Müqəddəs Məkkə şəhərində olmaq, müqəddəs Kəbə daşına toxunmaq və Kəbədə namaz
qılmaq bizim üçün böyük şərəfdir. Bu şərəfə nail olduğuma görə, bu niyyət və
arzularıma çatdığıma görə Allah-təalaya minnətdarlığımı bildirirəm...
12 iyul 1994-cü il
Müstəqilliyimiz əbədidir C.2.s.54
Bismillahi-rəhmanir-rəhim!
Müqəddəs Mədinə şəhərini, islamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd
peyğəmbərin məqbərəsini, məscidini ziyarət etdiyim üçün bir müsəlman kimi özümü
xoşbəxt hesab edirəm.
Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum.
Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı. Bir daha
islam mənbəyinin nə qədər ümumbəşəri, fəlsəfi, elmi əsaslara malik olduğunu dərk
etdim. Böyük Allahın böyüklüyünü dərk etdim.
Mədinə şəhərindəki Peyğəmbər
Məscidinin şərəf kitabina
yazılmiş ürək sözləri
12 iyul 1994-cü il
Müstəqilliyimiz əbədidir C.2.s.59.
... müqəddəs yerləri ziyarət etmək, özümü o yerlərlə bağlamaq mənim illərlə, on
illərlə ürəyimdə gəzdirdiyim ən böyük arzum idi.
Kəbəni görmək, müqəddəs Qara Daşı öpmək, ona toxunmaq, onu ziyarət etmək,
Kəbənin içərisinə daxil olmaq, orada namaz qılmaq, dua etmək mənə nəsib oldu.
Müqəddəs adət-ənənələrə görə biz Kəbənin ətrafına dolandıq, iki dağ arasında
olan məsafəni qət etdik. Biz ziyarətin əsrlərdən-əsrlərə keçən bütün qaydalarına
riayət etdik. Əlbəttə, bu, məcburi deyil. Lakin bu, şəxsən mənim illərlə
qəlbimdə yaşatdığım arzular idi. Bu arzular həm o yerləri görməkdən, həm də
adət-ənənələrə uyğun olaraq ibadət etməkdən ibarət idi. Çox xoşbəxtəm ki,
bunların hamısı mənə nəsib oldu. Mən orada namaz qıldım, dua etdim, qəlbimdə
olan arzularımı bəyan etdim.
Orada müxbirlər hansı hisslər keçirdiyimi, ürəyimdə hansı arzular olduğunu
məndən tez-tez soruşurdular. O zaman da demişdim, sizin qarşınızda da deyirəm ki,
mən orada indiyə qədərki həyatımda ən yüksək mənəvi hisslər keçirdim, qəlbim
sevindi, ruhum şadlandı. Çünki mən anadan müsəlman kimi doğulmuşam, müsəlman
kimi yaşamışam. Nəhayət, müsəlman üçün müqəddəs olan bu yerləri ziyarət etmək
mənim ən böyük arzum idi. İndi bu arzuma, bu niyyətimə çatmışam.
Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azərbaycanın müstəqilliyini
daimi etsin, respublikamızı bugünkü bəlalardan xilas etsin. Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək üçün bizə yardımını əsirgəməsin, Azərbaycanın
sərhədlərinin toxunulmazlığını daim təmin etməkdə həmişə bizə köməkçi olsun,
Azərbaycanın müharibə vəziyyətindən çıxması, müharibəyə son qoyulması üçün
həyata keçirdiyimiz tədbirlərin müvəffəqiyyətlə başa çatmasına kömək etsin.
Bilirsiniz ki, indi respublikamız ağır vəziyyətdədir, insanlarımızın həyat
şəraiti çətindir, ağırdır. Ancaq Azərbaycanın iqtisadi, elmi, mədəni, mənəvi
potensialı çox böyükdür. Azərbaycan bu müharibədən, Ermənistan silahlı
qüvvələrinin təcavüzündən xilas ola bilsə, öz ərazilərinin tam sahibi ola bilsə,
sərhədlərinin tam hakimi ola bilsə, xalqımızın yaşayış tərzi qısa müddətdə xeyli
dəyişəcəkdir. Əminəm ki, Azərbaycan xalqı öz müstəqil dövlətində, ölkəsində
maddi və mənəvi mənbələrindən bəhrələnərək firavan və xoşbəxt yaşayacaqdır. Mən
həmin məqsədlərə çatmaq üçün bu müqəddəs yerlərdə dua etdim, öz arzularımı
bildirdim.
