E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi.

Heydər Əliyev
Ümummilli lider

Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ açan böyük sənətkar Hüseyn Cavidin taleyinə ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış, zaman, siyasi mühit parlaq zəka sahibi haqqında haqsız qərarlar qəbul etmiş, onun ölümündən çox-çox sonralar isə tarix öz ədalətli hökmlərini vermiş, böyük sənətkarın xatirəsi ona layiq şəkildə əbədiləşdirilmişdir. Bu istiqamətdə görülən işlərdə Hüseyn Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi və doğma yurdu Naxçıvanda torpağa tapşırılması tarixdə nadir hadisələrdən olaraq çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirərək zənginləşdirən qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi.

Otuz il əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi ədəbi mühitimizdə əlamətdar hadisə, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi böyük ictimai-siyasi məzmun kəsb edirdi.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə milli bədii düşüncə tarixini mövzu baxımından və bir-birindən parlaq xarakterlərlə zənginləşdirən Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi ötən əsrin 80-ci illərində ictimai-siyasi mühitdə böyük maraq doğurmuşdu. Təsadüfi deyildi ki, ədəbiyyatımızın böyük qayğıkeşi olan Heydər Əliyev Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin "birinci şəxsinə" - Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Y.V.Andropova müraciət etmişdir. Mənalı həyatının bütün dövrlərində Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşan, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən, bunu özünün müqəddəs vəzifələrindən biri sanan Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində olarkən 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua vermiş, onun xeyir-duasından, dəyərli göstərişlərindən və əməli qayğılarından sonra - 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın icrası rusiyalı həmkarlarının köməyindən istifadə edərək şairin məşəqqətli ömür yolunu tədqiq edərək Cavid haqqında uzaq Sibirdə saxlanılan sənədlərin əldə olunmasına, şairin dəfn olduğu yer haqqında məlumatların əldə edilməsinə yüksək vətəndaşlıq mövqeyi, tükənməz sevgi hissləri ilə nail olan Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu.

Hüseyn Cavid siyasi burulğanlarda yaşamağa məhkum olmuş böyük bir söz ustadı idi. Qəribə bir ömür yaşamışdı sənətkar şəxsiyyətinin bütövlüyünü nümayiş etdirən, ibrətamiz həyat yolu keçmiş böyük söz xiridarı. Ötən əsrin 30-cu illərində Azərbaycanın siyasi lideri Mir Cəfər Bağırovun hakimiyyəti illərində Cavid Sibirə sürüklənmiş və məhv edilmişdi. Belə ki, ötən əsrin 30-cu illərində Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jdanov Azərbaycan KP MK-ya, şəxsən Mir Cəfər Bağırova göndərdiyi məktubda M.C.Bağırovu əksinqilabçı düşmənlərin, sosializm əleyhdarlarının tapılıb ifşa edilməsində qətiyyətsizlik göstərdiyinə görə günahlandırdığı bir vaxta Kremlin "represiya planları" uğrunda dəridən-qabıqdan çıxan Bakı rəsmiləri 1937-ci il iyunun 3-də axşam saat 6-da M.F. Axundov adına Opera Teatrının binasında öz işinə başlayan Azərbaycan K(b)P XIII qurultayından bir neçə saat sonra "gizli millətçi əksinqilabi təşkilatda iştirakına" görə ittiham olunan Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir, Sanılını, Hüseyn Cavid və başqaları həbs olunmuş, Cavid uzaq Sibirə sürgün edilmişdi. Bir neçə onillikdən sonra isə digər bir siyasi lider - Heydər Əliyev isə 1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti Cavidin 100 illik yubileyi haqqında qərar qəbul etmişdi. Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirilərək böyük söz ustadına - Cavidə "ikinci ömür" vermişdi. Beləliklə, bir rəhbər Cavidi Sibirə göndərmiş, digəri - ümummilli liderimiz Heydər Əliyev isə onu Sibirdən qaytarmışdı.

Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsi Azərbaycanın özünə böyük hörmət gətirmişdir. Bu prosesi Sibirdə İrkutsk vilayətinin rəhbərləri, ictimaiyyətin nümayəndələri izləyərək Azərbaycan xalqının qədirbilənliyinə heyranlıqla məftun olurdular. Bu prosesin bütün məqamları - Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərovun Cavid soraqlı bir sıra arxiv sənədlərini öyrənməsi, onun muxtar respublikanın daxili işlər nazirinin müavini polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə uçaraq burada Hüseyn Cavidin 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun əlillər xəstəxanasında vəfat etməsini, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılmasının müəyyən etmələrini, 1982-ci il oktyabrın 21-də Tayşet rayon İcraiyyə Komitəsi 141 saylı sərəncamını verdikdən sonra rayonun rəhbər işçilərinin zirehli maşınlarla yerli əhalinin "gedər-gəlməz" saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə getmələrini, burada 40 min insanın dəfn olunduğu məzarlıqda Cavidin qəbrinin tapmalarını, məzar başında 100 yaylım atəşi açılmasını, milli adət-ənələrimizə uyğun ehsan verilməsini, Hüseyn Cavidin Şevçenko -Tayşet - İrkutsk - Moskva - Bakı - Naxçıvan marşrutu ilə doğma yurduna "yola salınmasını" və nəhayət bu işi icra edənlərin respublika rəhbəri Heydər Əliyev qarşısında son dərəcə məsuliyyətlərini və xalqın böyük söz ustadına sevgiləri sibirliləri heyrətə gətirirdi. Təbii ki, bütün bunların əsası var idi - Heydər Əliyevin SSRİ miqyaslı nüfuzu sayəsində ilk dəfə olaraq dünənki "xalq düşməninin" nəşinin qalıqları Sibirin caynağından qoparılaraq min kilometrlərlə uzaqda yerləşən vətəninə aparılması heyrət doğuracaq ictimai-siyasi hadisə olmaqla tarixin gecikmiş olsa da ədalətli bir hökmü idi - elə bu ədalətli hökmə imza atan Heydər Əliyevin qeyd etdiyi kimi: "...Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi..."

Bu əlamətdar hadisə ilə əlaqədar vətənpərvər şairimiz Xəlil Rza Ulutürk haqlı olaraq yazırdı ki, "Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini və təntənəli biçimdə şairin öz vətənində - Naxçıvanda torpağa tapşırılmasını Heydər Qəhrəmanlığı anlayışına daxil edirəm".

Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində şairə ithaf etdiyi şerində xalq şairimiz Bəxtiyar Vahabzadə Sibir məşəqqətlərini yaşamış repressiya qurbanı olmuş söz xiridarının cənazəsinin qalıqlarının vətəninə gətirilməsini ədalətin təntənəsi kimi qiymətləndirmişdir:

...Üçcə söz dilinin əzbəri oldu:

Həqiqət, məhəbbət, bir də ədalət.

Zaman dolandıqca, sular duruldu,

Hər şey öz yerini tapdı nəhayət.

Şeirin sinə gərdi burulğanlara

Ölüb məzarında yüz yaşa doldun.

Vücudun torpağa dönəndən sonra

Ana torpağa qayıdan oldun

Sən bir qüvvətə bax, qüvvət içində

Yüz ömür calandı ömrünə, Cavid.

Gələcək nəsillər heyrət içində

Minnətdar olacaq bu günə, Cavid.

Bir sıra Azərbaycan ziyalıları da ictimai-siyasi məzmun kəsb edən bu nadir hadisəyə yüksək qiymət vermişdilər. Ötən əsrin 60-cı illərində Cavidin cənazəsinin Azərbaycana gətirilməsi üçün ciddi cəhdlər edən professor Abbas Zamanov Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsini ədəbiyyat tarixində əlamətdar bir hadisə kimi qiymətləndirirdi.

Bir çox tarixi sənədləri, məktubları, xatirələri və söhbətləri, o cümlədən Mişkinaz xanımın və Turan xanımın əvəzsiz dəyərə malik xatirə və söhbətlərini ilk dəfə üzə çıxararaq böyük şöhrət qazanmış "Cavidlər" əsərinin müəllifi professor Rafael Hüseynov ədəbiyyatımız, mənəviyyatımız qarşısında böyük xidmət sayıla biləcək bu əsərində böyük sənətkarın cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi günü haqqında düşüncələrini belə qələmə almışdır:

"...1982-ci il, 26 oktyabr. Bakı, Binə hava limanı. Bu təyyarə düşərgəsində illərdən bəri nə qədər həyəcanlı görüşlər olub. Ancaq o qarşılamaya bənzəri heç vaxt olmayıb və çətin ki, bundan sonra da ola.

...Heç vaxt unudulmayacaq o gün.

Cavidlə ayrılıq gününü, o illəri görmüş adamların həmin qarşılama günü, həmin anlarda üzlərinə qonmuş ifadəni təsvir etməyə sözlərin gücü çatmaz".

Həmin tarixi günlə bağlı xalq şairi Fikrət Qoca yazırdı:

Tale, nə gözəl gündü bu, sən

insafa gəldin.

