E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


Görkəmli Azərbaycan dramaturqu, Xalq Yazıçısı İlyas Əfəndiyevin adını daşıyan Fond 2005-ci ildə təsis edildiyi gündən etibarən respublikada xeyriyyəçilik fəaliyyəti göstərir, dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini, mədəniyyətini və incəsənətini fəal təbliğ edir.

2011-ci ilin aprelində Fondun formatının genişləndirilməsi məqsədi ilə Avropa İttifaqı ərazisində Avropa qanunvericiliyinə müvafiq olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu təsis edilmişdir. (http://www.ilyasafandiyev.com).

 BMT-nin 2000-ci il Zirvəsində elan edilmiş “Minilliyin inkişaf məqsədləri”nə uyğun olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu cəmiyyətin davamlı inkişafının təmin olunması məsələlərinə aşağıdakı istiqamətlər üzrə xüsusi diqqət yetirir: sülh, təhlükəsizlik, beynəlxalq və regional əməkdaşlıq; mədəniyyət, elm və təhsil; səhiyyə və sosial təminat; cəmiyyətin demokratikləşməsi; ədalət məhkəməsi və insan hüquqları; ölkənin iqtisadi inkişafı və infrastrukturu; marginal cəmiyyətlərdə insanların həyatının yaxşılaşdırılması və s.

Bu məqsədlərə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və müsəlman dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına yönəlmiş bir sıra məqsədli layihələr həyata keçirmək, təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud humanitar problemlərin həllində iştirak etmək niyyətindədir.

 Fondun missiyasının həyata keçirilməsinin əsas vasitələri müxtəlif ölkələrdə dövlət və ictimai xadimlərlə, biznes nümayəndələri ilə fəal dialoq, beynəlxalq, regional və lokal proqramların həyata keçirilməsi üçün bir sıra ölkələrdə Fondun nümayəndəliyinin açılması, həyata keçirilən layihələrin təşkilati və informasiya təminatı, onların dövlət, siyasi və sosial dəstəyinin təşkilidir. Eyni zamanda müxtəlif ölkələrdə qeyri-hökumət təşkilatları ilə sıx əlaqələrin qurulması, rəsmi görüş, konfrans, seminar və treninqlərin təşkili, qrantlar əsasında Fondun bir sıra məqsədli proqramlarının, o cümlədən təhsil, mədəniyyət, sosial-humanitar, vətəndaş cəmiyyətinin inkişafı, iqtisadi modernləşmə proqramlarının həyata keçirilməsi, Fondun layihələrinin icrasına qoşulan qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəsinin yaradılması, müxtəlif ölkələrdə ünvanlı və təxirəsalınmaz yardımın göstərilməsi də İlyas Əfəndiyev Beynəlxalq Fondunun missiyasının reallaşdırılması üçün başlıca vasitələrdir.

Fond yeni formatda - bundan sonra beynəlxalq qeyri-hökumət təşkilatı kimi, Azərbaycanın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi, ictimai xeyriyyə, humanitar yardım, xalqların davamlı inkişafı, beynəlxalq əməkdaşlıq, fəal sülhməramlı təşəbbüslər üzrə fəaliyyətlərə daha çox diqqət yetirəcəkdir.

 



<< Geri