Müstəqillik qazanandan sonra dünyada İslam həmrəyliyinin gücləndirilməsi
Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. İndiki şəraitdə
Yaxın Şərq ölkələrində baş verən məzhəb savaşları, vətəndaş müharibələri və
bunun nəticəsində yaranmış müəyyən sosial-siyasi gərginlik göstərir ki, müsəlman
ölkələrinin mənəvi həmrəyliyə daha çox ehtiyacı vardır. Məhz bu baxımdan
Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin
“İslam Həmrəyliyi ili” elan edilməsi dövlət başçımızın humanistliyinin
göstəricisi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin İslam ölkələrinin birliyinə
olan həssas münasibətinin müsbət nümunəsidir.
Qeyd edək ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında
Prezident sərəncamında deyilir ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq
Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər
qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş,
qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış
etmişdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun
qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə
həmişə diqqət yetirmişdir. Xüsusən ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın
tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların
problemləri ilə maraqlanmış, dövlət və din münasibətlərinin tənzimlənməsində,
multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər
görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı
çağırışını ulu öndər Heydər Əliyevin hələ 90-cı illərin əvvəllərində (1993)
irəli sürdüyü “İslam birliyi” ideyasının məntiqi davamı kimi dəyərləndirmək
lazımdır.
Heydər Əliyevin İslam dininə münasibəti, onun Azərbaycan Respublikasının
Prezidenti seçildikdən sonra prezidentlik səlahiyyətlərini yerinə yetirmək üçün
1993-cü il 10 oktyabr tarixində andiçmə mərasimindəki nitqində açıq şəkildə
ifadə olunmuşdur. Bu nitqində Heydər Əliyev Azərbaycan xalqının mədəniyyətinin
inkişafında, tarixində, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində
İslam dininin rolundan bəhs edərək demişdir: “Xalqımızın mənəviyyatına, elminə,
qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz,
mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi
böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam
dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan
sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır
dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük
fəaliyyət göstərəcəkdir”.
Ulu öndər Heydər Əliyev İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir
din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə
vurğulamışdır. Ulu öndər Təzəpir məscidində dindarlarla görüşlərinin birində
İslamın tərəqqipərvər və dünyəvi əhəmiyyətindən danışaraq demişdir: “Bizim
dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və
eyni zamanda, İslam dininə itaət edən adamların hamısının özünün nə qədər
tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara
daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi
çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və
özlərini, öz ölkələrini, öz dinini, öz məmləkətini qoruyub saxlamağa həmişə
yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində
dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da
gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə,
səadətə gətirib çıxaracaqdır”.
Ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın həmrəyliyinə nail olmaq,
Vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə
qüdrətinin artması üçün ulu öndər bütün Azərbaycan xalqına İslam dini ətrafında
birləşməyi tövsiyə edərək, Peyğəmbər əleyhissəlamın mövludu günü münasibətilə
1993-cü il 5 sentyabr tarixində Təzəpir məscidində dindarlar qarşısındakı
çıxışında da oxşar fikirlər səsləndirərək demişdir: “Biz öz İslam dinimizi
qoruyub saxlayaraq, bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin
qarşısını alaraq, heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik.
Hər bir millətə mənsub olan insana, hər dinə hörmətlə yanaşmışıq və yanaşacağıq.
Bu, Allahın əmridir, bu, bizim Ulu Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə
tövsiyəsidir. Ona görə də Azərbaycan xalqının bu ağır dövrdə birləşməsi İslam
dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidvaram ki, bizim dindarlarımız,
bizim din aləmində fəaliyyət göstərən şəxslərimiz, Azərbaycanın bütün
vətəndaşları İslamın buyurduğu yolla gedərək Vətəni qorumaq əzmi, qəhrəmanlıq
əzmi, vətənpərvərlik əzmi tərbiyə etməlidirlər”.
Burada ölkəmizin ağır durumda olduğu bir vaxtda Heydər Əliyev insanlarda
birləşmək və həmrəyliyə nail olmaq kimi İslamın tarixi ənənəsini yada salaraq,
Allahın buyurduğunu və Peyğəmbərimizin (s.) tövsiyəsini dindarlara xatırlatmaqla,
keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ağır günlərində Vətənimizi
işğalçılardan qorumağı və xalqımızda vətənpərvərlik və qəhrəmanlıq əzmini
gücləndirməyi vurğulamışdır.
