E L E K T R O N M Ə L U M A T B A Z A S I

 

SƏNƏTKARIN YAŞAMAQ HAQQI


XX əsr ədəbi-nəzəri fikrində formalaşmış – “İlyas Əfəndiyev bədii fikir tariximizdə fenomendir” – qənaəti son iyirmi ilin siyasi, ədəbi-mədəni, nəzəri-metodoloji reallıqlarının şərtləndirdiyi müstəvidə yeni, görünməyən çalarları ilə dövriyyəyə gəlir. XX əsrin klassiki XXI əsrin ideya-estetik meyarları ilə üz-üzə dayanır, tarixi bədii yaddaş yeni ədəbi meyar, yeni zövq və dünyagörüşün sınağına çəkilir. XX əsrin klassiki İlyas Əfəndiyev XXI əsrin müxtəlif düşüncəli və zövqlü oxucusu ilə həmsöhbətdir. Çünki onun qəhrəmanlarını düşündürən məsələlər bütün qərinələr şəxsiyyətin axtarıb aradığı mənəvi problemlərdir. Həqiqi sənətin müasirliyi dar zaman çərçivəsi hüdudlarında mövcud deyil. Tarixi ədəbi proses bu məqamda çağdaş nəzəri fikrə öz təhlil və qiymətləndirmə prinsiplərini, ideya-bədii meyarlarını müəyyən etməkdə yardımçı olur.

Ədəbi-nəzəri fikrin yaddaşına nəzər yetirdikdə İlyas Əfəndiyev fenomenini müəyyən edən və yekdil qəbul edilmiş estetik amillər bunlardır: ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, ədəbiyyatımızda yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev” teatrının banisi. Nəhayət, nəsr dilində yeni poetik sistemin müəllifi. M.F.Axundov, M.Cəlil, Ə.Haqverdiyev sənətindən sonra İlyas Əfəndiyevin hekayə və romanları ilə Azərbaycan nəsr dilinin yeni bir istiqaməti formalaşdı. Səməd Vurğunun poetik dilə gətirdiyi dərin xəlqi tutumu, dilin milli yaddaşın daşıyıcısı kimi missiyasını İlyas Əfəndiyev nəsrdə reallaşdırdı. İlyas Əfəndiyev yaradıcılığının bütün istiqamətləri 1950-1990-cı illər ümumittifaq ədəbi prosesində gedən daxili inkişaf prosesini özündə təcəssüm etdirdi. Hətta, deyərdim ki, 50-ci illərin ikinci yarısında cəmiyyətdə baş verən “mülayimləşmə” amilini İlyas Əfəndiyev sənət fəhmi ilə qabaqlamışdı. Bu, yazıçı fərdiyyətindən, psixologiyasından irəli gəlirdi və İlyas Əfəndiyev ilk əsərləri, ilk qəhrəmanları ilə bədii fikrin yaradıcılıq sıxıntısı keçirdiyini biruzə verirdi.

