Azərbaycan tarixi həm də bir xalqın keşməkeşli inanc salnaməsini əks etdirir.
Minilliklərin, əsrlərin sınaqlarında inandıqlarımız və tapındıqlarımız dəyişsə
də, fərqli dinlərə sitayiş etsək də, bu gün tolerantlıq adlandırdığımız
dözümlülüyə hər zaman sadiq qalmışıq və əks etiqada ehtiram göstərmişik.
Millət olaraq atəşpərəstliyə, xristianlığa, hətta ən qədim çağlarda
bütpərəstliyə pənah gətirməyimiz inkarolunmaz tarixdir. Hər dövrün hərbi və
siyasi durumu bizim inanc ünvanlarımızın dəyişməsinə təsirsiz qalmayıb.
VIII əsrdən etibarən başlayan ərəb yürüşləri Tanrının sonuncu elçisinin dininə -
islama yönəlməmizə rəvac verib. Və gerçək tarix Babək mücadiləsi ilə yanaşı,
islamın yayılmasına, təkmilləşməsinə böyük töhfələr vermiş azərbaycanlı
sərkərdələrə və teoloq-alimlərə də şahidlik edir.
1300 illik müsəlman mənsubiyyəti xalqın mənəvi dəyərlərinə, mental
xüsusiyyətlərinə mühüm təsir göstərib. Ümumilikdə götürsək, islam tarixinin
yüksəliş və tənəzzül dövrləri, yaxud mənəvi intibah və müasir ictimai-teoloji
qeyri-müəyyənlik, xaos çağları da Azərbaycanda dini durumu müəyyənləşdirən əsas
amil olub. Yəni müsbət meyillərini yaşamışıq, dağıdıcı təsirlərini də görmüşük.
XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin əvvəllərində daha
geniş miqyas alan milli maarifçilik dalğasının da əsas məramı məhz islamın
mənəvi təsirləri ilə kifayətlənməyi, dinin siyasi proseslərə qoşulmamasını,
ictimai həyatda mütləq üstün mövqedən uzaqlaşdırılmasını diktə edirdi. Dinin bir
qrup nadanın əli ilə cəhalət, mövhumat mənbəyinə çevrilməsi, xalqın inkişaf
səviyyəsinə əsaslı zərbələr vurması vətənpərvər sələflərimizi bu istiqamətdə
fəal hərəkətə keçirdi. İslamın yanlış təmayüllərdən uzaqlaşaraq, insanların
mənəvi yüksəlişinə rəvac verən, cəmiyyətdə mərhəmət hisslərini aşılayan sülh və
etimad dini kimi təşəkkül tapması onların və elə indi biz müasir ziyalıların
dəyişməz istəyidir.
Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru orta
yolu formalaşdırır. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu
kontekstdə islamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir.
Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib.
Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu siyasətin
əsas mahiyyəti 13 əsrlik inanc dəyərlərimizin milli xüsusiyyətlərimizlə
uzlaşdırılması və islamın Azərbaycanı digər ölkələrdə olduğu kimi, savaşa,
məzhəblərarası konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürükləməməsidir.
Əksinə, əsl islam fəlsəfəsinə uyğun olaraq insanların mənəvi zənginliyinin
artmasına təkan verməsidir.
Son 25 il ərzində çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə
islamın cəmiyyət və dövlət həyatına effektiv təsirlərini təmin edən, islamı
zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli formalaşıb.
Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər yüksəltməklə yanaşı,
onları cəhalət yuvasına çevrilməkdən qoruyur. Prezident İlham Əliyevin xüsusi
diqqət ayırdığı məsələlər - dini maarifçilik və ruhani zümrənin məzhəblərarası
ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dini radikalizmin,
ekstremizmin yayılmasına qarşı da əhəmiyyətli sipərdir.
Azərbaycan dünyəvi dövlətdir. Əhalinin əksəriyyəti məhz dünyəvi yaşam tərzi
sürür. Lakin ölkədə müəyyən təbəqə mühafizəkar baxışlara malikdir. Bu qismin
azad etiqad etməsi, dini ritualları maneəsiz həyata keçirməsi, ənənəvi
həyatlarını sürmələri üçün hər cür şərait yaradılıb, bu, əslində, Konstitusiya
normasıdır. Ölkədə məscidin olmadığı bir kənd belə yoxdur. Onların hamısı
dövlətin hesabına ya tikilib, yaxud da bərpa-təmir olunub.
Prezident İlham Əliyev dəfələrlə ailəsi ilə birlikdə islamın müqəddəs məbədi
olan Kəbə evinə ümrə ziyarəti edib, həmçinin tək Qafqazın deyil, ümumiyyətlə,
Şərqin ən müasir, geniş, zövqlü ibadətgahları sırasında olan məscidlərinin
ölkəmizdə tikilməsinin səbəbkarı olub. Ən əsası, İlham Əliyev də siyasi sələfi
Heydər Əliyev kimi Prezident səlahiyyətlərinin icrasına başlayarkən
Qurani-Kərimə and içir və dini tədbirlərdə mütəmadi iştirak edir. Azərbaycanda
ruhanilərin səsi dövlət tərəfindən daim eşidilir, fikirləri nəzərə alınır,
onlara hər cür dəstək göstərilir, fəaliyyətləri səmərəli tənzimlənir.
