E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Aprel ayının 20-21-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Bakı-İslam Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli Kitabxanalarının direktorları Şurasının II Konfransı keçirildi.

2007-ci ildə Tehranda keçirilən I Konfransda əsasən təşkilati məsələlər müzakirə edilmişdi. M.F.Axundov adına Milli Kitabxanada  keçirilən II Konfransın əsas məqsədi qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun Milli Kitabxanaların öz işlərini qurması problemlərinin müzakirəsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir.

Konfrans Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana direktorlarınn və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Mədəniyyət İnstitutunun iştirakı ilə keçirildi.

Aprel ayının 20-də qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklillər qoydular.

Milli Kitabxana ilə qısa tanışlıqdan sonra qonaqlar Milli Kitabxananın sərgi zalında təşkil edilmiş “İslam mədəniyyəti kitab səhifələrində” beynəlxalq kitab sərgisinin açılışı mərasimində iştirak etdilər. Sərginin ekspozisiyasında hər bir ölkənin Milli Kitabxanasının fondlarından 40-50 kitab nümayiş olunur. Bu kitabların əksəriyyəti sərgidən sonra Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaqdır. Sərgidə gələn qonaqların təmsil etdikləri ölkələrin və Azərbaycanın islam mədəniyyətinə və incəsənətinə həsr edilmiş 500-dən artıq kitab nümayiş olunmuşdu.

Sərgidə eyni zamanda tanınmış rəssam Yavər Əsədovun xəttatlıq nümunələri də nümayiş edilirdi. Sərginin İçəri şəhərin “Xalq sənəti” evinin XIX-XX əsrin əvvələrinə xas Azərbaycan dekorativ sənət nümunələri iştirakçıların böyük marağına səbəb oldu. Bu sənət nümunələri içərsində milli geyimlərimiz, qadın bəzək əşyaları, misgərlik nümunələri və qədim çini qablar maraqla izlənildi.

Saat 12-də  İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransının açılışı oldu. Konfransı açan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev  qonaqlara işlərində uğurlar dilədi. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının prezidenti, İran İslam Respublikasının Milli Kitabxana və Arxiv Təşkilatının direktoru, İİR Prezidentinin Mədəniyyət məsələləri üzrə müşaviri Əli Əkbər Aşari, İƏT-in Mədəniyyət İnstitutunun Prezidenti Məhəmməd Rəcəbi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin üzvü millət vəkili Həvva Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Kitabxana Direktorları çıxış edərək bu konfaransın əhəmiyyətindən söhbət açdılar.

Aprelin 21-də konfrans öz işini davam etdirərək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının vahid portalının yaradılması, türk xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin islam dünyasında qeyd olunması və Milli Kitabxanalar ilə bağlı müxtəlif çıxışlar dinlənildi.

Konfransın sonunda iştirakçıların Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin tələbə və müəllim heyəti ilə görüşü keçirildi.


<< Geri