XX əsr (sovet dövrü) ədəbiyyatının nüfuzlu tədqiqatçıları 50-ci illərin ikinci yarısından ədəbi fikirdə gedən yeniləşməni , ilk növbədə şəxsiyyət konsepsiyası ilə bağlayırlar. Çünki, şəxsiyyət konsepsiyası özündə sosial, siyasi və ideoloji fonu əks etdirir. Bu öz növbəsində bədii əsərin poetik quruluşuna, yazıçı üslubuna təsir edir, onun qəhrəman və xarakterlərinin səciyyəsini təyin edir. Təsadüfi deyil ki, şəxsiyyət konsepsiyası incəsənətdə bədii cərəyanın invariantı hesab olunur. İlyas Əfəndiyevin ədəbi irsi bu gün də ona görə yaşarlıdır ki, o ilk hekayələrindən son xatirə romanlarına qədər keçdiyi böyük yaradıcılıq axtarışlarında öz qəhrəmanlarının mənəvi təkamülünün elə məqamlarını ümumiləşdirib ki, bunlar şəxsiyyətlə cəmiyyət arasındakı münasibətlərin aparıcı cəhətlərini ehtiva edir. İlyas Əfəndiyevin ədəbi-estetik fikirdə qəbul edilmiş lirik-psixoloji üslubunu da müəyyən edən belə sənət prinsipləri idi. Bu gün cəsarətlə demək olar ki, İlyas Əfəndiyevin fərdi lirik-psixoloji üslubu, ümumən, XX əsr ədəbiyyatımızın (sovet dövrü) bədii-estetik məzmun yönümünə böyük təkan verdi. 30-40-cı illər ədəbi prosesində mövcud olan ritorika, sosial-ictimai əsası olmayan pafos ədəbiyyata öz ali missiyasını icra etməməyə mane olurdu. Belə bir məqamda İlyas Əfəndiyevin hekayələri ədəbi aləmə yenilik gətirdi. Həyata, gerçəkliyə bədii münasibətdə fərdin mənəvi obrazı aparıcı oldu. Bu, hekayə janrının poetik strukturuna orijinal bir tutum verdi. Belə yeniliyin zəminində hadisələrin, münasibətlərin zahiri, ritorik təsviri əvəzində yazıçı “mən”i, onun obrazlarda reallaşan düşüncə və iztirabları önə keçdi. “Kənddən məktublar” adlı ilk hekayələr kitabı ədəbi prosesdə yazıçının orijinal, fərdi ifadə tərzinin göstəricisi oldu, daha sonra “Aydınlıq gecələr”lə İlyas Əfəndiyevin ədəbi-estetik manifestinin əsası qoyuldu.

İlyas Əfəndiyev ədəbiyyata hekayə janrı ilə gəlmişdir və bu janr onun yaradıcılığının mühüm bədii-estetik dəyərlərini özündə ehtiva edir. 1939-cu ildə qələmə alınmış “Gözlənilməyən sevgi” hekayəsində ədəbiyyata yeni gəlmiş yazıçını fərqləndirən sənət sirləri nə idi? Yazıçı təhkiyəsindəki poetik intonasiya, dilin şəhdi-şirəsinə bələdlik, obrazın yaşadığıpsixoloji gərginliyi ifadə istedadı?! Daha nə? İlk növbədə onun yeni obraz və qəhrəmanları sənətin qəribsədiyi, insan qəlbinə, duyğusuna məlhəm bir dillə danışırdılar: “Gülara bi istehzalı gurultunu hiss etməyirmiş kimi qəribə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatırımdan çıxmayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı. Mən gözəl qızın bu həzin və incə təbəssümündə, yaşla dolmuş gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız könlünün pərişan, əzgin həyəcanını duydum”.

Adətən böyük şairlərin ilk şeirlərinin sənətkarlığı ilə yaradı-cılığının sonrakı mərhələləri arasında “çin səddi” olmur və adətən deyirlər ki, filankəs ilk şeirlərindən şair idi. İlyas Əfəndiyev də ilk hekayələrindən ədəbiyyata püxtə bir yazıçı kimi gəlmişdi. Şübhəsiz, illər keçdikcə insan psixologiyasının daha dərin qatlarına nüfuz etməkdə bədii istedadla həyat təcrübəsi birləşirdi. “Qarımış oğlan”, “Uxajor”, “Durna”, “Qoca tarını çaldı”, “Su dəyirmanı”, “Daş hasar”, “Qırçı və qırmızı çiçək” hekayələri müxtəlif zamanlarda yazılmışdır. Lakin bu zaman gedişatında müəllifin hekayə qəhrəmanlarının daxili aləmi gərgin psixoloji ovqat yaradan situasiyalarda açılır. Bu hekayələrdə yazıçı müşahidəsi ilə mütaliə yaddaşı həmahəngdir. “Qarımış oğlan” hekayəsinin qəhrəmanı Vəlinin xarakterini yazıçı təbiətdə müşahidə etdiyi, kədər, sonsuzluq, mənəvi puçluq ovqatı yaradan aşağıdakı lövhədə ifadə edir: “Belə insanlara adamın nə qədər yazığı gəlir... Meyvə ağaclarında heç xöşək görmüsünüzmü? Vaxtından əvvəl şişir, başqa meyvələr boy atdıqca, onlar saralır,... saplaqları quruyur. Nəhayət, qopub düşürlər... Onları nə insan yeyir, nə də torpaq qəbul edir... insanların da belə xöşəyi olur”.