Zamanın sınağından uğurla çıxmış və digər ölkələrin timsalında öz mükəmməlliyini,
bənzərsizliyini davamlı olaraq göstərən dövlətin din siyasəti ölkədə ictimai
sabitliyin, dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın əsas
rəhnidir. Bu sahədə dövlət siyasətini həyata keçirən əsas strukturun - Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusən son iki il ərzindəki fəaliyyəti də
diqqətçəkəndir. Komitənin rəhbərliyi, əməkdaşları Prezident İlham Əliyev
tərəfindən müəyyənləşdirilən düzgün strategiyanın həyata keçməsi üçün
Azərbaycanın bütün dini icmalarını, məscidlərini kəndbəkənd, şəhərbəşəhər
ziyarət edir, real durumu öyrənir, dinin yalnız maarifçilik xüsusunda təbliğinə
şərait yaradırlar.
Azərbaycan islam ölkələri içərisində müasir inkişaf xətti ilə seçilib. Son
onillikdə müsəlman dünyasında baş verən ziddiyyətlər, savaşlar, terrorçu
qruplaşmaların dövlətləri ələ keçirmələri kimi proseslər fonunda Azərbaycan
artıq islam platformasının ən müasir, sabit ölkəsinə çevrilib, təriqətlərarası
sülh və etimad mühiti burada etibarlı qorunur.
Şübhəsiz ki, son onillikdə digər müsəlman dövlətlərinin bugünkü acı mənzərəsini
Azərbaycanın da yaşaması üçün xaricdən cəhdlər olunub, daxildə süni gərginlik
yaradılmasına çalışılıb. İslam adı altında terrorçuluğu, savaşı, məzhəblər
arasında qovğaları ölkəmizə ixrac etmək üçün dövriyyədə indi də planlar var.
Lakin bunun qarşısı İlham Əliyev tərəfindən uğurla alınır.
Təəssüf ki, bu gün dünyada islamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən
və buna qismən də nail olan məlum şəbəkələr var. Onların yaratdığı mənfi imic,
əslində, islamın daxilindəki mənfi durumdan, parçalanmadan, maarifçilikdən uzaq
düşməsindən qaynaqlanır. Müsəlman dəyərlərinin təbliği adı altında 1400 il
öncəki yaşam və həyat tərzini zorən müasir insanlara tətbiq etmək, məscidləri
ibadətgahlardan siyasi mərkəzlərə çevirmək, bir qrup avantüristin Allahın,
Quranın, Peyğəmbərin adından “hökm” verərək dövlətləri parçalamaq, xalqları
məhvə sürükləmək, hakimiyyətə gəlmək məqsədilə islamı təhrif etmək - budur
günümüzün reallıqları.
Bu mənzərəni yaradanların əks sivilizasiyadan olduğunu deyə bilərik, amma bu,
səbəblər sırasında heç də ilk deyil. Əsas səbəb islamın siyasi alətə
çevrilməsinə yönələn cəhdlər, məzhəblərarası savaşlar və dini maarifçiliyin arxa
plana keçməsidir. Bu cür rəzil yanaşmalar isə şübhəsiz ki, məlum Qərb
dairələrinə öz məkrli niyyətlərini həyata keçirmələrinə şərait yaradır. Etiraf
edək, islama ən böyük zərbə kənardan yox, məhz müsəlmanlardan - cahil düşüncə
tərzindən, mövhumatçı təfəkkürdən gəlir.
Bu baxımdan, qeyd etdiyimiz Azərbaycan nümunəsi öz misilsizliyini tam sübut edir.
Ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin
yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini,
islama doğru yanaşmasını və baxışını təkmilləşdirib. Azərbaycanda mühafizəkar
təbəqə anlayır ki, özünəməxsus yaşam tərzini sürməsinə heç bir maneə yoxdur,
amma o, bunu başqalarına da zorən tətbiq etməyə cəhd edə bilməz.
Azərbaycan insanı üçün islam VII əsrə dönüş deyil, gələcəyə baxışdır.
Vətəndaşlarımız bilirlər ki, xristianlığın, yəhudiliyin mövcud müasir siması
məhz minilliklər öncəki dini ehkamları davamlı olaraq dövrün tələblərinə
uyğunlaşdırmalarıdır və bu prosesin islamda gecikməsinin məsuliyyəti
maddi-siyasi maraqlarını güzəştə getməyən ruhanilərin üzərindədir. Ərəb xalqının
1400 il öncəki yaşam tərzi, o coğrafiyanın tələb etdiyi həyat şərtləri, təfəkkür
səviyyəsi bugünkü müasir Azərbaycan insanı üçün adekvat ola bilməz. Xalqımız heç
vaxt islam ümməti içində əriyib, öz milli varlığından uzaqlaşmayıb,
islamaqədərki zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, kimliyini unutmayıb.