O müqəddəs yerlərdə arzularımdan biri də bu oldu ki, vətən, torpaq yolunda,
Azərbaycanın müstəqilliyi yolunda şəhid olanlara Allah bir daha rəhmət eləsin.
Bir arzum da bu oldu ki, şəhidlərin ailələrinə, qohum-əqrəbasına Allah səbir
versin, onlara bundan sonra da edəcəyimiz köməyin daha çox olmasına şərait
yaratsın. Mənim Allahdan arzum, diləyim bu oldu ki, vətən yolunda yaralanmış,
xəsarət almış, əlil olmuş adamların sağalmasına kömək etsin, onların gələcəkdə
sağlam yaşamasının təmin olunmasına yardım etsin. Mən o müqəddəs yerlərdə Allah-təaladan
arzu etdim ki, Azərbaycan xalqını hifz etsin, xalqımızın bundan sonra heç vaxt
heç bir bəlaya düçar olmasına yol verməsin. Azərbaycan xalqı öz ölkəsində, öz
müstəqil dövlətində daim şən və firavan yaşaya bilsin. Güman edirəm ki,
əməlisaleh olduğumuza görə bizim bu dualarımız, arzularımız qəbul olunacaq və
güman edirəm ki, biz hamımız birlikdə Azərbaycanın bu ağır vəziyyətdən çıxmasına
çalışacağıq.
İnsan hər bir səfərdən, ziyarətdən qayıdarkən bir töhfə gətirir. Oradan gələn ən
böyük töhfə mənə verilmiş Qurani-Kərimdir. Xoşbəxtəm ki, orada mənə
Qurani-Kərimin çox nüsxələrini bağışladılar. Mən bunları gətirmişəm və
şeyxülislama təqdim edirəm ki, Azərbaycanın məscidlərinə paylasın. Gətirdiyim bu
Quranı və çox gözəl səslə oxunan Quran ayəsi yazılmış kasetləri şəxsən Təzəpir
məscidinə hədiyyə edirəm. Yəni müqəddəs yerdə mənə verilmiş bu hədiyyələri
gətirib buraya çatdırmağı özümə borc bilirəm. Mən oradan,müqəddəs Kəbənin
müqəddəs "Zəm-zəm" suyundan da bir qədər gətirmişəm, onu da Təzəpir məscidinə
verirəm. Güman edirəm ki, bu gün Təzəpir məscidinə toplaşanlar mənim Kəbədən,
Məkkədən gətirdiyim "Zəmzəm" suyundan istifadə edəcəklər.
29 iyul 1994-cü il
Müstəqilliyimiz əbədidir C.2.s.67-69.
İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir.
Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. İslam dini
başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı
Allahdan gəlir.
Azərbaycanda da müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da
yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki,
dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları
eynihüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu
da Allah təalanınbuyuruğu, bizim yolumuzdur.
Müstəqilliyimiz əbədidir C.2.s.102-104.
"Ümumiyyətlə, bilin - biz Azərbaycanda demokratik, hüquqi dövlət qururuq. Biz bu
yolu seçmişik və bu yolla gedirik. Ancaq bununla bərabər bütün bəşəri
dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli
mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini ötürüb tətbiq edərək heç
vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə
bilmərik.
Qurban bayramı münasibətilə
2 fevral 1998-ci ildəki çıxışından.
«Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir
insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə
etməsinə bütün imkanları yaradacağıq»
5 sentyabr 1993-cü ildə
Təzəpir məscidində
Məhəmməd peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxışı
"Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar, bunu bizə
Qurani-Kərim və Peyğəmbər Həzrəti Məhəmməd (s) tapşırıbdır".
1998-ci il mayın 13-də
din xadimləri ilə görüşündə.
|