Naxçıvan şəhərində
böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin qəbri üzərində
ucaldılmış memarlıq-xatirə kompleksi.
Kompleks Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin
şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Hüseyin Cavidin həyat
yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin
sərdabəsindədir. Hər iki məzar sərdabə inşa edilərkən – 1996-cı ildə
buraya köçürülmüşdür. Abidənin açılışı Hüseyn Cavidin anadan olmasının
114 illiyi münasibəti ilə 1996-cı il 29 oktyabrda olmuşdur. Azərbaycan
respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyev şəxsən məqbərənin
açılışında iştirak etmiş və nitq söyləmişdir.
Naxçıvan-Marağa memarlıq üslubu təsirinin aydın hiss edildiyi məqbərə
üst və aşağı – sərdabə hissələrindən ibarətdir. Məqbərənin daxilində
Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi
Azərbaycan respublikasının əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə
xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Cümhuriyyətinin "Start"
inşaat şirkəti tərəfindən inşa edilmişdir.