Azərbaycan vətəndaşı islamın humanist fəlsəfəsini, elm və təhsilə vacib meyar
kimi yanaşmasını, savaşlara qarşı olmasını əsas götürür.
Təsadüfi deyil ki, islam dünyasında “Allah” adı altında sünnilərin şiə
məscidlərini dağıtması, şiələrin sünni məhəllələrini topa tutması, sələfilərin
isə hər iki təriqət mənsublarını öz qanlı terroruna qurban etməsi fonunda
Azərbaycanda hər üç məzhəbin təmsilçiləri Heydər məscidində çiyin-çiyinə
dayanaraq Tanrıya dualar edir, vəhdət namazı qılırlar. Fərqli islam
cərəyanlarının yalnız Azərbaycanda bir amal ətrafında Allaha tapınması,
birləşməsi bizi azərbaycanlı olaraq nə qədər sevindirsə də, bunun başqa
ölkələrdə təkrarlanmaması müsəlman olaraq bizi çox təəssüfləndirir.
İlham Əliyev beynəlxalq miqyasdakı “qlobal sülh və əməkdaşlıq” hərəkatının əsas
öncüllərindəndir. Prezident sivilizasiyalar və dinlər arasında faydalı
əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu
sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, “Tolerantlığın
Azərbaycan nümunəsi” dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib.
Bakı ümumdünya problemlərini həll etmək üçün fərqli dinlərin təmsilçilərini bir
araya gətirən mərkəz kimi tanınır. Hər il ölkədə bu yönümdə çoxsaylı qlobal
forumlar, konfranslar təşkil olunur.
Dünyanın ən böyük məzhəbinin başçısı, 1 milyard 300 milyondan artıq insanın
mənəvi lideri Roma Papası Fransisk Bakıya səfərə gəlir, Azərbaycanı dinlər
arasında faydalı əməkdaşlığın etibarlı ünvanı kimi tanıdığını söyləyir və başqa
ölkələrdə etmədiyi ziyarəti gerçəkləşdirir: fərqli dinin məbədinə - Heydər
məscidinə gedir!
XXI əsrdə əsas qan çanağı, savaş mənbəyi, terror yuvası təəssüf ki, islam
dünyasıdır. İlham Əliyevin son dövrlərdəki fəaliyyəti göstərir ki, qlobal
miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail
olmaq, məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini yaymaq,
cəhalətdən uzaqlaşmaq gərəkdir.
Prezidentin bu sahədəki fəaliyyətinin ilk istiqaməti Azərbaycan nümunəsində
İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaratmaq və din-dövlət
münasibətlərini düzgün məcraya yönəltməkdir.
İlham Əliyevin liderliyində Azərbaycan artıq yeni təşəbbüslə çıxış edir: İslam
həmrəyliyinə nail olmaq! Bunu həyata keçirməklə həm daxili qovğalara son qoymaq,
həm də islamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik
ideyalarının tərənnümçüsünə çevirmək mümkündür.
Müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin, inkişafın ən favorit
ünvanı olan Azərbaycan öz üzərinə yeni missiya götürür. Güclü müsəlman
ölkələrindən Səudiyyə Ərəbistanının, İranın, Qətərin islamın bir məzhəbini
konstitusion normaya çevirib, təriqəti dövlət siyasətinin əsası elan etdiklərini,
yaxud digər böyük dövlət Türkiyədə müxtəlif dini camaatların siyasətə zorən
daxil olaraq dövlətin əsaslarını dağıtmağa çalışmalarını, həmçinin Pakistanın,
Misirin və digər ölkələrin daxili gərginlik yaşamalarını nəzərə alsaq,
Azərbaycanın İslam həmrəyliyini yaratmaq prosesində liderliyi şəksiz görünür.
“Çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq,
bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” - İlham
Əliyevin bu fikirləri onun yeni missiyasının əsas məramıdır.
Tam yüz il öncə - XX əsrin əvvəllərində sələflərimiz islam dünyasında
mədəniyyətdən incəsənətədək, insan hüquqlarından mətbuat azadlığına qədər
çoxsaylı ilklərin müəllifləri oldular. Müsəlman aləmində ilk demokratik
respublikanı da məhz Azərbaycan xalqı təsis etdi.
Yüz il sonra - XXI əsrin ikinci onilliyində Azərbaycan yenə də öndədir. Bu dəfə
hədəfimiz daha müqəddəsdir: əvvəl öz ümmətini, sonra isə dünyanı qana boyayan
savaşlara son qoymaq, İslam həmrəyliyini yaratmaq, müsəlman aləmini dünyanın ən
inkişaf etmiş, müasir sivilizasiyasına çevirmək!
Beləliklə, “Tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan
örnəyi”, “Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi” kimi qlobal
təşəbbüslərin arxasınca İlham Əliyev “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”ni
formalaşdırır. Və müsəlman dünyasının yeni intibah dalğası artıq Bakıdan
başlayır...
Hüseynli, İ.
Azərbaycan.- 2017.- 2 yanvar
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=113684
|