Ulu öndər İslam dininin sülh dini, əmin-amanlıq dini, birgəyaşayış dini olduğunu
öz çıxışlarında həmişə vurğulamış, dövlətlərarası münaqişə və müharibələrin
əsasən siyasi-etnik xarakter daşıdığını qeyd etmişdir. Bununla əlaqədar olaraq
Heydər Əliyev Türkiyənin İstanbul şəhərində “Sülh və səbir” mövzusunda keçirilən
Beynəlxalq konfransda çıxış edərək demişdir: “Yer üzərində yaşayan insanlara
Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda,
sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində
yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin
olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir,
həm də Yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir.
Müharibənin, ayrı-ayrı dövlətlərin bir-biri ilə vuruşmasının, müxtəlif
siyasi-ictimai qrupların bir-biri ilə savaşmasının əsas səbəbləri, şübhəsiz ki,
siyasi xarakter, etnik xarakter daşıyır, birinin digərinin torpağını zorla
əlindən almaq məqsədi daşıyır. Bunlar, şübhəsiz ki, dini xarakter daşıya bilməz”.
Hələ 90-cı illərin əvvəllərində Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı
işğalçılıq müharibəsinə dini don geyindirənləri ciddi şəkildə tənqid etmiş, bu
müharibənin dini xarakter daşımadığını` qəti olaraq vurğulamış və bu cür
şayiələr yayan bəzi kütləvi informasiya vasitələrinə öz etirazını bildirmişdir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək üçün başladığı müharibəni
xristian-müsəlman müharibəsi kimi qələmə vermək istəyənlərə cavab olaraq Heydər
Əliyev kəskin şəkildə demişdir: “Son vaxtlar (1994-cü il nəzərdə tutulur. S.H.)
Ermənistan-Azərbaycan münaqişəsi, müharibəsi ilə əlaqədar ayrı-ayrı mətbuat
orqanlarında təhlükəli şayiələr də yayılmışdır. Bu da ondan ibarətdir ki, bəzi
adamlar qəsdən belə fikir yaymağa çalışırlar ki, guya bu müharibə
xristian-müsəlman müharibəsinə çevrilə bilər. Bunlar əsassızdır, əvvəlcədən
düşünülmüş, fitnəkar xarakter daşıyan təbliğatdır. Mən belə fikirlərə etirazımı
bildirir və onları rədd edirəm. Sizi əmin etmək istəyirəm ki, bizim
fəaliyyətimiz ancaq Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar tərəfindən
tanınmış və qəbul olunmuş ərazi bütövlüyünü təmin etməyə, sərhədlərimizin
toxunulmazlığını təmin etməyə yönəldilmişdir”.
Ulu öndər həmişə İslam mədəniyyətinin ölkəmizin inkişafındakı rolunu yüksək
qiymətləndirmiş və İslamın ümumbəşəri əhəmiyyətini xüsusi olaraq dəfələrlə
vurğulamışdır. Eyni zamanda, Heydər Əliyev dünyada fəaliyyət göstərən bəzi
tədqiqat mərkəzlərində İslamı fundamentalizm və ekstremizm ilə bağlayanların bu
sahədə irəli sürdükləri fikirləri qəbul etmirdi. Bununla bağlı Heydər Əliyev
“İslam sivilizasiyası Qafqazda” mövzusunda Bakıda keçirilən Beynəlxalq
Simpoziumun açılış mərasimindəki nitqində bu məsələdən bəhs edərək demişdir:
“Biz İslam mədəniyyətinin Azərbaycan xalqı üçün əvəzsiz olduğunu qeyd edərək,
eyni zamanda, dini, yaxud milli məhdudiyyət yaradan fikirləri, meyilləri və ya
təklifləri qəbul etmirik. Millilik, islamilik, ümumbəşəri dəyərlərin sintezi ilə
xalqı inkişaf etdirə bilər. İndi dünyadakı bəzi mərkəzlərdə “İslam
fundamentalizmi, İslam ekstremizmi, fanatizmi” haqqında da fikirlər söylənilir”.
