xalqının Güney və
Quzeydəki həyatından götürülmüş «Telli saz» bizə gəlib çatmamış, yalnız
onun fabulası qalmışdır. Bu əsərlərdən ən çox uğur qazananı
«Seyavüş»dur.
«Seyavüş» faciəsini Cavid
böyük İran şairi Firdovsinin 1000 illik yubileyinə bir sənətkar töhfəsi
kimi qələmə almışdı. Bu əsərdə artıq tarixi mövzu yeni dövrün ədəbi
tələbləri səviyyəsində həll edilirdi. H.Cavid artıq öz ədəbi-estetik
aktuallığını yeni dəyərlər işığında ehya etməli olan «Şahnamə»
motivlərinə, о sıradan «Səyavuş» dastanına yeni baxımdan yanaşırdı.
Cavid tarixdən alınmış bu mövzunu öz ədəbi-mədəni, ictimai-siyasi mühiti
üçün yenidən işləməyə, ondan didaktik-psixoloji fayda əldə etməyə
çalışır və buna nail olurdu.
Əyalətdən çıxmış bir insan
kimi, Cavid bu əsərdə bəzən kəndlə şəhəri qarşı-qarşıya qoyur və
üstünlüyü sadəliyi, səmimiliyi, açıqürəkliliyi özündə təmsil edən kəndə
verirdi. Beləliklə, Cavidin qəhrəmanı əslində şahzadə, aristokrat deyil,
kənd mühitində tərbiyə almış demokratik ziyalılığın nümayəndəsi kimi
fəaliyyət göstərirdi və bu demokratizmlə Cavid dövründə hökm sürən
totalitarizmin mübarizəsində Seyavüşün faciəvi taleyi çox təbii
görünürdü.
H.Cavid yaradıcılığında uzun
müddət itmiş sayılan və nəhayət şairin övladı Turan Cavidin Titanik
səyləri nəticəsində əldə edilən «Xəyyam» pyesinin xüsusi yeri vardır.
«Seyavüş» kimi, «Xəyyam» da müəyyən ədəbi-tarixi münasibətlə - böyük
şair və alim Ömər Xəyyamın 1000 illik yubileyi münasibətilə qələmə
alınmış bu pyes filosof-sənətkarın cəmiyyətdə çəkdiyi ağrı-acıların
təsvirində Cavid üçün doğma bir mövzunu əks etdirirdi.
Cavidin əksər dramları kimi,
«Xəyyam»ın da mövzusu «İrandan» gəlirdi. Görkəmli alim, filosof və şair
Ömər Xəyyamın bütün mütərəqqi bəşəriyyət tərəfindən keçirilən minillik
yubileyinə böyük Şərq şairi Cavid də öz töhfəsini verməli idi. Ancaq
təbii ki, Cavid bir türk şairi kimi Xəyyam fenomenini doğuran
ictimai-ədəbi mühiti də ön plana çəkməli idi. Firdövsini türk dövlətinin
demokratizmi, şeirə-sənətə verdiyi yüksək önəm doğurmuşdusa, Xəyyamı da
eynilə oxşar mühit - bir türk hökmdarı olan Alp Arslan və onun oğlu
Məlikşahın elm, şeir və sənət üçün yaratdığı münbit mühit doğurmuşdu.
Cavid bunun vurğulanmasına xüsusi fikir verir və sanki bundan bir türk
şairi kimi qürur duyur, türk hökmdarının bəşər tarixi qarşısında
xidmətini vurğulamaqla öz etnik mənşəyi ilə fəxr edir.
Faciənin əsasında fərd və
cəmiyyət qarşıdurmasından daha çox, Mosart və Salyeri sindromu -
istedadla cılızlığın qarşılaşması və bu mübarizədə ikinci tərəfin hər
cür xəyanətə əl ataraq butaforik qələbə çalması durur. Əslində isə, «Topal
Teymur»da olduğu kimi, bu yalançı «qələbədən» uduzan bütün bəşəriyyət
olur. Şeyx Sənandan sonra Xəyyam Cavid yaradıcılığında yeni monumental
aşiq obrazı kimi canlanır. Bütün yaradıcılığı boyu bir aşiq kimi təzahür
edən Cavid lirik qəhrəmanı dörddə bir əsrdən sonra Xəyyamda yenidən
ətə-qana dolur, öz şirin və cəlbedici eşqini oxucuya və tamaşaçıya
yoluxdura bilir. Böyük dramaturq göstərmək istəyir ki, xeyirlə şər
yalnız ictimai münasibətlər sferasında, müharibə və sülh məsələlərində
deyil, eyni zamanda şəxsi münasibətlər sferasında da böyük faciələrə
səbəb olur, ictimai inkişafa öz mənfi təsirini gösətərə bilir, insan
talelərini sındırmaqla kənar müşahidəçilərdə katarsis doğurur.
Sosialist realizminin «konfliktsizlik»
nəzəriyyəsindən xeyli əvvəl qələmə alınmış «Xəyyam» faciəsində Cavid
sosialist cəmiyyətində sənətkarın düşdüyü ağır vəziyyəti, qələm
azadlığına vurulan dəhşətli zərbəni də incə eyhamlarla ifadə etməyə nail
olmuşdur. Əsərdə türk hökmdarı Məlikşaha nə qədər hörmət və məhəbbət
ifadə olunsa da, ümumilikdə, sənətkar şəxsiyyətini dar çərçivəyə alan
inzibati-amirlik sistemi imperiyanın timsalında dərin tənqidə məruz
qalmışdır.
Hüseyn Cavidin örnəksəl
həyatı və yaradıcılığının əsas ideya istiqaməti olan romantizmi XX əsr
Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin gedişində öz səsi
və nəfəsi ilə seçilən qanunauyğun və əlamətdar bir hadisə kimi bu gün də
öz məna və əhəmiyyətini saxlamaqdadır.
GÜLBƏNİZ
BABAXANLI
TEYMUR KƏRİMLİ