İlyas Əfəndiyev sənətinin poetik fərdiliyinin, onun bədii təfəkkürünə hakim olan estetik prinsiplərin təzahürünü onun hələ 1948-ci ildə qələmə aldığı “Xəncər” hekayəsində görürük. Cənubi Azərbaycanda Milli azadlıq hərəkatı haqqında əksər yazıçılarımız müxtəlif janrlarda əsərlər yazmışlar. Bu hekayə də dediyimiz mövzuya həsr edilmişdir. Vətənpərvər gənc müəllimə Südabə və onun şagirdi İldırımın taleyi fonunda yazıçı böyük bir hərəkatın milli-siyasi mahiyyətini verə bilir. “Xəncər” hekayəsində xəncər simvoldur. Yeniyetmə İldırımın atasından yadigar qalan, onda cəsarət, mərdlik hissi aşılayan xəncər son məqamda fars cəlladının xirtdəyinə sancılır. Yazıçı Milli hərəkatın məğlubiyyətinə göz yaşı axıtmır, əksinə bu yolda qalib çıxmağın yolunu xəncərdə görür.
İlyas Əfəndiyevin hekayələrində M.Lermantovun məşhur sözləri ilə desək “xalqın tarixi qədər zəngin olan qəlbin tarixi”ndən danışılır. Daxili bütövlük, mənəvi zənginlik zahiri çirkinliyə qalib gəlir. “Gözlənilməyən sevgi”nin gözlənilənliyini yazıçı ustalıqla, açıq mövqe bildirmədən təsvir edir. Klassik ənənələri olan bu motivi gənc yazıçı ustalıqla qələmə alır, saf insani hisslərin əbədiliyinə inandırır. Unudulmaz tənqidçimiz Y.Qarayev haqlı olaraq yazırdı: “Bütünlükdə bu yaradıcılıqda məhz lirik psixologizmdən qiymətli sərvət, sevgidən və ürəkdən böyük mənəvi dəyər yoxdur”. İlyas Əfəndiyev hekayələrində silsilə qadın obrazları yaratmışdır. Gülara, Durna, Güllər, Gülacar, Bəyim, Südabə, Firəngiz kimi obrazlaryazıçının roman və dram qəhrəmanları qədər məşhur olmasalar da, hər biri öz taleyi, fərdi mənəvi düşüncə və baxışları ilə yaddaqalan surətlərdir. Bu obrazların prototipləri 50-70-ci illərin adi adamları idi, lakin yazıçı bu adilərin bir-birinə bənzəməyən dünyalarını yaratmışdır. Bu adi qəhrəmanların bədii ifadəsi zamanı geniş, panoram təsvir və tərənnümündən həyatın adi, ilk baxışda çox empirik görünən məişət lövhələrinin, milli-tarixi məişət gerçəkliklərinin müxtəlif tərəflərinə geniş yer verilməsi müasir insani münasibətləri bütün mürəkkəbliyi və zənginliyi ilə göstərmək niyyətindən irəli gəlirdi. Nəzəri fikirdə “adi adamlar”, “adi” və “böyük” ədəbiyyat ətrafındakı mübahisələr 60-70-ci illərdə meydana çıxmış hadisə deyildi. Hələ 40-cı illərdə ədəbiyyatı “adi” və “böyük” ədəbiyyat deyə iki yerə bölənlərə qarşı çıxış edən Səməd Vurğun yazırdı: “Mənim nəzərimdə kiçik insan yoxdur, yalnız kiçik sənətkarlar vardır. Adi dəmir yolu fəhləsini, sürücüsünü və ya kənd müəllimini bütöv, müəyyən zəngin bir şəxsiyyət kimi bizə sevdirən, bədii fikrin müasir həyata, xalqın keçmişinə, onun mənəvi varlığına məhəbbətlə yanaşması, hər şeyi insan ləyaqətini, onun mənlik və qeyrətini ucaltmaq üçün səfərbər etməsindədir”. Səməd Vurğun bu cür adi insanların təsvirində İlyas Əfəndiyevin də nəsrini misal gətirirdi.