Qeyd edək ki, uzaqgörən Heydər Əliyev İslam dininin müqəddəs kitabı olan
Qurani-Şərifdə fundamentalizm və ekstremizm ideyaları “axtaran” bəzi qüvvələrin
fəaliyyətini, İslamın bəzi prinsiplərini təhrif etməyə çalışan bir çox qrupların
səylərini dini baxımdan desək, günah hesab edirdi. Ayrı-seçkilik yaratmaqla
İslamda həmrəyliyi pozan qüvvələrə və İslamın əsas prinsiplərindən uzaqlaşanlara
qarşı çıxan ulu öndər bu haqda demişdir: “Hesab edirəm ki, bizim müqəddəs
kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Kimsə bu
fundamentalizm, ekstremizm meyillərini İslam dinindən istifadə edərək yaradır və
inkişaf etdirirsə, hesab edirəm ki, onlar İslamın əsas prinsiplərindən müəyyən
qədər uzaqlaşırlar. Biz İslam mədəniyyətini, İslam mənəvi dəyərlərini müqəddəs
kitabımız Qurani-Kərimdə olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər
dini dildə desək, günahdır. Biz istəmirik ki, kimsə günaha batsın”.
Cəmiyyət həyatında din və əqidənin müəyyən rol oynadığını vurğulayan Heydər
Əliyev bəzi qüvvələri tərəfindən dinlərdən ekstremizmə və terrorizmə təhrik
vasitəsi kimi istifadə edilməsi hallarının çoxaldığını qeyd etmişdir. Ulu öndər
müxtəlif cəmiyyətlərdə baş verə biləcək belə halların qarşısını almaq üçün
müxtəlif təbəqələrin nümayəndələrinin birgə fəaliyyət göstərmələrini və
həmrəyliyə nail olmalarını tövsiyə edərək demişdir: “Tarixdə elə dövrlər
olmuşdur ki, cəmiyyətin həyatında dinin oynadığı rol düzgün
qiymətləndirilməmişdir. Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı
indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir.
Müsbət proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə
təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş
verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin,
xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər
edilməsi zəruridir”.
Yarandığı vaxtdan həmişə cəmiyyətdə humanist prinsiplərin çarçısı olan İslam
dinini sülh, əmin-amanlıq, qardaşlıq dini hesab edən Heydər Əliyev, eyni zamanda,
bəzi terrorçu qrupların öz cinayətkar əməllərini dini şüarlarla pərdələməyə
çalışdıqlarını da qeyd edirdi. Bu baxımdan terroru İslam dini ilə bağlamağa
çalışanlara cavab olaraq ulu öndər ayrı-ayrı terrorçu qrupların fəaliyyətinin
İslamla heç bir əlaqəsinin olmadığını müxtəlif beynəlxalq konfranslarda konkret
olaraq dəfələrlə bəyan etmişdir. Məsələn “İslam və müasir dövrün aktual
problemləri” mövzusunda 19 dekabr 2001-ci il tarixində Bakı şəhərində keçirilən
beynəlxalq konfransın iştirakçılarına göndərdiyi təbrik məktubunda Heydər Əliyev
bu məsələdən bəhs edərək yazmışdır: “Həmişə sülh, əmin-amanlıq, qardaşlıq kimi
humanist prinsiplərin carçısı olmuş İslam dini ona etiqad edən insanlarda yüksək
mənəvi keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirmişdir. Bu baxımdan, tam
qətiyyətlə demək olar ki, öz cinayətkar əməllərini dini şüarlarla pərdələməyə
çalışan bəzi terrorçu qrupların, ayrı-ayrı adamların fəaliyyətinin İslam dini
ilə heç bir əlaqəsi yoxdur, onların əməlləri dinimizin humanist prinsiplərinə
tamamilə ziddir”.
