İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir,
böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas
Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə
əhə-miyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının
tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü
nəsillərə çat-dırıbdır, həm də öz əsərlərində müasir həyatımızın
müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə,
xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə
xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir,
eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə
və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu
əsərlərdən çox bəhrələnmişdir.
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun
yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab
edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz
missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədəniyyətimizə,
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub
getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır.
Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün
qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o, buna
layiqdir. Belə əsərlərlə o, onsuz da xalqın qəlbində yaşayacaqdır.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz
üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə
dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin
irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir
göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının
formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus
əhəmiyyətli yer tutur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və
hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla
göstərir...
Səməd Vurğun,
Xalq şairi
Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd
Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması,
gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik,
vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması
nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar,
həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da,
ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında
da eyni şeyi söyləmək mümkündür.
Nazim Hikmət,
Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır.
Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan
ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların necə qardaş
kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük
nailiyyəti kimi təsvir edir.
Məmməd Arif,
akademik
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan
isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri
və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun
bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə
meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlərə dilin
ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun çıxmasına,
süjet ve kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək
sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin maraqlı,
oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin mükafatı isə
oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.
Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit
zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi
qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir
dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... İlyas
nəsri onun dramaturgiyasına, dramaturgiyası da onun nəsrinə dayaq
durur, kömək göstərir. İlyasın nəsri də, dramaturgiyası da
ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun
romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun,
heç birisi səni oxucunu yormur...
Süleyman Rəhimov,
Xalq yazıçısı
İlyas Əfəndiyev gələcək nəsillərin də sevə-sevə oxuyacağı uzunömürlü
əsərlər yaradıcısıdır..
Məmməd Cəfər Cəfərov,
akademik
İlyas Əfəndiyev öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii
insan psixologiyasını təbii və sadə boyalarla göstərir.
Mehdi Hüseyn,
Xalq yazıçısı
İlyas Əfəndiyev dramaturgiyasının məhsulu və məhsuldarlığı yalnız
rəqəmlə ölçülə bilməz. Burada kəmiyyət keyfiyyətdən ayrı deyildir.
Bu keyfiyyətin, ideya-bədiilik vəzninin özü əsl meyardır..
Mehdi Məmmədov,
SSRİ Xalq artisti, professor
Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd
Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması,
gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik,
vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması
nöqteyi -nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar,
həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da,
ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında
da eyni şeyi söyləmək mümkündür.Nazim
Hikmət,
Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan
yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələrinə öz
yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur edən
problemlərində özünəməxsusluq, orijinallıq güclüdür. Ədib, adətən,
hamı üçün aydın və məlum olan həyat problemlərinə müraciət etməyi
sevmir, gerçəkliyin elə həqiqətlərini, elə məsələləri üzə çıxarmağı
bacarır ki, onlar həm də yeni olur, ədəbi maraq oyadır, müasir
problemləri barədə düşünənləri hərəkətə gətirir və təsadüfi deyil ki,
ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.
Kamal Talıbzadə,
akademik
İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə
xüsusi diqqət verir və qələmə alır. Onun qəhrəmanları dövrümüzün
qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb yaratmaqdan, xarüqələr
yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal
əməklə ömür sürən, əliəyrilərə, gözüdağınıqlara, vəziyyətdən
sui-istifadə edən şöhrətpərəstlərə qarşı barışmaz olan bu adamlar
ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol tapır, özünü
sevdirir.
Əli Vəliyev,
Xalq yazıçısı
Azərbaycan Dövlət Akademik Dram Teatrının son otuz ildəki inkişafını
İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil...
Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var.
Bu müasirlik isə həyatımızın daxili məzmunundan, onu irəli aparan
qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin konfliktlərindən,
poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgiyasında realizm və
romantika, sərt həyat həqiqətləri ilə şeiriyyət həmişə vəhdət təşkil
edir.
İsmayıl Dağıstanlı,
SSRİ Xalq artisti.