İlyas Əfəndiyevin müraciət etdiyi bütün janrların baş qəhrəmanı yazıçı özüdür və bu hekayə, povest, roman və dramların cəmliyində reallaşan yazıçı üslubudur. İlyas Əfəndiyevin poetikasının tarixi təkamülü və yaradıcılıq metodu xüsusi tədqiqatın predmetidir. Bircə onu deməklə kifayətlənirik ki, İlyas Əfəndiyevin yaradıcılığında gerçəkliyin bədii dərki, bədii reallaşması dövrün hakim estetik prinsipləri çərçivəsinə sığmırdı. Ona görə də ədib yeni estetik hadisəni süni əxlaq kredosu ilə dəyərləndirirdi. İlyas Əfəndiyev öz müasirlərinin çoxundan fərqli olaraq ədəbiyyatımızda ziyalı mühitinə, ziyalı obrazlarına xüsusi yer verirdi. Bunlar onun real müasirlərinin obrazı idi. Lakin bu obrazlar cəmiyyətin üst qatında dəbdə deyildilər və yazıçı öz müasirlərindən daha zəngin mənəvi keyfiyyətlər umurdu. Bu keyfiyyətləri isə qəbul etməyə cəmiyyət bəzən hazır olmurdu. Təsadüfi deyil ki, İlyas Əfəndiyevin qəhrəmanları ədəbi aləmdə həmişə böyük əks-səda doğurmuş və kəskin mübahisələr predmetinə çevrilmişdir.

Elçin yazır ki, “İlyas Əfəndiyev heç bir nəsr əsərini səhnələşdirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, “Pyes lap başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır” – deyirdi. Bu fakta onu əlavə edərdik ki, İ.Əfəndiyevin hekayələrindəkidramatizmin, gözlənilməz bədii keçidlərin bolluğu, təhkiyədəki dialoqların tutumu dram yaradıcılığındakı qədər zəngin idi.

Xalqın tarixi taleyi baxımından ən mühüm siyasi və mənəvi dəyərlərin, hadisələrin, qələbə və faciələrin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi janrların hər birində görürük. Epik və dramatik növlərin daxili poetik gücünüeyni ustalıqla üzə çıxaran İlyas Əfəndiyev öz oxucusunu dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. “Geriyə baxma qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii səlnaməsidir. Yaşar Qarayev İlyas Əfəndiyev haqqında böyük məhəbbət hissi ilə yazdığı kitabında obrazlı, lakin real bir sərrastlıqla yazırdı: “Qarabağın tarixi barədə klassik sənədlər – yeddi “Qarabağnamə” var. Bütünlüklə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci “Qarabağnamə” hesab edirəm”.
İlyas Əfəndiyevin lirik-psixoloji üslubunun romantik çaları ona ədəbiyyatımızda yeni, bənzərsiz obrazlar yaratmağa imkan verdi. Bu baxımdan C.Cabbarlı və İlyas Əfəndiyevin obraz yaradıcılığı arasında güclü daxili əlaqə var. Bu iki böyük sənətkarın poetikasının müqayisəli təhlili ədəbi inkişafımızın bir çox estetik məqamlarını üzə çıxarmağa imkan verərdi. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” əsərləri 50-ci illərdə mövcud olan bədii vərdiş və ədəbi-ictimai meyarlara “böyük zərbə” oldu. Bədii sözün estetik məna və məzmunu haqqında mövcud təsəvvürlər yeni istiqamət aldı. İ.Əfəndiyevin hekayələri bu janrın poetik imkanlarını dolğun əks etdirdiyi kimi, onun romanları da Azərbaycan roman tarixində yeni mərhələ idi. Bu mərhələni şərtləndirən, yazıçının fərdi bədii dünyagörüşü, onun reallaşdığı üslubla bağlı idi. İlyas Əfəndiyev üslubunun təkrarsızlığının, orijinallığının estetik qaynağını Y.Qarayev sərrast müəyyən edərək yazırdı: “Səməd Vurğunun ehtiraslı bədii romantikası, Sabit Rəhmanın bənzərsiz satirası və yumoru ilə yanaşı, İlyas Əfəndiyevin təkrarsız lirikası da son yarım əsrdəki Milli ədəbi hərəkatın üslub əlvanlığı və forma zənginliyini qabarıq şəkildə əks etdirir”.