İslam ölkələrinə xoş münasibət, İslam təəssübkeşliyi, İslam həmrəyliyi ideyası
Heydər Əliyevdə hələ sovet dönəmində formalaşmışdı. Heydər Əliyevin müsəlman
ölkələrinə xoş münasibəti, İslam təəssübkeşliyi onun SSRİ-də yüksək vəzifədə
çalışdığı zaman yaranmışdı. Heydər Əliyevin İslam dünyasında tanınması səbəbini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri
H.Orucov öz kitabında şərh edərək yazmışdır: “... O, Sov. İKP MK Siyasi
Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi, ölkənin
beynəlxalq əlaqələrinin inkişafında fəal iştirak etmiş və dəfələrlə Afrika və
Asiyanın müxtəlif İslam ölkələrinə səfərlərə getmişdi. Heydər Əliyev SSRİ-nin
Yaxın və Orta Şərq ölkələrinin rəhbərləri ilə apardığı danışıqlarda və siyasi
məsləhətləşmələrdə yaxından iştirak etmiş, çox vaxt bu ölkələrə səfər edən
nümayəndə heyətlərinin rəhbəri olmuşdu. Əslində, Sovet İttifaqının İslam
dünyasında apardığı siyasəti Heydər Əliyev formalaşdırırdı. Onun 1982-1987-ci
illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa
müsəlman ölkələrinə səfərləri bütün İslam aləmində aparıcı siyasətçilərdən biri
kimi tanınmasına səbəb olmuşdur”.
Ümummilli lider həm Sovet dönəmində, həm də müstəqillik dövründə “həmişə dünya
müsəlmanlarının maraqlarını nəzərə almış” İslam həmrəyliyi ilə bağlı “siyasəti
yaxşı mənada İslam təəssübkeşliyi üzərində qurmuşdur”.
Heydər Əliyev İslam həmrəyliyi ideyasının beynəlxalq aləmdə genişləndirilməsində
İslam Konfransı Təşkilatının (İKT) fəaliyyətini həmişə yüksək qiymətləndirirdi.O,
1994-cü ilin 13 dekabrında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin
dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən zirvə
toplantısındakı çıxışında İKT-nin fəaliyyətini yüksək qiymətləndirərək demişdir:
“Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə
xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini (hazırda İKT-nin 57
üzvü vardır-S.H.) birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əhaliyə,
böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir. Ölkələrimiz
arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub
saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlər görülməsi İslam Konfransı
Təşkilatının əsas prinsipləridir və onun nizamnaməsində öz ifadəsini tapmışdır”.
Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə İslam Konfransı
Təşkilatının münasibətini yüksək dəyərləndirərək bu təşkilatın Azərbaycana olan
isti münasibəti haqqında demişdir: “Öz qətnaməsində Ermənistan Respublikasının
müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının
fəaliyyətini biz yüksək qiymətləndiririk. O, bu münaqişənin aradan qaldırılması
işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir.
Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidvarıq ki,
İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir”.
Bu baxımdan ulu öndər müsəlman ölkələrində ictimai həyatın bütün sahələrində, o,
cümlədən siyasi-iqtisadi, elmi-mədəni sahədə geniş əməkdaşlığa və möhkəm
həmrəyliyə nail olunmasında İslam Konfransı Təşkilatının öz səylərini daha da
artırmaq, eyni zamanda, bu təşkilatın müasir dünyanın qlobal və regional
problemlərinin həllinə öz sanballı təsirini göstərməyi arzulayırdı. İslam
həmrəyliyi ilə bağlı bu xoşməramlı arzuları dilə gətirən Heydər Əliyev İslam
həmrəyliyi ideyasını səmimi şəkildə toplantı iştirakçılarına demişdir:
“Azərbaycan Respublikasının Prezidenti kimi, mən öz qardaşlarımla -- müsəlman
dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi
möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü
Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və
dərinləşməsinə kömək edəcəkdir”.
İslam Konfransı Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu “Heydər
Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda
Bakı şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına göndərdiyi
məktubda ulu öndərin İslam ölkələri ilə əməkdaşlıq siyasətini yüksək
dəyərləndirərək yazmışdır: “Azərbaycanın İslam ölkələri ilə mövcud tarixə
söykənən əlaqələrinin canlandırılmasında Heydər Əliyevin dialoqa və əməkdaşlığa
müştərək dinlə dəstək verən siyasəti mühüm rol oynamışdır”.
Heydər Əliyevin İslam həmrəyliyi, millətlərarası və dinlərarası dialoq
siyasətini yüksək qiymətləndirən E.İhsanoğlu məktubunun sonunda ulu öndərə olan
rəğbət və ehtiramını aşağıdakı şəkildə bildirmişdir: “...Heydər Əliyevin din
siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə belə bir tərif vermək
istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu
səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin
XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər
Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm”.
Sakit Hüseynov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun lektoru, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri,
fəlsəfə üzrə elmlər doktoru
http://www.xalqqazeti.com/az/news/politics/85322
|