İlyas Əfəndiyevin əsl roman ustasının müşahidəçilik qabiliyyəti,
təbiəti sənətkar gözüylə görmək məharəti diqqəti cəlb edir. Məsələn,
hələ iyirmi il bundan əvvəl “Dağlar arxasında üç dost” romanını
oxuyarkən, kiçik bir səhnəciyin təbii, inandırıcı təsviri – dağlarda
gecə, otaqdan bayıra düşən və qar üstündə yuxarıdan aşağı uzanan
işıq zolağının təsviri, dağa qalxanların bu işıq zolağını arabir
yarması... o qədər ustalıqla işlənmişdir ki, indi də elə bil,
gözümün önündədir. Rəssam dili ilə desək, bu səhnə birbaşa naturadan
çəkilmişdir.
Mikayıl Abdullayev,
SSRİ Xalq rəssamı
Yazıçı canlılığı yaratmaq üçün heç bir
boyasını əsirgəməmişdir.
Cəfər Xəndan,
professor
Dramaturq maraqlı, həyati bir süjet
seçmiş, burada insanların əlaqələrini, təbiətlərindəki ziddiyyətləri,
rəğbət və mütəqabil münasi-bətlərini vermiş, yaddaqalacaq obrazlar
silsiləsi yaratmışdır.
Əli Sultanlı,
professor
O, Kommunist Partiyasına daxil olmadı.
Çünki əqidəsinə zidd gedə bilmirdi... O, mənə inanırdı və mən də
çəkinmədən ona ürəyimi açır, içində yaşadığım rejimə nifrətimi
bildirirdim. Çünki onun saflığı-na, xarakterik bütövlüyünə və ən
ümdəsi də mənim kimi totalitar reji-mə nifrət etdiyinə çox yaxşı
bələd idim. Bir sözlə, İlyas Əfəndiyev həm yazıçı həm də insan kimi
bütöv və özünəməxsus bir xarakterə malik olan kamil bir şəxsiyyət
idi.
Bəxtiyar Vahabzadə,
Xalq şairi, akademik
İlyas Əfəndiyev bir insan, bir yazıçı və
bir vətəndaş kimi öz missiyasını yerinə yetirdi və dünyadan köçdü.
Amma mən bu köçdən sonrakı bütün bu müddət ərzində onun varlığını
yalnız mənən yox, cismən də daima hiss etmişəm, mənə elə gəlir ki, (həmişə
də belədir), bax, bu dəm, mən bu sətirləri yazarkən də o burdadır,
mənim başımın üstündədir, bizi görür, müşahidə edir, hər şeydən
xəbərdardır və bu sətirləri oxuyur, indiki ali məqamının bizim bu
dünyanın adamlarının dərk edə bilmədiyi bu sətirlərə qiymət verir.
Elçin,
Xalq yazıçısı
Unudulmaz İlyas müəllim! Özünlə
əbədiyyət dünyasına yazılma-mış neçə şah əsərinizi apardınız? Ey üzü
nurlu el məhəbbəti qazanmış xoşbəxt sənətkar! Sənin yaratdığın
əsərlər də, həm ana, həm ata qayğısı, məhəbbət ilə böyütdüyün
oğullar da vətəndaşlıq hüququ qazanmışlar. Rahat yat, böyük sənətkar!
Vətən oğlu!
Qəbrin nurla dolsun!
Mirvarid Dilbazi,
Xalq şairi
İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan
sonra milli səhnəmizin çətin, ağır və şərəfli yükünü az qala yarım
əsr öz çiyinlərində apardı və Cəfərdən sonra ikinci nəfəs verdi,
milli teatrımızı yeni zirvələrə qaldırdı, özünün İlyas Əfəndiyev
teatrını yaratdı.
Cabir Novruz,
Xalq şairi
Böyük sənətkarlıq səriştəsinə və zəngin
təxəyyülə malik İlyas Əfəndiyev həqiqəti bir an da unutmur,
tariximizdə bu günümüzün, bugünümüzdə isə tariximizin problemlərini
əks etdirir.