İstər tarixi mövzuların, istərsə də müasiri olduğu ictimai gedişatın mahiyyətinə varanda İlyas Əfəndiyev rəhbər tutduğu estetik prinsip fərdi başlanğıca əsas yer verməsidir. Fərdin taleyini önə çəkməsi, bu fonda həyat hadisələrinin və tarixi gedişatın mahiyyətinə nüfuz etməsi İlyas Əfəndiyev sənətinin poetik sisteminin orijinallığını müəyyən edir. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma qoca”, “Üçatılan” kimi roman və povestlərini XX əsrin ədəbi tarixi tərəqqisində xüsusi rolu ilə yanaşı bu əsərləri bu gün sevdirən, yaşadan onların daşıdığı milli-əxlaqi tutumdur.

İ.Əfəndiyevin roman qəhrəmanlarının təsvir olunduğu ictimai-sosial proseslər bu gün üçün yenilik və tərəqqinin tarixi bədii təsviri kimi yadda qalırsa, onun roman qəhrəmanları, onların mənəvi yaşantıları, iztirabları bu gün bizimlədirlər. Çünki onları düşündürən, yaşadan ağrılar, mübarizə və qələbələr şəxsiyyətin əbədi problemlərdir. Tarixi ədəbi proses təsdiq edir ki, şəxsiyyətin mənəvi tərəqqisinin göstəricisi olan yeni, ən çox inkar olunan, lakin əbədi müasirlik qazanan mənəvi sərvətdir. İlyas Əfəndiyevin romanlarının Nuriyyə, Səlimə, Səriyyə, Sarıköynək kimi obrazları şəxsiyyətin həyata fərdi düşüncə bucağından yanaşmasını, kütlə axını, kütlə psixologiyasına qarşı yeni əxlaqi dəyərləri ortaya qoymaları ilə seçilirlər. İlyas Əfəndiyev qəhrəmanlarının romantikası C.Cabbarlınin romantikası ilə səsləşir. Mənəvi tərəqqi konkret zamana sığmır. İki klassikin qəhrəmanlarının ideallarındakı oxşarlıq da bununla şərtlənir.

İlyas Əfəndiyev öz romanları ilə Azərbaycan romanının poetikasını yersiz təsərrüfat ritorikasından uzaqlaşmağına təkan verdi. Süni potetikadan uzaq lirizm nağıl və folklor poetikasının elementləri İlyas Əfgəndiyevin digər romanları kimi “Sarıköynəklə Valehin nağılı” əsərində də obraz yaradıcılığının əsas elementləridir. İlyas Əfəndiyevin roman yaradıcılığı XX əsr nəsrinin parlaq səhifələrindəndir və cəmiyyətdə gedən mürəkkəb sosial-mənəvi mübarizələrin sanballı bədii səlnaməsidir.

Adətən 60-cılar deyəndə bu illərdə ədəbiyyata gəlmiş nəsli daha çox qabardırlar. Lakin İlyas Əfəndiyev, R.Rza, İ.Hüseynov kimi sənətkarlar 60-cı illərdə bərqərar olmuş ədəbi-estetik normaların yaradıcısı və iştirakçıları idilər. İlyas Əfəndiyev də teatrda görmək istədiyimiz insani duyğuları tamaşaçıya bəxş etdi. Bu əsərlərin səhnə təcəssümündə 60-cı illərin tamaşaçısı ona mərhəm olan hissləri, həyatı, əxlaqi problemləri gördü.