Qırx ildi gəlirdin, gəl a Cavid,

səfa gəldin.

...Torpaq gözün aydın,

Onu al bağrına, torpaq!

İtkin düşən oğlun gəlir,

Yoldan gəlir, yorğun gəlir,

Ey ulu torpaq, anna torpaq,

Cavid gəlib, aç qoynunu,

bas bağrına torpaq...

Xalq şairi Nəriman Həsənzadə ədəbiyyatımızda nadir olan bu hadisəyə dərin məzmunlu poetik təsvir vermişdir:

...mən bir tabut görməmişəm, qaldırsınlar bayraq kimi. Mən yas yeri görməmişəm, dönüb olsun el bayramı, təbrik etsin bir-birini qəbristanda gedib hamı.

Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsinin ictiai-siyasi əhəmiyyətini qeyd edən şair Hüseyn Razi bu əlamətdar hadisəni sənətin ölməzliyi, istedadın məğlubedilməzliyi, ağlın və idrakın qüdrətinin təntənəsi kimi dəyərləndirmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə Cavidin qəbrinin tapılması, cənazəsinin qalıqlarının vətənə gətirilməsi tapşırığını icra edən və bundan sonsuz qürur hissini keçirən, bütün varlığı, duyğu və düşüncələrini Cavid dünyasına təslim edən, çiyinlərində Cavidin cənazəsini uzaq Sibirdən gətirərək öz ömründə maraqlı bir Cavid ömrü yaşayan Həmid Cəfərovun yüksək vətəndaşlıq mövqeyi ictimaiyyət, yazıçı və şairlərimiz, sənət adamları tərəfindən yüksək qiymətləndirilmişdir.

Hüseyn Cavidin son yadigarı - qızı Turan Cavid atasının nəşinin qalıqlarının vətənə gətirilməsini ədalətin zəfər çalması kimi qiymətləndirir və bunun üçün birinci növbədə Heydər Əlirza oğlu Əliyevə minnətdarlığını bildirirdi. Turan xanımın bu minnətdarlıq hissləri təsadüfi deyildi. Çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirərək zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı ilə, dərin, hikmətli və fəlsəfi poeziyası, təkrarsız dramaturji əsərləri, həmçinin məşəqqətli həyatı ilə daim ümummilli liderimizin diqqətini cəlb etmiş, Azərbaycanda milli şüurun intibahına dəyərli xidmət göstərmiş Hüseyn Cavidə ulu öndərimiz Heydər Əliyevin həmişə böyük və sonsuz sevgisi olmuş, o ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndən sonra da görkəmli şair və dramaturq Hüseyn Cavid irsinin qiymətləndirilməsində və nəşrində, xatirəsinin əbədiləşdirilməsində misilsiz xidmətlər göstərmişdir. Böyük Azərbaybaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev muzeyi yaradılmış, 1996-cı il sentyabrın 13-də Müşkünaz xanımın məzarı Bakıdan, Ərtoğrul Cavidin məzarı isə Naxçıvandan Cavid türbəsinə gətirilməsi barədə göstəriş vermişdi.

Ümummilli liderimiz Heydər Əliyev "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" sərəncam imzaladıqdan bir gün sonra - 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin ev muzeyi açılmışdı. Bu gün hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir ki, Heydər Əliyevin Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini - bu ənənəni dövlətimizin başçısı, möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin sərəncamına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunmuşdur. Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında möhtərəm prezidentimiz sərəncam imzalamışdır. Elə yeri gəlmişkən qeyd edək ki, qüdrətli Azərbaycan şairi və dramaturqu - "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "İblis", "Azər", "Nil yavrusu", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi ölməz əsərlərin müəllifi Cavidin cənazəsinin Azərbaycana gətirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi yüksək qiymət də bu hadisənin ictimai-siyasi məzmununu bir daha səciyyələndirir: "Şairin cənazəsinin uzaq Sibirdən vətəninə gətirilməsi, məzarı üzərində məqbərənin ucaldılması adı totalitarizmin günahsız qurbanlarının rəmzinə çevrilmiş Cavidə və 1930-cu illərin repressiyalarına məruz qalmış minlərlə Azərbaycan ziyalısının xatirəsinə xalq ehtiramının təcəssümüdür".

Hikmət Xudiyev (Cəmilzadə),
əməkdar jurnalist,
daxili xidmət polkovniki
Ədalət.- 2012.- 9 oktyabr.- S.5.


<< Geri