Fərəməz Maqsudov,
akademik
İlyas müəllim böyük yazıçı olmaqla
yanaşı, həm də böyük el ağsaqqalı idi... Onda olan qaynar həyat eşqi
məni sevindirirdi – ölümün ondan çox-çox uzaqda olduğunu zənn
edirdim. Lakin bir gün... eşitdiyim xəbər məni sarsıtdı... Çünki
Azərbaycan, Azərbaycan xalqı, xüsusilə ədəbiyyat və teatr
həvəskarları qüdrətli sənətkarı itirmişdi. Bəli, amansız ölüm öz
sözünü demişdi: artıq o, yox idi. Nə etmək olar? Bu, həyatın
dəyişməz qanunudur.
Əhliman Əmiraslanov,
akademik
Yazıçı İlyas Əfəndiyev son illər nəsr
sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest və
romanları, xüsusən, əxlaqi-psi-xoloji problemlərin qoyuluşu və həlli
sahəsində, müasir nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks
etdirən əsərlərdəndir. Sevindirici haldır ki, İlyas Əfəndiyevin son
pyesi də bu nəsrin nailiyyətləri zəmi-nində və səviyyəsində
yazılmışdır.
Məhz buna görədir ki, “Sən həmişə mənimləsən” pyesi ədəbi
həyatımızda yeni söz, müvəffəqiyyətli bir hadisə olub lirik,
perspek-tivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq yolunda
yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir.
Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi “Qarabağna-mə”
var. Bütünlüklə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci
“Qarabağnamə” hesab edirəm.
Yaşar Qarayev,
akademik
İlyas Əfəndiyev əsərlərində insani borc,
vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin qarşılıqlı münasibətləri,
ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz
qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus
orijinal üslubda ifadə edir.
Bəkir Nəbiyev,
akademik
Onun bütün hekayələri, oçerkləri,
dramları, roman və povestləri, kino ssenariləri, məqalələri, tam
halda yaradıcılığı müasir həyatın duru və şəffaf çeşməsindən su
içmişdir... Onun bütün əsərlərində əsas, aparıcı problem müasir
insan, bu insanın psixoloji, əxlaqi cəhətdən formalaşması, onun
davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.
Qulu Xəlilov,
professor
Cəsarətlə deyə bilərəm ki, böyük
dramaturqumuz Cəfər Cabbarlı-dan sonra teatrımız üçün yananlardan
biri də İlyas Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... al-əlvan
rənglərə, naxışlara rast gəlirik... O, zəngin təfəkkürə, geniş
müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də, mən deyərdim
ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət
obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları
ilə də yadda qalırlar.
Səid Rüstəmov,
Xalq artisti, bəstəkar
İlyas Əfəndiyev insanların şüurunda və
psixologiyasında baş ve-rən təbəddülatı əks etdirməyə çalışan,
psixoloji ziddiyyət və çarpış-maları əsərlərin mərkəzi konfliktinə
çevirən yazıçıdır. Onun əsərlərin-də xüsusilə pyeslərində xarici
toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr yoxdur. O,
həmişə qəhrəmanlarının səciyyəsini, onların həyata, ictimai
hadisələrə münasibətini psixoloji cəhətdən araşdırır, çox zaman ilk
baxışda xırda, intim görünən konfliktləri genişləndirib siyasi məna
və mahiyyətlə zənginləşdirir.
İsmayıl Şıxlı,
Xalq yazıçısı
Mən İlyas Əfəndiyevin “Sarıköynəklə
Valehin nağılı” romanının oxucular və ədəbi ictimaiyyət tərəfindən
hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfiyyətındə,
sənətkarlıqla yazılmasında görürəm. Xalqı narahat edən problemlərə
toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz
açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən
biridir...
Romanda hadisələr dramatik gərginlik və ardıcılıqla bir-birini
izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır.
Müasirlik böyük şərtdir.