İlyas Əfəndiyevin dramaturgiyasındakı şəxsiyyət və mühit, şəxsiyyət və iqtidar, fərdin taleyi, təkliyin sosial-fəlsəfi məzmunu kimi bəəri amillər bu gün də, sabah da aktual olaraq qalır. İlyas Əfəndiyevin ən böyük xidməti milli mənəvi tərəqqimizin konkret zaman çərçivəsində mənəvi problemləri yüksək sənət səviyyəsində bəxş etməsindədir.

Bu gün Azərbaycan dramaturgiyası və teatrı tarixində “İlyas Əfəndiyev məktəbi”, “İlyas Əfəndiyev teatrı” hamının qəbul etdiyi tarixi bədii-estetik fakt və həqiqətdir. Azərbaycan teatrının tarixi barədə C.Cəfərovun sanballı tədqiqatını, Y.Qarayevin silsilə məqalələrinin əhəmiyyətini azaltmadan onu da qeyd etmək lazımdır ki, Azərbaycan dramaturgiyasının tarixi, o cümlədən İlyas Əfəndiyev teatrı barədə yeni tədqiqatlar haqqında düşünməyin vaxtı çatıb. İlyas Əfəndiyevin dramaturgiyası Azərbaycan ədəbiyyatının poetik sistem, poetik kateqoriyalarının tədqiqi üçün misilsiz mənbədir.

“İlyas Əfəndiyev” teatrı eyni zamanda rejissorluq, rəssamlıq, aktyorluq, bəstəkarlıq sənətlərinin inkişafı deməkdir. 19 pyesinin səhnəyə qoyulduğu Milli Dram Teatrının müasir ədəbi-estetik reallıqlar müstəvisində yenidən İlyas Əfəndiyev sənətinə qayıdışı əslində teatrın bu sənətkara qaytaracağı mənəvi borcun bir hissəsidir.

İlyas Əfəndiyevin dramaturgiyaya gəlişi C.Cabbarlı və Səməd Vurğundan sonra bu sahədə nəzərə çarpan boşluğu doldurdu. Ədəbi-tarixi gedişatın dramaturgiya və teatr ünvanı İlyas Əfəndiyevin adı və imzası ilə bağlandı. Mübaliğəsiz demək olar ki, XX əsrin ikinci yarısı Azərbaycan teatrı “İlyas Əfəndiyev teatrı” kimi şərtləndi. “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Billur sarayda” kimi əsərləri dramaturgiya və teatr tariximizdə bir era yaratdı. Bu əsərlərin qəhrəmanları yeni tarixi bir dövrün, XX əsrin 60-cı illərinin sosial-mənəvi konfliktlərini təmsil edirdilər. Bu əsərlərin mərkəzində dayanan konfliktlərdə müasirlik və yeniliyin qəlibləşmiş düşüncə və həyat tərzi ilə mübarizəsini əks etdirirdilər.

İlyas Əfəndiyev irsində onun ədəbiyyat haqqında bədii-fəlsəfi düşüncələrinin xüsusi yeri var. Yazıçının bədii konsepsiyasının mahiyyətini bütün incəliyi ilə açmaq üçün bu məqalələr onun araşdırıcılarına zəngin material verir. Xüsusən teatr və dramaturgiyanın estetik mahiyyəti, gizli, görünməz sənət normaları haqqında İlyas Əfəndiyevin konsepsiyası real təcrübədən, fərdi yaradıcılıq laboratoriyasından irəli gəlirdi.

Futuroloqlar gələcək haqqında proqnozlar verirlər. Bəzən yanlış, bəzən də reallığa yaxın. Gələcək üçün ən doğru mənbə milli bədii yaddaşdır, XX əsrin və ötən əsrlərin real bədii salnaməsi olan İlyas Əfəndiyev sənəti, onun yaşamaq, var olmaq qüdrətidir.

Şirindil Alışanlı,
filologiya elmləri doktoru, professor


<< Geri