E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

13-15 iyul 2009-cu il tarixində M.F.Axundov adına Milli Kitabxanada İSESKO, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Milli Elmər Akademiyası birgə “Bakı-İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlər çərçivəsində “Asiyada İslam Tibbi əlyazmalarının vəziyyəti” üzrə regional seminar keçirildi. Seminarda İSESKO-dan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya Ərəb Cəmahiriyyəsi, Bəhreyn, Suriya, İran ölkəsindən nümayəndələr, AMEA-nın Əlyazmalar İnstitutunun və respublikanın əlyazmalar üzrə digər aparıcı təşkilatlarının mütəxəssisləri iştirak edirdilər.

İlk öncə qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər və əklillər qoydular Milli Kitabxanaya gələn qonaqlar kitabxananı gəzərək şöbələrlə yaxından tanış oldular.

Tədbir İSESKO-nun və Azərbaycan Respublikasının himninin səslənməsi ilə açıldı.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru cənab Kərim Tahirov tədbiri açaraq qonaqları salamladı və bu mövzuda keçirilən tədbirin əhəmiyyətindən danışdı. Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, prof. Sevda xanım Məmmədəliyeva öz çıxışında tibbin tarixən qədimliyindən və inkişafından söz açdı və Azərbaycanda da tibbə dair 640 əlyazmasının mövcudluğunu, onun zəmanəmizə qədər çox gözəl vəziyyətdə gəlib çatmasını qeyd etdi. İSESKO-nun Tehran filialı İdarəsinin Mədəniyyət üzrə proqram icraçısı cənab Hassan Fartousi öz çıxışında Azərbaycan nümayəndələrinə minnətdarlığını bildirdi və keçirilən seminarın proqramı ilə iştirakçıları tanış etdi.

Tədbir çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda geniş sərgi də nümayiş olundu.

3 gün davam edən seminarda xarici və Azərbaycan mütəxxəsisləri qədim tibbi əlyazmalarının qorunub saxlanılması və konservasiyası haqqında problemləri araşdırıb və müzakirələr etmişlər.


<< Geri