Hüseyn Abbaszadə,
Xalq yazıçısı
Elə sənətkarlar var ki, yaratdığı əsər,
fərqi yoxdur, pyes olsun, tablo olsun, musiqi olsun, insanı
düşündürür, onun hislərinə hakim kə-silir, gözəlliklər aləminə çəkib
aparır, haqq-ədalət uğrunda mübarizəyə səsləyir, həqiqəti axtarıb
tapmaqda ona kömək edir.
Mənim hörmətli dostum İlyas da belə sənət adamlarındandır.
Tahir Salahov,
SSRİ Xalq rəssamı
Sevimli Xalq yazıçımız İlyas Əfəndiyevin
əsərləri dağlar arxasın-dakı uzaq dağ kəndlərində, sonsuz görünən
yeniyetməlik və gənclik illərində bizim yaxın dostumuz olmuşdur.
Sabir Rüstəmxanlı,
Xalq şairi
İlyas Əfəndiyevin yaradıcılığı heç
şübhəsiz Azərbaycan ədəbiy-yatında bir mərhələ təşkil edir.
Mövlud Süleymanlı,
Xalq yazıçısı
Müasirlik və novatorluq İlyas Əfəndiyev
yaradıcılığının mühüm məziyyətlərindəndir. Yenilik hissi onda
qüvvətlidir. O, daim axtarışda olan məzmun, mövzu və bədii
formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan yazıçılardandır.
İlyas Əfəndiyev romantik üslubda yazılmış hekayə və povestlərin,
psixoloji dramların və lirik səpkili realist romanların müəllifidir.
Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana
xəttidir.
Seyfulla Əsədullayev,
professor
İlyas Əfəndiyev qüdrətli sənətkar idi.
İlyas Əfəndiyev qayğıkeş ata idi.
İlyas Əfəndiyev gözəl baba idi.
İlyas Əfəndiyev yaxşı dost idi.
Tofiq Quliyev,
Xalq artisti, bəstəkar
İlyas müəllimin yoxluğundan ürək ağrısı
ilə söhbət açanda, daha qüvvətli bir duyğu qəlbimi bürüyür: İlyas
müəllim yaşayır, Azərbaycan xalqı kimi, Cəfər Cabbarlı kimi, Üzeyir
Hacıbəyov kimi, Hüseyn Cavid kimi...
Leyla Bədirbəyli,
Xalq artisti
Ümumiyyətlə, bir oxucu kimi mənə elə
gəlir ki, İlyasda lirik əhvalruhiyyə dəmir ağacının həyat eşqi kimi
güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və
yaxud vəziyyət yaratmaq xatirinə meyl etmir. Onun lirikası
qəhrəmanlarının psixoloji vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə bağlı olur.
Əli Zeynalov,
Xalq artisti
İlyas Əfəndiyev dramaturgiyası həqiqətən
Azərbaycan teatırının simasıdır.
Polad Bülbüloglu,
Xalq artisti, bəstəkar
İlyasın yoxluğuna inana bilmirəm.
İlyasın indi də haradasa, sakit bir guşədə əyləşib bizi heyrətə
gətirən yeni əsər yazdığına ümid bəs
ləyirəm. Allah sənə rəhmət eləsin, qardaşım, sən onun – o böyük
Allahın sənə bağışladığı qənirsiz istedadı xalqından, millətindən
əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nəyisə demədim deyə,
düşünməyə bilərsən. Qardaşım sən o Allahın neməti olan
yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad olsun!
Əzizə Cəfərzadə,
yazıçı, professor
İlyas Əfəndiyev mənim “Qarğış” povestim
barədə “Açıq məktub” yazmışdı... Onda – mənim ümidsizlik
bataqlığında tək-tənha, min bir şübhə, qayğı, çaşqınlıq içində
çapalayan anımda – gözəgörünməz kömək əlini uzadıb, məni o
bataqlıqdan çıxarmışdı və bu işi heç bir məna güdmədən, təmənnasız,
yalnız Böyük Ədəbiyyat naminə etmişdi. Mən bu hadisədən sonra bir
daha o şübhə və çaşqınlıqlar bataqlığına düşmədim və bugünəcən də
məni min bir bataqlıqdan çox-çox uca nöqtələrdə saxlayan qüvvələrdən
biri – bəlkə də, ən qiymətlisi İlyas müəllimin həmin o məktubunun
məndə yaratdığı ədəbiyyata və özümə inam hissidi yəqin...
