2016-cı il mart ayının 15-də Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti ilə birgə multikulturalizm ili ilə əlaqədar olaraq bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tarixi Quran kitabları” adlı sərginin açılış mərasimini keçirmişdir.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamladı. Multikulturalizm ili ilə əlaqədar Milli Kitabxanada artıq ikinci tədbirin keçirildiyini vurğuladı və kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşənin fəaliyyət göstərdiyini bildirmişdir.
Quranın İslam dininin müqəddəs və ən əsas kitabı olduğunu vurğulayan K.Tahirov 70 il zaman kəsiyində insanların dindən uzaqlaşmadığını, hər zaman ALLAHA sitayiş etdiklərini, inanc yeri kimi Qurana and içib sığındıqlarını bildirmişdir. Quran kəliməsinin mənasının oxumaq, qiraət etmək demək olduğunu, Quranın insanları sülhə, ədalətə, mehribanlığa, dostluğa, elmə dəvət edən səmavi kitab olduğunu söyləmişdir.
Çıxışçılar: Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, “İbrət” ictimai-dini redaksiyanın sədri Hacı Atif İsmayılov, Heydər məscidinin Axundu, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, Məşədi Dadaş məscidinin Axundu Hacı Şahin Həsənli və b. öz çıxışlarında Respublika Qadınlar Cəmiyyətinin “İbrət” ictimai-dini redaksiya ilə birlikdə araşdırmalar aparmasından, Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik “Qurani- Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlman əhli üçün vacibliyindən irəli gələrək bu kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin vacibliyindən, əhəmiyyətindən və s. danışmışlar.
Tədbir iştirakçılarının böyük marağına səbəb olan sərgi 3 gün davam etmişdir.
|