Ramiz Mustafayevin
monumental xor əsərləri içərisində Azərbaycanın böyük şairi
Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüseyn Cavid”
oratoriyası ölkəmizdə və bütün dünyada tanınmış əsərlərdəndir.
Oratoriyanın mətn müəllifi Rəfiq Zəkadır.
Bəstəkar
bu oratoriyada həm müasir xor musiqisi vasitələrindən, həm də klassik muğamların
və xalq mahnılarının xüsusiyyətlərindən ustalıqla istifadə etmişdir.
Bu xor əsərində şair Rəfiq Zəka
və bəstəkar Ramiz Mustafayev romantik şair kimi yaradıcılığa başlayan,
yaradıcılığında əsrimizin milli romantizminin bütün əsas məzmununu və bədii
tipologiyasını tam və hərtərəfli şəkildə ifadə edən böyük şairin – Hüseyn
Cavidin obrazını yaratmağa nail olmuşlar.
Xor və simfonik orkestr üçün
yazılmış “Hüseyn Cavid” oratoriyası 5 hissədən ibarətdir.
Beş hissəni cəmləşdirən müxtəlif
səpkili musiqi lövhələri boyu bəstəkar parlaq orkestrləşdirmədən, eyni zamanda
solo, vokal, xor və simfonik musiqinin müasir ifadə vasitələrindən, polifonik və
harmonik yazı üsulundan, klassik muğam və xalq musiqisi qaynaqlarından böyük
məharətlə və ustalıqla istifadə edə bilmişdir.
Müəllif musiqi obrazları ilə böyük şairə olan ehtiramını, məhəbbətini inandırıcı
şəkildə açıb göstərir. Bəli, oratoriyanı dinlədikcə şairin gərgin həyatı,
ilhamlı yaradıcılığı gözlərimiz önündə canlanır.
Əsərin premyerası 1983-cü il
Bakıda olmuşdur.
Oratoriyanın I hissəsi – “Cavid”
xalq tərəfindən sevilən şairin obrazını, onun fəaliyyətini əks etdirir.
Musiqi ilə R.Zəkanın sözlərinin
sintezini dinləyərkən qeyriixtiyari olaraq böyük H.Cavidin Şərq xalqlarının
azadlıq hərəkatını, yeni ilə köhnənin qələbə əzmli mübarizəsini təcəssüm edən
əsərlərini xatırlayırsan.
Bu hissədə bəstəkar 3-5 hissəli
quruluşdan istifadə etmişdir. Əsas mövzu “A” refren – Cavidin obrazı, 3 dəfə
səslənərək, ziddiyyətli “B” və “C” epizodları ilə növbələşir. Bütünlükdə rondoya
yaxın olan forma yaranmışdır.
Oratoriyanın II hissəsi –
Andante üçhissəli quruluşa malikdir. Bu hissə aşıq ritm-intonasiyaları ilə
zəngin olan orkestr müqəddiməsi ilə başlayır. Bu musiqinin fonunda Cavidin
obrazını əks etdirən xorun sözsüz ifası səslənir. Mövzu işıqlı və təntənəli
xasiyyət daşıyır. Bu hissədə Cavid fenomeninin yaranmasından, onun bir şair kimi
formalaşmasında Nizami, Füzuli, Nəsimi kimi şair sələflərinin böyük rolu
olmasından bəhs edilir. Lakin o, sələflərinin yaradıcılığına istinad edərək,
onların bədii yaradıcılıq prinsiplərindən özünə ən yaxın olanını istifadə
etməklə, özünün təkrar olunmaz fərdi poetik üslubunu yaratmışdır. R.Zəkanın
mətni üzrə musiqidə H.Cavidin bütün həyatı boyunca yaratdığı və ümumxalq rəğbəti
qazanmış əsərləri vəsf olunur. Bu əsərlər sırasına onun “Azər”, “İblis”, “Şeyx
Sənan”, “Topal Teymur”, “Peyğəmbər” kimi əsərləri daxildir.
“Hüseyn Cavid” oratoriyasının
III hissəsi sadə üçhissəli formada ifadə edilmişdir. Burada Azərbaycan xalqının
böyük şair Hüseyn Cavidin 100 illiyini təntənəli şəkildə qeyd etməsindən, onun
poetik ideyalarının davamçılarından, xüsusilə Müşfiqdən bəhs edilir.
“Hüseyn Cavid” oratoriyasının IV
hissəsi – Andante – mahiyyət etibarilə vokaliz kimi ifadə edilərək, xarakterinə
görə böyük şairin xatirəsinə Rekviyemi xatırladır.
Oratoriyanın V hissəsi –
təntənəli final Lya majorda səslənən marş xarakterindədir. Melodiya Cavidi vəsf
edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ona olan ehtiramını əks
etdirir. Belə ki, məlum olduğu kimi, məhz H.Əliyevin təşəbbüsü ilə Hüseyn
Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar, onun Sibirdə dəfn edilmiş
cənazəsi öz vətəni Naxçıvana gətirilmişdir. Beləliklə, bu hissə həmçinin onu
sevən, qiymətləndirən və heç bir zaman unutmayan xalqın, ölkənin ehtiramını
ifadə edir. Bütün bu hissə H.Cavid fenomeninin
şərəfinə təntənəli himn kimi qəbul edilir.