Afaq Məsud,
yazıçı
İlyas Əfəndiyevin yaratdığı surətlərdə
bir kövrəklik, yanğı və yanıqlıq var. “Unuda bilmirəm”də Nərmini
xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün
tutur. Onun üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən
çox səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amaliya olanda
təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə alan
İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş
etmişdir.
Amaliya Pənahova,
Xalq artisti
İlyas Əfəndiyev hansı mövzuda yazırsa
yazsın, cəmiyyətimizin inkişaf meyillərini, dövrümüzün müsbət
tendensiyalarını vətəndaşlıq amalı güclü olan qəhrəmanlar vasitəsilə
tamaşaçılara çatdırır.
Həsən Turabov,
Xalq artisti
Biz aktyorlar İlyas Əfəndiyevin
tamaşalarında çıxış etməyi özümüzə fəxr bilmişik.
Şəfiqə Məmmədova,
Xalq artisti
Əgər teatrımızın yaşlı nəslə mənsub olan
aktyorları bir aktyor kimi yetişmələrində müasirləri Cəfər
Cabbarlının və onun dramaturgiyasının böyük rolundan fəxrlə
danışırdılarsa, biz də, yəni altmışıncı illərdə səhnəyə gəlmiş
gənclər, cəsarətlə deyə bilərik ki, səhnəyə gəlişimizdə, bir aktyor
kimi püxtələşməyimizdə müasirimiz İlyas Əfəndiyevin və onun zəngin
dramaturgiyasının müstəsna rolu olmuşdur.
Fuad Poladov,
Xalq artisti
Həyatda kimə və nəyə görə yaşamağımın
səbəbini dərk etdiyimə və bir də Vətənimə, xalqıma olan sonsuz
sevgimə görə tək bir insana – unudulmaz İlyas Əfəndiyeva borcluyam...
Firəngiz Mütəllimova,
Xalq artisti
İlyas müəllim, mən sizinlə birgə
işlədiyim birinci tamaşadan – “Büllur saray”dan tutmuş sonuncu
tamaşa – “Hökmdar və qızı”na qədər böyük bir mənəvi dünya qazandım.
Bu dünya çox ülvi, çox işıqlı, çox böyük, çox zəngin idi...
Nə yaxşı ki, mənim sənət dünyamda Siz varmışsınız, İlyas müəllim.
Əlvida! Ürəyimdə qoyub getdiyiniz bu işıqlı xatirələr üçün sağ olun!
Bəsti Cəfərova,
Xalq artisti
Əziz İlyas müəllim! Siz çiyinlərinizi,
ürəyinizi, həyatınızı verib Azərbaycanı XXI yüzilliyin astanasına
gətirib çıxardınız.
...Qəbriniz nurla dolsun, Torpağınız nur olsun! Daha gözəl bir
dünyada görüşənədək, İlyas müəllim!
Vaqif Bayatlı Odər,
şair
İlyas Əfəndiyevin ədəbi yaradıcılıq
portreti üçün nəzərdə tutula biləcək cizgilər çoxdur, onları
saymaqla qurtarmaz. Lakin həmin cizgilərin hamısı üçün ümumi olan,
onların hamısına aşılanmış bir keyfiyyət var: vüsət və şairanəlik.
Əkbər Ağayev,
tənqidçi, professor
İlyas Əfəndiyev müasirlərimizdən yazır.
Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində inqilabın qələbəsi və
elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb
ictimai-siyasi, iqtisadi-mədəni, mənəvi-əxlaqi problemlərin həlli
yolunda çalışan, axtaran müasirlərimizin ictimai fəaliyyəti və
daxili aləmləri onun əsas bədii tətbiq hədəfıdir.
Cəlal Məmmədov,
yazıçı
|